воскресенье, 12 июля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR X

O, bizim dayağımızdır...

Deyirlər əl tutmaq Əlidən qalıb. Düşünürəm ki, əl tutmaq kimi xeyir işlər Həzrəti Əlidən min illər əvvəl də olub və min illər sonra da olacaq. Zira, xeyir işlər yalnız müsəlmanlığın deyik, ümumilikdə insanlığın əsas göstəricilərindən biridir. Həzrəti Əli də Böyük müsəlman dünyasında bu estafeti davam etdirənlərdən biridir, olsun ki, birincisidir. Bizim Azərbaycanda, kiçik jurnalist dünyasında da bu estafeti davam etdirənlər, qələm adamına əl tutanlar, dəstək olanlar var.  Mən də onların biri, olsun ki, birincisi barədə danışmaq istəyirəm...

Məni onunla mərhum Məmməd Nazimoğlu tanış edib. Mən ixtisasca jurnalist deyiləm, dəqiq elmlərin nümayəndəsiyəm. Mənə peşəkar jurnalistikaya dəvət edən də, vizit kartı verən də bizim “çayçı” Məmməd olub. Siz məni qınamayın, əgər jurnalistika bir sistemdirsə, o mənimçün Məmməd Nazimoğlunun çevrəsində fırlanır. Qəhrəmanım da bu çevrəyə daxil olandan biri idi. Səhv etmirəmsə 2000-lərdi, Məmməd artıq “Xalq qəzeti”ndən getmişdi, mən hələ işləyirdim. Axşam işdən çıxanda onu “Nizami” kino-teatrının qarşısında gördüm, yanında tanıdığım və tanımadığım iki nəfər vardı. Tanıdığım təbii ki, İlqar Həsənov idi. Məmməd məni tanımadığım jurnalistə təqdim etdi və onun haqqında məlumat verdi. Dedi tanış ol, Əflatun Amaşovdur, bizimlə tay-tuşdur, o da sənin kimi Moskvada oxuyub, zarafat deyil, MQU-nun Jurnalistika fakultəsini bitirib... Məni heyrətlərə qərq edən isə, bizimlə tay-tuş olan həmkarımızın başına hələ dən düşməməsi idi...


  Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini, 1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1985 - 1994-cü illərdə AzərTAC  Dövlət İnformasiya Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından biri olub, 1995 - 1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib. 2003-cü ildə Respublika jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. 2015 – 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı olub.

Həmkarımla sonralar mətbuat tədbirlərində görüşür, hal-əhvallaşırdıq. İnsafən hər dəfə görəndə deyirdi ki, sənin yazılarını oxuyuram, lap hədəfi gözündən vurursan. Mən təbii ki, sevinirdim, ona təşəkkür edirdim. Səhv etmirəmsə, 2008-in sentyabrı idi, Məmməd Nazimoğlunun anım mərasimi keçirilirdi. Sağ olsun İlham Abbasov, əziyyəti öz üzərinə götürmüşdü, mərhum dostumuz haqqında “Mənim bir dostum vardı” kitabı hazırlamışdı. Mən artıq “Xalq qəzeti”ndə işləmirdim, amma dəvətli idim. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edirdi. Onun çıxışı indi də yadımdadır: “Məmməd Nazimoğlu Azərbaycan jurnalistikasının ən işıqlı ulduzlarından biri idi. Deyirlər göydə bir ulduz sönəndə, biz yalnız 5-6 ildən sonra hiss edirik, həmin illərdə bu ulduzun işığı hələ görünür. Məmməd də belədir, bu il ulduzu sönsə də, neçə il parıldayacaq, Azərbaycar jurnalistikası onu unutmayacaq”... Bəli, Əflatun müəllimdən yaxşı deyə bilməzsən...

… 2017-ci ilin mənim üçün məşum sonları idi. Oğlum məlum avtomobil qəzasına düşmüşdü, həbs edilmişdi. Ailəliklə məhkəmələrdə, türmələrdə qalmışdıq, az qala, itə də bir əppək borclu idik... Dərddən başımda bir qara tük qalmamışdı, uşaq kimi kövrəkdim, söz soruşanda, gözlərim yaşarırdı. "Suda batan saman çöpünə əl atar" deyirlər, mən də əl atdım. Bizim Dəstək Fondunun "şərəfli" sədri (indi onu hüquq-mühafizə orqanları "şərəfləndidrir") məni heç fərziyyə kimi də qəbul etmədi. Halbuki mən öz evimə "pulsuz" qeydiyyata düşmək istəyirdim. Bizim həmkarlar arasında yaxşı tanınan, sözü keçən adamlar var, danışanda ağızlarına "çullu" dovşan sığmır. Mən də tanıyırdım, bir-ikisinə müraciət etdim, dərdimi demək istədim. Deputat heç qəbul etmədi, qəbul edən də görün nə dedi : “Bu, bizlik deyil! Siz məhkəmələrə müraciət edin (mən məhkəmələrdən gəlirdim!), görün neynirsiz”… Yeri gəlmişkən, mən onlardan borc pul istəmirdim, kimə isə adi söz deməklərini, məni qəbul etməklərini xahiş edirdim…

Əlim-ayağım hər yerdən üzüləndən sonda Əflatun müəllimə müraciət etdim. Həmin dövrdə işi çox olsa da, dərhal məni qəbul etdi. Dedim məni tanıyırsız, jurnalistəm, mənim oğlum da gələcək jurnalistdir, BDU-nun Jurnalistika fakultəsində oxuyur(du). Bir qəzadır düşüb, əlimiz-ayağımız yerdən üzülüb. Diqqətlə qulaq asdı, qarşısındakı bloknota nə isə yazdı. Sonda dedi ki, mən burda niyə oturmuşam, jurnalistlərə kömək etmək bizim borcumuzdur. Mən tanıdığım adamlara müraciət edəcəyəm, sənə söz verirəm, qanun daxilində əlimdən gələni edəcəyəm. Elə bil sənin oğlun deyil, mənim oğlumdur… İnanın Allaha, qəzadan sonra birinci dəfəydi, elə bil bir az yüngülləşdim…

Bəli, hörmətli dostlar, həmkarlar, Əflatun Amaşov bizim arxamımızdır, dayağımızdır, onu qorumaq lazımdır… Bu kişinin təmənnasız olaraq mənzil almağa kömək etdiyi həmkarlarımız bəllidir. Jurnalistlərin xeyir-şərində imkan dərəcəsində, şəxsən iştirak edir. Bir problemimiz olanda,  "suda batanda" da onun üstünə gedirik...

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий