четверг, 16 апреля 2020 г.

HARAM PULLAR I Pablo Eskobar.

HARAM PULLAR I
Pablo Eskobar.
Dostlar, məlum olduğu kimi, haram pullar heç kimə xeyir gətirmir. Hazırkı qeydlərin məqsədi də haram pulların ən böyük sahibləri haqqında məlumat verməkdir. Üç nəfər seçmişəm: Cinayətkar, Biznesmen və Siyasətçi. Qeydlərimi onların ən “kasıb”ı ilə başlayıb, ən varlısı ilə qurtarmaq niyyətindəyəm. Beləliklə...
***   ***   ***
Bu, “qəhrəmanlar”ımın ən cavanıdır, 1949-cu ildə Kolumbiyanın Medelin şəhərində doğulmuş, hətta Universitet təhsili almışdır. Yeniyetmə yaşlarından cinayətə qurşanmışdır. İlk işi dostları ilə şəhər qəbirstanlığından başdaşlarını oğurlayıb satmaq olmuşdur. Sonra maşın oğurluğu, sonra reket və nəhayət kokain. Bəli, söhbət XX əzrin ən böyük narkobaronundan – Pablo Eskobardan gedir.
28 yaşı olanda Eskobarın kokain plantasiyalarını artıq vertalyotla gəzmək lazım gəlirdi. 30 yaşında isə ABŞ-ın kokain təhcizatının 80 faizinə nəzarət edirdi. Bu adamın icazəsi olmadan bir nəfər Kolumbiyadan bir qram kokain çıxara bilməzdi. Onun aylıq gəliri 1 milyard ABŞ dolları civarında idi, 35 yaşında 35 milyardla “Forbes” jurnalının milyarderlər siyahısına düşmüşdü. Eskobar həmin dövrdə ABŞ-ın federal axtarışında olsa da, Kolumbiya Konqresinə düşə bilmişdi. Amma onun siyasi (Eskobar prezident olmaq istəyirdi!) ambisiyaları yarımçıq qırılır və 2 ildən sonra narkobaron - haram pulların sahibi kimi parlamentdən qovulur...
Nə qədər qəribə olsa da, Eskobar Kolumbiya tarixində Robin Qud kimi qalır. O, daim varlıları soyur, kasıblara paylayırdı. Kasıblar üçün şəhərlərdə və kəndlərdə pulsuz kvartallar salır, kasıbların səhiyyəsinin və təhsilinin qayğısına qalırdı. Eyni zamanda, 10 killeri vardı, biri indi sağdır. Yalnız onun siyahısında 200-dən çox qurban vardır... Pablonun qəribə bir adəti də vardı, öz pullarını minlərlə nəhəng polad boçkalara doldurub Kolumbiyanın müxtəlif yerlərində basdırardı. Həmin yerlərin xəritələri itdiyindən, hazırda Kolumbiyada bir çoxları Eskobarın pullarını axtarır.
Eskobar ABŞ-ın federal axtarışında idi və cəzadan qaçmaq istəyirdi. 1991-ci ildə könüllü Kolumbiya polisinə gəlir, həbs edilir və özünün bu məqsədlə okeanın sahilində tikdirdiyi nəhəng “La Katerdal” qəsr-türməsinə göndərilir. Burda Eskobar həyatının ən böyük səhvlərindən birini edir, hansısa 15-20 milyon dollara görə özünün iki ən yaxın dostunu şəxsən güllələyir. Bundan sonra onun imperiyası dağılmağa başlayır. Hətta kolumbiyalılar pula görə öz silahdaşlarını öldürən bir başçı ilə işləmək istəmirlər, onu tərk edirlər. Tezliklə Pablo türmə-qəsrdən qaçır və tək qalır, onun avara-sərgərdan həyatı başlayır. ABŞ-ın və Kolumbiyanın federal axtarışında olan Pablo Eskobar 1993-cü ildə, gizləndiyi evin damında xüsusi təyinatlılar tərəfindən güllələnərək öldürülür...
Qalib ARİF

Комментариев нет:

Отправить комментарий