Həzrəti Peyğəmbər buyurur ki, dini, Vətəni uğrunda bir gün vuruşan insanın qazandığı savab ömür boyu namaz qılan, ibadət edən insanın qazandığı savabdan çoxdur. Sabah bütün həyatını inam, iman, müasir anlamda ideya uğrunda mübarizəyə həsr edən, bu yolda şəhid olan bir qəhrəmanın – İmam Hüseynin qətl günü, Aşura günüdür. İdeya uğrunda ölümə getmək hər kişinin işi deyil, İmam Hüseyn təbii ki, böyük şəxsiyyətdir. Onun qətlinin ildönümü hər il qeyd olunur və olunmalıdır. Çünki bu, müsəlman aləminin qəhrəmanlıq səlnaməsidir, müqəddəs ideya uğrunda ölümə gedən bir KİŞİnin hekayəsidir.
Mən ömrüm boyu dini xurafatdan uzaq olsam da, təbiətcə teist olmasam da, ateist də deyiləm. İnanclı biriyəm, Allaha inamı insanın vizit kartı hesab edirəm. Hətta bir az da dərinə gedirəm, deyirəm ki, şüurlu İNSAN Engelsin dediyi kimi əməyin yox, Allaha inamın bəhrəsi, yetirməsidir. Amma düşünürəm ki, inam da bütün ali dəyərlər kimi dərk olunan bir zərurətdir, dərk olunan inam insanı müdrikliyə gətirdiyi kimi, dərk olunmayan inam da köləliyə aparır.
Bizim Qarabağ müharibəsi də yalnız torpaq uğrunda deyildi, bu, inam, iman uğrunda, müqəddəs ideya uğrunda bir müharibə idi. Bu müharibədə bizim İmam Hüseyn kimi neçə qəhrəmanımız olub, din, Vətən uğrunda şəhid olub. Axı, ideya uğrunda ölümə gedən Asif Məhərrəmov, Vəzir Orucov, Mübariz İbrahimov da İmam Hüseyn məktəbidir, qəhrəmanlıq səlnaməsidir. Bu kişilər də faktiki olaraq, bizim imamlardır, şəhidlik sınağından keçib müqəddəslik zirvəsinə ucalan insanlardır. Amma biz onları hər gün, hər ay, heç olmasa, ildə bir dəfə - qətl günlərində yad edirikmi, edə bilirikmi, elliklə qəbrləri üstünə gedirikmi?! Niyə getmirik, niyə yad etmirik?
Dostlar, bu suallar ağırdır, cavabı bir adamın işi deyil, gəlin elliklə axtaraq...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий