среда, 8 июля 2020 г.

MƏNİM TANIDIĞIM JURNALİSTLƏR VII

Onun sərvəti onun şəxsiyyətidir...
                                     
Mənə elə gəlir ki, onu lap çoxdan, 145 ildir ki, tanıyıram, “Əkinçi” qəzetində bir yerdə işləmişik. Mən siyasi yazılar yazmışam, sözlə portretlər cızmışam, Ziyəddin də “Əkinçi” nin Qarabağ üzrə bölgə müxbiri ollub. Kənddən-kəsəkdən yazıb, zəhmət adamını göylərə qaldırıb. Arabir də  mənim əlimdən tutub,  darısqal, boğanaq kabinetlərdən zorla çıxarıb doğma Qarabağına – “qaravəlilər”in, şirin musiqinin, mərd kişilərin ovlağına aparıb. Siz məni qınamayın, Vallah mən qəzeti və Qarabağı Ziyəddinsiz təsəvvür edə bilmirəm... İstər Zərdabinin “Əkinçi”si olsun, istərsə də Mahalın “Xalq qəzeti”... İstər Qarabağın xanlıq dövrü olsun, istər Sovetlərin kolxoz dövrü, istər qanlı müharibə günləri olsun, istərsə də şanlı müstəqillik illəri...

Onunla 90-ların axırlarında “Xalq qəzeti”ndə tanış olmuşam, yaş fərqimizə baxmayaraq, yaxınlaşmışam, dostlaşmışam. Mən jurnalistikaya elmdən gəlmişdim, odur ki, rəhbərlik məni dəvət etsə də, həmkarlar qəbul etmirdilər. Mən də yalnız siyasi yazılar yazırdım, onların bostanına daş atmırdım. Qarşıdan Prezident Heydər Əliyevin 75 illik yubileyi gəlirdi. Günlərin bir günü qəzetin hörmətli bölgə müxbiri, “Əməkdar jurnalist” Ziyəddin Sultanov özü mənə yaxınlaşdı və ideyasını açıqladı. Vallah, özümü itirmişdim, nə deyəcəyimi bilmirdim. Həmkarım Azərbaycanın şimal rayonlarını gəzmək, Heydər Əliyevi şəxsən tanıyan məşhur əmək adamları ilə görüşmək istəyirdi. Biz İsmayıllıdan Şəkiyə, Balakənə kimi getməli, silsilə yazılar hazırlamalı idik. Ziyəddini yaxşı tanımasam da, böyük qardaş, peşəkar qələm adamı kimi sayğım vardı...

Onda Ziyəddin 50-ni haqlamışdı, artıq başının aranlarına qar yağırdı. Həmişə şıq geyinməyi sevirdi, hündür, viddi adamdı, türk kinolarının qəhrəmanlarını xatırladırdı. Şəkinin başçısı köhnə kişilərdən biri - Nəzir Əhmədov idi. Ziyəddini yaxşı tanıyırdı, hətta müvəqqəti istifadə üçün ağ “Niva” da vermişdi. Həmin maşınla Bakıdan İsmayıllıya getdik. İlk görüşümüz üzümçü, Sosialist Əməyi Qəhrəmanı bir ağbirçəklə oldu. Böyük insan haqqında xatirələrini bizə danışdı, hətta Heydər Əliyevin 80-lərdə İsmayıllı zəlzələsində rayona gəlməsini xatırladı. Sonra Şəkiyə, Qaxa, Zaqatalaya, Balakənə getdik. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Ziyəddin görüşdüyümüz rayon başçılarını da, əmək adamlarını da yaxşı tanıyırdı. Onu da hər yerdə doğma adam kimi qarşılayırdılar...

Yadımdadır, yalnız İsmayıllının məşhur “İvanovka” kəndində bizə soyuq münasibət oldu. Məlum olduğu kimi, Azərbaycanın hər yerində 96-dan başlayaraq, torpaqlar özəlləşdirilsə də, “İvanovka”da kolxoz qalırdı. Prezident Heydər Əliyev rus icmasının müraciətini diqqətə almış və bu kənddə kolxoz quruluşunu saxlamışdı. Dediyim kimi, burda bizi qarşılayan, qabağımıza çıxan olmadı. Ziyəddin tanıyırdı, kasıb kənd evinə oxşar, kürsülü  qonaq evinə getdik. Sonra babat bir bazarlıq etdik, səhərdən ayaq üstə idik. Ziyəddin əlimi cibimə salmağa qoymadı, arağı da, ərzağı da özü aldı. Bu, Ziyəddinin qızıl qaydalarından biridir, jurnalist məclisində, bir qayda olaraq, hesabı o, ödəyir...

Həmkarım gecə yarıya kimi mənə cəbhə xatirələrindən danışır... Yeri gəlmişkən, Ziyəddin Qarabağ müharibəsində bir jurnalist kimi, əvvəldən axıra iştirak edib, gördüklərini yazıb, oxuculara çatdırıb. ("Göylərdən gələn gəlin", "Güllələnmiş şəhər", "Qarabağ müharibəsi: faktlar…hadisələr düşüncələr..."  və s.) Fred Asifi, Allahverdi Bağırovu, Qatır Məmmədi şəxsən tanıyır. Beləliklə, gecəni birtəhər yola verdik, səhər üzü Şimala getdik... 

 Balakəndə məşhur ictimai-siyasi xadim Səfiyyə Dibirova onu öz oğlu kimi qəbul etdi və bizi əziz qonaq kimi evə dəvət etdi. Bütün görüşlərdə olduğu kimi, sualları Ziyəddin verirdi, mən qeydlər və əlavələr edirdim. Həmkarım ilk növbədə ağsaqqalların, ağbirçəklərin sosial həyatı və sağlamlıq durumu ilə maraqlanırdı. Qəhrəmanlarımız dövlətin diqqətindən razılıq edirdi, demək olar ki, hamısı təqaüd alırdı. Sonra mənim doğma yurdum Qaxa getdik. İxtisasca həkim olan rayon başçısı Xəyyam Məmmədov bizi çox isti qarşıladı. Biz onun qəbulunda olanda, maraqlı bi hadisə baş verdi...

Deməli, başçıya zəng gəldi və o, cavab verdi ki, mən indi Qaxda yoxam, Şamaxıda toydayam. Sonra bizə izah etdi ki, bu məlum şair-deputatdır, lap bizim atamızı yandırır. Hər il yay girəndə  yanında 2-3 nəfərlə rayona gəlir. Bizim də babat bir "Şəfa" sanatoriyamız, onun da bir "lyuks" nömrəsi var. Deməli, şair  göndərişsiz-filansız gəlir, bu nömrəni zəbt edir, yayın axırına kimi "istirahət edir". Hər axşam da yanındakılarla bir restoranda, yeməkxanada lövbər salır. Hesab-zad da vermir, deyir biz İcra başçısının qonağıyıq. Keçən il birtəhər yola vermişik, bu il yenə gəlmək istəyir... Nə isə, Qaxda əvvəl  çoban, sonra kolxoz sədri olmuş Təsən adlı (soyadını indi xatırlamıram - Q.A) qocaman bir qəhrəmanla görüşdük, söhbətləşdik. Bizə elə maraqlı xatirələr danışdı ki, şair-deputat yaddan çıxdı...

Nəhayət ayrılıq məqamına gəldik. Ziyəddin Qaxdan birbaşa Yevlağa, ordan da Qarabağa getmək istəyirdi. Ayrılanda məndən soruşdu ki, nə edəcəksən, Bakıya necə gedəcəksən? Mənim anam, ailəm Qaxda idi, dedim bu gün gecdir, səhər Bakı avtobusu ilə gedəcəyəm. Soruşdu ki, Qaxdan Bakıya “taksi” neçəyə aparır? Dedim Qaxdan yox, Şəkidən Bakıya aparır, 14-15 “şirvan” alır, mən həmişə avtobusla gedirəm. Əlini sakitcə cibinə saldı, 20 “şirvan” saydı, mənə uzatdı. Almadım – özünə də 20 “şirvan” saxlamışdı... Üzünə baxmaram dedi... Birinci dəfə Bakıya ailəliklə “taksi”də getdik. Anamın və nənəmin adını daşıyan balaca qızlar elə sevinirdilər ki...

 Hələ bu, harasıdır... Bizim “Şimal səfəri”dən sonra yaxın həmkarlarımdan birinə nə az, nə çox, 300 dollar lazım oldu. Bakının ətrafında, evlərinin yanında “3 sot” torpaq sahəsi satırdılar. Doğrudur, sənədləri yox idi, amma qırağı çəpərlənmişdi. Həmkarım da nəyin bahasına olursa-olsun, bu torpaq sahəsini almaq istəyirdi. Təbii ki, dolları yox idi, dərdini mənə dedi. Ayın axırını gözlədik, Ziyəddin bölgədən gələn kimi yanına getdik. Mən həmkarımın problemini dedim. Ziyəddin gülümsədi, dedi gələn ay mənim böyük qızımın toyudur, borc-xərc “cehiz pulu” tədarük etmişəm. Amma sizi də boş qaytarmaq istəmirəm. Sabah səhər gələrsiz... Görün, “papaq” altda necə kişilər yatır... Yaxşı yadımdadır, atam rəhmətə gedəndə də, birinci gələn, mənə təsəlli verən bu kişi idi...

Sonralar Ziyəddinlə bölgə səfərlərimiz çox oldu, onun original layihələrini birgə həyata keçirdik. Mən Cənub bölgəsinə müxbir gedəndə də, Ziyəddin böyük qardaş kimi tək buraxmadı, mənimlə bölgəyə getdi, rayon başçıları, ağsaqqalları ilə tanış etdi... Yeri gəlmişkən, əziz dostum, "jurnalistər içində ən yaxşı jurnalist, talışlar içində ən yaxşı talış" Əlsəfa Həsənovla da məni Ziyəddin Sultanov tanış edib. Bəli, onun adamlarla kompleksi olmadığı kimi, bölgələrlə də kompleksi yoxdur, Şimal, Cənub fərqi yoxdur, Azərbaycanın hər yeri ona doğmadır...

Və 2008-də yollarımız ayrıldı, mən “Xalq qəzeti”ndən getdim... Əlaqələrimiz isə qalır, köhnə jurnalistlər xeyirdə-şərdə bir-birini yada salır...

Deyirəm, Allah bizi ayırmasın, Ziyəddin harda olursa-olsun, canı sağ olsun... Qarşıda o qədər çıxılası dağlar, yazılası yazılar, çatılası arzular var ki...

Qalib ARİF







Комментариев нет:

Отправить комментарий