«Şərab və insan» mövzusunda danışmaq istəyirəm. Şərab haqqında eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi şəxsi təcrübəmin süzgəcindən keçirib kağıza köçürmək niyyətindəyəm. Araşdırmaq istəyirəm ki, niyə insan şəraba bu qədər meyl edir, illərlə zərrə-zərrə, damcı-damcı canına qəsd edir? Görəsən, şərab insanları necə yoldan çıxarır, hərəni bir cür, yoxsa hamını eyni cür aldadır? Bəlkə, doğrudan da günahkar zəmanədir, bəlkə hər kəsin taleyi öz əliindədir, şair demiş, işində, gücündə, əməlindədir?!
Düşünürəm ki, şərabın dostlarını üç qrupa bölmək olar. Birincilər, hamıya məlum olan, el arasında «alkaş», «alkaqolik» adlanan (alkoqolik şərabdan üzvi surətdə asılı olan, bu bəladan qurtarmaq iqtidarında olmayan adama deyilir) həmin məxluqlardır ki, başlarındakı və bəxtlərindəki boşluğu şərabla doldurmaq istəyirlər. Bunların şərabla dostluğu instiki, bəlkə də irsi bir məsəlsdir. Bunlar elə bil ki, anadangəlmə aludəçilərdir, bunlar üçün şərab narkotik kimidir. Odur ki, «keçmiş narkoman olmur» misalı bunlara da aiddir. Evdən yalnız iki fikirlə çıxırlar: harada içmək və kiminlə yatmaq. İkincini hər deyəndə tapmasalar da, birincini həmən tapırlar, çünki nə olsa, harda olsa içirlər. Yaşa dolduqca, «kiminlə yatmaq» problemi tamam aradan çıxır. Şərab sözün əsl mənasında, onları həyata səsləyən yeganə stimula çevrilir. Ayıq vaxtı da sərxoş kimi səndələyirlər, ayaqlarını gen qoyub, matros kimi yellənə-yellənə gəzirlər. İçəndən sonra isə onları evin dalında, pilləkannın altında, hətta gölməçənin içində axtarmaq lazımdır. Bunlar karikaturaçı rəssamlara geniş material verən həmin ikiayaqlı məxluqlardır.
İkincilər istedadlı, yaradıcı insanlardır. Öz güclərinə inanırlar, həyatda özlərinə arxayındırlar. Həyatda öz yerlərini tapsalar, yaradıcı təxəyyülün hesabına çox uzağa gedə, görünməmiş zirvələr fəth edə bilərlər. Amma həyatda öz yerlərini tapmayanda, ya da tale onlara zərbə vuranda şəraba üz tuturlar. Onlarda şəraba qarşı andangəlmə həvəs olmur, bu, onlarda irsən keçən yox, necə deyərlər, sonradan qazanılan xəstəlikdir. Şərabla tanışlığa da ayıq başla, qalib gələcəklərinə, ondan istifadə edəcəklərinə daxili bir inamla gedirlər. Özlərini aludəçi yox, istifadəçi hesab edirlər. Əvvəllər şərabdan dərman kimi iyrənirlər, hətta ona nifrət edirlər. Yeni başlayanda hamısı deyir ki, araqdan dərman iyi qəlir. İlk vaxtlar bu dərmanı içmək istəmirlər, az qala özlərini zorlayıb içirlər. Hər dəfə içəndə xəstələnirlər, elə bil ki, zəhərlənirlər. Əvvəllər xəstəlik günlərlə çəkir, özünü pis hiss edirsən, hər gün içmək istəmirsən, sonra yavaş-yavaş öyrəşirsən. Şərab narkotik kimidir, gündəlik norma bilmir, getdikcə daha çox içirsən və içdikcə daha çox istəyirsən.
Doğrudur, içki sənin başını dumanlandırır, amma bədəninə təsir etmir, şərab səninçün adi bir şeyə çevrilir. Yəni nə qədər içsən də özünü idarə edə bilirsən, harda içsən, özün durub evə gedirsən. Öz-özünə öyünürsən ki, içkiyə öyrəşmirsən, istəyəndə içirsən, istəməyəndə içmirsən. Amma bu, tələdir, şərabın səninüçün, yüzlərlə sənin kimi qurbanlar üçün qurduğu tələdir - o, səni uçuruma doğru itələyir. Şərabın istifadəçisi olmaq üçün illər, aludəçisi olmaq üçün isə on illər lazım gəlir. Həyat isə qısadır. İllər keçir, on illər keçir, bir də görürsən başın, bədənin, bütün orqanizmin od tutub yanır, şərab tələb edir. İçməyəndə yeyə bilmirsən, işləyə bilmirsən, yaşaya bilmirsən, qanın qaralır, başın fırlanır. Hətta əlin-ayağın əsməyə başlayır. Artıq şərabı tələbat kimi, dərman kimi içməyə başlayırsan (artıq uçurumun başındasan!), yenə aldanırsan, güman edirsən ki, o, sənə kömək edir. Amma o, səni uçurumdan aşağı - «alkaşlığ»a itələyir…
Üçüncülər dahilərdir, Allahın sevdiyi, seçdiyi şəxsiyyətlərdir, anadangəlmə liderlərdir. Olsun ki, Allah onları xarizmatik bir lider yaratmaq istəyib, ağlı, istedadı, özünə inamı yox deyincə verib. Amma özləri hardasa səhv ediblər, taleyin pilləkanında büdrəyiblər. Bu adamlar daim birinci olmaq, kütləni arxasınca aparmaq, Allah vergisi olan nəhəng enerjilərini reallaşdırmaq istəyirlər. Amma həmişə alınmır, bəzən onların - anadan dahi doğulanların da bəxti gətirmir, oxu daşa dirənir. (Burda böyük Nəsimnin «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» misrası yada düşür). Bu zaman onlar içərilərində olan odu, alovu, ehtirası şərabla söndürmək istəyirlər, alovlu bir ehtirasla şəraba hücum edirlər. Bu, od püskürən yanğının coşqun sellərlə toqquşmasına bənzəyir. İlk nəzərdən adama elə gəlir ki, od suyu yeyəcək, məhv edəcək. Şəraba hücum edən dahilər də belə düşünür, şəraba qalib gəldiklərini zənn edirlər. Şərab onlara ilham verir, «namərd» dünya ilə «sən»lə danışmağa imkan verir…
Kefin kökəlir, özünü saxlaya bilmirsən, sözləri, cümlələri dəyirman kimi üyüdüb tökürsən. Amma beynin saat kimi sərrast işləyir, hər fikir nizamlı əsgər kimi yerindədir, öz növbəsini gözləyir. Hər fikir vəhy kimi sanki qeybdən gəlir, dahiyanə, dəqiq və orijinal səslənir. Dünənki hadisələr beynində bü gün kimi canlanır, fikirlər paraddakı hərbi hissələr təki sıralanır. Sən onları istədiyin kimi götürə, istədiyin yerə düzə bilirsən. Sən aydın danışa bilirsən, çünki aydın düşünürsən. Sən kütləni ətrafına yığmağa və arxanca aparmağa qadirsən. Şərabın gücü də bundadır - beynini günəş kimi işıqlandırır, yalanı sənin dilinlə deməyə başlayır. Sən taleyin səndən aldığını şərabdan almağa başlayırsan, yenə də aldanırsan.
Amma bütün bunlar müvəqqətidir, ötəridir. Allahın qəzəbinə gəlmiş sələmçi kimi şərab da hər nə versə, artıq alandır, dedikləri də hamısı yalandır. Bəli, şərabla dost olanların niyyəti bir olmasa da, aqibəti bir olur. Birincilər gölməçənin içində düşüb qalırlar, hətta bu cür həyatdan zövq alırlar. İkincilər isə şərabdan asılı vəziyyətə düşürlər, içməsələr yaşaya bilmirlər, yavaş-yavaş alkoqolikə çevrilirlər. Odla suyun mübarizəsi isə uzun çəkmir, bir qayda olaraq, soyuq su isti odu söndürür, məhv edir. Dahilər bu dünyadan tez gedir…
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий