XOŞBƏXTLİYİN DÜSTURU
Dostlar, diqqətinizə çatdırmaq istəyirəm ki, Albert Eynşteyn yalnız Nisbilik nəzəriyyəsinin deyil, həm də Xoşbəxtlik düsturunun müəllifidir. Bəli, bəli, Eynşteyn həyatda uğur qazanmağın (bizim dildə desək, xoşbəxtliyin) düsturunu tapmış bir dahidir. Bu düsturun mənə gəlib çatmış variantı (yazanda yanında deyildim ki?!) təxminən belədir: UQ = X+У+Z. Burda UQ uğur qazanmaq, X işləmək, У düşünmək, Z isə, dinləməkdir. Nisbilik nəzəriyyəsi qədər olmasa da, bir az mürəkkəbdir. Odur ki, diqqətli olun...
Bəli, bəli, Eynşteyn xoşbəxtliyin ilk ünsürü kimi işləməyi göstərir. Məlum olduğu kimi, Allahın da tövsiyəsi belədir, Yaradan da insana “Səndən hərəkət, məndən bərəkət” deyir. İşləməyin faydası barədə çox deyilib, çox yazılıb. Böyük Nizami də deyib ki, “Çox istedadlar yatan oldular, axırda saxsı qabı satan oldular”... Mən də əlavə etmək istərdim ki, insanın istedadının üzə çıxması daşdan od alınması kimi zor şeydir. Doğrudur, odu daşdan alırlar, amma zəhmət çəkilməsə, tər su kimi tökülməsə, soyuq daşdan isti od almaq olmaz...
İkinci ünsür göründüyü kimi, düşünməkdir. İnsanın inkişaf tarixində düşünməyin rolunu qiymətləndirmək çətindir. Yalnız onu demək kifayətdir ki, insanı bütün canlılardan ayıran, faktiki olaraq, canlı təbiətin zirvəsinə qaldıran, sivil cəmiyyət yaradan onun düşünmək qabiliyyətidir. Əgər, bu ali keyfiyyət olmasaydı, insan yəqin ki, hələ mağarada yaşayırdı və çiy ət yeyirdi. Allaha inam, Xeyirə ehtiram, Şərə nifrət kimi ali dəyərləri yaradan da bu qabiliyyətdir. Odur ki, uğur qazanmaq istəyən insan bir sözü deməkdən əvvəl ən azı 1 dəfə, bir hərəkəti etməkdən əvvəl 3 dəfə düşünməlidir...
Xoşbəxtliyin üçüncü ünsürü dinləmək, yəni qulaq asmağı bacarmaqdır. Bu fikrə aydınlıq gətirmək üçün bir haşiyə çıxmaq istərdim. Deməli, bilənlər bilir, bilməyənlər də bilsin ki, 90-larda Lujkovdan əvvəl Moskvanın meri Qavriil Popov adlı biri idi. Fizika-riyaziyyat elmləri doktoru, professor, dövrünün dahisi olan bu adam sadəcə olaraq, Yeltsinin düşünülməmiş hərəkətlərinə (mən daha ağır ifadə işlətmək istəmirəm!) dözmədi, istefa verdi, elmə getdi. Həmin bu Qavriil Popov 90-ların ən parlaq siyasətçilərini belə xarakterizə edirdi...
Deməli, Qorbaçov qulaq asmağı ümumiyyətlə bacarmır, dayanmadan danışır, hətta adama, bəli, ya xeyr deməyə imkan vermir. Belə adamlar auditoriyada bir qayda olaraq, nifrət hissi oyadırlar. Sobçak da qulaq asmağı, müzakirə aparmağı bacarmır, dayanmadan danışır. Amma Sobçak Qorbaçovdan fərqli olaraq, arabir dayanır, qarşı tərəfə bəli, ya xeyr deməyə imkan tanıyır. Bu adam insanlarda yalnız təəssüf hissi yaradır. Bunlara baxanda, Yeltsin ağıllı-başlı adamdır, səbrlə qulaq asmağı, müzakirə aparmağı bacarır. Yəqin ki, Yeltsinə hörmət, nüfuz qazandıran, onu milli lider səviyyəsinə qaldıran həm də bu keyfiyyətidir...
Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur, Popovun qəhrəmanlarının taleyi hələ yaddaşlardadır...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий