(Pritça)
Günlərin bir günü bir kişi qocalıb əldən düşür, yuxuda cənabi Əzrayılı görür. İnsanla mələk arasında aşağıdakı dialoq olur:
-Allahın bəndəsi, sən Yer üzərində həyatını bitirməyə, Allahın dərgahına getməyə hazırsanmı?
-Bəli, cənabi Əzrayıl, mən Yer üzərində həyatımı başa vurmuşam və cənnətə getməyə hazıram...
-Sən nə bilirsən ki, Allah səni cəhənnəmə yox, məhz cənnətə göndərəcək?
-Mən bütün ömrüm boyu əziyyət çəkmişəm, dərd görmüşəm, xəyanət görmüşəm. Uşaq vaxtı məni həyətdə uşaqlar döyüb, təhqir edib, başıma min cür pislik gətirib, evdə valideyinlərim məni istəməyib, incidib, işlədib. Məktəbdə müəllimlər mənə əziyyət verib, qiymətimi kəsib, məktəb yoldaşlarım təhqir edib, gün verməyib. Məktəbi qurtarmışam, əsgər getmişəm, burda da məni döyüblər, işlədiblər, başıma min oyun gətiriblər. Əsgərlikdən gəlmişəm, evlənmişəm, arvadım məni sevməyib, hörmət etməyib, hətta xəyanət edib. Övladlarım məni saymayıb, adam yerinə qoymayıb, bir dəfə qulluğumda durmayıb. İşdə də məni daim incidiblər, pulumu verməyiblər, haqqımı yeyiblər...
Kişinin şikayətlərindən hətta Allahın mələyi də yorulur:
-Müxtəsər elə, məni gözləyənlər çoxdur...
-Sözümün canı odur ki, mənim bu dünyada insanlardan gördüyüm və cəkdiyim əzab-əziyyətlər hətta İsa Peyğəmbərin məhrumiyyətlərindən çoxdur. Odur ki, Allahın məni cənnətə göndərəcəyinə inamım böyükdür...
Allahın mələyinin kişiyə yazığı gəlir, ona güzəşt etmək istəyir:
-Yaxşı, sən sənə edilən bütün pislikləri bağışlaya bilərsənmi, özünün etdiyin bütün pisliklərin bağışlanması üçün Allaha dua edərsənmi?!
-Əvvəla, mən mənə pislik edənləri bağışlaya bilmərəm, mən onları Allaha həvalə edirəm. Sonra, mən özüm heç vaxt heç kimə pislik etməmişəm...
-Sən bilirsənmi ki, Allah Adəm Peygəmbəri Yer üzərinə göndərəndə nə demişdi? Demişdi ki, hər şey səndən başlayır. Yəni, sən yer üzərində yaxşılıq toxumu əkməlisən və bununla da bütün pisliklərin kökünü kəsməlisən. Deməli, ay insan, sən ömrün boyu çəkdiyin bütün əziyyətlər, başına gələn pisliklər üçün özün məsuliyyət daşıyırsan...
Şikayətçi yenə razılaşmır:
-Niyə, axı, mən heç kimə pislik etməmişəm, amma ömrüm boyu əziyyət çəkmişəm...
-İnsanın missiyası pislik etmək deyil, şər deyil - şər şeytan əməlidir. İnsanın missiyası yaxşılıq etməkdir, xeyirə xidmət etməkdir - xeyir Allahdan gəlir...
-Axı, mən ömrüm boyu - heç vaxt heç kimə pislik etməmişəm...
-Bəli, buna görə də, sən cəhənnəmə getmirsən. Amma sən ömründə heç kimə yaxşılıq da etməmisən, deməli cənnətə də düşə billməzsən...
-Bəs onda mən nə etməliyəm, hara getməliyəm?!
-Sən hələlik heç yerə getməli deyilsən, çünki hazır deyilsən. Uzun müddət cənnətlə cəhənnəm arasında bitərəf zonada - bu dünyada qalmalı, burnun yerə dəyincə həyatın yükünü dartmalısan. Pislik etsən, şər işlər görsən cəhənnəmə, yaxşılıq etsən, xeyir işlər görsən, Allahın rizası ilə cənnətə gedəcəksən...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий