ƏLKİMYAGƏR VƏ «HƏYAT DAŞI»
(Pritça)
Yüz il axtardığını bir anda itirə bilərsən...
Tale yazısı
Deməli, əsərimizin qəhrəmanı çayın sahilində, hər tərəfə səpilmiş irili-xırdalı çay daşlarının arası ilə gəzişirdi. Uzun, ağlı-qaralı saçları çal saqqalına qarışmışdı, onu müqəddəslərə oxşadırdı. Uca qamətini yaşın və ehtiyacın zərbələri əymişdi. Hündür, geniş alnında keçib gedən həyat karvanının dərin izləri qalmışdı. Əynindəki libası da taleyin uğursuzluqlarına ilişən həyatı kimi, kol-kosa ilişib dağılmışdı. Həyat eşqi yalnız ağ tükləri bilinən qalın qara qaşlarının altında qalan, sıx kirpiklərinin mühasirəyə aldığı qara gözlərində qalmışdı. O gözlər inadla və ehtirasla baxırdı, axtardığını tapmayınca dayanana oxşamırdı. O, adəti üzrə sübh tezdən, günəşlə birlikdə qalxmış, çayın sahilinə düşmüşdü. İndi isə axşam düşürdü. Arada yalnız qara çörəklə duzlu pendir yemək üçün ayaq saxlamışıdı. Üstündən soyuq su içib yenidən işə başlamışdı. Belinə sarıdığı ağır dəmir zəncir hərəkətini ləngidirdi, çayın sahili ilə ayaqlarını sürüdükcə, soyuq dəmir sərt daşlara dəyib cingildəyirdi.
O, illərdi ki, dağ çaylarının sahilləri ilə gəzirdi, suların, daşların da çoxu ona tanış idi. Həmişəki kimi çay daşlarına diqqət kəsilmişdi, əslində işi də bu, idi. Günəş artıq gündəlik marşrutunu tamamlamaq niyyətindəydi. O da çay aşağı geri qayıdırdı, səhər qalxmağa başladığı yerə yaxınlaşırdı. Diqqətini cəlb edən, ona maraqlı gələn daş görən kimi dayanırdı, sanki gözləri də işıqlanırdı. Aşağı əyilib daşı götürürdü, qabarlı əlləri ilə ehmalca tumarlayıb günəşə sarı tuturdu, formasına, parıltısına baxırdı. Tanış gələndə, sərt hərəkətlə kənara tullayırdı, tanış gəlməyəndə, eyni sərt hərəkətlə belinə sarıdığı dəmir zəncirə vururdu. Ürəyində Allahı çağırır, başını göylərə qaldırırdı. Zəncirin şən cingiltisini ləzzətlə dinləyib ümidlə rənginə baxırdı. Dəmir zəncirin qara-qonur rəngi isə dəyişmirdi ki, dəyişmirdi. O, əlkimyagər idi, bütün həyatını «həyat daşı»na həsr etmişdi. Həsrətlə dəmir zəncirin qızıla çevriləcəyi, cünəş kimi işıq verəcəyi günü, saatı, anı gözləyirdi. Günlər aylara, aylar illərə çevrilir, ömrün qızıl zəncirini çeynəyir, paslı dəmirə çevirirdi. Dəmir zəncir isə qızıla çevrilmirdi ki, çevrilmirdi…
Batmağa doğru gedən günəşə baxanda gəncliyini xatırlayırdı. Xəyalının önünə hündür boylu, qara saçlı, qara gözlü bir gənc gəlirdi. Düşünmək, öyrənmək həvəsi onu kənddən paytaxt şəhərinə, böyük emalatxanalardan birinə gətirmişdi. Bura adi emalatxana deyildi, burda məmləkətin tanınmış alim-kimyagərləri işləyir, dövrün qabaqcıl fikirləri səslənir, təcrübədə sınaqdan keçirilir, zamanın və padşahın tələbinə uyğun nəticələr əldə edilirdi. Həmin vaxt burda dəmir daşından dəmir, mis daşından mis alırdılar. Sonra onları əridib bir-birinə qatır, tunc halına salırdılar. Tunc mis qədər davamlı, dəmir qədər möhkəm olurdu. Ən əsası isə, məmləkətin padşahına, orduya lazım idi. Bu məmləkətin padşahı qonşu məmləkətin padşahı ilə müharibə edirdi. Qılınc və qalxanlar, nizə və oxlar isə tuncdan düzəldilirdi. Müharibənin davam etdiyi on ildə padşah sarayından emalatxanaya sifariş sifariş dalınca gəlirdi. Alimlər düşünür, ustalar həyata keçirir, fəhlələr istehsal edirdi. Bizim qəhrəman da dövrün qabaqcıl alimlərindən öyrənir, kimya elminin incəliklərinə yiyələnirdi. Deyirdilər ki, onun böyük gələcəyi var, böyük kimyagər olacaq.
Beləliklə o, üçüncü onilliyi yola verdi. Hələ saçlarına dən düşməmişdi. Sonra müharibə qurtardı və sülh dövrü başladı. Dəmir, mis, tunc artıq lazım deyildi, olan bəs edirdi. Dəmirçilər qılınc-qalxanı əridib kotana çevirirdilər. Bu zaman saraydan emalatxanaya «həyat daşı» tapmaq sifarişi gəldi. Deyirdilər ki, bu daş insana əbədi həyat bəxş edir, dəmirə vuranda qızıla çevirir. Deyirdilər ki, qonşu məmləkətin alimləri artıq «həyat daşı»nı tapıblar və orda qızıl mal təzəyi kimidir. Emalatxanada hamı - alimlər də, ustalar da, fəhlələr də elə bil dəli olmuşdu. Hamı «həyat daşı»ndan danışır, həyat daşı axtarırdı. Əvvəlcə bu məsələyə şübhə ilə baxan bizim qəhrəman da bu axına qarışdı. Və kimyagərdən əlkimyagərə çevrilmək taleyi ilə barışdı. Necə deyərlər, ellə gələn bəla da toy-bayram olur…
Beləcə on il daha keçdi. «Həyat daşı» tapılmadı ki, tapılmadı. Padşah sarayından emalatxanaya buraxılan pullar da batdı. Odur ki, saray da pulları dayandırdı, emalatxanada iş də dayandı. Arada qonşu məmləkətə gedən, ya oradan gələn adamların gətirdiyi xəbərlərə görə, orda da vəziyyət yaxşı deyildi. «Həyat daşı» haqqında xəbərlər yalan idi. Doğrudur, hamı axtarırdı, amma hələ heç kim tapmamışdı. Bu zaman bizim qəhrəman artıq beşinci onilliyi xırdalayırdı, məmləkətin və zəmanənin tanınmış əlkimyaçılarından biri kimi tanınırdı. O, dövrünü qabaqlayan bir fikir söylədi, dedi ki, «həyat daşı»nı emalatxanada almaq, istehsal etmək mümkün deyil. Doğrudur, təbiətdə «həyat daşı» var, amma onu elə təbiətdə də axtarmaq lazımdır. Onun bu fərziyyəsi əlkimya tarixində dönüş, sözün əsl mənasında partlayış yaratdı. Əlkimyaçılar emalatxanalardan təbiətə axışdılar. Hərəsi belinə bir dəmir zəncir bağladı, dağ çaylarında (daşların bolluğunda) axtarışa başladı. Bizim qəhrəman bu hərəkatın pionerlərindən biri oldu…
O, bunları düşünür, gəncliyini yadına salıb gülümsəyir. Deirlər, gələcəyi düşünürsənsə, deməli hələ gəncsən, əgər keçmişi xatırlayırsansa, deməli artıq qocasan. O da artıq qocadır, ağaran saçları, sözünə baxmayan ayaqları da bunu deyir. Birdən… Onun gözləri dəhşətdən bərəlir, batmaqda olan günəşin şüaları altında qızıl kimi parıldayan zəncirə zillənir. Zəncir qızıla çevrilmişdi. Bəs «həyat daşı» hanı? Hanı onun həyatının mənası? Təəssüf və yenə təəssüf… O, «həyat daşını» tapmışdı və görmədən yerə atmışdı. Belində isə qızıla çevrilib daha da ağırlaşmış zəncir qalmışdı… O, çayın sahilində diz çökdü və yaşına yaraşmayan bir həvəslə, uşaq kimi hönkürməyə başladı…
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий