воскресенье, 26 апреля 2020 г.

BİZİM "VOSMOY" UŞAQLARI: MÜBARİZ MƏNSİMOV VƏ FAİQ QARAYE





Mən korennoy “Vosmoy” uşağıyam, burda doğulmuşam, oxumuşam və yaşamışam. İndi qocalmışam, Bayılda yaşayıram, amma bizim köhnə məhlələr, məhlə uşaqlıgımız gözümün önündədir... “Vosmoy”da iki məhlədə yaşamışam. Daimi ünvanım Rüstəmovun başlanğıcı olub, o vaxt qarajların, indi “Araz” marketin qabağı... I yazımda bu məhlə haqqında yazmışam, yenə də yazmaq fikrim var. İndi isə o vaxtkı “Tələbələr”, indiki “Çobanzadə” küçəsi barədə danışmaq istəyirəm. Bakıda şadlıq sarayları ilə məşhur olan bu küçə həm də dünya miqyaslı oğlanları ilə məşhurdur. Mən 1987 – 92-ci illərdə Çobanzadə - 57-də (“Ağ saray”la üzbəüz) yaşamışam, bu məhlənin sakini olmuşam... 

Məhlənin məşhur adamları haqqında qeyd edim ki, tanınmış azərbaycanlı iş adamı, milyarder Mübariz Mənsimov Çobanzadə - 59-da, məşhur idman adamı, məşqçi Faiq Qarayev isə Çobanzadə - 61-də yaşayıb. Amma bu insanlarla şəxsən tanış olmaq mənə nəsib olmayıb. Mən Çobanzadədə yaşadığım dövrdə onlar artıq Azərbaycanda deyildilər. Məhlə uşaqları fəxrlə deyirdilər ki, Türkiyədə yaşayırlar - birincisi gəmidə “povar”, ikincisi volebolda “trener” işləyir. Hər ikisinin qohumları məhlədə yaşayırdı, yadımdadır, qardaşları yaxşı futbol oynayırdı. Amma əsərimizin qəhrəmanı məşhur adamlar deyil, sadəcə olaraq, yaxşı oğlanlardır...  

Tahirdən danışanda, indi də gözlərim dolur. Halbuki iyirmi ildən çoxdur ki, o, dünyada yoxdur. Tahirin 3 qardaşı vardı, böyük qardaşı Əliş yaxşı yaddımdadır, indi də gözümün qabağındadır. Orta boylu, qarabuğdayı, möhkəm adamdı. İnanın ki, bu kişi Messidən yaxşı futbol oynayırdı. Şəhərin müxtəlif məhlələrindən gəlib onu pulla oynamağa dəvət edirdilər. Olsun ki, sözümə inanmayacaqsız, amma mən sübut etməyə hazıram. Deməli bir dəfə qonşu məhlə ilə “interesə” futbol oynayırdıq. Əliş həmişəki kimi, hücumçu idi, mərkəzdə sürətlə gedirdi. Bu zaman ona havadan ötürmə etdilər, amma yumşaq verdilər, top Əlişin qarşısana yox, arxasına düşdü. Təsəvvür edin, Əliş dayanmadı, sol ayağının dabanı ilə topu aldı və başının üstündən irəli atdı. Sağ ayağının pəncəsi ilə topu saxlamadan qapıya vurdu və inanmazsız - qol oldu. Futboldan başı çıxan dostlar, əlinizi ürəyinizin üstünə qoyun və insafla deyin: Messi, ya Ronaldu bu fəndi edə bilərdimi?! Amma həmin dövrdə Əliş artıq çoxdan otuzu keçmişdi...

Yaxşı oğlan idi Tahir, indi də yeri bilinir - boş qalıb Çobanzadə... Onun sağlığında məhlədə biri artıq-əskik hərəkət eləyə bilməzdi, yoldan keçən qız-gəlinə bir nəfər «lişni» söz deyə bilməzdi. Onunla ilk tanışlığım qəribə bir şəraitdə baş vermişdi. 80-cı illərin axırları idi, meydan hərəkatı artıq başlamışdı, mən hələ Elmlər Akademiyasında işləyirdim. Günlərin bir günü taksi ilə şəhərdən Çobanzadəyə, təzə evimizə gəldim. Taksi sürücüsü cığallıq etdi, əvvəlcədən danışdığımız pulu qəbul etmədi, çox istədi. Mən də ziddinə getdim, vermədim, əməlli-başlı qalmaqal yarandı. Bir də gördüm, əynində “ADİDAS” kostyum olan, qartal burunlu kürən bir oğlan sürücünü yaxalayıb, deyir bir də bizim “Akademik”nən işin olsa, sənin ağzını cıraram… Nə isə, sürücünü Tahirin əlindən güclə aldım, danışdığımız pulu verib yola saldım. Amma mənim adım o gündən “Akademik” qaldı.

Üstündən bir həftə keçməmiş şuşalı bir dostum vardı, zəng etdi ki, mənə rayondan bi-iki litr tut arağı, bir şaqqa da qoyun əti gətiriblər, nağayraq? Dedim heç nə, ətin yarsını, arağın da hamısını götür, gəl bizə. Dedi gəlirəm, aşağı düşərsən. Düşdüm aşağı, gördüm Tahir məhlədə təkdir, “bisetka”da, özü demiş “dumkada”dır. Bizimlə oturmağı təklif etdim, ürəyindən oldu. Demə, Tahir əlindən hər şey gələn oğlan imiş, əti qəşəng doğradı, balkonda bir manqal qaladı, gəl görəsən. Elə kabab bişirdi ki, barmaqlarını yemək istəyirsən. Qərəz, iki gün yeyib-içdik.

Dediyim kimi, 80-cı illərin axırları, 90-nın əvvəlləri, pis vaxtlar idi. Cavanlar heç yerdə işləmirdilər, bütün günü həyətdə yığışır, ya qumar oynayır, ya da içirdilər. Şəhərə də çıxmağa qorxurdular ki, Rəhim Qazıyevin emisarları basar bunları avtobuslara, aparar birbaşa güllə qabağına. Beləliklə, gənclər, əsasən də onların savadsız hissəsi bekarçılıqdan içkiyə, hətta narkotikə qurşanırdı. O zaman mağazalar ucuz, keyfiyyətsiz içki ilə dolu idi. Yəni istədiyin yar idi, yetirdi pərvərdigar. Alırdılar, elə mağazada da vururdular. Bu proses günlərlə, aylarla davam edirdi. Tahir də həmin dəstədə idi. Günü-gündən elə bil geri gedirdi, üst-başı da pis gündə idi. “Adidas” kostyumu qaralmış, bi-iki yerdən cırılmışdı. Kömək etmək istəyirdim, amma əlimdən bir şey gəlmirdi. Hər dəfə görəndə, soruşurdum necəsən? Deyirdi, vururuq, “Akademik”, gəl sən də biznən vuraq. Süfrəmiz kasıb olsa da, ürəyimiz kalandır…

1993 - 97-ci illərdə Rusiyada olduğumdan Tahirdən xəbər tuta bilmədim. 1997-ci ildə Bakıya qayıtdım, artıq Çobanzadədəki evi satmışdım. Amma uşaqları görmək, görüşmək üçün məhləyə getdim. Tahiri soruşdum, dedilər ölüb, sağ nə gəzir, bu gün-sabah qırxı gəlir. Göz yaşlarımı saxlaya bilmədim, dedim, axı, bu cavan adamdı, buna belə nə oldu? Dedilər çox içdiyindən evə getməyib, həftələrlə padvalda yatıb, qışa düşüb, möhkəm soyuqlayıb. Sonra xəstəxanaya aparıblar, xeyri olmayıb… 
  
Qalib ARİF 

Комментариев нет:

Отправить комментарий