четверг, 16 апреля 2020 г.

ANA

ANA
ANAmın timsalında bütün analara həsr edirəm...
Həzrəti Peyğəmbər buyurur ki, cənnət anaların ayağı altındadır. Düşünürəm ki, burda şərhə ehtiyac yoxdur. Peyğəmbərin sözü Allahın nəfəsi, haqqın səsidir, Allahın analara ən böyük hədiyyəsidir.
Uşaqlığımızın ən çətin, artıq keçmişdə qalmış, yaddaşımızda iz salmış sualı “atanı çox istəyirsən, ya ananı?” sualıdır. İndiyə qədər cavab tapa bilmirik... Düşünürəm ki, ata-ana Allah tərəfindən hər birimizə verilən təmənnasız xidmətçidir, ömür boyu canını-malını əsirgəmədən, “uf” demədən xidmət edir. Odur ki, fərq qoymaq çətindir, “mümkün deyil” qədər çətindir. Ata ailə adlı dövlətin düşünən beyni, vuran əlidirsə, ana görən gözü, sevən qəlbidir. Ata evin dirəyi, halal çörəyidirsə, ana yanan ocağı, doğma qucağıdır. Odur ki, ən müqəddəs and yerimiz ata çörəyi, ana südüdür. Amma atanın özündən xəbər alsaq, “atanı çox istəyirsən, ya ananı?” soruşsaq, yəqin centlmenlik edər, birinciliyi anaya verərdi. Sonra isə deyərdi ki (mənim rəhmətlik atam kimi), ana bizim yolumuzda – yuxusuz gecələrdə, həzin nəğmələrdə, övlad məhəbbətində yanır, yanır, axırda kül olur. Külü də müqəddəsdir, bərəkətdir...
Ağ göyərçin dünyada sülhün rəmzidir. Ağ bayraq ağ göyərçin deməkdir, ağ göyərçin olmayanda, sülhün rəmzi kimi havaya ağ bayraq qaldırırlar, hətta ağ bayrağın üstünə ağ göyərçin şəkli vururlar. Hesab edirəm ki, bu, tarixin tarixi səhvidir, sülhün rəmzi ağ göyərçin yox, ağbirçək ana olmalıdır. Olsaydı əldə ixtiyarım, bu tarixi səhvi aradan qaldırardım, bütün ağ bayraqların üstünə ağbirçək ana şəkli vurardım. Bununla da bütün müharibələrin, axan qanların, dağılan tifaqların qarşısını alardım. Ağbirçək ana – xeyir olan yerdə qan, müharibə olarmı, ümumiyyətlə şərə ehtiyac yaranarmı?! Yəqin ki, burda da şərhə ehtiyac yoxdur...
Artıq xeyli həyat sürmüşəm, çox yerlər gəzmişəm, çox şeylər görmüşəm. Əsrin yarısını keçən yaşıma, artıq aranlarına qar yağan başıma baxanda, özümdən asılı olmayaraq, qüssələnirəm. Şair təkin “bir ömürdür, yaşadıq” deyirəm. Axşam evə gələndə, ağbirçək anamı görəndə, inanın, bütün dərdlərimi unuduram. “Oğul niyə gec gəldin, iş sənə, ya sən işə güc gəldin?!” deyir, ağ əllərini ağ saçlarıma çəkir. Bir anlıq ikimiz də fikrə gedirik... Mən “anam vaxtsız qocaldı, bizim yolumuzda şam kimi yandı” düşünürəm. Anam bərkdən düşünür, “balam vaxtsız qocaldı, uaşağın başı ağardı” deyir. Bəli mən anamım gözündə hələ uşağam, amma altıncı onilliyi yola salmaq iddiasındayam. İşdən yorğun gələndə qabağıma ilk çay gətirən də, kresloda oturan yerdə yuxuya gedəndə, üstümə ilk ədyal çəkən də anam olur. Baxmayaraq ki, evdə anamın adını daşıyan, yaddaşımı yaşında yaşadan nəvəsi və nəvələri var. Bu zaman səksənib yuxudan ayılıram, ürəyimdə o bir olan Allaha yalvarıram. “Allah məni atasız qoydun, anasız qoyma” deyirəm.
Analar, qadınlar haqqında çox yazılıb, çox deyilib, hələ çox yazılacaq... Əslində dünyanın tarixi ağbirçək anaların, onların qəhrəman övladlarının tarixidir. Yaxın tariximizin ən böyür söz ustadlarından biri olan Cəfər Cabbarlı deyir ki, hüzurunda baş əyməli ən böyük insan, ən böyük varlıq anadır. Başqa böyük söz ustadı Rəsul Həmzətov deyir kişi bir sevgilisi üçün gül dərəndə, bir də anasının önündə diz çökə bilər...
Mən də düşünürəm ki, kişi iki halda diz çökə, baş əyə bilər: Allaha dua edəndə və ata-anasının qəbrini ziyarət edəndə...
Qalib ARİF

Комментариев нет:

Отправить комментарий