Amma yazıda söhbət yalnız futboldan
getmir, ümumiyyətlə köhnə Bakıdan, “Vosmoy” uşaqlarından gedir. Mən korennoy
“Vosmoy” uşağıyam, burda doğulmuşam, oxumuşam və yaşamışam. İndi qocalmışam,
Bayılda yaşayıram, amma bizim köhnə məhlə, uşaqlıgımız, futbolumuz və
davalarımız gözümün önündədir... Elə bil, "bir sinema pərdəsidir gözümdə,
tək oturub seyr edirəm özüm də"...
Deməli, bizim
məhlə altı "Xruşovka”nın inadla mühasirəyə aldığı, hardasa 1 hektar zeytun
bağından ibarətdi. Ortada bir futbol meydançamız da vardı, indi gecələr yerini
“stoyanka” zəbt etsə də, gündüzlər qalır. Hələ üstündə bir neçə zeytun ağacı
da yer alır. Məhləmiz sözün əsl
mənasında, internasionaldı - azərisi, ermənisi, rusu, ləzgisi, yəhudisi,
talışı, tatı, hətta tatarı da vardı. Düşünürəm ki, köhnə Bakının yaraşığı da bu
internasionaldı (Allah mərdiməzara lənət eləsin!). Stadion məhləmizi iki
komandaya bölürdü – Pelenin komandası və Bloxinin komandası. Pele bizim məhlə
uşağı Akifin “kliçkası” idi, futbolda özünü göstərirdi. Bloxin də Vitya adlı
bir rus oğlandı, adaşından pis oynamırdı. Günaşıra komanda-komandaya oynayırdıq,
uduzan dava salırdı, dalaşırdıq...
Pelenin komandası daha çüclü
idi. Burda erməni Artur, Vıqıli (yəhudi idi, indi adını xatırlamıram) kimi
“texniçni” uşaqlar oynayırdı. Pelenin güclü udarı vardı, qapıya hər zərbəsi
(təbii ki, düz getsə) qolla qurtarardı. Bloxin daha yaxşı oyunçu idi, meydanın
bu başından o başına topla sərbəst gedirdi, amma təkdi. Odur ki, qoldan və
ayaqdan güclü uşaqları “zaşita”ya düzürdü, keçmək olmurdu. Mən Pelenin
komandasında oynayırdım, nə Vıqıli kimi “texniçni” idim, nə də güclü udarım
vardı. Əvəzində mən yorulmaq bilmirdim, maşın kimi idim. Oyunun əvvəlində hansı
sürətlə başlayırdımsa, axıra kimi bu sürətlə gedirdim. Mənim oyunum sonda, hamı
yorulanda başlayırdı, bir-iki qol vururdum. Odur ki, uduzan komandanın bütün
hirsi-hikkəsi mənə yönəlirdi.
Bloxinin komandasında bir
Ramiz vardı, bizdən bir-iki yaş böyük olardı. Yaxşı futbolu olmasa da, tankdı,
“zaşita”da dururdu, keçmək olmurdu. Amma sonda yorulurdu, mən də qələbə qolunu
vururdum. Ramiz oyun qurtaran kimi üstümüzə cumurdu, hərə bir yana dağılırdı,
təkcə mən qalırdım. Mən qoldan güclü olmasam da, qorxaq deyildim. Döyülsəm də,
ölsəm də, heç kimin qabağından qaçmırdım. Ramiz də bunu bilirdi, hirsini mənim
üstümıə yönəldirdi. Amma sındıra bilmirdi, mənim ağzım-burnum qanasa da, ona da
bir-ikisi dəyirdi. Beləcə böyüyürdük, döyülürdük, bərkiyirdik...
Yaxşı yadımdadır, 8-cidə
oxuyurdum, məktəbdə əlaçı idim, amma futboldan da qalmırdım. Yenə Pelenin
komandası Bloxinə qarşı oynayırdı. Oyunun 2-ci hissəsi qurtarırdı, hesab
açılmamışdı. Hamı yorulmuşdu, uşaqların ağzı yerə dəyirdi. Meydan mənim
meydanım idi. Fürsəti əldən vermədim, topu ələ keçirdim və sürətlə irəli
keçdim. Ramiz “zaşita”ydı, elə bil lay divardı. Topu divardan, yani Ramizin
ayaqlarının arasından keçirdim və qapının sol küncünə yönəltdim. Qapıçı heç
yerindən tərpənə bilmədi, uşaqların bağırtısı eşidildi...
Oyun bizim qələbə ilə
qurtardı, Ramiz üstümə şığıdı. Bir andaca ağzımın-burnumun qanı bir-birinə
qarışdı. Dünya qaraldı, gözümə qapının yanında bişmiş kərpic parçası sataşdı.
Kərpici anındaca qapdım, amma başına vurmadım, elə bil, kimsə məni saxladı...
Var gücümlə rəqibimin dizinə çırpdım... Ramizin atası 3 gündən sonra bizə
gəldi, məni qapıya çağırdı. Atam hələ işdən gəlməmişdi, anam arxamda əsirdi.
Kişi dedi ki, Ramiz "balnisada"dır, amma biz dağlıyıq, milisə qaçmırıq,
qanı da su ilə yumuruq... Anam Allaha yalvarırdı ki, atam gəlməsin, işdə
ləngisin... Yoxsa, doğrudan da, qanı su ilə yumaq olmayacaqdı...
Hardasa bir-iki aydan sonra
Ramiz həyətdə qabağımı kəsdi, tək deyildi. Atasının sözlərini təkrar etdi, dedi
sən mənim zadımı zad etmisən (daha ağır ifadə işlətmək istəmirəm - Q.A),
üstündəm 3 il, 5 il, 7 il keçəcək, amma sən cavabını alacaqsan. Mən qorxmadım,
qaçmadım, səbrlə gözləyirdim. Gözlərim bir az aralıda düşüb qalan stul qıçını
qaralamışdı... Amma stul qıçına ehtiyac qalmadı, Ramiz sağdışını da, soldışını
da yanına aldı, axsaya-axsaya uzaqlaşdı... O, ömür boyu axsayacaqdı, mən də
ömür boyu idmanla məşğul olacaqdım... Amma hələlik mən təhsil dalınca düşdüm,
Ramiz də türməyə düşdü...
Orta məktəbi bitirib
Universitetə daxil olmuşdum. Mütəmadi olaraq, idmanla məşğul olurdum, səhərlər
qaçırdım. O vaxtlar Bakıda məşhur Amerika filmi “Bir dəfə Amerikada” (Odnajdı v
Amerike) gedirdi, növbələr qurtarmaq bilmirdi. Zərif bir dostumla bizim
“Sevinc” kinoteatrında bu filmə baxmağa gəlmişdim. Növbə məni qorxutmurdu,
hazır idim. Tələbə yoldaşlarımdan birində kinoya növbəsiz bilet almağa imkan
verən “knişka” vardı, almışdım. Zərif dostumu qapıda qoyub, kassaya
yaxınlaşdım, sənədi çıxardım, iki bilet istədim. Bu zaman növbənin ortasından
ortaboylu birisi irəli atıldı, ağzını dağıtdı ki, sən qudurmusan, kimin
qızından artıqsan, niyə “oçered”ə durmursan? Tanıdım – Ramizdi, amma mən də
məhlə uşağı idim, dedim bu kimin arvadıdır, niyə ayağına bağlamır?! Nə isə,
dava düşdü, adamlar bizi araladı, hiss etdim ki, hərif möhkəm piyandırr. Bu
zaman xanım dostum da yaxınlaşdı, Ramiz onu gördü, dayandı. Bəli, köhnə Bakıda
köhnə qaydalar vardı...
Səhər tezdən, Ramiz işə
getməmişdən mən onların blokunu kəsdirmişdim. Deyirdilər türmədən çıxandan
sonra Kamaz sürür. Maşın da evin qabağında, bizim futbol meydançasında
dayanmışdı. Bu gün Ramiz ayıqdı, dünənki arağın havası qaçmışdı. İllər onu
canki sarsıtmışdı, məni gördü, çaşdı. Tərpənməyə imkan vermədim, bir udarla
vurub yerə sərdim. Durdu, ağzının qanını sildi, axsaya-axsaya maşına sarı
getdi. Köhnə Bakıda hamı öz işini bilirdi... Sonra yollarımız yenidən ayrıldı -
mən Universiteti başa vurdum, Moskvaya aspiranturaya getdim. Ramiz də Kamazın
daşını atdı, oğurluğa (oxu: türməyə) qayıtdı...
İllər keçdi... Qırılan
qırıldı, dağılan dağıldı, məhlədə köhnə uşaqlardan bir-iki "futbolçu" qaldı. 20
Yanvardı, həyətdə təsadüfən Ramizi gördüm. Türmə illəri onu əymişdi, əritmişdi,
yumağa döndərmişdi. İndi o, bığlı, cılız bir kişi, mən boylu-buxunlu bir cayıl
idim. Dedi, məhlə uşağı, yüz ildir görüşmürük, bəlkə gedək yüz vuraq, mən qonaq
edirəm. Dedim bu gün 20 Yanvardır, bəlkə sabaha qalsın?! Dedi nə olsun, Aşura
günü deyil ki?! Dedim nə fərqi var ki? Cavab vermədi, getdi...
Bu, son görüşümüz oldu...
Sonra eşitdim ki, Ramiz rəhmətə gedib...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий