KİMDİR GÜNAHKAR?! II
Bizim Don Juan
Bizim Don Juan
Nihad bəy Azərbaycana biznes qurmaq üçün gəlmişdi. Bakıda yaxın dostları vardı. Bir neçə il idi burdaydılar və mebel satışı sahəsində iş qurmuşdular. İnsafən işləri pis getmirdi. Yaxın xaricdən qiyməti və keyfiyyətli aşağı mebel gətirir, paytaxtda icarəyə götürdükləri mağazalarda yaxşı qiymətə satırdılar. Qazanc birə iki səviyyəsində idi və Nihad bəyi də Azərbaycana gətirən bu xəbər idi. Amma o, təcrübəli iş adamı kimi dərhal işə girişmədi, bazarı öyrənməyə başladı. Tezliklə aydınlaşdırdı ki, Bakıya mebeli yaxın xaricdən gətirməyə ehtiyac yoxdur. Elə respublikanın rayonlarındaca müxtəlif çeşidli və yaxşı keyfiyyətli mebel dəstləri hazırlanır. Sadəcə olaraq, getmək, baxmaq və almaq lazımdır.
Beləliklə, Nihad bəy Bakıda planlarına və imkanlarına uyğun bir «Mebel evi» icarələdi. Sonra mebel sənayesinin inkişaf etdiyi cənub rayonlarından birinə səfər elədi. Rayonda iş adamlarını tanımasa da, zəmanət məktubu gətirmişdi. Amma əvvəl hoteldə yer aldı. Qiymətlər ucuz, şərait isə yaxşı idi, onun ölkəsi ilə müqayisə ediləsi deyildi. Bu, qonağın xüsusilə kefini açdı, rayon mərkəzini piyada gəzməyə başladı. Bakıdakı sıxlıq, maşınlar, səs-küy burada yox idi, amma tikinti-quruculuq işləri sürətlə gedirdi. Səliqə-səhman ürək açırdı, havanın təmizliyi fiziki hiss olunurdu. Rayon mərkəzində irildi-xırdalı iyirmidən yuxarı mebel sexi vardı, onlardan ikisi-üçü böyük fabrik idi. Bu fabriklərə bir şirkət nəzarət edirdi. Nihad bəy ilk növbədə bu şirkətin rəhbərinə müraciət etdi, özünü təqdim etdi. Onu çox yaxşı qarşıladılar, rayon mərkəzindən ətraf qəsəbə və kəndlərə səpələnmiş mebel salonlarına apardılar.
Xarici qonaq salonları bir-bir gəzdi, xoşuna gələn mebel dəstlərini seçdi. Qiymətlər onun gözlədiyindən də aşağı, keyfiyyət isə yuxarı idi. Dəstlərin üstünə «Rusiya», «Türkiyə», hətta «İtaliya istehsalı» yazmaq, yazıya uyğun qiymətə satmaq olardı. Ya Nihad bəy şirkət sahibinin xoşuna gəlmişdi, ya zəmanət məktubu daşdan keçən idi, hər halda ona malı əlli faizlə verməyə razı oldular. Yəni pulun yarısını indi verəcək, yarısını satışdan sonra ödəyəcəkdi. Mebeli isə şirkət özü iki günə Bakıya çatdırırdı. Nihad bəyin lap çiçəyi çırtladı, gözləri adəti üzrə axtarışa başladı.
Düşünürəm ki, burda qəhrəmanımız haqqında qısa bir aryış vermək yerinə düşərdi. Həm oxucu onun haqqında məlumat alar, həm də gözlərinin nə axtardığı məlum olardı. Nihad bəy qırxı haqlamış, boylu-buxunlu, suyuşirin adamdı. Yaşına görə cavan görünürdü, hələ də qadınların xoşuna gəlirdi. Doğrudur, vətənində ailəsi, iki qızı vardı. Amma vaxtını da boş keçirmirdi, işlədiyi şəhərdə mütləq bir cavan xanım saxlayırdı. İndi də gəzdiyi salonlarda mebellə bərabər satıcılara da göz qoyur, axtarırdı. İnsafən, hamısı seçmə xanımlardı. Bu da mebel biznesinin sirrlərindən biridir: yüksək səviyyəli mebeli seçmə xanımlar təqdim etməlidir. Nihad bəy mebel məsələsində peşəkar olduğu kimi, bu məsələdə də peşəkardı. Onu göz qamaşdıran, problem yaradan xanımlar yox, həyata təzə göz açan, problemdən qaçan gənc qızlar maraqlandırırdı. Və rayon mərkəzindən bir az aralı qəsəbədə, mebel mərkəzində istədiyini tapdı. Qızın 22-23 yaşı ancaq olardı, danışanda qızarırdı. Qarayanız olsa da, şirindi, fiqurası isə keçməli deyildi. Nihad bəy də keçənlərdən deyildi, işi elə qurdu ki, bir neçə dəfə bu salona gəldi, qızı tək görüb danışdırmağa imkan tapdı. Onu Bakıya, yüksək maaşlı işə dəvət etdi. Sonrası isə, necə deyərlər, texnikanın işi idi…
Gülnar xalasıgilə getmək adı ilə Bakıya gəldi və «təsadüfən» burda yaxşı maaşlı iş tapdı. Əvvəl evdən buraxmaq istəməsələr də, qız israr elədi, xalası da söz dedi, nəhayət valideynləri razılaşdı. Nihad bəy tezliklə Gülnara elçi düşdü, hətta dost-tanışını da götürüb rayona, atasının yanına minnətə getdi. Rayondakı biznes ortaqları işə qarışdılar, kişinin işini aşırdılar. 40 yaşlı bəy molla kəbini də kəsdirdi, Gülnarı evinə gəlin gətirdi. İlk zamanlar işlər pis getmirdi. Bəyin işi çox olsa da, cəlinə qarşı diqqətli idi. Hətta onu işə getməyə də qoymurdu, yağ içində böyrək kimi saxlayırdı. Amma bu arada bir-birindən tamamilə fərqli, amma bizim bəy və gəlin üçün eyni dərəcədə əhəmiyyətli olan iki hadisə baş verdi. Səbr edin, növbə ilə danışım.
Yuxarıda dediyim kimi, Nihad bəy insanlığın gözəl yarısına əvvəlcədən də biganə deyildi, işi ilə əlaqədar da tez-tez Azərbaycanın rayonlarına gedirdi. Bu dəfə də şimal rayonlarının birində gözü alagöz bir xanıma düşdü. İnsafən, bəyi qınamalı da deyildi, Gülnar qaraşın cənub gözəli idi, bu isə sarışın şimal gözəli. Hər gözəlin də, məlum olduğu kimi, öz ləzzəti var. Yenə həmin söhbət, həmin texnika və bu dəfə sarışın gözəl Bakıya gəldi, Nihad bəyin mebel salonunda işə düzəldi. Təbii ki, bəyin işi çoxaldı, evə gec, sonra isə gec-gec gəlməyə başladı. Və dediyim ikinci hadisə baş verdi. Gülnar elan etdi ki, ana olmağa hazırlaşır. Amma bu, bəyin planlarına daxil deyildi, o, ata olmağa hazırlaşmırdı. Bütün bu məsələlər - cənub, şimal, ana və ata olmaq bir-birinə qarışdı və onunla nəticələndi ki, Gülnar günlərin bir günü çamadanını da götürüb evdən çıxdı. Nihad bəy rahat nəfəs aldı, elə bildi ki, problemdən qurtardı. Prinsipcə, şimal, cənub, nə fərqi var ki?! Amma fərqi varmış…
Gülnarın rayona qayıtması nə ata-anasının, nə də qohumlarının ürəyindən oldu. Yaxın vardı, uzaq vardı, cənub rayonunda bu məsələyə xüsusilə pis baxılırdı. Yığışdılar, danışdılar, hələlik qızın qardaşları Eldarı və Elmarı Bakıya göndərmək qərarına gəldilər. Yəni sel gələndə əvvəl çör-çöp gətirər, ata-anasının timsalında kötüklər sonra gələr.
Deməli, Gülnarın getməsi ilə Nihad bəyin də əl-qolu açılmışdı. Yeni sevgilisini hələ, molla kəbini kəsdirib evinə gətirməsə də, daha işləməyə qoymurdu. Doğrudur, xanım işə gəlirdi, amma iş yeri bəyin kabinetindəydi. Kabinet də nə kabinet, hər şəraiti, divan-kreslosu və s. Elə həmin divanda Nihad bəy sarışın gözəllə yan-yana, şampan şərabı qabağında, poetik bir məqamda, qapı qəflətən açıldı. Burda qeyd edək ki, bəy işdə çox sərt idi və onun qapısını döymədən açmaq işdən avtomatik qovulmaq demək idi. Amma bu dəfə işçilərin bəxti gətirdi, gələn Gülnarın qardaşları idi. Və burda Nihad bəy daha bir bağışlanmaz səhv etdi, gərginliyi barometr kimi hiss edən və meydanı, üzr istəyirəm, divanı təcili tərk etmək istəyən sarışın gözələ yerində oturmağı, Eldarla Elmara isə rədd olmağı əmr etdi. Bəyi qınamalı deyildi, Azərbaycan gələli (oxu: əlinə pul gələli) əmr etməyə oyrəncəli idi.
Deməli, Gülnarın getməsi ilə Nihad bəyin də əl-qolu açılmışdı. Yeni sevgilisini hələ, molla kəbini kəsdirib evinə gətirməsə də, daha işləməyə qoymurdu. Doğrudur, xanım işə gəlirdi, amma iş yeri bəyin kabinetindəydi. Kabinet də nə kabinet, hər şəraiti, divan-kreslosu və s. Elə həmin divanda Nihad bəy sarışın gözəllə yan-yana, şampan şərabı qabağında, poetik bir məqamda, qapı qəflətən açıldı. Burda qeyd edək ki, bəy işdə çox sərt idi və onun qapısını döymədən açmaq işdən avtomatik qovulmaq demək idi. Amma bu dəfə işçilərin bəxti gətirdi, gələn Gülnarın qardaşları idi. Və burda Nihad bəy daha bir bağışlanmaz səhv etdi, gərginliyi barometr kimi hiss edən və meydanı, üzr istəyirəm, divanı təcili tərk etmək istəyən sarışın gözələ yerində oturmağı, Eldarla Elmara isə rədd olmağı əmr etdi. Bəyi qınamalı deyildi, Azərbaycan gələli (oxu: əlinə pul gələli) əmr etməyə oyrəncəli idi.
Eldar Gülnardan yaşca böyük, evli adamdı. Otuzu haqlamışdı, özünü ələ almağı bacarırdı. Əsgərlik həyatından yenicə ayrılan, təzə maşın kimi tez xodlanan Elmar isə özünü saxlaya bilmədi. İşin tərsliyindən jurnal stolunun üstündə şampan şərabı, meyvə qabı ilə yanaşı, iti uclu meyvə bıçağı da vardı. Elmar bu bıçağı qapdı və gözəllik aşiqinin sinəsinə sancdı. Qardaşı onu tutmağa, qurbanı isə qalxmağa imkan tapmadı. Yalnız sarışın gözəl qışqırmağa və qapıya doğru atılmağa imkan tapdı…
Mən də sual verməyə imkan tapıram, bir daha soruşuram: Kimdir günahkar - pis zəmanəmi, pis valideyinmi, bəlkə bizik - biganələrik günahkar???
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий