YAXŞI KİŞİNİN PEŞMANÇILIĞI
(Pritça)
(Pritça)
Deyirlər
kişi evin dirəyidir, ailənin bütün ağırlığını kişi çəkir. Bəzən bu ağırlığın
altında canı çıxır, amma səsi çıxmır. Kişi olan evdə çörək də olur... Arvad
evin ocağıdır, istisinə qazan da qaynayır, uşaqlar da qızınır. Arvad olan evdə
xeyir-bərəkət də olur deyirlər...
*** *** ***
Cəfər dostunu yanında, avtomobil qarajında
işəyirdi. Cəbhədə bir yerdə vuruşmuşdular. Abid igid oğlan idi,
batalyonda kəşfiyyat dəstəsinə rəhbərlik edirdi. Cəfər də onun dəstəsində idi,
köhnə kişilər demiş, bir yerdə kəşfiyyata gedirdilər. 96-cı ildə cəbhədən
qayıtdıqdan sonra Abid qardaşları ilə biznesə girişmişdi. Bakıda bir neçə
marşrut xətti almış, böyük bir qaraj açmışdı. Əvvəl sürücülər öz
mikro-avtobusları ilə marşrut xətlərində faizə işləyirdilər. Sonra Abid böyük
kredit ala bildi, yeni mikro-avtobuslar gətirdi. Cəfəri də kəşfiyyata getdiyi,
etibar etdiyi adam kimi, marşrut xətlərindən birinə rəis təyin etdi.
Cəfərin ailəsi kənddə, atasının yanında yaşayırdı.
Cəbhədə olanda, iki-üç aydan bir gedirdi, pul-para aparırdı. Komandir Abid də
sağ olsun, şərait yaradırdı. Abid Bakıda iş qurandan, onu da yanına cağırandan
sonra Cəfər şəhərdə kirayə ev tutdu, ailəsini də yanına apardı. İşi ağırdı,
bütün günü qarajda, işin üstündə idi. Avtobusların biri xarab olanda təmir
etmək, yolda dayananda hadisə yerinə getmək, rəsmilərin birinə rüşvət vermək, o
birinə hədə qorxu gəlmək, sürücülərdən pul yığmaq, verməyəni vurub yıxmaq...
Cəfərin işi ağırdı, amma Abid ona yaxşı baxırdı. Gününə 10 şirvan verirdi,
ətin, yağın kilosu 5 "məmməd" idi, camaat kef çəkirdi.
Cəfər cəbhədə olanda içən deyildi. Hətta uğurlu
kəşfiyyatdan, erməni əsiri alandan sonra Abid ona bir stəkan tut arağını güclə
icirərdi. Amma sürücülərə qoşulandan sonra arağa ilişmişdi, az qala, hər gün
içirdi. Sürücülərdən ad günü olan vardı, gündəlik yaxşı qazanan vardı - içmək
üçün hər gün bəhanə tapılırdı. Bəhanə olmayanda, Abid onları başına yığırdı,
qarajda maşınlara, marşruta nəzarət edənlər onun qardaşları, bir də cəbhə
yoldaşları idi. Onlarla hər həftə vurmağa dəyərdi... Bir sözlə, Cəfər hər gün
evə gec, həm də "piyan" gəlirdii...
Cəfərin bir qızı, bir oğlu vardı, hələ məktəbə
getmirdilər. Arvadı Nazlı tibb bacısı idi, amma işləmirdi. Səhər tezdən durur,
Cəfərə yemək verirdi. Onu yola salır, sonra uşaqları durquzurdu. Uşaqları
yedizdirir, içizdirir, bağçaya aparırdı. Evə qayıdanda bazarlıq edir, evdə
yemək bişirirdi. Sonra iki balaca otağı süpürmək, silmək, paltar yumaq, corab
yaymamaq, çatışmayan şey varsa, mağazaya qaçmaq... Beləliklə, axşam olurdu, heç
balaca televizoru açmağa vaxt olmurdu. Sonra uşaqları bağçadan gətirirdi,
yedirdirdi, içizdirirdi. Gecə yarı olurdu, uşaqlar hərəsi bir yanda yatıb
qalırdı. Gecədən xeyli kecəndən sonra Cəfər gəliirdi... İnsafən vuranda
qalmaqal salan deyildi. Gülürdü, qanışırdı, "bir gün tez gələcəm, sizinlə
bulvara gəzməyə gedəcəm" deyirdi. "Uşaqlarla "funikulyora"
minəcəyik, Dağüstü parkdan şəhəri seyr edəcəyik..." Vaxt gedirdi, günlər
həftələrə, həftələr aylara çevrilirdi...
Günlərin bir günü Cəfər işdən tez cıxa bildi, evə
tələsdi. Həmin gün bir qram da içməmişdi, sürücülərin məlum təkliflərini
qulaqardına vermişdi. "Evdə uşaqlara söz vermişəm, onlarla gəzməyə
gedəcəm, axşamı onlara həsr edəcəm" demişdi. "Rumka" yoldaşları
mat qalmışdılar, amma üz vurmamışdılar. "Əgər fikrini dəyişsən, Həsənin
yanındayıq, gecə yarısına kimi ordayıq" demişdilər. Cəfər evə gələndə
Nazlını görmədi, "yəqin bağçaya uşaqların dalınca gedib" dedi. Amma
stolun üstündə yazılı kağızı oxuyub fikrə getdi. "Cəfər, günorta üstü poçtallyon
gəldi, kənddən teleqram gətirdi. Atamın vəziyyəti yaxşı deyil. Mən uşaqları
bağçadan götürüb, rayona gedəcəm. Yemək "xolodelnikdə"dir. Axşam
kəndə bizə zəng elə... Nazlı..."
Cəfər stolun yanındakı köhnə divanın üstünə çökdü,
əllərini başının arasına aldı. "Ə, mən nə əclaf adamam?! Arvad uşağı az
qala bir ildir Bakıya gətirmişəm, bir dəfə şəhəri gəzdirməmişəm,
göstərməmişəm... Doğrudur bir dəfə Yeni ildə bacımgilə getmişdik, onu da
axşamdan səhərə kimi yeznəmlə içdik, bayramı qeyd etdik. Səhər üstünü
düzəltdik, sonra evə gəldik. Uşaqlar taksidən başqa yer görmədilər. Nazlı
deyir, Bakı mən oxuyan müddətdən sonra çox dəyişib, tanıya bilmirəm. Belə
insafsızlıq olar, bir dəfə aparmıram, gəzdirmirəm, göstərmirəm... Eybi yoxdur,
qoy rayondan qayıtsınlar, hər gün işdən tez gələcəm, bütün axşamları ailəmə
həsr edəcəm..."
Cəfər yorgun olur, oturan yeürdə yatır, birdən qapının
zənginə ayılır. Qapıya yüyürür, görür uşaqlarla Nazlıdır. Nazlı izahat verir:
"Bizim mikro-avtobusun çıxmağına yarım saat vardı, mən də vağzaldan kəndə
zəng etdim. Anam dedi kişi dəf kimidir, işdədir. Biz teleqram-zad vurmamışıq.
Mən də uşaqları götürdüm, evə qayıtdım". Cəfər çox sevinir, uşaqları öpüb
oxşayır. Nazlı mətbəxə keçir, çay dəmləyir. Bir azdan stolun üstündə
əməlli-başlı süfrə açılır. Cəfər ayağa qalxır: "Nazlı, mən yemək yeyəsi
olmadım. Uşaqlar məni kafedə gözləyir. Siz yeyin, için, məni gözləməyin. Mən
yəqin gec gələrəm..."
Qalib ARİF
Çox tanış hekayədir!
ОтветитьУдалитьSağ olun!
Удалить