İNSAN NECƏ MÜDRİK OLUR...
-Dünyaya gələndən, sevginin, nəvazişin nə olduğunu biləndən hiss edirsən ki, iki nəfər səni səndən çox sevir, canını, malını, həyatını əsirgəmədən sənə təmənnasız xidmət edir. Məşhur nağılda deyildiyi kimi “qa” deyəndə çörək, “qu” deyəndə su verir. Sən bu insanları sevirsən, onlardan öyrənirsən: birinin adı “ata”, o birinin adı “ana”dır...
-Bir az böyüyəndən, “xeyir”, “şər” biləndən hiss edirsən ki, sər işlər görəndə ürəyin qəm çəkir, gözlərin ürəyindən nəm çəkir. Xeyir işlər görəndə isə qürurlanırsan, göydə uçan quşlar kimi qanadlanırsan, sevincindən yerə-göyə sığmırsan. Sonra anlayırsan ki, səni idarə edən, sənə yol göstərən bir hiss, bir qüvvə var, onun adı “vicdan”dır.
-Vicdanlı hərəkətlərin, münasibətlərin cəmiyyətdə hörmətlə qarşılandığını, alqışlandığını görəndən sonra bütün həyatını belə yaşamağa, ətrafındakılara da bunu aşılamağa çalışırsan. Ata-ananın sənə verdiklərini sən də insanlara verməyə başlayırsan, təmənnasız xidməti həyatının mənası sanırsan. Öz səhvlərindən öyrənmək və öz üzərində işləmək dövrü başlayır. Buna “dünyagörüşü” deyilir.
-Vicdan sənə kompas olandan, fəaliyyətini, hərəkətlərini idarə etməyə başlayandan hiss edirsən ki, doğmalar, yaxınlar, yadlar sənin şəxsinə, sözünə hörmətlə yanaşır, sən gələndə ehtiramla ayağa dururlar. Deməli, ətrafdakılarda sənə qarşı müsbət münasibət yaranır, bu, “nüfuz” adlanır.
-Dayanmadan öyrəndikcə, öyrəndiklərini xeyirə xidmətə həsr etdikcə, nüfuzun artır, dünyagörüşün dərinləşir, təcrübən zənginləşir. Sən nəyi necə etməyi, hansı sözü harda deməyi bilirsən, heç kimlə mübahisə etmirsən, Amma haqsızlığa qarşı susmursan, mübarizə aparırsan, həmişə ədalətin yanındasan. İnsanlar sənin ətrafına yığışır, səndən məsləhət alır. Buna “ziyalılıq” deyilir.
-Savadın, cəmiyyətə faydan artdıqca, ətrafındakı insanlar da çoxalır, sənin şəxsinə maraq artır. Sən daim axtarışdasan, sənə olan ümidləri dogrultmağa çalışırsan. Daim yeni layihələr fikirləşir və həyata keçirirsən. Amma özün yüksəldikcə, insanlara münasibətin dəyişmir, sadəsən - böyüklə böyük, kiçiklə kiçiksən. Buna “alimlik” deyilir.
-Sən öz üzərində işləməyi, öyrəndiklərini xeyirə həsr etməyi davam etdirirsən, daim vicdanın hökmü ilə hərəkət edirsən. Özünə xidmətin ən qısa yolunun başqalarına xidmətdən keçdiyini anlayırsan. Özünə arzulamadıqlarını başqalarına da arzulamırsan. Artıq öz səhlərindən yox, başqalarının səhvlərindən öyrənməyə başlayırsan. Buna “müdriklik” deyilir...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий