среда, 15 апреля 2020 г.

“XALQ QƏZETİ” MAHALIN ŞAH ƏSƏRİ İDİ...

“XALQ QƏZETİ” MAHALIN ŞAH ƏSƏRİ İDİ...
(Mərhum jurnalist Mahal İsmayıloğlunun xatirəsinə)
Onu 25 ildir ki, tanıyırdım - zarafat deyil, bir igidin ömrüdür, on ilini də bir yerdə işləmişik. Doğrudur, onunla dost olmamışıq, elə bir yaxınlığımız da olmayıb, şəxsi münasibətlərimiz də "siz"dən yuxarı qalxmayıb. Amma bir-birimizə həmişə sayğımız olub, "Xalq qəzet"ində işləyəndə qayğısını da hiss etmişəm. Düşünürəm ki, o, haqqında yazılası biridir - Azərbaycanın ən qabiliyyətli və ən ziddiyyətli jurnalistlərindən biridir!
Bəli, Mahal İsmayıloğlu dövrünün tanınan, oxunan, populyar jurnalisti idi. Fikirləri aydınlığı, mövzuları aktuallığı ilə seçilirdi, hamının başa düşəcəyi sadə və şirin dillə yazırdı. Onun "gözlərim ürəyimdən nəm çəkirdi", "yaddaşımı yaşında yaşadan oğlum" kimi ifadələri indi də yaddaşımın qızıl fondundadır. Mahal qabiliyyətli olmaqla bərabər, həm də cəsarətli jurnalist idi. Başına bir fikir gəlsəydi, mıxla da vurub çıxarmaq olmazdı, mütləq yazmalı, oxuculara çatdırmalı idi. Peşəkar jurnalist kimi dövrünə, vətəninin, şəhərinin problemlərinə güzgü tutmağı sevirdi və qələminə güc verirdi.
90-cı illərin hadisələri yəqin çoxlarının xatirindədir. Heydər Əliyev Ali Sovetdəki məşhur çıxışından sonra Mütəllibovçu deputatların təzyiqləri ilə üzləşmiş, indiki Milli Məclisin binasında, faktiki olaraq, təklənmişdi. Belə bir həssas məqamda "Aydınlıq" qəzetinin parlament müxbiri Mahal İsmayıloğlu ona yaxınlaşır və özünü təqdim edir. Çıxışının bir nüsxəsini verməyi xahiş edir, "Aydınlıq"da çap edəcəyik deyir. Böyük insan bu təklifdən məmnun olsa da, öz böyüklüyünü göstərir, "bu sizin qəzetə ziyan gətirər" deyir. Mahal təkid edir və çıxışı əldə edir. "Aydınlıq"ın rəhbəri, baş redaktor Babək Hüseynoğlunun Heydər Əliyevə sıcaq münasibəti olsa da, çıxışı verməyə tərəddüd edir, qəzetin təsisçisi, "Qayğı" Cəmiyyətinin sədri İmam Mustafayevə müraciət edir. Beləliklə, Mahal İsmayıloğlunun təkidi və cəsarəti sayəsində Heydər Əliyevin Ali Sovetdəki həmin çıxışı "Aydınlıq" qəzetində işıq üzü görür.
Mahal İsmayıloğlu "Aydınlıq"ın parlament müxbiri kimi çox aktiv idi, onun sayəsində indiki istiqlalçı deputatların çoxu redaksiyaya gəlib-gedirdi. Radikal mövqeli deputatlarla, Etibar Məmmədovla, İsgəndər Həmidovla, Tahir Əliyevlə xüsusi münasibətləri vardı. Təbii ki, onları Mahalın qələmi, qəzetin nüfuzu cəlb edirdi. Mahal onları qəzetə çıxarır, ictimaiyyətə təqdim edirdi. Zarafat deyildi, "Aydınlıq" qəzeti yüz min tirajla çıxırdı. Şişirtmədən demək olar ki, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinə qələmilə səmimi qəlbdən dəstək verən beş-altı jurnalisdən biri də Mahal İsmayıloğlu idi. Amma buna baxmayaraq, Cəbhə hakimiyyətini də cəsarətlə tənqid edirdi, hətta Prezident Elçibəyi tənqid etməkdən belə çəkinmirdi. Bu tənqidlərə görə də Mahal İsmayıloğlu əski dostu, Daxili İşlər naziri İsgəndər Həmidov tərəfindən təzyiqlərə məruz qalmışdı.
Mahalın qəribə bir münasibət qurmaq qabiliyyəti vardı, Azərbaycanın bütün sayılıb-seçilən adamları ilə münasibət yaratmışdı. O zaman "Aydınlıq"ı ayaqda saxlayan da bu əlaqələr idi. Qəzetin maliyyə problemləri vardı, Mahalın əlaqələri bu problemləri qismən aradan qaldırırdı, hətta qəzetin yaradıcı kollektivi arabir maaş alırdı. Həmin dövrdə mən artıq "Aydınlıq" qəzetinin ştatdankənar siyasi müxbiri idim və bütün bunları yaxından müşahidə edirdim.
Problemləri tam aradan qaldırmaq isə Heydər Əliyevin qayğısı sayəsində mümkün oldu. O, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik yaratdıqdan sonra "Xalq qəzeti"ni öz himayəsinə götürdü və Mahal İsmayıloğlunu qəzetin baş redaktoru təyin etdi. Baş redaktor da öz növbəsində "Aydınlıq"ın yaradıcı kollektivini "Xalq qəzeti"nə gətirdi. Bu sətirlərin müəllifi də işə dəvət edildi.
"Xalq qəzeti"ndə Mahal İsmayıloğlu ilə işlədiyimiz illər şirin xatirələrlə yadda qalıb, indi də burnumun ucu göynəyir. Mahal xaraktercə ziddiyyətli bir insan olsa da, istedadlı jurnalist, ən əsası isə çörəkverən redaktor idi. Hər gün olmasa da, hər həftə yazırdı, maraqlı, oxunaqlı yazıları ilə bütün kollektivi ruhlandırırdı, yaxşı yazı yazanları yaxşı mükafatlandırırdı. Cəsarətli idi, tənqidə “yaşıl işıq” yandıra bilirdi, Azərbaycan Prezidentindən başqa qəzetdə bütün ranqlı məmurların tənqidi gedirdi. "Xalq qəzeti" sözün əsl mənasında Mahal İsmayıloğlunun şah əsəri - Respublikanın ən oxunaqlı qəzetlərindən biri idi. Mahal təbiətən mərd adam idi, qəzetin gəlirini tək yemirdi, əsas hissəsini Redaksiyanın təmirinə, kollektivin sosial problemlərinin həllinə xərcləyirdi. Qəzetin yaradıcı, texniki işçiləri Yeni ili, Novruz bayramını Bakının adlı-sanlı restoranlarında qeyd edir, iyulun 22-si, Mətbuat günü isə təbiətin qoynuna - Qubaya, ya Xızıya səyahət edirdi…
Düşünürəm ki, Mahal İsmayıloğlunun faciəsinə yol açan, xarakterindəki ziddiyyətləri yaradan əsas səbəblərdən biri imkanları ilə iddialarının üst-üstə düşməməsi idi. Allah onu əlində qələm, jurnalist olmaq üçün yaratmışdı, istedadı da bəs deyincə vermişdi, o isə siyasətçi olmaq istəyirdi. Məsələn, 1993-cü ildə Heydər Əliyevin Gəncəyə məşhur səfəri zamanı onu 30 jurnalist müşayət edirdi və bütün media əhli bir avtobusda gedirdi. Mahal İsmayıloğlu isə bu avtobusa yaxın da gəlmədi, Tahir Əliyev və başqalarının mindiyi "Mersedes"də səfər etdi. Bəli, ömür boyu siyasi yazılar yazsa da, siyasətçi ola, həyatda öz yerini tapa bilməmişdi.
Türkün bir kəlamı var, fikrə gəlsə də, sözə, yazıya gəlmir. Deyir, kişi burasını (yəni dilini), bir də burasını (…) dinc saxlasa, başına bəla gəlməz. O isə saxlaya bilmirdi, nəinki gördüklərini, hətta eşitdiklərini, xəyal etdiklərini harda, kimin yanında olsa, danışırdı. Yaradıcı təxəyyülün sərhədləri olmur, amma yerin də, göyün də qulağı olur... Mahalı da eşitdilər və torbasını tikdilər...
... Sonra Mahalın narahat ruhu Yerdən ayrıldı, rahat yerə - göylərə qalxdı… Amma yəqin yenə narahatdır, "Xalq qəzeti"ni Xalq qəzetindən başqa oxuyan yoxdur...
Qalib ARİF

Комментариев нет:

Отправить комментарий