суббота, 25 апреля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR XII

Xalq öz "qəhrəmanları"nı tanımalıdır...



Qeyd etmək lazımdır ki, o, jurnalist dairələrində Mirşahin kimi populyardır, haqqında əfsanələr dolaşır, onu XII həvari- İuda ilə müqayisə edirlər. Amma xalq yaxşı tanımır, odur ki, bu boşluğu doldurmaq, ürəyimi boşaltmaq istəyirəm. Necə deyərlər, xalq öz "qəhrəmanları"nı tanımalıdır. Düzü, o, Nazirlər Kabinetinin mətbuat katibi kimi yenidən gündəmə gəlməsəydi, mən bu yazını yazmazdım,  əlimi çirkaba bulamazdım.  Güman edirdim ki, Az TV-dən gurultu ilə qovulduqdan sonra bu adam, ən azı abır-həya edəcək, bir daha görünməyəcək. Amma sən saydığını say... Adam yenidən gündəmdədir və camaata dərs keçir. Qar yağıb, bütün zir-zibillərin üztü örtülüb, nədir?! Deməli, bəzi adamlar odda yanmır, suda batmır...

Bu adamla mənim ilk tanışlığım 96 – 97-ci illərə təsadüf edir. Rusiyadan yenicə gəlmişdim və Azərbaycan diasporu ilə əlaqəli silsilə yazılarımı çap etdirmək istəyirdim. Yeri gəlmişkən, mən Rusiyaya tez-tez gedib-gəlirdim və predmeti yaxşı bilirdim. Jurnalist dostlarımdan biri “Azadlıq” qəzetini məsləhət bildi, dedi bu həm populyar qəzetdir, həm də bir səhifəyə (A3) 10 şirvan qonorar verir. Qəzetin “Xaqani” küçəsində yerləşən əski ofisinə getdim, məni siyasət şöbəsinə yönləndirdilər. Həmin dövrdə səhv etmirəmsə, “Azadlıq” qəzetini baş redaktoru Gündüz Tahirli, müavini isə, məlum Qənimət Zahid idi.

Birinci mərtəbədə yerləşən “Siyasət” şöbəsində məni müdir – İbrahim Məmmədov şəxsən qarşıladı. Məqsədimi qısa açıqladım, müsahibim alqışladı. Əlyazmalarımı təqdim etdim, həmkarımın əlavə vaxtını almaq istəmədim. Oxucuların diqqətinə çatdırım ki, yasılarımın I hissəsi Rusiyada mənim müşahidələrimdən, II hissəsi soydaşlarımızın müsahibələrindən ibarət idi. I hissə bir neçə gündən sonra bir səhifə getdi, oxuyub feyziyab oldum. II hissə bir az ləngidi və mən “Azadlıq” qəzetinə getdim. Məmmədov məni yaxşı qarşıladı və dedi ki, redaktor burdadı, get qonorarını al, yazının II hissəsi bir-iki günə gedəcək. Maraqlıdır ki, "Azadlıq" qəzetinin mühasibatı olsa da, redaktor bütün kassanı özündə gəzdirirdi və mənə qonorarı cibindən verdi.

Hər gün “Azadlıq” qəzeti alırdım, bir neçə gündən sonra arzuma çatdım, II hissə çap olunmuşdu. Oxudum, dəhşətə gəldim – bu, mənim başlığım, mənim imzam idi, amma yazı mənim deyildi. Dediyim kimi, II hissə Rusiyada yaşayan azərbaycanlıların müsahibələrindən ibarət idi. Onlar 90-cı illərin hərc-mərcliyindən, işsizlikdən danışır, buna görə Vətəni tərk etdiklərini deyirdilər. Heydər Əliyev gəldikdən sonra vəziyyətin dəyişdiyini bildirənlər, Vətənə dönmək istəyənlər də vardı. İbrahim Məmmədov isə mənim yazımı tamam dəyişmişdi, istədiyi kimi təhrif etmişdi. Guya, bizim soydaşlar Heydər Əliyevin əlindən, demokratiya dərdindən Azərbaycandan qaçmışdılar.

Əməlli-başlı əsəbiləşdim, təcili redaksiyaya getdim, Məmmədovu tapdım və etirazımı bildirdim. Burda mən qonaq, İbrahim ev yiyəsi idi, odur ki, ağzına gələni deyirdi. Guya mən özüm bizim soydaşların fikrini təhrif etmişəm, guya onlar Heydər Əliyevin zülmündən qaçıblar və s. Mənim mərhum atamın (onda sağdı!) bir kəlamı vardı, deyirdi Həccə gedən Hacalı, xəbər verən Cindalı. Bu misalı İbrahimə çəkdim, çüldü, amma geri çəkilmədi. Dedi biz Heydər Əliyevin elə işlərini bilirik ki... Yumdu gözünü, açdı ağzını – Heydər Əliyev, İlham Əliyev haqqında elə hədyanlar danışdı ki, indiki Qənimətlər, Qurbanlar qələt edir... Dedim ayıbdır, ağsaqqal adamdır, adam eşitdiyini danışmaz... Kimə deyirsən?! Hərifin sözünü ağzında qoyub çıxdım, heç II hissənin qonorarını da almadım...

Yeri gəlmişkən, sonra mən bu diaspor yazılarının davamını “Xalq qəzeti”ndə çap etdirdim və bu qəzetdə işə güzəldim. İbrahim Məmmədovla 2-ci görüşüm də bundan sonra baş verdi. Səhv etmirəmsə, 97 – 98-ci illərdi, Bakıda Səməd Vurğun bağında  mərhum Elçibəyin payız mitinqləri gedirdi.  Mən bu mitiqlərdə “Xalq qəzeti”nin siyasi müxbiri kimi iştirak edirdim. Bağda minlərlə adam vardı, onlarla adam Elçibəyi araya almışdı. Birdən İbrahimi gördüm, köhnə tanış kimi yaxınlaşdım. Əl uzatdım, havadan asılı qaldı. Gözlərinin içinə baxdım, yenə ağzı açıldı: “Mən “Xalq qəzeti”ndə işləyənlərə, Heydər Əliyevə qulluq edənlərə salam vermirəm. Mən Əli Kərimovun “Yurd” təşkilatının üzvüyəm və Heydər Əliyevlə mübarizə edirəm”. Əlimi çəkdim, dedim “Salam Allahın salamıdır, almırsan alma”...

İbrahim Məmmədovla 3-cü görüşüm bir müddət sonraya təsadüf etdi. DİN-də bir qrup məhbusun Qobustan qapalı türməsindən qaçışa cəhd etməsi ilə əlaqədar mətbuat konfransı keçirilidi. Konfransa DİN-in və ƏN-in məsul işçiləri iştirak edirdi. Bunlardan biri dedi ki, bu, adi təxribat deyil, burda siyasi qüvvələrin əli var. Mən sual etdim ki, “Siz kimi, konkret hansı siyasi partiyaları nəzərdə tutursuz?” Müsahibim səhv etmirəmsə, Xalq Cəbhəsini və Müsavatın adını çəkdi. Onun sözləri İbrahim Məmmədova sillə kimi təsir etdi. Amma qorxusundan üzünü söz sahibinə yox, mənə tutub rus dilində “Pravakator” deyə bağırmağa başladı. Mən sakitcə yerimdən qalxdım və gəlib hərifin yanında oturdum. Onunla bir xanım jurnalist də vardı, odur ki, artıq-əskik danışmadım. Sakitcə dedim “Pravakator sənsən və sənin adındır”. Konfransdan sonra aşağı düşdüm, rəqibimi hardasa yarım saat gözlədim, gözümə dəymədi...

Mənim bu subyektlə axırıncı görüşüm onun Az TV-də təzə işlədiyi dövrə təsadüf edirdi. Artıq amalını, məsləkini satmışdı, məlum Əli Həsənovun trolu fəxri statusunu almışdı, Dünənə qədər söyüb-yamanlaığı adamlara bu gün erkrandan elə yalmanırdı, yaltaqlanırdı ki, adamın ürəyi bulanırdı. Hətta MTN araşdırsaydı, inanın ki, onu bayağı "şəxsiyyətə pərəstiş" təcrübəsi yaydığına görə siyasi təxribatçı kimi həbs edə bilərdi.
İlahi, adi nərd zərinin 6 sifəti olur, bu qeyri-adi adamın neçə sifəti vardı?! Və bu “sifətlər”in birini mən təsadüfən “Gənclik” metrosunda gördüm. Hələ pullanmamışdı, “JEEP” alıb hallanmamışdı. Vaqona girdi, məni görüb üstümə yeridi. İnanmazsız -  utanmadan əl uzatdı, amma əli havada qaldı. Mən qatarda qapılar bağlanmamış, vaqonda havalar murdarlanmamış düşdüm. O biri qatarı gözlədim...

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий