воскресенье, 26 июля 2020 г.

YAMAN OĞUL NEYLƏR ATA MALINI?!

“Rusiya hekayələri” silsiləsindən

Qurban müəllim 50 ildi ki, bu yolu gedib-gəlirdi. Səhər tezdən məktəbə gedir, günortadan sonra evə gəlirdi. Yolda türklər demiş, 7-dən 70-ə kimi hamı onu gülərüzlə salamlayır, ehtiramla yola salırdı. İllər keçirdi, nəsillər dəyişirdi, biri gəlib, biri gedirdi. Amma Qurban müəllim dəyişmirdi, yalnız qara saçları ağarır, qara kostyumu bozarırdı... Qurban müəllim ibtidai sinif müəllimi idi. Bizim dövrdə ibtidai sinif müəllimlərinin olması qəribə deyildimi?! Amma qəribə olsa da, bu, belə idi və Qurban müəllim yarım əsrdən çox idi ki, bu yolu gəlib-gedirdi...

Keçən əsrin 60-larında, əsgərlikdən sonra Şəki Pedoqojini bitirmişdi, təyinatla kəndinə gəlmişdi. Odur-budur, özü demiş, taleyin və məktəbin yollarında ilişmişdi. Doğrudur, ali təhsil almaq, Bakı Pedoqogiyə daxil olmaq istəyirdi. Amma sən saydığını say... Qurban müəllim qoca anasını sözünü yerə salmamış, qonşunun qızı Fatma ilə evlənmişdi. Anası da bunu gözləyirmiş kimi, Fatmanı Qurbana, Qurbanı da Allaha tapşırmış, fani dünya ilə vidalaşmışdı. Oğulları Kamranın yolunu əvvəl 10 il, sonra da 20 il gözləmişdilər...

Kamran ailənin ilki, iki bacınin böyük qardaşı idi. Uşaqlıqdan ərköyün böyümüşdü, orta məktəbi zorla qurtarmışdı. Ərköyünlüyü anasının, məktəbi qurtarmağı atasının hesabına yazılmışdı. 80-lərdə əsgər getmişdi və gələndə Permdən bir sarı rus qızı da gətirmişdi. Qurban müəllim pərt olsa da, Fatma xala sevinmişdi. Özünün gəlinlik üzüyünü qızın barmağına keçirmişdi. Kamranın məktəbli bacıları sarı “kokla”ya təəccüb edirdilər, öz aralarında qonşular kimi, ona “matışka “ deyirdilər. Amma “Matışka” kənddə 3 ay duruş gətirmədi, Qurban müəllim demiş, gəldiyi yolla gəldiyi yerə fərar  etdi. Kamran da onun dalınca Permə kimi “piyada” getdi. Əvvəl Qurban müəllim belə fikirləşirdi, axı, pulu olmayan adam Urusətə necə gedə bilərdi?! Amma evdə neçə ilin saxlancı, ailənin xeyir-şər  pulu 100 “şirvan” itəndən sonra fikrini dəyişmişdi. Arada özünə təsəlli verirdi ki, pulları da, üzüyü də “matışka” aparıb...

Kamran bir də 20 ildən sonra, keçən yay kəndə gəlmişdi, artıq qocalmış anasını, oğul-uşaq sahibi olan bacılarını sevindirmişdi. Özü də cavan deyildi, qara saçlarını dən yeyirdi. Qurban müəllim onun ayağının altında qurban kəsmişdi, kənd camaatına əməlli-başlı bir qonaqlıq vermişdi. Kamran da, maşallah, bir ay keçmiş sinif yoldaşlarını, dost-tanışlarını başına yığmış, qonaqlığı davam etdirmişdi. Anasına-bacılarına aşbaz, bacısı uşaqlarına ofisiant, yeznələrinə də tamada rolu vermişdi. Həyətdəki 5-10 qoyun da belə getmişdi. Günlərin bir günü Qurban müəllim işdən gələndə, həyətin yeganə inəyinin, evin yeğanə südverəninin satıldığını görəndə, dözməmişdi. Axşam kiçik yeznəsi Məmişi (böyüyü ilə pərdə saxlayırdı) çağırmış, yeganə oğlunu qatar vağzalına kimi onun maşınında aparmışdı. Burda Bakı qatarına mindirmiş, “ordan o yana yolu özün tanıyırsan” demişdi...

Qurban müəllimin bütün problemləri də Kamran gedəndən sonra başladı. Ertəsi gün qonşuda mağaza saxlayan Şahin gəldi ki, bəs Kamranın mənə 100 manat “nisyəsi” var, araq-çaxır alıb, nə vaxt verəcəksiz? Əlində Kamranın yazıb qol çəkdiyi borc kağızı da vardı. Qurban müəllim arvadına səsləndi, “get sandıqdakı 500 manatdan yüzünü gətir, Şahinə ver” dedi. Fatma xala boş gəldi ki, pullar yoxdur, üstünə sarınan kəlağayı da boşdur. Qurban müəllim yenə özünə təsəlli vermək, ürəyində pulları “matışka” aparıb demək istədi. Amma demədi, axı, Kamran bu dəfə tək gəlmişdi. Şahinə isə dedi ki, bir-iki həftəyə, fındıq yığılanda gələrsən. Üç gündən sonra kəndin ayağnda mağaza saxlayan İbiş gəldi ki, Kamran məndən 100 manatlıq “nisyə” pivə-araq alıb, nə vaxt ödəyəcəksiz? Bunun da əlində Şahindəki kağızdan vardı. Qurban müəllim buna da Şahinə verdiyi cavabı verdi. İbiş də Şahin kimi kənd qardaşı idi, sakitcə getdi...

Deyirlər dərd də çiçək kimidir, gələndə tək gəlmir, buketlə gəlir. Qurban müəllim oğlunun nisyələrini fındıqla təzə ödəmişdi, məktəbdən gəlirdi. Gördü qonşu Cəfər evin qabağında xarici maşınında onu gözləyir. Cəfər Kamranın keçmiş sinif yoldaşı idi, nə ilə məşğul olduğunu kənddə kimsə bilmirdi. Biri deyirdi narkotik satır, o biri deyirdi benzin satır, hətta “adam satır” deyənlər də vardı. Qurban müəllim ağayana adamdı, belə “nisyə” söhbətlərə qarışmazdı. Amma Cəfərin yaxşı pulu vardı, faizlə buraxırdı, fındıq vaxtı gəlib artıqlaması ilə alırdı. İndi də dedi ki, Kamran məndən bir aylıq 1000 manat pul alıb, deyib ki, atam fındıq vaxtı verəcək. Mən də bir yerdə məktəb oxuduğumuzu, Qurban müəllimin oğlu olduğunu nəzərə almışam, faizsiz vermişəm. Amma bu ay qaytarmasaz, “şotçik” qoşacam, faizi ilə alacam. Əlində Kamranın yazıb qol çəkdiyi borc kağızı da vardı. Qurban müəllim dinmədi, 2-3 günə evin televizorunu, soyuducusunu satdı, oğlunun borcunun yarısını bağladı. Borcun o biri yarısını da Kamranın bacıları fındıqla ödədi, hər evdən bir az, bir az...

Yazıq Qurban müəllim, yazıq Fatma xala – yaman oğullarına ağlasınlar, ya batan pullarına?!

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий