суббота, 25 июля 2020 г.

XAQANLA FİLOSOFUN NAĞILI

(Pritça)


Deməli, qədim zamanlarda türk-avar xaqanlarından biri ağır xəstələnir, yerindən tərpənə bilmir. Kafkazyadan Avropaya kimi dünyanın beşdən birinə hökm edən (İslamdan qabaq, bizim eranın əvvəlləri), dövrünün ən ağıllı, cəsarətli sərkərdələrindən sayılan bir kişi (Atilla?!) bir xəstəlyin əlində aciz qalır. Aylar keçir, il yetişir, amma ayağa qalxa bilmir. Doğrudur, başı işləyir, danışa bilir, amma əl-ayağını tərpədə bilmir, yerindən tərpənə bilmir. Ağzına yeməyi yedirirlər, ayaqyoluna aparıb-gətirirlər. Xaqanlığın həkimləri də bir-bir gəlir-gedir, amma xaqanın xəstəliyini müalicə edə bilmir.

Bizim dövr olsaydı, yəqin xaqanın işi yaxşı olardı. Londona, ya Parisə, ən azı Berlinə üz tutardı, xəstəliyinə əlac olardı. Ya da Amerikaya təyyarə göndərər, ən yaxşı həkim briqadasını ayağına gətirərdi. Amma Xaqanlığın öz qanunları, qaydaları vardı, xaqanın xəstəliyi gizli saxlanılırdı, bunu ancaq xaqanın yaxınları, bir də saray əyanları bilirdi. Bu, faktiki olaraq, dövlət sirri idi, dost-düşmən əlinə keçməzdi. Xaqanın yanına gələn, dərdinə əlac edə bilməyən həkimləri, təbibləri isə, paytaxtdan kənarda bir qalada nəzarət altında saxlayırdılar. Doğrudur, xaqanlığın qanunlarına və təhlükəsizlik qaydalarına görə, bu həkimlərin başı kəsilməli idi. Amma xaqan dövrünün ağıllı adamlarından biri idi, bilirdi ki, bir həkim 15-20 ilə ancaq yetişir, məmləkəti həkimsiz qoymaq istəmirdi.

Günlərin bir günü xaqanın yanına həkim gəlmədi, xaqan təəccübləndi. Bir gün keçdi, iki gün keçdi, yenə gələn, baxan olmadı. Xaqan təcili I Vəziri yanına çağırtdırdı, onun üstünə qışqırdı: 
-Bu nə məsələdir, niyə həkimlər gəlmir, mənə əlac etmir? 
I Vəzir ehtiramla təzim edib təmkinlə dilləndi:
-Məmləkətdə yaxşı, samballı həkim qalmayıb, Alihəzrət, hamısı qalada, nəzarət altındadır. Xaricdən həkim gətirməyə isə bizə qanun icazə vermir. 
Xaqan daha da qəzəbləndi, var gücü ilə bağırdı:
-Mən demişəm həkimləri cəzalandırmayın, qalada saxlayın. Amma vəzirləri qoruyun deməmişəm... 
Vəzir aqil adam idi, fikirdən iy çəkirdi, amma sakitcə cavab verdi:
-Həkimlər məmləkətə, millətə lazımdır, amma mən dövlətə, şəxsən alihəzrətə xidmət edirəm, onun əmrinə müntəzirəm...

Vəzirin təmkinli, siyasi cavabı Xaqanın xoşuna gəldi, sakitləşdi: 
-Yəni bu boyda məmləkətdə bircə həkim də qalmayıb ki, mənim dərdimi bilsin, müalicə etsin?
-Biz təhlükəsizlik məsələlərinə görə Sizin xəstəliyinizi gizli saxlayırıq, Alihəzrət. Amma bir filosof var, mənləkətdə tanınmış adamdır, Sizi də yaxşı tanıyır. Həkimlərin, təbiblərin kütləvi şəkildə yoxa çıxmasından məsələni anlayıb, şəxsən mənə müraciət edib. Deyir mən Xaqanı bir günə ayağa qaldıraram...
-Çağırın gəlsin, amma bacarmasa, yalan danışdıgına görə başı kəsilsin. Mən demişəm həkimləri qoruyun, filosofları qoruyun deməmişəm...

Nə isə, filosofu çağırırlar gəlir, amma xaqanı müayinə etməyə tələsmir, deyir "mən Sizi müalicə edərəm, amma 3 şərtim var". Xaqan yenidən qəzəblənir:
-Avaranın biri avara, bütün dünyaya mən şərt qoyuram, indi sən mənə şərt qoyursan?! Vəzir, çağır cəlladlar gəlsin, bu avaranın başını kəssin...
Cəlladlar içəri gəlir, filosofu qollarından tutub qapıya doğru çəkir. Filosofun tükü də tərpənmir. Qapıya çatanda geri dönür, xaqana müraciət edir:
-Alihəzrət, mən ölümdən qorxmuram, onsuz da hər kişi bir dəfə ölməlidir. Amma mən ölsəm, Siz də öləcəksiz, məmləkət batacaq. Məni narahat edən budur, ona görə də burdayam...

Xaqan əlini qaldırır, cəlladlar filosofu buraxır, bayıra çıxır.
-Yaxşı sən deyən olsun, Avara. Şərtlərini de, görüm nə istəyirsən...
-Birinci şərtim belədir, bir kəhər at, belində də bir xurcun qızıl sarayın qapısında bağlı olmalıdır. İkinci şərtim odur ki, bütün saray əhli saraydan gözlə görünən məsafədə uzaqlaşmalıdır. Və onlar bir saat ərzində nə olursa-olsun, bura yaxınlaşmamalıdır...
-Birinci iki şərtini başa düşdüm, bütün insanlar kimi, filosoflar da dünya malının qurbanı olurlar. Üçüncünü anlamadım...
-Bizim müalicəmiz zamanı Siz ağrıdan qışqıra bilərsiz. Mən istəyirəm ki, səsinizi heç kim eşitməsin və yaxına gəlməsin. Yeri gəlmişkən, bu Sizə də lazımdır...

Xaqan razılaşır, saray əhli uzaqlaşır. Filosofla Xaqan tək-bətək qalır - Allah yuxarıda, bunlar aşağıda. Filosof deyir: 
-Xaqan, bayaq mən Sizə 3 şərtimi dedim, amma mənim 3 arzum da var. Əvvəla, avara sənsən, sənin atandır. Sonra...
Filosof yaxınlaşır və Xaqanın üzünə tüpürür... Xaqan bütün iradəsini, gücünü toplayır, yataqdan filosofun üstünə atılır. Amma filosof geri çəkilir və yenidən Xaqana müraciət edir:
-Alihəzrət, mənim 3-cü arzum qaldı...
Sonra var gücü ilə Xaqanın dalına bir təpik vurur və qapıya dogru qaçır...

Xaqan qəzəbdən yaralı aslan kimi nərə çəkir, dünyada birinci dəfə hiss edir ki, Yer fırlanır. Yeri gəlmişkən, mən də hesab edirəm ki, Yerin fırlandığını birinci hiss edən, deyən bizim türk xaqanıdır. Sadəcə olaraq, gələm düşmən əlindədir, onlar Kopernikin, Qalileyin adını çəkir. Qərəz, Xaqan divara doğru atılır, aşağıdan asılmış misri qılınclardan birini qapır, mıxçası ilə dartıb qoparır. Sürünə-sürünə, dizləri üstə pilləkanları düşür. Dizləri, dirsəkləri al qana boyanır. Aşağı düşəndə hiss edir ki, ayaq üstə dayanır. Sarayın həyətində bağlanmış kəhər atların birinə yaxınlaşır, ağrıdan dodaqlarını gəmirə-gəmirə atın belinə dırmaşır... Mən isə deyirəm: "Bədbəxt filosof... Xaqan artıq atın belindədir"...

I Vəzir aralıdan bu mənzərəni seyr edir, yalnız Xaqan at belində gözdən itdikdən sonra, mühafizəyə əmr verir. 40 seçmə cavan 40 seçmə atın belində Xaqanı təqib edir. Yalnız bir saatdan sonra yolun kənarında iki kəhər at görünür. Yolun ortasında toz dumanı göyə qalxır. Mühafizə sürətlə yaxınlaşır, onlar çatınca toz dumanı dağılır. Birinci Xaqan görünür, ayaq üstədir, misri qılıncı sağ əlində, sol ayağı da yerdə tozun içində sərələnmiş filosofun sinəsi üstədir. Mühafizə yaxınlaşır, onları mühasirəyə alır. Xaqan ayağını götürür, filosofun əlindən tutub sərt hərəkətlə ayağa qaldırır. Filosofun tükü də tərpənmir, sakitcə üst-başını təmizləyir. 

Xaqan bərkdən gülür:
-Avaranın biri avara, sən kəhər atla bir xurcun qızılı qazandın, məni ayağa qaldırdın. Sən indi külək kimi azadsan, hara istəsən gedə bilərsən. Amma nə vaxt qayıtsan, mənim ikinci vəzirimin yeri boşdur...

Pritçanın sonu... Bəli, dostlar, belə Xaqanı ilə belə filosofu olan xalq dünyanın beşdən birinə sahib olur...


Qalib ARİF

Комментариев нет:

Отправить комментарий