Oğul, qurban dilinə,
Möhkəm bağlan elinə.
Vətən səni ucaldar,
Qürbət səni qocaldar.
“Vətən mənə neyləyib?!”
Cahillər belə deyib.
“Vətən, mən neyləmişəm?”
Deməlisən daim sən.
Oğul, getmə elindən,
Qorxma axan selindən.
Ya şəhid ol, ya qazi,
Vətən torpağında sən.
Əzizinəm gözəldir,
Bakı, Təbriz gözəldir.
Azərbaycanın canı
Oğul, bu birlikdədir.
Əzizinəm yer eylər,
Mərdlər səni ər eylər.
Namərdlərə qoşulma,
Səni biabır eylər.
Əzizinəm bəyənsin,
Bülbül gülü bəyənsin.
Bəyənmə öz-özünü,
Qoy, səni el bəyənsin.
Əzizinəm gedəndir,
Ata gəlib-gedəndir.
Ananı başda saxla,
Bacılardan ayrılma.
Əzizinəm, qaldırma,
Səsini çox qaldırma.
Plovu yalqız yeyib
Yükünü tək qaldırma.
Əzizim, bar gətirər,
Oğul, qız bar gətirər.
Qızı sevməmək olmaz,
Evə bahar gətirər.
Əzizimsən qızıl dən,
Dəniz coşmaz ləpədən.
Dağlara söykən, oğlum,
Arxa olmaz təpədən.
Əzizimsən, de “bəli”,
Uyma sardan təsəlli.
Tanı qara qarğanı,
Qartalın yeri bəlli.
Əzizim, başdan çıxar,
İxtira başdan çıxar,
Ağıl sahibi olsan,
Çörəyin daşdan çıxar.
Əzizim mənsiz gülməz,
El-obam sənsiz gülməz.
El yandıran ocağı
Dünya söndürə bilməz...
Arif Rəhimli
(Atamın şerləri)
Комментариев нет:
Отправить комментарий