Mahir NƏBİLİ
(şəkildə məndən arxada, ağ "futbolka"da)
Sıradan olmayanlar belədir, onlar reaktiv təyyarə kimi səs-küylə gəlir, aləmi lərzəyə gətirirlər. Bir populyar qəzetdə cəmi bir məqalə yazırlar və bütün Azərbaycana səs salırlar. Sıradan olmayanlar gedəndə də birdən getmirlər, izləri uzun müddət göylərdə qalır, onların dalınca uzanır...
Siz məni qınamayın, amma mərhum Mahir Nəbilinin 1992-ci ildə “Aydınlıq” qəzetində çap olunan və Məmməd Əmin Rəsulzadəyə həsr olunan məqaləsi bütün Azərbaycana səs salmışdı. Həmin dövrdə Azərbaycanda sözün əsl mənasında Məmməd Əmin “kultu” yaşanıdı, hamı ondan danışır, hamı ondan yazırdı. Hətta Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi nəhənglər Rəsulzadənin kölgəsində qalmışdı. Belə həssas məqamda “Aydınlıq” qəzetində geniş ictimaiyyətə tanış olmayan bir yazarın Məmməd Əmini tənqid edən yazısı çap olunur. Bəli, Mahir Nəbili Rəsulzadəni Almaniya faşizmi və onun lideri Hitlerlə əlaqədə ittiham edirdi. Mən tarixçi deyiləm və Mahirin nə qədər haqlı olduğunu deyə bilmərəm. Amma fakt faktlığında qalır...
“Xalq qəzeti” redaktorunun birinci müavini, bizim dostumuz, qardaşımız mərhum Məmməd Nazimoğlu da Mahir Nəbilini çox istəyirdi və qiymətləndirirdi. Böyük yaş fərqlərinə baxmayaraq yaxın dost, həm də “Əhmədli”də yaxın qonşu idilərər. Zarafatları vardı, Məmməd deyirdi, siz bunun boyda balacalığına baxmayın, başda hamımızdan böyükdür. Üzünə isə deyirdi ki, sən cəmi bir dəfə samballı yazı yazmısan, onu “Aydınlıq”da mən vermişəm, səni populyar etmişəm. Sənin ömründə bir vəzifən olub, onu da “Xalq qəzeti”ndə mən vermişəm, səni “redaktor” təyin etmişəm.
Məni Mahir Nəbili ilə tanış edən də Məmməd Nazimoğlu olub. Yaxşı yadımdadır, 1993-cü ilin sentyabrı idi. Məmmədlə “Elmlər Akademiyası”nda görüşdük, Nəşriyyata gedirdik. Həmin vaxtı Nazimoğlu “Aydınlıq”ın baş redaktoru, mən isə ştatdankənar siyasi icmalçısı idim. Məmməd dedi ki, Prezident müşavirlərindən birinə köməkçi lazımdır. Azərbaycanca, rusca yaxşı danışmalı və yazmalıdır. Sən uyğun gəlirsən, hər iki dili yaxşı bilirsən. Perspektivli işdir, maaşı da yüksəkdir. Elmlər Akademiyasının bağında fontanların yanında bir nəfər bizi haqladı. Məmmədlə isti görüşdü, mənə əl verdi. Boydan balaca, tökmərək oğlandı, hardasa bizlə yaşıd olardı. Məmməd bizi tanış etdi (bir-birimizin imzasını tanıyırdıq), yarımçıq qalan söhbəti davam etdirdi. Mahir dedi, ə, ağlınız olsun, bu təklifi mənə də ediblər, rədd etmişəm. Əvvəla, bu müşaviri mən şəxsən tanıyıram, onun qəzetində “yazıb-yaradıram”. Doğrudur çox savadlı, məlumatlıdır, amma elə o qədər də, murdar adamdır. Sən bunun köməkçisi olsan, səni minəcək, kabinetini də sənə təmizlətdirəcək, evinin bazarlığını da etdirəcək...
Mahir Nəbili əslən Qərbi Azərbaycandan, indiki Ermənistandandır. 1950-ci ildə anadan olmuşdu, amma ən azı 10 yaş cavan (mən də onu tay-tuş hesab etmişdim!) görünürdü. İndiki Slavyan Universitetini bitirmişdi, rusca, azərbaycanca təmiz bilirdi. Şişirtmədən demək olar ki, bu kişi Azərbaycanın ən savadlı jurnalistlərindən biri idi. Dəqiq elmlərdən humanitar sahələrə, Kosmosdan tarixə, ədəbiyyata kimi yaxşı bilirdi, bilmədiklərini öyrənirdi. Mahir gözəl redaktor idi, yazının ruhuna dəymədən, “ağzını-burnunu əymədən” düzəldə bilirdi. Mən “Xalq qəzeti”ndə onun rəhbərlik etdiyi “Siyasi orup”un üzvü olmuşam və buna yüz dəfə, min dəfə əmin olmuşam... Mahir Nəbili lakonik fikrin ustası idi, bir səhifədən artıq yazmazdı. Həmişə Karl Marksın Engelsə məşhur məktubunu xatırladardı: “Vaxtım az idi, ona görə də məktub belə uzun alındı”. Özü demiş “palaz-palaz” yazıları yazmağı bacarırdı, amma xoşlamırdı. Məmməd Əmin Rəsulsadə haqqında yazısını dedim. 2000-lərdə Azərbaycan prezidentləri – Heydər Əliyev, Əbülfəz Elçibəy və Ayaz Mütəllibov haqqında elə silsilə yazılar yazmışdı ki, indi siyasi jurnalistikaya dərslik ola bilərdi... Heyf ki, məndə yoxdur, saxlamamışam...
Mənə elə gəlir ki, bir yox, üç Mahir vardı. İndi desəm nağıldı, keçdi getdi, itdi batdı, dağıldı... Biri qələm adamıydı, olduqca savadlı və istedadlı. Qəzet onun stixiyası idi, səhər redaksiyaya gəlirdi, axşam evə getmək istəmirdi. Bütün günü yazırdı, pozurdu, oxuyurdu, redaktə edirdi. İkinci mübarizə adamıydı, aydın mövqeyi, məlum lideri. Ömrü boyu bunların yolunda qələmi ilə çarpışdı, bir addım geri çəkilmədi. Ölənə kimi bunların heç birinə xəyanət etmədi, mərd gəldi, mərd getdi... Bir də məclis adamı Mahir vardı, məclisdə suda balıq kimi canlanardı. Sağlıq deyib badə qaldırmağı, bala-bala vurmağı sevirdi. Allah məsləhət bilməsəydi, içkini heç yaratmazdı deyirdi. Yaxşı "Ruhani" oynamağı vardı. Meydandan hamını çıxarıb qırağa düzürdü, özü "Ruhani" sədaları altında süzürdü. Bizə baxmaq və əl çalmaq qalırdı. Şəhriyar demiş, elə bil "Bir sinema pərdəsirir gözümdə, tək oturub seyr edirəm özüm də"...
Rəhmətlik sağ olsaydı, bu yazını oxusaydı, adəti üzrə bığaltı gülümsərdi, gözlərini bərəldərdi, deyərdi: Ə, ağzına gələni danışma, get işinlə məşğul ol... Mən də işimlə məşğulam, qeyd etmək istəyirəm ki, Mahir Nəbilinin əsərləri, zəhməti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Həmkarımız 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adı alıb. 2018-ci ildə isə Azərbaycan Prezidentinin jurnalistlər üçün tikdirdiyi 2-ci binada (ölümündən sonra) mənzillə mükafatlandırılıb... Ruhu şad olsun...
Qalib ARİF
Rəhmətlik sağ olsaydı, bu yazını oxusaydı, adəti üzrə bığaltı gülümsərdi, gözlərini bərəldərdi, deyərdi: Ə, ağzına gələni danışma, get işinlə məşğul ol... Mən də işimlə məşğulam, qeyd etmək istəyirəm ki, Mahir Nəbilinin əsərləri, zəhməti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Həmkarımız 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adı alıb. 2018-ci ildə isə Azərbaycan Prezidentinin jurnalistlər üçün tikdirdiyi 2-ci binada (ölümündən sonra) mənzillə mükafatlandırılıb... Ruhu şad olsun...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий