четверг, 23 апреля 2020 г.

SƏNƏTİN SƏRKƏRDƏSİ SİYASƏTİN PİYADASINA ÇEVRİLƏNDƏ, JİRİNOVSKİLƏR YARANIR





Yəqin heç kim etiraz etməz ki, Afaq Bəşirqızı peşəkar sənətkar, öz sənətinin ustasıdır. Aktyorluq sənəti onlarda nəsillikcədir, xanımın atası Bəşir Səfəroğlu XX əsr komediya sənətinin sərkərdələrindən biri idi. Düşünürəm ki, bu adam Azərbaycan kimi kiçik bir respublikada doğulmasaydı, milliyyətcə azərbaycanlı və müsəlman olmasaydı, yəqin ki, müasiri Yuri Nikulindən çox irəli gedərdi. Afaq xanım da atasınını sənətini davam etdirir, öz sənətinin sərkərdəsidir. Amma sənətin sərkərdəsi siyasətin siyasətin piyadasına çevriləndə, faciələr yaranır və yaşanır...

  Mən burda mətləbə dəxli var deyə, bir haşiyə çıxmaq, mətləbdən bir az uzaqlaşmaq istəyirəm. Məlum olduğu kimi, Abraam Linkoln Amerikanın ən populyar və insanların qəlbində qalmış prezidentlərindən biri olub. Və bu, yalnız Cənub – Şimal müharibəsində qələbəsinə və Amerikanı birləşməsinə görə deyildi... Bu adamın sadəliyi onun dahiliyinin göstəricisi idi. O, bizim şah Abbas sayağı “çarıqlar”ını da  “taxt”ın qabağından asırdı ki, kim olduğu yadından çıxmasın. Deyirlər Linkolnun bir uşaqlıq dostu olub, hətta Amerika Prezidenti olduqdan sonra da onu yaddan çıxarmayıb, daim yanına məsləhətə çağırıb. Bu hadisəni də Linkolnun həmin dostu, onun ölümündən sonra mətbuata danışıb...

Deməli, Linkoln Cənub – Şimal müharibəsinin sona çatdığı, Amerikada quruculuq işlərinin başlandığı bir vaxtda dostunu yanına dəvət edir. Dostu deyir axşam saatları idi, mən qəbul otağında Amerikanın məşhur dram aktyorlarından birini gördüm. Abraam Linkoln dostu ilə səmimi görüşür, amma dostu hiss edir ki, kefi yoxdur. Maraqlanır ki, nə olub, nə məsələdir? Linkoln əli ilə qapını göstərir, soruşur ki, hələ ordadır? Dostu sözsüz başa düşür, deyir mən gələndə qəbul otağında idi, gözləyir. Linkoln dərindən ah çəkir və məsələyə aydınlıq gətirir...

Deyir mən Nyu Yorkda olanda həmin bu aktyorun ifasında Şekspirin “Hamlet” faciəsinə baxdım. Düzü bu aktyorun sənəti məni riqqətə gətirdi, düşünürəm ki, şahzadə Hamletin özü də öz rolunu ondan yaxşı oynaya bilməzdi. Mən çox təsirləndim və Vaşinqtona qayıtdıqdan sonra öz hisslərimi məktuba köçürdüm. O, təcili cavab məktubu göndərdi və təşəkkür etdi. Mən sevindim və güman etdim ki, bununla da bizim xoş tanışlığımız başa çatdı. Amma o, yenidən yazdı və onu qəbul etməyimi xahiş etdi. Mən razılaşdım və imkan olmasa da, vaxt ayırdım... O, gəldi və məndən ağlagəlməz xahiş etdi... Mən xətrinə dəymədim, dedim gedin, biz fikirləşərik... İndi “Hamlet” yenidən qəbul otağında gözləyir və onu İngiltərədə Amerika səfiri təyin etməyimizi xahiş edir...

Bəli, dostlar sənətin sərkərdəsi siyasətin piyadasına çevriləndə, Jirinovskilər yaranır. Jirinovski də böyük sənətkardır, Rusiyada Yuri Nikulin qədər populyardır. Hətta onun çıxışlarının video-kassetlərini yayırlar, yaxşı satılır və Jirinovski də bundan yaxşı qazanır. Artıq onlarla belə kaset var, “Jirik – 1”, “Jirik – 2” və s. adlanır. Amma Jirinovski sənətin sərkərdəsi olduğu kimi, siyasətin də piyadasıdır. Deyirlər Rusiyada onun seçiciləri yoxdur, yalnız tamaşaçıları var. Afaq Bəşir qızı da nə qədər ki, sənətdə idi, xalq artisti - sərkərdə idi. Sonra siyasətə gəlmək, deputat çeçilmək istədi və siyasətin piyadasına çevrildi. Bu da artıq-əskik danışmaqla, faktiki olaraq, öz adını batırmaqla, hətta televiziyalarda ana söyüşü yaymaqla nəticələndi. Siyasətə gəlməyin Jirinovski məktəbi deyilmi?!

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий