ADAM KIMI DANIŞMAGIN GÖZƏLLIYI VƏ ÖZƏLLIYI...
(Pritça)
(Pritça)
Bilənlər bilir, hərə bir şeyin bazı olduğu kimi, mən də pritçanın bazıyam. Bilməyənlər də bilsin, mən Turgenevi 3 şeyə görə çox sevirəm. Əvvəla, o, hər biri "Leyli və Məcnun", "Romeo və Cülyetta" səviyyəsində olan "Üç povest"i yazıb. Sonra, Turgenev Puşkindən sonra (mənim Puşkinə məhəbbətim sitayiş səviyyəsindədir!) rus dilinini ən yaxşı bilicisidir. Və üçüncü - Turgenev möhkəm ovçu olub və təbiəti məndən də çox sevib...
Deməli günlərin bir günü bir bəni-adəm meşəyə gəzməyə gedir. Bir az gəzir, iki az gəzir, bir gölə rast gəlir. Gözəl meşə, isti hava, sərin su... Eləmir tənbəllik, soyunur və göy meşənin göy sularına baş vurur...
Burda mətləbə dəxli var deyə mətləbdən uzaqlaşmaq, bir haşiyə çıxmaq, Həzrəti Peyğəmbərin bir kəlamından söz açmaq istəyirəm. Deməli, Allahın sevdiyi və seçdiyi insan buyurur ki, hər oğulun atası qarşısında 100 borcu olduğu kimi, hər atanın da oğlu qarşısında 10 borcu var. Bunların da biri (o birilərini yeri gəldikcə deyəcəyəm...) budur ki, ata oğluna üzmək öyrətməlidir...
Belə çıxır ki, bizim bəni-adəmin atasının Peyğəmbər kəlamından xəbəri yoxuymuş, ya "zanitoy" adammış, vaxtı yoxuymuş, amma oğluna üzmək öyrətməyibmiş. Odur ki, bizim bəni-adəm də suya girən kimi, eləmir tənbəllik, başlayır batmağa...
Elə bu zaman da bizim bəni-adəmin bəxtindən Turgenev iti də yanında, meşəyə ova çıxıbmış. Böyük insan ayaqları yorulunca gəzir, amma işin tərsliyindən, meşədə ova rast gəlmir. Günorta üstü hava istiləşəndə, hündür ağaclar da günün qarşısını ala bilməyəndə meşədə bir gölə rast gəlir... Yaxına gəlir, görür burda bir şappa-şurup var, gəl, görəsən...
Deməli, bizim bəni-adəm suda yavaş-yavaş batır, heç saman çöpü də tapmır ki, yapışsın. Amma elə bu məqamda, boğulmaq perespektivi reallaşanda görür ki, çiynində tüfəng, gözündə pensne (bizim dildə "oçki"), yaninda it olan saqqallı bir kişi gölə yaxınlaşır. Bəni-adəmin yaşamaq həvəsi reallaşır, yenidən şap-şup salır... Şap-şup arası fasilələrdə saqqallı kişiyə müraciət edir: "Hörmətli, "sudar", mən öz istəyimlə isti havadan sərin maye məkana keçid etmişəm. Amma mərhum atamın Peyğəmbə kəlamından xəbəri olmadığından, 10 borcundan birini yerinə yetirməyib. Mənim təbiətin özəlliyindən, təbiətin də gölyn dərinliyindən xəbəri olmayıb. Odur ki, hal-hazırda maye mühitin porsiyalarını udmaqda və maye mühitə qərq olmaqdayam. "Hörmətli, "sudar", xahiş edirəm ki, atamın, mənim və təbiətin bu səhvlərini düzəldəsiz...
Yuxarıda dediyim kimi, Turgenev rus dilinini ən yaxşı bilicilərindən biri olub, amma bizim bəni-adəmin dedikləırini başa düşmür. Bir az təəccüb, bir az da heyrətlə mənzərəni seyr edir, sonra itini də yanına salıb hadisə yerini tərk edir... Bəni-adəm də maye mühitə qərq olmaqda davam edir...
Deyirlər, Turgenevdən fərqli olaraq, Puşkin sərt sözdən ötrü "cibə girmirmiş", hətta onun söyüşlə yazılmış şerləri, əsərləri də var. Yəqin ki, Turgenevin yerinə burda Puşkin olsaydı, deyərdi: "Heyvan oğlu heyvan (“sukin tı sın”), adam kimi danış, de ki, “boğuluram, kömək edin”, camaat səni başa düşsün dəəə...”
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий