четверг, 16 апреля 2020 г.

SIBIRDƏ PƏLƏNG TUTAN JURNALIST


SIBIRDƏ PƏLƏNG TUTAN JURNALIST
(Pritça)


Bilənlər bilir, bilməyənlər də bilsin ki, 80 – 90-cı illərdə “Komsomolskaya Pravda” qəzetində Sergey Peskov adlı bir jurnalist vardı. Yaxşı yazardı, təbiətdən, onun yabanı gözəlliklərindən yazardı. Amma təbiətdən yazmaq üçün təbiətlə “sən”lə danışmaq, təbiətə qarışmaq lazımdır. Peskov da görmədiyini, bilmədiyini yazmırdı, odur ki, yazıları canlı alınırdı. 80-ci illərdi, Peskov məşhur Sibir - Amur pələngindən yazmaq istəyirdi. Görüşə nəzəri cəhətdən hazır idi, ona təcrübə lazım idi. Nəzəriyyə deyirdi ki, Sibir pələngi qurunun 2 ən qüdrətli yırtıcısından biridir. Doğrudur, ağ ayı birincidir, amma pələngin onunla yolu kəsişmir. Sibir meşələrinin qonur ayısı isə Amur pələnginin adi naharını təşkil edir. Peskov bunları və daha çox məqamları bilirdi, amma görüşmək, görmək lazım idi. Amur pələngi də məlum olduğu kimi, çox nadir və ehtiyatlı heyvan idi, nə gülləyə, nə də tələyə gəlirdi. Amma Peskov ümidini kəsmirdi, Sibir ovçuları ilə əlaqəli idi...

Elə bu məqamda, qışın oğlan çağında Sibirdən Redaksiyaya zəng (onda hələ mobil əlaqə yox idi) gəlir ki, bəs Sibirdə, ovçuların qış düşərgələrinin birində heyvanxanaya vermək məqsədilə cavan bir Amur pələngi tutublar. Əgər Sergey Peskov 2-3 günə özünü yetirsə, qəhramanını yerində görə və yaxından tanış ola bilər. Moskvadan Krasnoyarska uçmaq, sonra hadisə yerinə çatmaq hardasa 3 gün vaxt aparır. Amma Peskov vaxtında çatır və Amur pələngini qəfəsdə yaxalayır. Gördüyündən, çəkdiyindən dəhşətə gəlir - şir, pələng nədir, bu heyvan öküz kimidir. Amma bu məqamda başına axmaq bir ideya gəlir. Bizim jurnalistlər də belədir, başına bir şey girsə, mıxla da vurub çıxarmaq müşkül məsələdir.

Peskov ovçu düşərgəsinin rəisinə müraciət edir, Amur pələngini qəfəsdən buraxın, mən onu təbiətin qoynunda görmək və çəkmək istəyirəm deyir. Təbii ki, bu axmaq fikir düşərgə rəhbərliyi tərəfindən birmənalı olaraq rədd edilir. Amma Peskov əl çəkmir, “Komsomolskaya Pravda”nın nüfuzu da öz sözünü deyir. Ovçular pələngi qəfəsdə xizəklə düşərgədən uzağa aparıb meşədə buraxmağa razılaşırlar. Burda Peskov pələngin şəkillərini çəkəcək, ovçular da arxadan onları təqib edəcəkdi. Sonra ovçular pələngi tora salacaq, yenidən tutacaqdılar...

Peskov o vaxtlar cavan olur, meşədə qarın, qan-tərin içində yorulmur, yıxılır, durur, amur pələnginin canlı şəkillərini çəkir. Sürətlə qaçır, pələngi gözdən buraxmır, hətta ovçular arxada qalır.  Artıq ovçuların səs-küyü gəlmir, amma Peskov geri çəkilmir, pələngdən əl çəkmir. Arada pələng dayanmaq, geri atılmaq istəyir. Amma əlində aparatla gələn və ondan çəkinməyən bu əcaib canlıdan qorxur və irəli cumur. Nəhayət pələngin iztirabları sona çatır, növbəti dəfə irəli atılanda ovçular tərəfindən hələ yayda qazılmış, amma indi üstü qarla örtülmüş dərin çalaya düşür. Peskov pələngin şəklini bir neçə dəfə çalada da çəkir və dincəlir. Bir xeyli ovçuları səsləyir, amma tapa bilmir. Təbiətə və belə hadisələrə öyrəncəli olduğunda özünü itirmir. Cibindən kompasını çıxarır və şimala doğru yol alır. Axşam qaralmamış düşərgəyə çatır...

Düşərgədə Peskovu çox soyuq qarşılayırlar, salamını zorla alırlar. Jurnalist bunu vecinə də almır, təcili özünü rəisin yanına salır. İlk növbədə təşəkkür etmək və çalaya düşmüş pələngin yerini göstərmək istəyir, amma rəis ona imkan vermir... Bilənlər bilir, meşə, çöl adamları çox sərt olur, sözü üzə deyirlər. Rəis də deyir, ay jurnalist, sən nə fərsiz adamsan. Biz o boyda heyvana, ovculara əziyyət vermişik, sən elə iki addımda yıxılarsan, dala qalırsan. Ovçular böyük əziyyətlə pələngi yenidən tuturlar, düşərgəyə gətirirlər. Sənin vicdanın, peşəkarlığın hardadır?! Peskov deyir siz nə danışırsız, mən pələngi axıra kimi təqib etmişəm, şəkillərini də çəkmişəm. Hətta pələngin düşdüyü çalanı da göstərə bilərəm. Rəis təcrübəli və ağıllı adammış, amma bir şey başa düşmür. Sakitcə ayağa durur və Peskovun qolundan tutur. Bir neçə ovçunun müşayəti ilə jurnalisti qəfəsin yanına gətirir və pələngi ona göstərir...

Peskov nəhayət hər şeyi başa düşür və dizi üstə çökür: Deməli, mən meşədə tək ayrı pələngin dalınca qaçmışam?!

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий