четверг, 30 апреля 2020 г.

TELMAN İSMAYILOV - YELNƏN GƏLƏN SELNƏN GEDƏR

("Milis hekayələri" silsiləsindən)

Son vaxtlar Moskva qəzetləri həmyerlimiz Telman İsmayılovdan yaman yazırlar: onun tam müflis olmasından, ona qarşı cinayət işi qaldırılmasından və s. Dostum Tofiq Mamedovla da bu barədə danışırıq, soruşuram ki, nə məsələdir, İsmayılova qarşı əməlli-başlı kampaniya gedir?! Tofiq acı-acı gülümsəyir ki, bəli, elədir, yıxılan ağacın baltalanması prosesi gedir. Balta vuranlar da Moskvada da kifayət qədərdir...

Dostum bir siqaret çıxarır, yandırır, tüstüsünü həlqə-həlqə ağzından buraxır. O, yalnız fikirli olanda belə edir. Bilirəm, odur ki, müdaxilə edirəm:
- Sən, deyəsən, İsmayılovla şəxsən tanışsan?!
Tofiq səssizcə başını tərpədir, pencəyinin sol qolunu azca geri çəkib biləyindəki qızıl “Omeqa” saatını göstərir, “onun hədiyyəsidir”, - deyir.
- 90-cı illərin əvvəlləri idi, bütün İttifaqda ara qarışıb məzhəb itmişdi. Yuxarıda demokratlarla partokratlar hakimiyyət uğrunda didişir, aşağıda adi adamlar bir qarın çörək uğrunda mübarizəyə girişirdilər. Bakıda artıq qanlı 20 Yanvar hadisəsi baş vermiş, qırmızı qərənfillərin faciəsi gerçəkləşmişdi. Fürsətdən yararlanan, Bakıda qəbir gülləri statusuna qədər qiymətdən və hörmətdən düşmüş qərənfilləri Moskvaya daşıyıb varlanan işbazların gəlhagəli idi. Həmyerlimiz Telman İsmayılov da belələrindən biri, bəlkə də birincisi idi, Moskvada gül alverinə girişmişdi. Mən onda Moskvada Qorki rayonunda (indiki Tver) rəis müavini idim. “Belorus” dəmir yolu vağzalı və eyni adlı metro stansiyası bizim rayonun inzibati ərazisində yerləşirdi. “Belorus” metro stansiyasının arxasında kiçik bir gül bazarı vardı, burda bizim uşaqlar gül satardı. Eşitdiyimə görə, bazarın müdiri (onda belə deyilirdi) İsmayılov əslən azərbaycanlı idi, amma onu şəxsən tanımırdım. Günlərin bir günü bu İsmayılovun vəkili mənə müraciət etdi, onun adından bir yerli kimi kömək istədi. Dedim, məsələni araşdırım, bir “zondlama” aparım, baxarıq.
Deməli, Moskva teatrlarından birinin uğursuz aktrisalarından biri “Belorus” metro stansiyasının arxasındakı gül bazarında öz premyerası üçün bahalı qızılgül buketi sifariş vermişdi. Amma aktrisanın adı yox, yaşı çox olduğundan buketin pulunu verən tapılmamışdı və satıcı ilə alıcı arasında konflikt yaranmışdı. Aktrisa bahalı buketi, faktiki olaraq, havayı almaq istəmiş və qarşı tərəfin haqlı müqaviməti ilə üzləşmişdi. Nəticədə aktrisa qarşı tərəfi təhqir etmiş, onları “Moskvanın çörəyini yeyib moskvalılara şıllaq atan” məlum ev heyvanı ilə müqayisə etmişdi. Təbii ki, qarşı tərəf də borclu qalmamışdı və əməlli-başlı qarşıdurma yaranmışdı. Qarşı tərəfdən canfəşanlıq edənlərin biri də bazarın müdiri İsmayılovun bacısı, ya da qardaşı oğlu idi. Aktrisa da məhz ondan Milis idarəsinə şikayət etmiş, gül almağa gələrkən bazarda pozğun satıcılarla qarşılaşdığını, seksual təkliflər aldığını ərizəsində göstərmişdi. Xülasə, məsələ “bir buket qızılgül”ün miqyasından çıxmış, xeyli təhlükəli hal almışdı.

Dostum deyir, bir xeyli fikirləşdim, əvvəl həmin şikayətçi aktrisanı dəvət etdim. Xanımın xarici görünüşü, uğurlu rolları, anşlaqları barədə (Moskvada hamı teatra gedir) bir-iki yüngül komplimentdən sonra mətləbə keçdim. Dedim, xanım, siz cavan görünsəniz də, 50-ni keçmisiniz, amma sizə seksual təklif edən satıcının heç 30 yaşı yoxdur, bildiyimə görə, sizin qızınızla yaşıddır. Onun dayısı Moskvada tanınan, imkanlı adamdır, artıq yaxşı bir vəkil də tutub. Siz mənə deyin görək, Moskva kimi bir yerdə cavan, yaraşıqlı bir gəncin anası yaşda qadına seksual təkliflər etdiyinə məhkəməni inandırmaq olarmı? Həm də siz bütün Moskvada tanınmış, məşhur aktrisasınız, bu lazımsız səs-küy, adınızın mətbuatda hallanması sizə lazımdırmı?! Mənim təəccübümə rəğmən, xanım mənə diqqətlə qulaq asdı, sözlərimlə razılaşdı, amma sonda qayıtdı ki, bunu belə qoymaq olmaz, axı, onlar məni təhqir ediblər. Dedim, qələt ediblər, artıq səhvlərini başa düşüblər. Siz zəhmət olmasa, rəisin adına bir ərizə yazın ki, onları bağışlayırsınız, artıq şikayətçi deyilsiniz. Onlar da həmin buketi, yox, cərimə kimi ikisini sizin evinizə gətirərlər və Moskvanın ən böyük aktrisalarının birindən üzr istəyərlər. Aktrisa iki qızılgül buketi haqqında söhbəti eşidəndə gülümsədi, amma dedi, evimə yox, bazar günü tamaşadan sonra teatra, mənim adıma gətirsinlər. Razılaşdıq, xanım barışıq ərizəsi yazdı və getdi.

Bir neçə gündən sonra İsmayılovun vəkili qəbuluma gəldi. Mənə konvertdə yerlimizin adından pul gətirmişdi. Onu əvvəlcədən də tanıyırdım, abrını ətəyinə bükdüm, dedim Telmanla biz azərbaycanlıyıq, qürbətdə yaşayırıq, bir-birimizə kömək etməyə borcluyuq. Amma İsmayılov əl çəkmədi, şəxsən zəng etdi, məni ofisinə dəvət etdi. Yerliyik deyə getdim, həm də şəxsən tanış olmaq istəyirdim. Ofisi Belarus vağzalının yaxınlığında, “Malaya Qruzinckaya” küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 3 otaqlı mənzildə yerləşirdi. O vaxt indiki cah-cəlal yox idi, amma mühafizəsi, katibəsi vardı. Məni gülərüzlə qarşıladı, xeyli söhbət etdik (Azərbaycanca salamlaşsaq da, rusca danışırdıq). Yerevan konyakı ilə şokolad nuş etdik, üstündən də ətirli “Pele” kofesi içdik. Ayrılanda dedi, sənə qardaş, bir yurddaş (“zemlyak”) kimi bir hədiyyəm var, qoy Telmandan Tofiqə yadigar olsun. Etiraz etmədim, mənə üstü şəkilli kağız paketin içində bir qutu verdi. Evdə açdım, Telman İsmayılovun “ekstrasensliy”inə heyrət etdim. O vaxt eşitmişdim ki, Mixail Qorbaçov ağ qızıldan “Omeqa” taxır. Mən də istəyirdim... Amma qara bazarda 2-3 min dollar (indiki kursla 7-8 min) idi...

Dostum sönmüş siqaretini yandırır, sonra bir xeyli saatına baxır. Xəyala dalır... Onu reallığa qaytarmalı oluram:
- Deyirlər, İsmayılov əslən Göyçaydandır?
- Bəli, Telman İsmayılov 1956-cı ildə Göyçayda çoxuşaqlı ailədə anadan olub. Onun valideynləri dağ yəhudiləri idi. Atası Mərdan kişi həmin dövrün gizli iş adamlarından biri idi, ayaqqabı sexi işlədirdi, Telman 14 yaşından ona kömək edirdi. Cəmi 4 ildən sonra o, Azərbaycanda ilk kommersiya dükanının müdiri olur. 1973-1976-cı illər ərzində Azərbaycanın Xalq Təsərrüfatı İnstitutunda (hazırkı İqtisadiyyat Universiteti) təhsil alır. Orduda xidmət etdikdən sonra təhsilini Moskvada Plexanov adına institutunda davam etdirir və 1980-ci ildə bitirir. Bu zamandan da həyatının Moskva dövrü başlayır. Həmin illərdə İsmayılov Ticarət Nazirliyində iqtisadçı vəzifəsində çalışır, “Востокинторг”-da mütəxəssis işləyir. 1988-ci ildə İsmayılov “Xeyriyyəçi kommersiya kompaniyası” kooperativini təşkil edir. Bu dövrdə o, həmin zamanlar Moskva şəhər icraiyyə komitəsində kooperativ fəaliyyəti üzrə komissiyanın sədri işləyən, sonralar Moskvanın məşhur meri olan Yuri Lujkovla tanış olur.
1989-cu ildə “AST” şirkətlər qrupunu təşkil edir. “AST” onun iki oğluna və qohumlarına məxsusdur və 2000-ci illərdə 30 kompaniyadan ibarət olub. Həmin dövrdə “AST” qrupunun illik dövriyyəsi 2 milyard dollara bərabər idi. 2000-ci illərdən etibarən “Çerkizovsk” bazarı da həmin qrupa məxsus idi və Moskva meri Y.Lujkovun xeyir-duası ilə Telman İsmayılova verilmişdi.

- “Çerkizovsk” bazarı haqqında xüsusi danışmağa dəyər...
- 2000-ci illərin ortalarında bu, Rusiyanın Avropa hissəsində yüngül sənaye mallarının ən böyük topdan və pərakəndə satış bazarı idi. Bazar 100 hektardan çox sahəni əhatə edirdi, burda 100 mindən çox adam işləyirdi. Bazarın sahəsi Moskva hökumətinin və Rusiya İdman və Turizm İnstitutunun mülkiyyəti idi və 30 illik icarəyə verilmişdi. “AST” qrupu bazarın dörddən üçünə nəzarət edirdi, qalan hissəsi əslən Qubadan olandağ yəhudiləri -  Zaxar İliyev və Qod Nişanova məxsus idi. Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, “Çerkizovsk” bazarı “AST” qrupuna hər gün 1 milyon dollar təmiz gəlir gətirirdi. Deyilənə görə, bazarda şıdırğı narkotik, silah və insan alveri gedirdi, milyardlarla dollarlıq yüngül sənaye malları Çindən qaçaqmalçılıq yolu ilə gətirilirdi. On minlərlə qeyri-qanuni miqrant burda yeyirdi, işləyirdi, yatırdı və yaşayırdı. Bir sözlə, “Çerkizovsk” bazarı Moskvanın simal-şərqində qanundankənar bir şəhər idi. Vergidən yayınma halları burda maksimum həddə idi. Telman İsmayılov nahaq yerə demirdi ki, mən Moskvada 3 rubl qazananda ikisini verirəm.
Amma bütün pis günlər kimi, yaxşı günlərin də ömrü az olur. Rusiya Federasiyasının o vaxtkı baş naziri Vladimir Putin 2009-cu il iyunun 1-də hökumətə ölkədə kontrabandanın kökünü kəsmək haqqında göstəriş verir. Və iyunun 29-da Telman İsmayılovun bazarı bağlanır. Bazarın bağlanması ilə İsmayılov Rusiyadan küsür və Türkiyənin Antalya bölgəsində “Mardan Palace” otelinin açmaq fikrinə düşür. Bununla da həyatının ən böyük səhvini edir.

- “Mardan Palace” Telman İsmayılovun sonunun başlanğıcı olur?!
- Tamamilə haqlısan, bu, doğrudan da belədir. Əvvəla, İsmayılovun bütün layihələri kimi, “Çerkizovsk” bazarı istisna olmaqla, 2 milyard dollara başa gəlmiş “Mardan Palace” otel-şəhərciyi də uğursuz olur və sahibinin müflişləsməsinə səbəb olur. Sonra Telman İsmayılov Rusiyada qazandığı pulları Türkiyədə xərcləməklə, artıq yenidən prezident postunu tutmuş Vladimir Putinin qəzəbinə gəlir və onun Rusiya biznesinin qolları və yolları birdəfəlik kəsilir. Doğrudur, sonralar dostluq əlaqələrində olduğu Ramzan Kadırov onu bir neçə dəfə Rusiya lideri il barışdırmaq, yollarını açmaq istəyir, amma bir şey alınmır. Hazırda Telman İsmayılov faktiki olaraq müflis olub, Moskvada “Praqa” restoranı, Antalyada “Mardan Palace” oteli əlindən alınıb. Özü isə laməkandır, Rusiya, Türkiyə məhkəmələri onu axtarır, necə deyərlər, itə də bir əppək borcludur.
- Qəribədir, qısa zamanda milyardlar qazanan birisinin bir andaca onları itirməsinin səbəbləri nədir?
- Əvvəla, “yelnən gələn selnən gedər” deyərlər. Sonra, düşünürəm ki, əsas səbəbləri İsmayılovun xarakterində axtarmaq lazımdır. Şəxsi müşahidələrimin, eşitdiklərimin, gördüklərimin nəticəsində bu qənaətə gəlmişəm ki, Telman İsmayılovu başqalarından fərqləndirən, onun qələbəsini, məğlubiyyətini şərtləndirən 3 əsas xüsusiyyəti olub. O, həddindən artıq qabiliyyətli, insanlarla ünsiyyət qurmağı, inandırmağı bacaran, daşdan da pul çıxaran bir şəxs idi. Amma sözün əsl mənasında gopçu idi, yeri gəldi, gəlmədi yalan danışırdı, bununla da ağıllı, pullu adamları özündən uzaqlaşdırır, kredit imkankarını məhdudlaşdırırdı. Və ən əsası, həddən artıq bədxərc adam idi, pulu hara, kimə xərcləyəcəyinin bilmirdi. Onu tanıyanları, köhnə tanışlarını görən kimi, cibinə dəstə ilə dollar basırdı, onun olduğu toylarda dollar dolu kimi yağırdı. Deyirlər ki, “Mardan Palas” otelinin açılışında Monika Belluçi, Cenifer Lopez, Şeron Stoun, Peris Hilton, Riçard Qir, Tom Cons, Fipil Kirkorov və İosif Kabzon kimi məşhurlar iştirak edib, hərəsinə də neçə milyon qonorar verilib. Var-dövlət isə ad-san kimidir – qazanmasan qorumağa, qorumasan qazanmağa dəyməz.

Qalib ARİF

среда, 29 апреля 2020 г.

SSRİ-Nİ TİTRƏDƏN HADİSƏ


(“Milis hekayələri” silsiləsindən)

Tofiq Mamedovla bu dəfə də söhbətimiz SSRI-dən düşdü. Dostum keçmiş İttifaqın qızğın tərəfkeşidir və SSRI-nin dağılmasını indi də XX əsrin faciəsi hesab edir. Mən də İttifaqı təriflədim, dedim ki, sovet dövründə dəhşətli cinayət, terror hadisələri törədilmirdi, kriminal durum daim nəzarətdə idi. Dostum bir bilici kimi başını tərpədir ki, doğrudur, sovet dövründə kriminal durum nəzarətdə idi, amma informasiya yayımı daha sərt nəzarətdə idi, yəni baş verən hadisələr barədə məlumat verilmirdi. Amma elə dəhşətli cinayət hadisələri baş verirdi ki, bütün ittifaqı, hüquq-mühafizə orqanlarını titrədirdi. KQB-nin mayoru Afanasyevin qətli kimi...
Aha... Deyəsən, dostum sözlü adama oxşayır... Mən sükuta riayət edirəm, ona xatirələrini yaddaşının süzgəcindən keçirməyə və təqdim etməyə  imkan verirəm…

- KQB-nin Sovet Ittifaqında yeri və rolu hamıya məlumdur. Bu qurum, Kommunist Partiyasından sonra 2-ci ali təşkilat idi ki, hamıya və hər şeyə nəzarət edirdi. Yalnız onun “vizası”ndan sonra yüksək namenklaturalı vəzifələrə təyinatlar təsdiq edilirdi, hətta adamlar хarisi ölkələrə səfər edə bilirdi. 1980-ci ildə, SSRI-nin bütün dünyaya meydan oxuduğu bir dövrdə, onun əsas sütunlarından birinin, KQB-nin Mərkəzi Aparatı katibliyinin rəis müavini, təhlükəsizlik orqanları mayoru Vyaçeslav Afanasyevin naməlum şəraitdə qətlə yetirilməsi, sözün əsil mənasında, günəşli havada göy gurultusu kimi idi, ölkə rəhbərliyi bir-birinə dəymişdi. Əvvəlcə elə bilirdilər ki, bu, xarici kəşfiyyat orqanlarının terror işidir və gizlətməyə çalışırdılar. Amma cidanı çuvalda gizlətmək olmaz deyirlər. Moskvada bütün dünya ölkələrinin səfirlikləri fəaliyyət göstərirdi və gündəlik məlumat ötürürdülər. Nəticədə SSRI təhlükəsizlik orqanları zabitinin qətli bir neçə gün ərzində Qərbin aparıcı KIV-lərinin əsas xəbər başlıqlarından birinə çevrildi. O vaxtlar Ittifaq ərazisində, qeyri-leqal olsa da, “Azadlıq radiosu”, “Amerikanın səsi”, “Alman dalğası” kimi radiolar qısa dalğada yayımlanırdı və bu dəhşətli hadisəni ictimaiyyətdən də gizlətmək mümkün olmadı. Qətl hadisəsini Siyasi Büronun üzvləri, ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəhbərləri Andropov (KQB-nin sədri) və Şelokov (daxili işlər naziri) öz nəzarətinə götürdü. Məsələ hətta SSRI-nin dövlət rəhbəri, Kommunist Partiyasının Baş katibi Brejnevə də məruzə olundu. Və bu dəhşətli hadisənin üstü sürətlə ört-basdır edildiyi kimi, sürətlə də açılmağa başladı...

V.Afanasyevin meyiti hadisə yerindən 15 - 20 kilometr aralı, maşın yolunun kənarından tapılmışdı. Əvvəlcə elə bu versiyanın üstündə işləyirdilər, sübut etmək istəyirdilər ki, onu maşın vurub. Amma istintaq materialları ayrı şeydən xəbər verirdi. Mərhumun aldığı xəsarətləri avtomobil qəzası ilə izah etmək mümkün deyildi, tibbi ekspertizanın nəticəsi də onun döyülüb öldürüldüyündən xəbər verirdi....
 Dostum bir siqaret yandırır, mənim səbirsizliklə gözlədiyimi ləzzətlə müşahidə edir və eyni ləzzətlə siqaretin acı tüstüsünü ciyərlərinə çəkir...

- Əslində nə baş vermişdi? Dekabrın 14-də Afanasyevin 40 yaşı tamam olmuşdu. Bu münasibətlə KQB-nin Mərkəzi Aparatının katibliyində xüsusi toplantı keçirilir, Afanasyevi təbrik edirlər və komitə rəhbərliyinin Fəxri Fərmanını ona təqdim edirlər. Işdən sonra yubilyar həmkarları və “Alfa” qrupundan olan dostları ilə birlikdə “çek”lə işləyən elit kafelərin birində bu mühüm təqvimi qeyd edir. Sovet dövründə Moskvada belə kafeləri barmaqla saymaq olardı, bura hər adam buraxılmırdı və Mərkəzi Aparat şəhərin mərkəzində yerləşdiyindən, yaxınlıqda vardı. Burda, sözün əsil mənasında quş südündən can dərmanına kimi hər şey tapmaq olardı. Yubiley iştirkçıları da elə “quş südü ilə can dərmanın”dan başladılar, fransız konyakı ilə qara isveçrə şokoladı, qara, qırmızı kürü sifariş etdilər. Konyakla qara şokolad da məlum olduğu kimi, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Yubiley məclisi də bu qoşquda gecənin yarısına kimi getdi, neçə “Napoleon”, “Kamuz” qurban kəsildi, gecə saat 12-də, hərbçilər demiş, “adboy” verildi. Məsələ ondadır ki, Moskva metrosu gecə saat birin yarısına kimi işləyirdi və bu müddətə kimi, məclisi yekunlaşdırmaq, metroya çatmaq lazım idi...

Dostum təəccüblə baxdıımı görüb izahat verir:
- Bəli, sovet dövründə KQB-nin Mərkəzi Aparatının katibliyinin rəis müavini də piyada gəzirdi, fərdi maşın yalnız rəisə təhkim edilirdi. Indi isə orda adi mühafizəçilər də “Mersedes”lə, “Cip”lə gəzir, amma hansı pulla, bax bu, bilinmir. Nə isə... Afanasyev və dostları gecə saat 12-də məclisə son qoyur, ayağa dururlar. Stolun üstündə iki ağzı açılmamış 700 qramlıq “Napoleon”, bir “Kamuz” konyakı, bir qutu “Assorti” şokoladı, bir-iki qab da qırmızı kürü qalır. Dostlar bunu yubilyarın çantasına hədiyyə kimi qoyur və metronun yaxınlıqdakı “Lubyanka” stansiyasına yollanırlar. Burdan “Kuzneskiy most” stansiyasına keçir və “Taqanka” istiqamətində gedirlər. “Taqanka” stansiyası Moskva metrosunun mərkəzi dairəsinin üzərində yerləşir və əsas keçid məntəqələrindən biridir. Burda dostlar öz istiqamətlərinə keçmək üçün düşürlər, Afanasyevi isə həmin istiqamətdə getdiyindən oyatmaq istəmirlər. Yubilyar bərk vurduğundan qiymətli hədiyyələrlə dolu çantasını da qucaqlayıb oturan kimi yatmışdı. O, “Taqanka”dan beş dayanacaq sonra, “Ryazanskiy prospekt” stansiyasında düşməli idi. Metronun yaxınlıındakı yeni kvartalların birində, 12 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayırdı. Dekabrın 14-də, yubiley günü yəqin ki, evdə yoldaşı və məktəbli olan iki qızı yatmayıb onun yolunu gözləyir. Amma Afanasyev bərk yatdıından “Ryazanskiy prospekt”i keçir və bir stansiya çox, “Jdanovsk”a kimi gedir. Indi “Vıxino” adlanan bu stansiya xəttdə axırıncıdır və burdan qatarlar geri qayıdır. Amma artıq gecə saat birin yarısından keçdiyindən qatar stansiyanın yaxınlıındakı depoya verilir. Qəribə bir təsadüfün nəticəsinə, vaqonda yatan Afanasyevi nə vaqonlara baxan maşinist köməkçisi, nə də perronda növbə çəkən “qırmızı papaq” qadın görür. 

Sonradan aydın olub ki, maşinist və köməkçisi həmin zaman, iş vaxtı olsa da, yaxşı “vurmuş” olublar. Amma buna baxmayaraq, depoda vaqonlara yenidən baxış keçirəndə çantasını qucaqlayıb yatan orta yaşlı kişini aşkar edirlər. Əvvəlcə onu oyatmaq istəyirlər, mümkün olmur. Maşinist köməkçisi milis çağırmağı təklif edir. Amma bu vaxt çantanı yatanın əlindən alan və ciddi təftişilə məşğul olan maşinist ona imkan vermir. Çantanın içindəkiləri göstərir ki, sənə şahid (olsun, şərik) lazımdır?! Köməkçi təbii ki, eyni zamanda həm rəhbərliyin, həm də nəfsinin təzyiqinə müqavimət göstərə bilmir. Deyir, çantanı götürüb gedək, “mujik” də burda yatsın. Bu dəfə “ayılmaq təhlükəsi” olan maşinist etiraz edir, təhlükəsizlik qaydalarına ziddir deyir, sabah bizi cəzalandıra bilərlər. “Mujik”i özümüzlə aparaq, orda yatsın. Sabah oyananda deyərik ki, çantanı vaqonda oğurlayıblar, səni də biz yazığımız gəlib, bura gətirmişik. Artıq “ayılmaq təhlükəsi” köməkçiyə də təsir edir və o, “mujik”i qoltuqlayıb rəhbərliyin dəstəyi ilə vaqondan çıxarır. Bu zaman fəhlə heyətindən vəziyyəti görən və «alkoqol» perspektivini “barometr” kimi hiss edən dağ cüssəli bir gənc köməyə atılır. Əsərimizin sürücü qəhrəmanları şərik istəməsələr də, bu boyda köməkdən yaxa qurtara bilmirlər və Afanasyevi gəncin belinə yükləyib depodakı kiçik yataq otaqlarının birinə gəlirlər. Burda çanta sahibinin elə quru yerdəcə yıxılıb yatmağına imkan verir, çantanın içindəkiləri çıxarıb çarpayının üstünə düzürlər. Ömrü boyu ucuz arağa, çaxıra alışan adama “Napoleon”, ya “Kamuz” nə edə bilər ki, hətta yanında qırmızı kürü ilə qara şokolad olsa da...

Bu zaman ağır yatmış olan Afanasyev ağır oyanmağa başlayır. Ilk əvvəl harada olduğunu, bura necə gəldiyini kəsdirə bilmir. Amma yavaş-yavaş özünə gəlir və çarpayının üstündə səs-küylə davam edən ziyafət diqqətini cəlb edir. Onun yubiley günündə, onun konyakları ilə, ən əsası isə, ondan icazəsiz?! Bu vəziyyət, xüsusilə də axırıncı Afanasyevə çox pis təsir edir və o, məclisə aktiv müdaxilə edir. Adi dildə desək, indicə sadaladıımız üç sualı elə uzandığı yerdən ziyafət stolunun, üzr istəyirəm, çarpayısının üstünə, “üç tuz” kimi tullayır. Məclis iştirakçılarının təbii ki, xalı az olur və onlar “üç tuz”a rusların üç hərfi ilə cavab verirlər, onu məlum yerə göndərirlər. Beləliklə də, qəhrəmanımızın seçimini minimuma endirirlər, o, ya qulaqlarını sallayıb məlum yerə getmək, ya da məclisə aktiv müdaxilə etmək seçimi qarşısında qalır. Və təhlükəlilik dərəcəsinə, qeyri-bərabərliyə baxmayaraq, Afanasyev bir zabit kimi məhz ikinci yolu seçir. Onu da qeyd edək ki, qəhrəmanımız orta yaşlı adam olsa da, təhlükəsizlik xidmətinin bir çox zabitləri kimi keçmiş idmançı idi və əlbəyaxa döyüş qaydalarını yaxşı bilirdi. Və bu bilgilər işdə də özünü göstərdi...

Bir sayında mayor artıq ayaq üstə idi, iki sayında maşinist, üç sayında isə köməkçi yerə sərilmişdi. Təbii ki, Afanasyev bu vəziyyətdə və bu tezlikdə onları nokauta göndərə bilməzdi. Elektrik qatarının şanlı sürücüləri, sadəcə olaraq, noqdaun vəziyyətinə düşmüşdülər və ucuz araq bahalı konyakla qarışıb beyinlərini dumanlandırsa da, hazırda horizontal vəziyyətin vertikaldan qat-qat sərfəli olduğunu hiss edirdilər və odur ki, hətta on sayında da yerdən qalxmaq istəmədilər. Beləliklə, iki nəfər yerdə namunasib, amma sərfəli vəziyyətdə gözləyirdi, iki nəfər də ayaq üstə, daha münasib vəziyyətdə onları izləyirdi. Birinci Afanasyev idi, onun başı və yumuruqları gizildəyirdi. Ikinci isə bayaq icazəsiz səhnəyə daxil olan, bu müdaxiləsi konyak və qırmızı kürü ilə mükafatlandırılan proletariatın həmin gənc və nəhəng nümayəndəsi idi ki, baş verənləri daha çox təəssüflə seyr edirdi. Ona təsir edən yeganə şey belə müftə və belə ləzzətli içki məclisinin belə yarımçıq kəsilməsi idi. Və o, bu acı həqiqəti dərk etdiyi anda «paravoz» kimi fısıldsdı və ziyafətin düşməninin üstünə atıldı. Orta yaşlı mayor idman hazırlığına baxmayaraq, proletariatın hücumuna davam gətirmədi (çəki kateqoriyası öz sözünü deyirdi) və paravozun altında qaldı. Naqdauna düşənlər də dərhal gözləmə vəziyyətindən qalxdılar. Konyak məclisindən əlbəyaxa döyüşə sərt dönüş etmiş otaqda çəki kateqoriyası ilə bərabər say hesabı da yubilyarın ziyanına kəskin dəyişdi. Məlum oluğu kimi, proletariat yıxılanları vurmağın mahir ustasıdır...

Proletariatın nümayəndələri bir azdan «mujik»in tərpənmədiyin hiss etdilər. Maşinistin köməkçisi cəld əyilib onun nəbzini tutdu, başını buladı. Köməkləşib maşinistlə birlikdə nəhəngi cəsədin üstündən qaldırdılar, sinəsinə qulaq qoydular, elə bil dünən ölmüşdü. Ciblərini axtarırlar, KQB mayorunun vəsiqəsi çıxır. Proletar üçlük dərhal ayılır, əsməyə başlayır, nə edəcəyini bilmir. Səhər saat 5-in yarısı olurdu, bir saatdan sonra iş başlayacaqdı. Cəld emalatxanadan qara kağız gətirirlər, zabitin cəsədini bükürlər. Yenidən gəncliyin belinə yükləyib maşinistin deponun həyətində dayanan köhnə “Volqa”sının yük yerinə qoyurlar. Sonra ikilikdə (maşinist depoda qalır) hadisə yerindən 15-20 kilometr qırağa aparır, yolun kənarına atırlar...

Meyit həmin gün tapılsa da, hadisənin üstü düz bir ay sonra açıldı. Nə qədər qəribə olsa da, yalnız proletariatın gənc nümayəndəsinə güllələnmə kəsdilər, maşinistə və köməkçisinə isə 15 il iş verdilər...

Qalib ARİF

понедельник, 27 апреля 2020 г.

ƏLİ KƏRİMLİ - AZƏRBAYCAN SİYASƏTİNİN DON KİXOTU


Bəli, Əli Kərimli bu gün müxalifət cəbhəsinin bərkgedən fiqurlarından biridir. Doğrudur, o, yanındakı Cəmil Həsənli və Gültəkin Hacıbəyli ilə daha çox Don Kixotu xatırladır, amma bu barədə bir az sonra... Əvvəlcədən deyim ki, Əli Kərimlinin “kimə isə işlədiyini”, hansısa xarici qüvvələrin sifarişlərini həyata keçirdiyini iddia edən fikirləri ciddi hesab etmirəm. 

Ambisiyalı siyasətçinin “kimə isə işləməsi”, yumşaq desək, absurddur. Siyasətin əlifbası belədir, normal siyasətçi yalnız özünə və öz partiyasına işləyir. Onun hətta xalq üçün işləməsi də mübahisəli məsələdir. Siyasətçi yalnız ictimai fikri (oxu: xalqın səsini) ələ almaq üçün sosial sifarişləri eşidir və qəbul edir. Pisdir, yaxşıdır – bu, başqa məsələdir, ancaq belədir. Marksın da bir deyimi var ki, əsl siyasətçi əgər qələbəyə əmindirsə, hətta şeytanın özü ilə də saziş bağlaya bilər. Əli Kərimli də əsl siyasətçidir və onun Cəmil Həsənli ilə saziş bağlaması da məhz bu qəbildəndir. Bəli, Əli Kərimli yalnız özünə və öz partiyasına işləyir, amma xalqın səsini də  eşidir. Məsələn, o, xalqın nümayəndələrini öz partiyasına qəbul edir və siyasi qaçqın kimi Avropaya getməsinə kömək edir. Onlar da Avropada işləyir (oxu: küçə süpürür) və Əli Kərimlinin borcunu ödəyirlər. Bu, Əli Kərimlinin siyasi biznesidir və onun partiyasına xidmət edir...

Əli Kərimli ambisiyalı (yəni hakimiyyətə iddialı) siyasətçidir, Azərbaycanda ictimai fikri ələ almaq və idarə etmək uğrunda mübarizə edir. Onun liderlik etdiyi Xalq Cəbhəsi də hakimiyyətə iddiasını bildirir, bütün sosial şəbəkələrdə trolları işləyir. Əli Kərimlinin siyasi fiqurunun miqyasına gəlincə, qəbul olunmuş meyarlarla müzakirə edək. Qeyd etmək lazımdır ki, Əli Kərimli yaxşı natiqdir, auditoriya qarşısına çıxmağı, sosial şəbəkələrdə danışmağı, öz fikrini çatdırmağı və aşılamağı bacarır. Amma bir ondan soruşan olubmu ki, bu ütülü fikirləri hardan əldə edir, bəlkə intelektdir, özü istehsal edir?! Rusiyada keçmiş milyarder, hazırda müxalifətçi olan Xadarkovski adlı tanınmış ictimai-siyasi xadim var. Hazırda Londonda yaşayır və Yotub-da siyasi verilişlər aparır. Çox ağıllı və işıqlı adamdır. Əli Kərimli onun bütün çıxışlarını izləyir, tərcümə edir, rəqəmləri və adları dəyişdirir, öz adından və dilindən “Turan”a, “Osmanqızı”ya təqdim edir. İnanmırsız, Yotub-u açın, Xodorkovski yazın və çıxışlarına baxın...

Düşünürəm ki, Əli Kərimlinin bir siyasətçi olaraq, əsas qüsuru uzaqgörən, yəni müdrik olmamasıdır. Xalq dili ilə desək, Biləcəridən o yanı görmür, şahmat dilindən istifadə etsək, “debyut”dan o yana oynaya bilmir. Məsələn, Əli Kərimlinin 1995-ci ildə, Kələkidə könüllü sürgündə olan lideri Əbülfəz Elçibəyə, faktiki olaraq, xəyanət etdi, Xalq Cəbhəsini parçaladı və öz partiyasını yaratdı. Sonra separat danışıqlara getdi, Milli Məclisə seçildi. Əhəmiyyətli siyasi fiqurlar – QulamHüseyn Hüseynli, Asim Mollazadə və Fazil Mustafa yavaş-yavaş Əli Kərimlini tərk etdi. Daha sonralar isə, Qüdrət Həsənquliyev, Fuad Mustafayev və Razi Nurullayev ondan uzaqlaşdı, Xalq Cəbhəsi adında Əli Kərimlinin bir qrup dostları və yaxınları qaldı. Deməli, Əli Kərimli müdrik siyasətçi deyil, sözünü tutmağı bacarmır və özündən həddindən artıq razıdır. Sözün əsl mənasında nartsizmin daşıyıcısıdır. Bu da ağıllı adamları onun ətrafından uzaqlaşdırır...

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Əli Kərimli meydan siyasətçisidir, siyasi fəaliyyətini, faktiki olaraq, kütləvi aksiyalar  - mitinqlər üzərində qurur.  Odur ki, bu məqamda xüsusi dayanmağa ehtiyac var. Əli Kərimli iddia edir ki, sərbəst toplaşmaq bizim konstitusion hüququmuzdur, biz harda istəsək, nə vaxt istəsək, toplaşa bilərik. Hüquq mühafizə orqanları də rəsmən elan edir ki, bəli, sərbəst toplaşmaq vətəndaşların konstitusion haqqıdır, amma mövcud qanunvericiliyə görə, əvvəlcədən müvafiq icra qurumları ilə razılaşdırılmalıdır. Maraqlı sual yaranr: Kim haqlıdır? Əziz dostlar, məlum olduğu kimi, təhsil almaq və işləmək Azərbaycanda hər bir vətəndaşın konstutision hüququdur. Amma biz istədiyimiz vaxt istədiyimiz Universitetdə, istədiyimiz iş yerində gedib otura bilərikmi?! Axı, birinci halda biz imtahan verməli, ikinci halda isə, ən azı müsabiqədən keçməliyik. Mitinq, azad toplaşmaq məsələsində də belədir, müəyyən qanuni prosedurlara əməl edilməlidir. Axı, Əli Kərimli ixtisasca hüquqşünasdır, bütün bunları yaxşı bilməlidir...

Və son olaraq. Hakimiyyətə iddialı, ambisiyalı siyasi liderin komandası, müxalifət partiyasının kölgə kabineti olmalıdır. Axı, hakimiyyət eksperiment poliqonu deyil, burda ölkənin, millətin, dövlətin taleyi həll olunur. Əli Kərimlinin siyasi komandası, onun partiyasının kölgə kabineti varmı?! Yuxarıda qeyd etdik ki, Əli Kərimlinin Elçibəyə xəyanətindən sonra Xalq Cəbhəsinin populyar siyasi fiqurları partiyanı yavaş-yavaş tərk etdi. Amma “müqəddəs yer” boş qalmır, hazırda Əli Kərimlinin yanında az-çox tanınanlardan professor Cəmil Həsənli və əcki deputat Gültəkin Hacıbəyli qalır. Bunlar da məlum olduğu kimi, öz düşərgələrinə xəyanət etmiş adamlardır. Necə deyərlər, su axar, çuxuru tapar. Amma bu, tamam başqa bir mövzudur.


Düşünürəm ki, hazırda Əli Kərimli Servantesin yel dəyirmanları ilə vuruşan həmin qəhrəmanını xatırladır. Bəli, Əli Kərimli müasir Azərbaycan siyasətinin Don Kixotudur. Amma Don Kixot irəlidə atın üstündədirsə, geridə eşşəyin belində Sanço Panso da olmalıdır. Oxuyanlar xatırlayar – köməkçi daim liderini yamsılayır və daim aforizmlərlə danışır. Bu obraz sizlərə kimi xatırladır?! Bəli, bəli - Cəmil Həsənli, hətta boyları da uyğun gəlir. Bəs Dulseneya, adı olub, özü görünməyən gözəl?! Tamamilə haqlısız – Gültəkin Hacıbəyli. Günün sualı isə budur: Bu üçlüyü ciddi qəbul etməyə, onların ardınca yel dəyirmanlarının üstünə getməyə dəyərmi?!

Qalib ARİF

воскресенье, 26 апреля 2020 г.

BİZİM "VOSMOY" UŞAQLARI: MÜBARİZ MƏNSİMOV VƏ FAİQ QARAYE





Mən korennoy “Vosmoy” uşağıyam, burda doğulmuşam, oxumuşam və yaşamışam. İndi qocalmışam, Bayılda yaşayıram, amma bizim köhnə məhlələr, məhlə uşaqlıgımız gözümün önündədir... “Vosmoy”da iki məhlədə yaşamışam. Daimi ünvanım Rüstəmovun başlanğıcı olub, o vaxt qarajların, indi “Araz” marketin qabağı... I yazımda bu məhlə haqqında yazmışam, yenə də yazmaq fikrim var. İndi isə o vaxtkı “Tələbələr”, indiki “Çobanzadə” küçəsi barədə danışmaq istəyirəm. Bakıda şadlıq sarayları ilə məşhur olan bu küçə həm də dünya miqyaslı oğlanları ilə məşhurdur. Mən 1987 – 92-ci illərdə Çobanzadə - 57-də (“Ağ saray”la üzbəüz) yaşamışam, bu məhlənin sakini olmuşam... 

Məhlənin məşhur adamları haqqında qeyd edim ki, tanınmış azərbaycanlı iş adamı, milyarder Mübariz Mənsimov Çobanzadə - 59-da, məşhur idman adamı, məşqçi Faiq Qarayev isə Çobanzadə - 61-də yaşayıb. Amma bu insanlarla şəxsən tanış olmaq mənə nəsib olmayıb. Mən Çobanzadədə yaşadığım dövrdə onlar artıq Azərbaycanda deyildilər. Məhlə uşaqları fəxrlə deyirdilər ki, Türkiyədə yaşayırlar - birincisi gəmidə “povar”, ikincisi volebolda “trener” işləyir. Hər ikisinin qohumları məhlədə yaşayırdı, yadımdadır, qardaşları yaxşı futbol oynayırdı. Amma əsərimizin qəhrəmanı məşhur adamlar deyil, sadəcə olaraq, yaxşı oğlanlardır...  

Tahirdən danışanda, indi də gözlərim dolur. Halbuki iyirmi ildən çoxdur ki, o, dünyada yoxdur. Tahirin 3 qardaşı vardı, böyük qardaşı Əliş yaxşı yaddımdadır, indi də gözümün qabağındadır. Orta boylu, qarabuğdayı, möhkəm adamdı. İnanın ki, bu kişi Messidən yaxşı futbol oynayırdı. Şəhərin müxtəlif məhlələrindən gəlib onu pulla oynamağa dəvət edirdilər. Olsun ki, sözümə inanmayacaqsız, amma mən sübut etməyə hazıram. Deməli bir dəfə qonşu məhlə ilə “interesə” futbol oynayırdıq. Əliş həmişəki kimi, hücumçu idi, mərkəzdə sürətlə gedirdi. Bu zaman ona havadan ötürmə etdilər, amma yumşaq verdilər, top Əlişin qarşısana yox, arxasına düşdü. Təsəvvür edin, Əliş dayanmadı, sol ayağının dabanı ilə topu aldı və başının üstündən irəli atdı. Sağ ayağının pəncəsi ilə topu saxlamadan qapıya vurdu və inanmazsız - qol oldu. Futboldan başı çıxan dostlar, əlinizi ürəyinizin üstünə qoyun və insafla deyin: Messi, ya Ronaldu bu fəndi edə bilərdimi?! Amma həmin dövrdə Əliş artıq çoxdan otuzu keçmişdi...

Yaxşı oğlan idi Tahir, indi də yeri bilinir - boş qalıb Çobanzadə... Onun sağlığında məhlədə biri artıq-əskik hərəkət eləyə bilməzdi, yoldan keçən qız-gəlinə bir nəfər «lişni» söz deyə bilməzdi. Onunla ilk tanışlığım qəribə bir şəraitdə baş vermişdi. 80-cı illərin axırları idi, meydan hərəkatı artıq başlamışdı, mən hələ Elmlər Akademiyasında işləyirdim. Günlərin bir günü taksi ilə şəhərdən Çobanzadəyə, təzə evimizə gəldim. Taksi sürücüsü cığallıq etdi, əvvəlcədən danışdığımız pulu qəbul etmədi, çox istədi. Mən də ziddinə getdim, vermədim, əməlli-başlı qalmaqal yarandı. Bir də gördüm, əynində “ADİDAS” kostyum olan, qartal burunlu kürən bir oğlan sürücünü yaxalayıb, deyir bir də bizim “Akademik”nən işin olsa, sənin ağzını cıraram… Nə isə, sürücünü Tahirin əlindən güclə aldım, danışdığımız pulu verib yola saldım. Amma mənim adım o gündən “Akademik” qaldı.

Üstündən bir həftə keçməmiş şuşalı bir dostum vardı, zəng etdi ki, mənə rayondan bi-iki litr tut arağı, bir şaqqa da qoyun əti gətiriblər, nağayraq? Dedim heç nə, ətin yarsını, arağın da hamısını götür, gəl bizə. Dedi gəlirəm, aşağı düşərsən. Düşdüm aşağı, gördüm Tahir məhlədə təkdir, “bisetka”da, özü demiş “dumkada”dır. Bizimlə oturmağı təklif etdim, ürəyindən oldu. Demə, Tahir əlindən hər şey gələn oğlan imiş, əti qəşəng doğradı, balkonda bir manqal qaladı, gəl görəsən. Elə kabab bişirdi ki, barmaqlarını yemək istəyirsən. Qərəz, iki gün yeyib-içdik.

Dediyim kimi, 80-cı illərin axırları, 90-nın əvvəlləri, pis vaxtlar idi. Cavanlar heç yerdə işləmirdilər, bütün günü həyətdə yığışır, ya qumar oynayır, ya da içirdilər. Şəhərə də çıxmağa qorxurdular ki, Rəhim Qazıyevin emisarları basar bunları avtobuslara, aparar birbaşa güllə qabağına. Beləliklə, gənclər, əsasən də onların savadsız hissəsi bekarçılıqdan içkiyə, hətta narkotikə qurşanırdı. O zaman mağazalar ucuz, keyfiyyətsiz içki ilə dolu idi. Yəni istədiyin yar idi, yetirdi pərvərdigar. Alırdılar, elə mağazada da vururdular. Bu proses günlərlə, aylarla davam edirdi. Tahir də həmin dəstədə idi. Günü-gündən elə bil geri gedirdi, üst-başı da pis gündə idi. “Adidas” kostyumu qaralmış, bi-iki yerdən cırılmışdı. Kömək etmək istəyirdim, amma əlimdən bir şey gəlmirdi. Hər dəfə görəndə, soruşurdum necəsən? Deyirdi, vururuq, “Akademik”, gəl sən də biznən vuraq. Süfrəmiz kasıb olsa da, ürəyimiz kalandır…

1993 - 97-ci illərdə Rusiyada olduğumdan Tahirdən xəbər tuta bilmədim. 1997-ci ildə Bakıya qayıtdım, artıq Çobanzadədəki evi satmışdım. Amma uşaqları görmək, görüşmək üçün məhləyə getdim. Tahiri soruşdum, dedilər ölüb, sağ nə gəzir, bu gün-sabah qırxı gəlir. Göz yaşlarımı saxlaya bilmədim, dedim, axı, bu cavan adamdı, buna belə nə oldu? Dedilər çox içdiyindən evə getməyib, həftələrlə padvalda yatıb, qışa düşüb, möhkəm soyuqlayıb. Sonra xəstəxanaya aparıblar, xeyri olmayıb… 
  
Qalib ARİF 

суббота, 25 апреля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR XII

Xalq öz "qəhrəmanları"nı tanımalıdır...



Qeyd etmək lazımdır ki, o, jurnalist dairələrində Mirşahin kimi populyardır, haqqında əfsanələr dolaşır, onu XII həvari- İuda ilə müqayisə edirlər. Amma xalq yaxşı tanımır, odur ki, bu boşluğu doldurmaq, ürəyimi boşaltmaq istəyirəm. Necə deyərlər, xalq öz "qəhrəmanları"nı tanımalıdır. Düzü, o, Nazirlər Kabinetinin mətbuat katibi kimi yenidən gündəmə gəlməsəydi, mən bu yazını yazmazdım,  əlimi çirkaba bulamazdım.  Güman edirdim ki, Az TV-dən gurultu ilə qovulduqdan sonra bu adam, ən azı abır-həya edəcək, bir daha görünməyəcək. Amma sən saydığını say... Adam yenidən gündəmdədir və camaata dərs keçir. Qar yağıb, bütün zir-zibillərin üztü örtülüb, nədir?! Deməli, bəzi adamlar odda yanmır, suda batmır...

Bu adamla mənim ilk tanışlığım 96 – 97-ci illərə təsadüf edir. Rusiyadan yenicə gəlmişdim və Azərbaycan diasporu ilə əlaqəli silsilə yazılarımı çap etdirmək istəyirdim. Yeri gəlmişkən, mən Rusiyaya tez-tez gedib-gəlirdim və predmeti yaxşı bilirdim. Jurnalist dostlarımdan biri “Azadlıq” qəzetini məsləhət bildi, dedi bu həm populyar qəzetdir, həm də bir səhifəyə (A3) 10 şirvan qonorar verir. Qəzetin “Xaqani” küçəsində yerləşən əski ofisinə getdim, məni siyasət şöbəsinə yönləndirdilər. Həmin dövrdə səhv etmirəmsə, “Azadlıq” qəzetini baş redaktoru Gündüz Tahirli, müavini isə, məlum Qənimət Zahid idi.

Birinci mərtəbədə yerləşən “Siyasət” şöbəsində məni müdir – İbrahim Məmmədov şəxsən qarşıladı. Məqsədimi qısa açıqladım, müsahibim alqışladı. Əlyazmalarımı təqdim etdim, həmkarımın əlavə vaxtını almaq istəmədim. Oxucuların diqqətinə çatdırım ki, yasılarımın I hissəsi Rusiyada mənim müşahidələrimdən, II hissəsi soydaşlarımızın müsahibələrindən ibarət idi. I hissə bir neçə gündən sonra bir səhifə getdi, oxuyub feyziyab oldum. II hissə bir az ləngidi və mən “Azadlıq” qəzetinə getdim. Məmmədov məni yaxşı qarşıladı və dedi ki, redaktor burdadı, get qonorarını al, yazının II hissəsi bir-iki günə gedəcək. Maraqlıdır ki, "Azadlıq" qəzetinin mühasibatı olsa da, redaktor bütün kassanı özündə gəzdirirdi və mənə qonorarı cibindən verdi.

Hər gün “Azadlıq” qəzeti alırdım, bir neçə gündən sonra arzuma çatdım, II hissə çap olunmuşdu. Oxudum, dəhşətə gəldim – bu, mənim başlığım, mənim imzam idi, amma yazı mənim deyildi. Dediyim kimi, II hissə Rusiyada yaşayan azərbaycanlıların müsahibələrindən ibarət idi. Onlar 90-cı illərin hərc-mərcliyindən, işsizlikdən danışır, buna görə Vətəni tərk etdiklərini deyirdilər. Heydər Əliyev gəldikdən sonra vəziyyətin dəyişdiyini bildirənlər, Vətənə dönmək istəyənlər də vardı. İbrahim Məmmədov isə mənim yazımı tamam dəyişmişdi, istədiyi kimi təhrif etmişdi. Guya, bizim soydaşlar Heydər Əliyevin əlindən, demokratiya dərdindən Azərbaycandan qaçmışdılar.

Əməlli-başlı əsəbiləşdim, təcili redaksiyaya getdim, Məmmədovu tapdım və etirazımı bildirdim. Burda mən qonaq, İbrahim ev yiyəsi idi, odur ki, ağzına gələni deyirdi. Guya mən özüm bizim soydaşların fikrini təhrif etmişəm, guya onlar Heydər Əliyevin zülmündən qaçıblar və s. Mənim mərhum atamın (onda sağdı!) bir kəlamı vardı, deyirdi Həccə gedən Hacalı, xəbər verən Cindalı. Bu misalı İbrahimə çəkdim, çüldü, amma geri çəkilmədi. Dedi biz Heydər Əliyevin elə işlərini bilirik ki... Yumdu gözünü, açdı ağzını – Heydər Əliyev, İlham Əliyev haqqında elə hədyanlar danışdı ki, indiki Qənimətlər, Qurbanlar qələt edir... Dedim ayıbdır, ağsaqqal adamdır, adam eşitdiyini danışmaz... Kimə deyirsən?! Hərifin sözünü ağzında qoyub çıxdım, heç II hissənin qonorarını da almadım...

Yeri gəlmişkən, sonra mən bu diaspor yazılarının davamını “Xalq qəzeti”ndə çap etdirdim və bu qəzetdə işə güzəldim. İbrahim Məmmədovla 2-ci görüşüm də bundan sonra baş verdi. Səhv etmirəmsə, 97 – 98-ci illərdi, Bakıda Səməd Vurğun bağında  mərhum Elçibəyin payız mitinqləri gedirdi.  Mən bu mitiqlərdə “Xalq qəzeti”nin siyasi müxbiri kimi iştirak edirdim. Bağda minlərlə adam vardı, onlarla adam Elçibəyi araya almışdı. Birdən İbrahimi gördüm, köhnə tanış kimi yaxınlaşdım. Əl uzatdım, havadan asılı qaldı. Gözlərinin içinə baxdım, yenə ağzı açıldı: “Mən “Xalq qəzeti”ndə işləyənlərə, Heydər Əliyevə qulluq edənlərə salam vermirəm. Mən Əli Kərimovun “Yurd” təşkilatının üzvüyəm və Heydər Əliyevlə mübarizə edirəm”. Əlimi çəkdim, dedim “Salam Allahın salamıdır, almırsan alma”...

İbrahim Məmmədovla 3-cü görüşüm bir müddət sonraya təsadüf etdi. DİN-də bir qrup məhbusun Qobustan qapalı türməsindən qaçışa cəhd etməsi ilə əlaqədar mətbuat konfransı keçirilidi. Konfransa DİN-in və ƏN-in məsul işçiləri iştirak edirdi. Bunlardan biri dedi ki, bu, adi təxribat deyil, burda siyasi qüvvələrin əli var. Mən sual etdim ki, “Siz kimi, konkret hansı siyasi partiyaları nəzərdə tutursuz?” Müsahibim səhv etmirəmsə, Xalq Cəbhəsini və Müsavatın adını çəkdi. Onun sözləri İbrahim Məmmədova sillə kimi təsir etdi. Amma qorxusundan üzünü söz sahibinə yox, mənə tutub rus dilində “Pravakator” deyə bağırmağa başladı. Mən sakitcə yerimdən qalxdım və gəlib hərifin yanında oturdum. Onunla bir xanım jurnalist də vardı, odur ki, artıq-əskik danışmadım. Sakitcə dedim “Pravakator sənsən və sənin adındır”. Konfransdan sonra aşağı düşdüm, rəqibimi hardasa yarım saat gözlədim, gözümə dəymədi...

Mənim bu subyektlə axırıncı görüşüm onun Az TV-də təzə işlədiyi dövrə təsadüf edirdi. Artıq amalını, məsləkini satmışdı, məlum Əli Həsənovun trolu fəxri statusunu almışdı, Dünənə qədər söyüb-yamanlaığı adamlara bu gün erkrandan elə yalmanırdı, yaltaqlanırdı ki, adamın ürəyi bulanırdı. Hətta MTN araşdırsaydı, inanın ki, onu bayağı "şəxsiyyətə pərəstiş" təcrübəsi yaydığına görə siyasi təxribatçı kimi həbs edə bilərdi.
İlahi, adi nərd zərinin 6 sifəti olur, bu qeyri-adi adamın neçə sifəti vardı?! Və bu “sifətlər”in birini mən təsadüfən “Gənclik” metrosunda gördüm. Hələ pullanmamışdı, “JEEP” alıb hallanmamışdı. Vaqona girdi, məni görüb üstümə yeridi. İnanmazsız -  utanmadan əl uzatdı, amma əli havada qaldı. Mən qatarda qapılar bağlanmamış, vaqonda havalar murdarlanmamış düşdüm. O biri qatarı gözlədim...

Qalib ARİF

BİZİM "VOSMOY" UŞAQLARI: PELE VƏ BLOXİN



Doğrudur, Pele və Bloxin bizim “Vosmoyda” doğulmayıb, yaşamayıb, heç futbol da oynamayıb. Amma inanın ki, Pele kimi, Bloxin kimi futbol oynayanlar olub. Sadəcə olaraq, bizim Vosmoy uşaqlarına bəxti yar olmayıb, Böyük futboldan kənarda qalıblar. Bu yazını da həmin oğlanlara, bizim uşaqlıq və gənclik dövrümüzün olaylarına həsr edirəm. 

Amma yazıda söhbət yalnız futboldan getmir, ümumiyyətlə köhnə Bakıdan, “Vosmoy” uşaqlarından gedir. Mən korennoy “Vosmoy” uşağıyam, burda doğulmuşam, oxumuşam və yaşamışam. İndi qocalmışam, Bayılda yaşayıram, amma bizim köhnə məhlə, uşaqlıgımız, futbolumuz və davalarımız gözümün önündədir... Elə bil, "bir sinema pərdəsidir gözümdə, tək oturub seyr edirəm özüm də"...


Deməli, bizim məhlə altı "Xruşovka”nın inadla mühasirəyə aldığı, hardasa 1 hektar zeytun bağından ibarətdi. Ortada bir futbol meydançamız da vardı, indi gecələr yerini “stoyanka” zəbt etsə də, gündüzlər qalır. Hələ üstündə bir neçə zeytun ağacı da yer alır. Məhləmiz sözün əsl mənasında, internasionaldı - azərisi, ermənisi, rusu, ləzgisi, yəhudisi, talışı, tatı, hətta tatarı da vardı. Düşünürəm ki, köhnə Bakının yaraşığı da bu internasionaldı (Allah mərdiməzara lənət eləsin!). Stadion məhləmizi iki komandaya bölürdü – Pelenin komandası və Bloxinin komandası. Pele bizim məhlə uşağı Akifin “kliçkası” idi, futbolda özünü göstərirdi. Bloxin də Vitya adlı bir rus oğlandı, adaşından pis oynamırdı. Günaşıra komanda-komandaya oynayırdıq, uduzan dava salırdı, dalaşırdıq...


Pelenin komandası daha çüclü idi. Burda erməni Artur, Vıqıli (yəhudi idi, indi adını xatırlamıram) kimi “texniçni” uşaqlar oynayırdı. Pelenin güclü udarı vardı, qapıya hər zərbəsi (təbii ki, düz getsə) qolla qurtarardı. Bloxin daha yaxşı oyunçu idi, meydanın bu başından o başına topla sərbəst gedirdi, amma təkdi. Odur ki, qoldan və ayaqdan güclü uşaqları “zaşita”ya düzürdü, keçmək olmurdu. Mən Pelenin komandasında oynayırdım, nə Vıqıli kimi “texniçni” idim, nə də güclü udarım vardı. Əvəzində mən yorulmaq bilmirdim, maşın kimi idim. Oyunun əvvəlində hansı sürətlə başlayırdımsa, axıra kimi bu sürətlə gedirdim. Mənim oyunum sonda, hamı yorulanda başlayırdı, bir-iki qol vururdum. Odur ki, uduzan komandanın bütün hirsi-hikkəsi mənə yönəlirdi.


Bloxinin komandasında bir Ramiz vardı, bizdən bir-iki yaş böyük olardı. Yaxşı futbolu olmasa da, tankdı, “zaşita”da dururdu, keçmək olmurdu. Amma sonda yorulurdu, mən də qələbə qolunu vururdum. Ramiz oyun qurtaran kimi üstümüzə cumurdu, hərə bir yana dağılırdı, təkcə mən qalırdım. Mən qoldan güclü olmasam da, qorxaq deyildim. Döyülsəm də, ölsəm də, heç kimin qabağından qaçmırdım. Ramiz də bunu bilirdi, hirsini mənim üstümıə yönəldirdi. Amma sındıra bilmirdi, mənim ağzım-burnum qanasa da, ona da bir-ikisi dəyirdi. Beləcə böyüyürdük, döyülürdük, bərkiyirdik...


Yaxşı yadımdadır, 8-cidə oxuyurdum, məktəbdə əlaçı idim, amma futboldan da qalmırdım. Yenə Pelenin komandası Bloxinə qarşı oynayırdı. Oyunun 2-ci hissəsi qurtarırdı, hesab açılmamışdı. Hamı yorulmuşdu, uşaqların ağzı yerə dəyirdi. Meydan mənim meydanım idi. Fürsəti əldən vermədim, topu ələ keçirdim və sürətlə irəli keçdim. Ramiz “zaşita”ydı, elə bil lay divardı. Topu divardan, yani Ramizin ayaqlarının arasından keçirdim və qapının sol küncünə yönəltdim. Qapıçı heç yerindən tərpənə bilmədi, uşaqların bağırtısı eşidildi...


Oyun bizim qələbə ilə qurtardı, Ramiz üstümə şığıdı. Bir andaca ağzımın-burnumun qanı bir-birinə qarışdı. Dünya qaraldı, gözümə qapının yanında bişmiş kərpic parçası sataşdı. Kərpici anındaca qapdım, amma başına vurmadım, elə bil, kimsə məni saxladı... Var gücümlə rəqibimin dizinə çırpdım... Ramizin atası 3 gündən sonra bizə gəldi, məni qapıya çağırdı. Atam hələ işdən gəlməmişdi, anam arxamda əsirdi. Kişi dedi ki, Ramiz "balnisada"dır, amma biz dağlıyıq, milisə qaçmırıq, qanı da su ilə yumuruq... Anam Allaha yalvarırdı ki, atam gəlməsin, işdə ləngisin... Yoxsa, doğrudan da, qanı su ilə yumaq olmayacaqdı...


Hardasa bir-iki aydan sonra Ramiz həyətdə qabağımı kəsdi, tək deyildi. Atasının sözlərini təkrar etdi, dedi sən mənim zadımı zad etmisən (daha ağır ifadə işlətmək istəmirəm - Q.A), üstündəm 3 il, 5 il, 7 il keçəcək, amma sən cavabını alacaqsan. Mən qorxmadım, qaçmadım, səbrlə gözləyirdim. Gözlərim bir az aralıda düşüb qalan stul qıçını qaralamışdı... Amma stul qıçına ehtiyac qalmadı, Ramiz sağdışını da, soldışını da yanına aldı, axsaya-axsaya uzaqlaşdı... O, ömür boyu axsayacaqdı, mən də ömür boyu idmanla məşğul olacaqdım... Amma hələlik mən təhsil dalınca düşdüm, Ramiz də türməyə düşdü...


Orta məktəbi bitirib Universitetə daxil olmuşdum. Mütəmadi olaraq, idmanla məşğul olurdum, səhərlər qaçırdım. O vaxtlar Bakıda məşhur Amerika filmi “Bir dəfə Amerikada” (Odnajdı v Amerike) gedirdi, növbələr qurtarmaq bilmirdi. Zərif bir dostumla bizim “Sevinc” kinoteatrında bu filmə baxmağa gəlmişdim. Növbə məni qorxutmurdu, hazır idim. Tələbə yoldaşlarımdan birində kinoya növbəsiz bilet almağa imkan verən “knişka” vardı, almışdım. Zərif dostumu qapıda qoyub, kassaya yaxınlaşdım, sənədi çıxardım, iki bilet istədim. Bu zaman növbənin ortasından ortaboylu birisi irəli atıldı, ağzını dağıtdı ki, sən qudurmusan, kimin qızından artıqsan, niyə “oçered”ə durmursan? Tanıdım – Ramizdi, amma mən də məhlə uşağı idim, dedim bu kimin arvadıdır, niyə ayağına bağlamır?! Nə isə, dava düşdü, adamlar bizi araladı, hiss etdim ki, hərif möhkəm piyandırr. Bu zaman xanım dostum da yaxınlaşdı, Ramiz onu gördü, dayandı. Bəli, köhnə Bakıda köhnə qaydalar vardı...


Səhər tezdən, Ramiz işə getməmişdən mən onların blokunu kəsdirmişdim. Deyirdilər türmədən çıxandan sonra Kamaz sürür. Maşın da evin qabağında, bizim futbol meydançasında dayanmışdı. Bu gün Ramiz ayıqdı, dünənki arağın havası qaçmışdı. İllər onu canki sarsıtmışdı, məni gördü, çaşdı. Tərpənməyə imkan vermədim, bir udarla vurub yerə sərdim. Durdu, ağzının qanını sildi, axsaya-axsaya maşına sarı getdi. Köhnə Bakıda hamı öz işini bilirdi... Sonra yollarımız yenidən ayrıldı - mən Universiteti başa vurdum, Moskvaya aspiranturaya getdim. Ramiz də Kamazın daşını atdı, oğurluğa (oxu: türməyə) qayıtdı...


İllər keçdi... Qırılan qırıldı, dağılan dağıldı, məhlədə köhnə uşaqlardan bir-iki "futbolçu" qaldı. 20 Yanvardı, həyətdə təsadüfən Ramizi gördüm. Türmə illəri onu əymişdi, əritmişdi, yumağa döndərmişdi. İndi o, bığlı, cılız bir kişi, mən boylu-buxunlu bir cayıl idim. Dedi, məhlə uşağı, yüz ildir görüşmürük, bəlkə gedək yüz vuraq, mən qonaq edirəm. Dedim bu gün 20 Yanvardır, bəlkə sabaha qalsın?! Dedi nə olsun, Aşura günü deyil ki?! Dedim nə fərqi var ki? Cavab vermədi, getdi...


Bu, son görüşümüz oldu... Sonra eşitdim ki, Ramiz rəhmətə gedib...


Qalib ARİF

пятница, 24 апреля 2020 г.

KİŞİLƏR DƏ AĞLAYIR... (Pritça)



Bu, olmuş hadisədir, odur ki, bəzi adları, detalları gizlətmək məcburiyyətindəyəm. Amma əsas qəhrəmanımızın adını fəxrlə çəkirəm, Azərbaycanda belə kişilərin, alimlərin olduğuna, yaşadığına görə fəxr edirəm. Allah kişilərə rəhmət eləsin...










Deməli, danışdığım hadisə keçən əsrin 70-ci illərinə təsadüf edir. Əsərimizin qəhrəmanı Qəhrəman müəllim həmin dövrdə elmlər namizədi idi, Elmlər Akademiyasının Qeologiya İnstitutunda işləyirdi. Cavandı, 30 yaşlarındaydı, neft geologiyasının azmanlarından sayılırdı, deyilənə görə, böyük gələcəyi vardı. Amma onun 3 eybi vardı və gələcəyinin təkərini saxlayırdı. Birincisi dediyim kimi, çox işıqlı, talantlı alim olması idi, onu keçmiş İttifaqın neft alimləri, hətta akademikləri tanıyır və fikirlərinə hörmətlə yanaşırdılar. Bu da Azərbaycanda, xüsusilə o vaxtlar "taxtda" olan neft geologiyasında xüsusi qısqanclığa səbəb olurdu. Qəhrəmanı müəllimin ikinci eybi qabiliyyətli olduğu qədər də cəsarətli olması idi, elmdə atasına da güzəştə getməzdi, düzü düz, əyrini əyri deyirdi. Nəhayət, üçüncü - ən böyük eybi BK-da, MK-da adamının olmaması idi, bu da onu yuxarıdan olan bütün hücumların hədəfinə çevirirdi...

Qəhrəmanımız dediyim kimi, işıqlı, talantlı adamdı və 35 yaşının tamamında doktorluq işini tamamladı. Amma yuxarıda qeyd olunan 3 eybinə görə ona Bakıda müdafiə etməyə imkan vermirlər, bütün cəhdləri boşa çıxır. Qəhrəman müəllim qohum-qardaşdan, dost-tanışdan beş-üç min borc tapır, Moskvaya yollanır. Burda uğurla müdafiə edir, amma nəticəni Bakıda uzun müddət gözləyir. Bir-iki ildən sonra onun işini geri göndərirlər, üzərində işləməyi məsləhət görürlər. Qəhrəmanımız geri çəkilmədi, doktorluq işini yenidən işlədi və 40 yaşında Leninqradda müdafiə etdi. Amma bu dəfə də "otkaz" gəldi...

Qəhrəman müəllim ağıllı adamdı, "səbəbsiz nəticə olmur" məntiqi ilə yaşayırdı. Yaxın 10 ilin nəticələrini araşdırdı, Bakıda, Moskvada yaxın alimlərlə danışdı və məsələni aydınlaşdırdı. Məlum oldu ki, Azərbaycanda neft geologiyasının "şeflər"indən biri, Mehdiyev soyadlı bir akademik ciddi-cəhdlə ona mane olur, işini-gücünü atıb, onunla məşgul olur. Həmin dövrdə həmin akademik çox imkanlı, Azərbaycanda tanınmış, vəzifəli adamdı, BK-da, MK-da adamları vardı. Bir sözlə, əsrinin Çin səddi idi, amma Qəhrəman geri çəkilmədi. Faktiki olaraq, işini-gücünü atdı, bu akademiklə məşgul olmağa başladı. Keçmiş İttifaqın hansı şəhərində (qəhrəmanımız kasıb idi, xaricə gedə bilmirdi) neftlə əlaqəli elmi konfrans, simpozium keçirilirdisə, bizim akademik orda iştirak edirdisə, Qəhrəman da həmin tədbirə gedirdi. Amma əvvəl akademikin elmi məruzısini incələyir, zəif məqamlarını, "xalturalar"ını işarələyirdi. Akademikin elmi konfransda çıxışından sonra dərhal söz alır, onun elmi işini darmadağın edirdi... Siz alimə, kişiyə, cəsarətə baxın - elmlər namizədi akademikin qabağından geri çəkilmirdi...




Və keçirik əsərimizin əsas hissəsinə. Deməli, günlərin bir günü Geologiya institutunda yeni - "Neft suları" laborotoriyası açılır və Akademiyanın rəhbərliyi laborotoriya müdirliyinə Qəhrəman müəllimin namizədliyini irəli sürür. Mövcud qaydalara uyğun olaraq, mətbuatda müsabiqə elanı verilir. Təbii ki, bizim akademik də yatmır, təcili AZİ-dən (indiki Neft Akademiyası) cavan bir elmlər doktoru dəvət edir, "Neft suları" laborotoriyasına onun namizədliyini dəstəkləyir. Sovet dövründə Elmlər Akademiyasında müəyyən qayda-qanun vardı, elmi laborotoriya rəhbəri gizli səsvermə ilə seçilirdi. Bu dəfə də belə oldu, Qəhrəman müəllimlə gənc elmlər doktorunun namizədliyi Geologiya İnstitutunun Elmi Şurasında gizli səsə qoyuldu... 


Yəqin səsvermənin nəticələri bizim oxucular üçün də maraqlı olar. İki nəfər əleyhinə olmaqla (bunların biri yəqin həmin akademik olub), Geologiya İnstitutunun Elmi Şurası Qəhrəman müəllimin namizədliyini dəstəkləyir. Nəticələr elan olunduqdan sonra Cəfərov və Abdullayev soyadlı iki professor sevincindən ağlayır, birinci ikinciyə deyir: Ömrümüzdə bir dəfə kişilik elədik, ay Rəşid...



Qalib ARİF 

четверг, 23 апреля 2020 г.

SƏNƏTİN SƏRKƏRDƏSİ SİYASƏTİN PİYADASINA ÇEVRİLƏNDƏ, JİRİNOVSKİLƏR YARANIR





Yəqin heç kim etiraz etməz ki, Afaq Bəşirqızı peşəkar sənətkar, öz sənətinin ustasıdır. Aktyorluq sənəti onlarda nəsillikcədir, xanımın atası Bəşir Səfəroğlu XX əsr komediya sənətinin sərkərdələrindən biri idi. Düşünürəm ki, bu adam Azərbaycan kimi kiçik bir respublikada doğulmasaydı, milliyyətcə azərbaycanlı və müsəlman olmasaydı, yəqin ki, müasiri Yuri Nikulindən çox irəli gedərdi. Afaq xanım da atasınını sənətini davam etdirir, öz sənətinin sərkərdəsidir. Amma sənətin sərkərdəsi siyasətin siyasətin piyadasına çevriləndə, faciələr yaranır və yaşanır...

  Mən burda mətləbə dəxli var deyə, bir haşiyə çıxmaq, mətləbdən bir az uzaqlaşmaq istəyirəm. Məlum olduğu kimi, Abraam Linkoln Amerikanın ən populyar və insanların qəlbində qalmış prezidentlərindən biri olub. Və bu, yalnız Cənub – Şimal müharibəsində qələbəsinə və Amerikanı birləşməsinə görə deyildi... Bu adamın sadəliyi onun dahiliyinin göstəricisi idi. O, bizim şah Abbas sayağı “çarıqlar”ını da  “taxt”ın qabağından asırdı ki, kim olduğu yadından çıxmasın. Deyirlər Linkolnun bir uşaqlıq dostu olub, hətta Amerika Prezidenti olduqdan sonra da onu yaddan çıxarmayıb, daim yanına məsləhətə çağırıb. Bu hadisəni də Linkolnun həmin dostu, onun ölümündən sonra mətbuata danışıb...

Deməli, Linkoln Cənub – Şimal müharibəsinin sona çatdığı, Amerikada quruculuq işlərinin başlandığı bir vaxtda dostunu yanına dəvət edir. Dostu deyir axşam saatları idi, mən qəbul otağında Amerikanın məşhur dram aktyorlarından birini gördüm. Abraam Linkoln dostu ilə səmimi görüşür, amma dostu hiss edir ki, kefi yoxdur. Maraqlanır ki, nə olub, nə məsələdir? Linkoln əli ilə qapını göstərir, soruşur ki, hələ ordadır? Dostu sözsüz başa düşür, deyir mən gələndə qəbul otağında idi, gözləyir. Linkoln dərindən ah çəkir və məsələyə aydınlıq gətirir...

Deyir mən Nyu Yorkda olanda həmin bu aktyorun ifasında Şekspirin “Hamlet” faciəsinə baxdım. Düzü bu aktyorun sənəti məni riqqətə gətirdi, düşünürəm ki, şahzadə Hamletin özü də öz rolunu ondan yaxşı oynaya bilməzdi. Mən çox təsirləndim və Vaşinqtona qayıtdıqdan sonra öz hisslərimi məktuba köçürdüm. O, təcili cavab məktubu göndərdi və təşəkkür etdi. Mən sevindim və güman etdim ki, bununla da bizim xoş tanışlığımız başa çatdı. Amma o, yenidən yazdı və onu qəbul etməyimi xahiş etdi. Mən razılaşdım və imkan olmasa da, vaxt ayırdım... O, gəldi və məndən ağlagəlməz xahiş etdi... Mən xətrinə dəymədim, dedim gedin, biz fikirləşərik... İndi “Hamlet” yenidən qəbul otağında gözləyir və onu İngiltərədə Amerika səfiri təyin etməyimizi xahiş edir...

Bəli, dostlar sənətin sərkərdəsi siyasətin piyadasına çevriləndə, Jirinovskilər yaranır. Jirinovski də böyük sənətkardır, Rusiyada Yuri Nikulin qədər populyardır. Hətta onun çıxışlarının video-kassetlərini yayırlar, yaxşı satılır və Jirinovski də bundan yaxşı qazanır. Artıq onlarla belə kaset var, “Jirik – 1”, “Jirik – 2” və s. adlanır. Amma Jirinovski sənətin sərkərdəsi olduğu kimi, siyasətin də piyadasıdır. Deyirlər Rusiyada onun seçiciləri yoxdur, yalnız tamaşaçıları var. Afaq Bəşir qızı da nə qədər ki, sənətdə idi, xalq artisti - sərkərdə idi. Sonra siyasətə gəlmək, deputat çeçilmək istədi və siyasətin piyadasına çevrildi. Bu da artıq-əskik danışmaqla, faktiki olaraq, öz adını batırmaqla, hətta televiziyalarda ana söyüşü yaymaqla nəticələndi. Siyasətə gəlməyin Jirinovski məktəbi deyilmi?!

Qalib ARİF

среда, 22 апреля 2020 г.

DÜNYADA ƏN HÜNDÜR DAĞ ATADIR…



 Böyük Qafqazın qurtaracağı, kiçik Azərbaycanın başlanğıcı… Deyirəm Allah xoş gündə, xoş yerdə, xoş ovqatda yaradıb bizim rayonu, xeyirdən-bərəkətdən yox deyincə verib. Tanrıya «salam aparan» başı qarlı dağları, şabalıd, qoz, fındıq bağları, bağlara can verən gur çayları... Yaylaqları yayda da sərindir, bulaqları diş göynədir. Aranı istidən istidir, yayda günün altında yumurta bişirir. Meşələri, çiçəkləri rəngarəngdir, amma adamları bir rəngdir – əllərinin zəhmətini yeyən, ancaq Allaha baş əyən, sözü üzə deyəndilər. Alverdən, sələmdən uzaqdılar, kitab oxumağa, savad almağa, çörəyi daşdan çıxarmağa qoçaqdılar. Atamın qəbri burdadır, arzularımın beşiyi, məbədi buradır. Mən burda anadan olmuşam, quş olub qanad açmışam, qismət olsa, ruh olub burdan da yellərə sovrularam. Mən bu  kövrək sətirləri atamın qəbri başında başıma yazıram, sonra evdə kağıza boşaldıram. Düşünürəm ki, oğlum da bir gün… Nə isə, biz atalı-babalı, oğullu-uşaqlı qələm adamıyıq, çörəyimiz qələmdən çıxır. Atam deyərdi ki, «qəlbimizin qanı ilə» söz yazmaq bizim genimizdə, «iynənin ucu ilə gor qazmaq» isə qismətimizdədir.
Artıq ömrü çoxdan yarı eləmişəm, bütün bu illəri doğma rayondan kənarda yaşamışam. Amma indi də başıma rayon fikri girəndə, mıxla da vurub çıxarmaq, məni yoldan saxlamaq mümkün deyil. Yadımdadır, uşaqlıqda  ailəliklə gedərdik, səhər tezdən qırmızı «İkarus»a minərdik. Avtobusda atamın yanında, pəncərənin qabağında oturardım, bir-birini əvəz edən rayonlara, rayonumuza doğru gedən yollara baxardım. Özümü unudardım, tez-tez atamın «Pobeda» saatına baxardım. Bacılarım anamın yanında, pəncərənin qabağında yer tutardılar, yolda qeyri-adi bir şey, məsələn, camış, ya uzunqulaq görəndə,  mənə baxıb qımışardlar, «camış inəyin anası, uzunqulaq eşşəyin balasıdır?» soruşardılar. Avtobus elə bil qəsdən yayda «dəmir əriyən» rayonda dayanardı. Atam bizi ayaqyoluna aparardı, anam əllərimizi yuyardı. Atam bizə dəmli, konfetli çay alardı, anam bizə pendirli, xiyar-pomidorlu süfrə açardı. Allahın verdiyindən yeyib, üstündən də çay içib avtobusa minərdik, pəncərələrə dirənərdik. «Çaqqa-çuruq, çukka-çuruq, kəndə nə vaxt çatırıq?» 

Nəhayət, bu da bizim Əyriçay – qıvrıla-qıvrıla axır… Deyirlər Azərbaycanın bütün əyriləri burda qurtarır, burdan yuxarı - bizim dağlara qalxmır… Deyirəm ki, Əyriçaydan sonra havanın təmizliyi, sərinliyi fiziki hiss olunur, adam başını maşının pəncərəsindən çıxarmaq, ağzını açmaq, təmiz havadan udmaq, ucadan qışqırmaq istəyir. Amma həmin dövrdə avtobusun pəncərələrini açmaq və başını çıxarmaq sadəcə olaraq, mümkün deyildi…  
Anamgilin kəndi rayonun aran yerində, yayda yumurta bişən yerdədir. Atamgilin kəndi tanrıya «salam aparan» dağlardadır,  diş donduran bulaqlar burdan axır. «İkarus» anamın aranında dayanmazdı, dağlara doğru yol alardı. Bir azdan yolun solunda, uzaqlarda atamın dağları görünərdi, atam dodağının altında züm-zümə edərdi: «Dağlar sizdə nəyim qaldı, qoca atam-anam qaldı». Atam rayona çatan kimi avtobusdan düşərdi, maşın dalınca yüyürərdi. Anamdan, bacılarımdan muğayat olmaq, yükləri avtobusdan boşaltmaq mənim öhdəmə düşərdi. Biz özümüzə gəlməmiş atam özünü «Vilis»lə çatdırardı. Atam cavanlığında rayonda müəllim işləmişdi, kənd məktəbinə rəhbərlik də etmişdi, onu yaxşı tanıyırdılar, yolda qoymurdular. Üstü brezentli maşına minib dağlara üz tutardıq. Bir dəfə atamdan «Vilis»in nə demək olduğunu soruşdum. Onun yerinə sürücü cavab verdi ki, Vladimir İliç Lenin deməkdir, onun adının baş hərfləridir. Atam bir söz demədi, amma ürəkdən güldü. Mən yalnız sonralar atamın gülüşünün səbəbini öyrəndim – «Vilis» 40-cı illərdə ABŞ-da istehsal olunan  «Cip»dir, «Sudebeyker» kimi II Dünya müharibəsindən sonra Sovetlər İttifaqına verilən markalardan biridir. Birincinin bazasında Qaz-69, ikincinin bazasında isə Qaz-51 maşınları hazırlanıb. 

Mən onda hələ bunları bilmirdim və Vladimir İliç Leninin maşınında, arxa oturacaqda, pəncərənin qabağında oturmuşdum, başımı pəncərədən çıxarmışdım. Ağzımı açardım, gözlərimi qıyardım, yaşıl ağaclara, onların fasiləsindən görünən uca dağlara baxdıqca baxardım. Sürətlə gedən maşına müqavimət göstərən, küləyə çevrilən sərin hava ağzıma-burnuma dolardı, saçlarımı qarışdırardı. Atam qabaqda oturardı, sürücü ilə rayonun problemlərindən, yeniliklərdən, kəndin dərdindən-sərindən danışardı. Anam mənim yanımda, ortada olardı, pəncərənin qabağında oturmaq üstündə ağlaşan bacılarımı sakitləşdirməyə çalışardı. 

Dağ döşündə yerləşən rayonu arxada qoyub, dağlara – kəndimizə doğru qalxırıq. Maşın sanki təkərlər üstündə deyil, keçi kimi tullana-tullana gedir. Yolun hər iki tərəfi dərədir, sürücü təcrübəli, yola bələd olsa da, ehtiyatı əldən vermir. «Vilis» enişə düşəndə fısıldayır, yoxuşa qalxanda uğuldayır, ancaq atamın «Qotur bulağ»ına çatanda dayanır. Bura atamın rayonda və dünyada ən çox sevdiyi, bizə də sevdirdiyi yerdir. Daşlı-kəsəkli yolun sağında, hardasa 5-10 metr aralıda ağacların altında çatcaxlar görünür. Biz düşmüşük və ailəliklə bulaq başındayıq, yalnız sürücü maşındadır. Atam böyük bir fındıq topunun altında diz çöküb – onun kökləri arasından təbiətin neməti, dağlar gözəli bulaq qaynayır. Bulaq gah elə bil şaqraq gülüşlə gülür, gülür ki, nəhayət qaranlıq dünyadan işıqlı yer üzünə çıxıb, günəşin görüşünə gəlib. Gah da elə bil ki, dərin hıçqırıqla ağlayır, axı, uşaq da anadan olanda ağlayır. Deyirlər bu dünyada çəkəcəyi əzab-əziyyəti, görəcəyi haqsızlığı duyub ağlayır. Bilmirəm, onda mən hələ balacaydım, məni ayrı şeylər düşündürürdü. Mən bir az aralıda palıdın budaqları arasında cəh-cəh vuran qaratoyuğa diqqət kəsilmişdim. Atamın yanında cibimə əl atmağa, quşatanı çıxartmağa qorxurdum. Xasiyyətini bilirdim, acıqlanacaqdı, bəlkə də sındıracaqdı. «Quşatan heyifdir, sarı rezindəndir» fikirləşirdim. 

Biz adama bir-iki qurtum alıb (artıq içmək olmur, bumbuzdur, dişləri dondurur) getməyə hazırlaşırıq və atam boğazımı arıtlayıb ailəmizin adından bulağa müraciət edir: «Gözəl bulağım, sənə nə arzulayım? Deyim ki, sənin böyük dayağın olsun, bu dağlardan böyük dayaq ola bilməz. Deyim ki, sənin suyun bol olsun, sən onsuz da çay kimi axırsan. Deyim ki, sənin suyun sərin, təmiz olsun, sən elə təmizlik timsalısan. Biz bir olan Allahdan arzulayırıq ki, o, bunları sənə çox görməsin. Biz bu dünyada gəldi-gedərik, sən yaşa, bulaq!»

«Kilsələr» deyilən yerdə maşın bir də dayanır. Atam əli ilə uçulub-dağılmış tikililəri göstərir, «bunların min il tarixi var, qədim alban kilsələridir» deyir. Anam bütün bunları bilir, odur ki, maşından düşmək istəmir. Mən isə hələ kilsəni məsciddən, albanı azərbaycanlıdan ayırası yaşda deyiləm, birinci onilliyi yenicə yola vermişəm. İkisi mən yaşda olan bacılarımın biri ağlayır, o bir isə, deyəsən yatır. Yolumuza davam edirik, kəndimizə gedirik…
Enişli, yoxuşlu yollar qurtarır, kəndimizin ayağında «Talalar» başlayır. Yolun sağ tərəfi dərin dərə, sol tərəfi taxıl zəmisidir. Taxıl mənim boyumdan yuxarıdır,  soldakı dağın döşünə kimi uzanır. Atam burda birdən maşını saxladır, düşür. Mən də düşürəm - aşağıda aranlar, yuxarıda dağlar əlin içindəki kimidir, kəndin evləri də göz önündədir. Kəndimizin arxası şimali-qərbədir, günəş aşağılarda qürublara enir, aranlar qan içindədir. Yuxarılarda Quş qayası (kəndimizdə dağ adıdır) qarlı başını qaldırıb bizi salamlayır. Atam sanki bütün bunları görmür, yaşıl taxıl dənizini kəsib keçən, amma özü görünməyən cığıra düşür. Qarşı tərəfdən balaca, qoca bir qarı gəlir, taxılların arasından güclə dikəlir. Beli bükülüb, gözləri bizə dikilib. Gah ağlayır, gah gülür, bizə tərəf yüyürür. Atam onu qabaqlayır, ondan qabaq ona çatır, əyilib qucaqlayır. Nənəm yavaşdan ağlayır, oğlunu duz kimi yalayır.  Mən də çatıram, onların qucağına atılıram. Atam gah qan yağan aranlara, gah başı qarlı dağlara baxır. Gah da da göz yaşları axıb onu ələ verməsin deyə yuxarılara, sonsuz səmalara baxır. Yuxarılarda nöqtə kimi görünən, səmalarda süzən dağ qartalı diqqətimi cəlb edir…

Burda dağlar meşəli dağlardır, hara baxsan meşədir, təkcə Quş qayasının başından başqa. Quş qayasının yay-qış qarlı olan başı keçəldir, lap pendir motalı kimi. Mən bir dəfə atamla Quş qayasının lap başına kimi qalxmışam. Heç vaxt yadımdan çıxmaz... 
Səhər tezdən çıxsaq da, gün qalxanda yolu ancaq yarı eləmişdik. Bu zaman hündür ağacların sıx kölgəsi altında getmək çox xoş idi. Bura günəşin bircə şüası da düşmürdü, ayağımızın altında isə meşənin öz qonaqları üçün saldığı və ildə bir dəfə, payızda dəyişdiyi qızılı-qırmızılı meşə xalısı xışıldayırdı. Hardasa yaxınlarda quq-qu quşu quqquldayırdı. Bizi neçə yüz illik ağacların gövdələri əhatə etmişdi. Başımızın üstünü topa buludlar təki bu ağacların nəhəng çətirləri örtmüşdü. Bu əzəmətli, möhtəşəm mənzərəyə baxdıqca qəlbim fərəh hissi ilə dolur, amma təbiətin bu yabanı gözəlliyi, şabalıd, qoz ağaclarının nəhəngliyi məni heyrətləndirir. Hər yerdə alçaq, iki-üç metrlik kol boyda olan fındıq ağacı burda göylərə baş çəkir, fısdıqla, qızılağacla bəhsə girir. Mən burda cır alma, cır armud, hətta cır gilas görürəm, kiçik dağ çayının sahilində doyunca böyürtkan yeyirəm. 

Yuxarı qalxdıqca, meşələr seyrəlir və gün başımıza od ələyirdi. Dörd yandan bizi əhatə edən dağlara sanki yaşıl otlardan xalı salınmışdı, gün altında yaşıl atlas kimi parıldayır, göz işlədikcə hər tərəfə uzanır, üfüqlərədək bütün dünyanı doldururdu. Lakin bu yaşıl sonsuzluq adamı sıxmır, qorxutmur, onu yaşamağa, yaratmağa səsləyirdi. Yaşıl sonsuzluq gözləri yormasın deyə, təbiət ona təbii rənglərdən naxış da vurmuşdu: qırmızı, göy, sarı... Bu al-əlvan naxışlara baxdıqca dünyamız qədər qədim oğuz dastanı yada düşürdü – ana südü, dağ çiçəyi...
Biz yavaş-yavaş qalxırıq və günorta üstü dağın başına çatırıq. Quş qayasının aşağıdan şiş kimi görünən başı burda yastı, qarlı bir taladır. Kənd burdan baxanda əl boydadır, ağ şiferli, qırmızı kirəmidli evlər dırnaqdan da balacadır. Yəqin heç kim inanmaz, avqust ayında atamla qartopu oynayırıq. Arada yıxılıram, dururam, atalı, analı günlərimin ləzzətini çıxarıram. Eh, hanı indi o günlər?! İndi bu hadisədən onillər keçib, amma gördüklərim, hiss etdiklərim indi də yaddaşımın qızıl fondundadır… Sən dağın başında durmusan, bütün dünya sənin ayaqların altındadır. Əlini uzatsan, buludlara çatar. Hətta qartal, məğrur dağ qartalı səndən aşağılarda süzür. Sən zirvədəsən, sən xoşbəxtsən. Amma təəssüf içindəsən: Şimalda daha hündür dağlar görünür. Sən hələ ora getməmisən, o dağları fəth etməmisən. Bəlkə də heç zaman fəth etməyəcəksən...

Yuxarıda dediyim kimi, mən atamın qəbri başında durmuşam, bu kövrək sətirləri yaddaşıma yazıram. Yaşlı gözlərim qəbir daşındadır, qara daşa həkk olunmuş şəkil mənə məni xatırladır, mənimlə danışır:

Tanrı bəxş etdiyi qələm əlində
Haqqın dərgahına qalxıb Arif də.
Allah möcüzəsi hər bir gülündə
Behiştə yol alıb bu karvan, Qaxım!

Qalib ARİF