XALIQ VƏ ARVADININ NAĞILI
(Pritça 18+)
(Pritça 18+)
Günlərin bir səhəri Xalıq adlı köhnə bir kişi təzə arvadını da yanına salır, qonşu kəndə bazar bazarlığına yollanır. Siz bir qıraqdan baxasız: Xalıq əmmaməsi başında, çuxası əynində, ala eşşəyin belində, təsbehi də əlində şəstlə gedir. Toppuş arvadı geridə, qara qofta, güllü tuman əynində, qırmızı xurcun çiynində, qara qaloş ayağında, dalını bura-bura gəlir.
Qərəz, uzun yolu ələ alırlar, günorta üstü bazara çatırlar. Baxırlar, burda bir vur çatlasın var ki, gəl görəsən. Alan kim, satan kim, alana, satana atan kim. Bazarın kənarında da boş sahədə uşaqlar top-aldı-qaç oynayırlar, bir tozanaq salıblar ki,.. Yəqin hörmətli oxucu haqlı olaraq soruşacaq ki, bu top-aldı-qaç nə olan şeydir? Düzü, mən də bilmirəm, amma güman edirəm ki, müasir futbol kimi bir zaddır, deyən bunu əllə oynayırlar…
Bizim cütlük bazara girən kimi, onlara göz dəyir. Uşaqların biri topu fırladır, elə atır ki, gəlir dəyir Xalığın arvadının yumşaq yerinə. Deyirəm, top da ağzının dadını bilir… Nə isə, topun ağır və bərk olmağı cəhənnəmə, dəydiyi yerə, güllü tuman üstə yekə bir ləkə də salır. Xalıq kişiyə xas təmkinini saxlayır, amma arvadı saxlaya bilmir, topa qara qaloşla bir təpik endirir. Top göyə qalxır, yaxındakı dükanın pəncərəsinə çaxılır, sındırıb içəri daxil olur…
Nəhayət Xalıq kişi təmkinini saxlaya bilmir, eşşəkdən enir. Deyir axmağın qızı axmaq, sən bazar adamına ziyan vurdun, bizi də xərcə saldın. Kişi eşşək də yedəyində, arvad da geridə gəlirlər dükana. Qapını qanacaqla döyürlər, eşşəyi cəftəyə bağlayıb sakitcə içəri keçirlər. Görürlər hər yanda taxçalar, taxçalarda kaşı qablar. Ortaya da allı-güllü bir xalça salınıb. Bir dolma güzlü, lopa bığlı, hündür boylu kişi də durub xalçanın üstdə, top da əlində. Demə top pəncərəni sındırıb içəri girib, küncdə duran böyük kaşı bardağa dəyib. Bardaq də eləməyib tənbəllik, dəyib divara, olub cilik-cilik. Xalıq əvvəl deyir salam-məleykim, sonra soruşur, yaxşı biz indi neyləyək, sənin ziyanını necə ödəyək?
Lopabığ gülümsəyir, deyir nə ziyan, nə filan, siz məni xilas etmisiz. Mən 300 il idi ki, bu bardağın içində əziyyət çəkirdim, qapıdan qapıya gəzirdim. Siz top atdız, bardağı sındırdız, məni azadlığa buraxdız. Mən də borclu qalmaq istəmirəm, sizin 3 arzunuzu yerinə yetirmək niyyətindəyəm. Məndən nə qədər mal, pul, qızıl istəyirsiz, istəyin. Bu söhbət bizim kişinin xoşuna gəlmir, sakitcə aradan çıxmaq istəyir. Arvadı deyir, a kişi, bəlkə bəxtimizi sınayaq, kasıblığın daşını ataq?!
Xalıq ağzını açmaq istəyir, lopabığ imkan vermir. Deyir, mən sizin 3 arzunuzu yerinə yetirəcəm, amma bir şərtim var. Mən 300 ildir ki, bu küpün içindəyəm, əziyyət çəkirəm, dərdimi deməyə adam gəzirəm. Kişi, mən sənin arvadına bir söz demək istəyirəm, amma gərək sən bayıra çıxasan, eşitməyəsən. Həm də 3 arzunu yaxşı-yaxşı fikirləşərsən. Xalıq deyinə-deyinə qapıya tərəf gedir, arvadı da dalınca çəkir. Arvad deyir a kişi, ağlını başına yığ, sən nağayrırsan, bazarlığın pulunu da qonşudan borc almısan. Bir sözə görə başımıza yağan puldan-qızıldan əl çəkək?! Kişi cınqırını çıxarmır, sakitcə bayıra çıxır.
Bayırda eşşəyinin yanında dayanır, sol əli ilə saqqalını, sağ əli ilə eşşəyin yalını qaşıyır. İki eşşək bayırda qalır, dəqiqələri sayır. İçəridə isə vaxt dayanır - 300 ilin söhbətini 5-10 dəqiqəyə eləmək olmaz, axı,.. Qərəz, Xalıq bir saatdan artıq davam gətirə bilmir, qapını zərblə açıb içəri girir. Görür lopabığ xalçanın üstdə əyləşmişdir, arvadı ayaq üstdədir, üst-başını düzəldir. Amma qırmızı tuman qırış-qırışdır (Xalıqın gözlərində bahar da qışdır!), üstündəki güllərin rəngi də bir-birinə qarışmışdır. Arvad kişini görən kimi işindən ayrılır, sakitcə gəlib ərinin yanında dayanır.
Xalıq boğazını arıtlayır, lopabığ təəccüblə ona baxır. Kişi deyir bizim birinci arzumuz budur ki,.. Lopabığ soruşur nə arzu, nə filan, nə palan, sən nə dsanışırsan? Molla deyir, axı, sən 300 il bardaqda qalmışdın, biz də bizim arvadla səni xilas etmişik. Sən də söz verdin ki, bizim 3 arzumuzu yerinə yetirəsən... Lopabığ qışqırır ki, axmağın oğlu axmaq, sən ya məni dolamısan, ya da “1001 gecə” nağılları oxumusan?! Tez ol, pəncərənin, bardağın pulunu ver, mənim dükanımdan rədd ol. Nahardan sonra müştərilərin gələn vaxtıdır…
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий