четверг, 16 апреля 2020 г.

BIZIM TELE-VERILIŞLƏR DÜZƏLƏ BİLƏRMI?!

BIZIM TELE-VERILIŞLƏR DÜZƏLƏ BİLƏRMI?!
Mən pessimist deyiləm, optimist adamam, amma bizim tele-verilişlərin düzələcəyinə inanmıram. Çünki burda subyektiv səbəblərlə yanaşı, obyektiv səbəblər də var. Məsələn, Murad Dadaşov Xəzər TV-yə rəhbər gələndən sonra Tolik adlanan “tele-sərsəri”nin “Hər şey daxil” adlı ziyanlı verilişi bağlandı. Amma təəssüf ki, bu, verilişin düşüklüyü və çürüklüyü səbəbindən baş vermədi...
Həmin verilişdə qalmaqallı toy müğənniləri Elza Seyidcahanla Mətanət Əsədova telefon bağlantısında bir-birlərini küçə söyüşləri ilə təhqir etdilər. Murad Dadaşov da yeni rəhbər kimi özünü sığortalamaq üçün həmin verilişi bağladı - “Allah eləməsin, birdən yuxarıların xoşuna gəlməz”. Amma həmin Tolikin özünün də anons etdiyi kimi, bir-iki həftədən sonra “Hər şey daxil” başqa adla, amma həmin məzmunda yenidən peyda olacaq. Axı, biz Murad Dadaşovun “Maşın” şousunda toy müğənnisi Royalənin qeyri-adekvat vəziyyətdə (mən daha ağır ifadə işlətmək istəmirəm!) hansı küçə söyüşləri işlətdiyinin şahidi olmuşuq...
İndi, isə keçək mətləbə, bizim televerilişlərin düzəlmək məsələsinə. Dediyim kimi, mən buna inanmıram. Əvvəla, bizim tele-aparıcılar buna qadir deyil. Axı,

Kamran, Zaur, Çina, Tolik yeni, maraqlı bir veriliş yarada, insanları maraqlandıran sosial, iqtisadi, siyasi məsələləri qabarda bilərmi? Bu adamlar tele-veriliş deyəndə yalnız bir senari başa düşürlər: 3-4 toy müğənnisi verilişə dəvət olunur, bir qayda olaraq, ağlına və ağzına gələni bədahətən danışır, sonra da hərəsi bir toy mahnısı oxuyur. Nəticədə hər iki tərəf qazanır - toy müğənniləri gündəmdə qalır, aparıcılar isə onların hesabına dolanır. Nə qədər dəhşətli olsa da, qeyd etmək lazımdır ki, bu cür verilişlərin Azərbaycanda reytinqi yuxarıdır, yani tele-kanal rəhbərliyi də reklamdan qazanır. Vəssalam, dairə bağlanır...
Beləliklə, hazırda Azərbaycanda tele-verilişləri düzəltmək mümkün deyil. Çünki, tele-aparıcı adlanan və telele-kanalları zəbt edən insanların qabiliyyəti budur. Amma onlar istəsələr də, vəziyyəti dəyişə bilməzlər. Əvvəla, bu, onların və tele-kanalların qazanmaq, dolanmaq yoludur. Sonda və ən əsası – hazırkı zamanda və məkanda bizim tele-auditoriyanın səviyyəsi, istəyi budur...
Qalib ARİF

Комментариев нет:

Отправить комментарий