Dostlar, zamanların, insanların elə müdrik kəlamları, pritçaları var ki, bizim həyatımızı dəyişməyə, düzgün istiqamətə yönəltməyə, hətta səhvlərimizi düzəltməyə qadirdir. Mən də bu barədə danışmaq, kəlamlardan başlamaq istəyirəm. Tarixi ardıcıllığı gözləmək niyyətindəyəm...
Mənə ən çox təsir edən, gündəlik həyatımda bir “yol göstərici”yə çevrilən kəlamlardan biri, bəlkə də birincisi eramızdan əvvəl yaşamış, məşhur Çin filosofu (oxu: Peyğəmbəri) Konfutsiyə aiddir. Konfutsi deyir ki, “Aşağıdan axan çaylar böyük olur”, Əslində doğrudan da, belədir, yuxarıdan axan dağ çayları qışqıra-qışqıra, coşa-coşa axır, bəzən heç gedib düzə çatmır. Aşağılarda, düzənlərdə isə çaylar səssiz, lal axır, bütün sular, çaylar da onlara qarışır. Aşağıdan axan çaylar daha da böyüyür, amma səsini çıxarmır, sakitcə axır, dənizə qədər gedib çatır.
Təbii ki, bu, məsələnin görünən tərəfidir. Böyük filosof çaylardan yox, insanlardan danışmaq istəyir. Bizə deyir ki, insan nə qədər sadə, təvözəkar olarsa, nə qədər aşağıdan axarsa, bir o qədər böyük olar. Ətrafında dostlar, qohumlar, yaxınlar da çox olar...
Mənə çox güclü təsir edən, həyatımı dəyişən ikinci kəlamın müəllifi Həzrəti İsa Peyğəmbərdir. Peyğəmbər buyurur ki, “Yaxşıdan yaxşını axtarmaq lazım deyil”. Əslində sadə görünən bu kəlamın arxasında dağ boyda məna dayanır, odur ki, əsrlərin, minillikləri aşır, gəlib bizə çatır. Həzrət bizə yoxun dalınca qaçmamağı, vara qane olmağı, şükürlə yaşamağı tövsiyə edir. Bizim müasir dillə desək, sənin köhnə “Nissan Sanni”n varsa, “Jeep” sürənlərə həsrətlə baxma, onların dalınca qaçma, “Jiquli”si olanlara bax, rahat yaşa...
Və nəhayət,bütün zamanların, insanların və kəlamların kəlamı sayılacaq 3-cü kəlam... Həzrəti Məhəmməd Peyğəmbər buyurur ki, “İnsanın böyüklüyü onun bağışladığı günahların böyüklüyü ilə ölçülür”. Düşünürəm ki, burda heç bir şərhə rhtiyac yoxdur. Sadəcə olaraq, demək istəyirəm ki, böyük olmağa çalışaq, günahları bağışlamağı bacaraq, dostlar. Onda yaşamaq da, ölmək də asan olar...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий