пятница, 21 августа 2020 г.

ON İL DAVAM EDƏN DAVA

“Gənclik illəri” silsiləsindən


Mən ildə bir dəfə, yay tətilində Bakıdan Qaxa gedirdim. Türklər demiş, kəndimə gəlirdim. Hardasa 5-də, 6-da oxuyurduq, hər gün dağ çayında çimir, farel tuturduq. Mən şəhər uşağı olsam da, dağ çayında balıq tuta bilirdim, kiçik əmim Rəhimdən  öyrənmişdim. Suyu qaytarırdıq, çayın axarını boşaldırdıq. Daşların arasından xallı balıqları əllə dartıb çıxarırdıq, ilan-çiyana baxmırdıq. Xam olsam da, gün ərzində 3-4 balıq çıxarırdım. Yuxarı məhəllədən Əmrullah dərhal gəlib başımızın üstünü kəsdirirdi, hərədən 1-2 balıq istəyirdi...


Əmrullah mənimlə tay-tuş idi, kənddə lotuluq edirdi, amma mənə gələndə ilişirdi. Mən balıq vermirdim, tutaşırdıq. Zorla almaq istəyirdi, dalaşırdıq. Əgər xoşluqla istəsəydi, xahiş etsəydi, Vallah, hamısını verərdim. Amma bunun bir damcı siyasəti yox idi, rus reketi kimi zorla almaq istəyirdi. Mən də bir az çətin adamam, xoşluqla vermədiyimi zorla vermərəm, ölsəm də də vermərəm... Kişi kimi demək lazımdır ki, davada ağzım-burnum qanayırdı, amma mən bir addım da geri çəkilmirdim. Arada bir-ikisi də rəqibimə dəyirdi, qanı qanla yuyurduq... 


Mən artıq 8-i bitirmişdim,  yay tətilinə gəlmişdim. Kənddə toy gedirdi, aşağı məhəllənin qızı yuxarı məhəlləyə gəlin gedirdi. Aşağı məhəllədə lotu mən idim, yuxarı məhəlllədə Əmrullah. Mən ortaboylu adamam, 1.70-dən az yuxarı olaram. Əmrullah boylu-buxunlu oğlandı, hardasa 1.80 olardı. Biz əvvəlcədən gəlin qapısının arxasını kəsmişdik, şirinlik almaq istəyirdik. Bütün yazılmış və yazılmamış qanunlara görə, şirinlik bizə- aşağı məhəlləyə düşürdü. Amma qanuna baxan kimdir, Əmrullah qabağa çıxdı, yanımdakı uşaqlar dağılışdı. Mən tək qaldım, amma qaçmadım. Tutaşdıq, xeyli süpürləşdik, güc qalib gəldi... Şirinlik əldən getdi...


1980-lərin əvvəlləri idi, Qanlı Yanvara neçə illər qalırdı. Artıq Universiteti qurtarırdım, orduda zabit kimi xidmət etməyə hazırlaşırdım. Kənddə mənim bibioğlumun toyu idi, atam dəvətliydi. Arif müəllimin yerinə mən getmişdim, əziz bibimin xeyir işində iştirak edirdim. Bibimgil yuxarı məhəllədə yaşayırdı. Məni sevinclə qarşıladılar, boynuma qırmızı kəlağay bağladılar. Soldaş oldum, gəlinin cehizini qarşıladım. Kuzalı maşında cehizin üstündə Əmrullah gəlmişdi, qız tərəfin qohumlarından idi. Cehizi boşaltmağa 50 manat şirinlik istədi, mən 25 təklif etdim, sözümüz çəpləşdi. Deyəsən, kefi yuxarı idi, ağzına gələni dedi. Amma davanı sonraya saxladıq, cavanlarla cehizi boşaltdıq. 


Əmrullahla kənddən çaya tərəf bir xeyli usaqlaşdıq. Boyumuz da, iddialarımız da həmin nisbətdə idi. Mən dediyim kimi, şəhər uşağı idim, küçə davalarında bişmişdim. Amma çəki kateqoriyası öz sözünü deyirdi, burda qələbə mənim deyildi, biclik lazım idi. Çaya düşən yolda mən yuxarı tərəfdə durdum, rəqibimi aşağıda buraxdım. Avar kimi uzun qolunu fırlatmağa, yumruq atmağa imkan vermədim, kəllə ilə çənəsindən vurub aşırdım. Rəqibim qaratikan çəpərinin üstünə yıxıldı, mən üstdə, daha əlverişli vəziyyətdə qaldım. Qaratikan kolları onu çaşdırdı, amma dərhal özünü ələ aldı, sol əlini ağzıma soxdu, sağ əli ilə “aşağılar”dan yapışdı. Bir an da keçsə, məni qaldırıb aşağı, dərəyə tullayacaqdı...


Mən həmin anın keçməyinə imkan vermədim, ağzıma soxduğu barmaqlarını sümüyə kimi dişlədim. Rəqibim yaralı heyvan kimi bağırdı, əlləri boşaldı. Mən vurmağa başladım... Dayanmırdım, 10 ilin heyfini alırdım... Bağırtıya yuxarı məhlədən cavanlar gəldi, hamısı bunun qohumları idi. Arada mənə bir-ikisi dəydi, amma qaranlıqdan istifadə edib aşağı tullandım, dərələrlə toy evinə yollandım. Toy evində artıq hadisəni bilirdilər. Mən tez aşağıda əl-üzümü yudum, bibiqızların təkidi ilə yuxarı qonaq otağına qalxdım. Elə bu zaman toy həyətində tüfəng atıldı...


Əmrullahın xalası oğlanları idi, məni axtarırdılar. İndi dəqiq yadımdan çıxıb, 3-4 adamdılar. Əlində tüfəng olan bizimlə tay-tuş olardı, adı səhv etmirəmsə, Behmandı. Aşağıda, evin eyvanının altında dayanmışdı. Deyəsən içkili idi, ağzına gələni deyirdi. Ana söyüşü söyəndə dözmədim, eyvana çıxıb onun üstünə tullandım. Hərif yıxıldı, tüfəngi əlindən çıxdı, ağız-burnunun qanı bir-birinə qarışdı. Bizimkilər məni zorla araladılar, Behmanı yerdən qaldırdılar. Daha üstümə gəlmirdi, amma ağzını dağıtmaqda davam edirdi. Tüfəngi kəndin sahə müvəkkili götürmüşdü, amma davaya nüdaxilə etmirdi. Mən artıq özümə gəlmişdim, toya dava saldığım üçün xəcalət çəkirdim.


Qaxa gedən QAZ-66 (dağ kəndlərinə işləyirdi) səhər saat 8-də çıxırdı. Mən 15-20 dəqiqə əvvəl evdən çıxdım, təzəbəyi məni ötürməyə qoymadım. Yuxarı məhəllə idi, Əmrullah xaloğlanları ilə yolu kəsmişdi. Mən düz onların üstünə getdim, özlərini itirdilər, geri çəkildilər. Əmrullahın üz-gözü dağılmışdı, anası görsə tanımazdı. Dərhal üstümə atıldı, avar kimi uzun qolunu fırlatdı. Mən hazır idim, cəld geri sıçraya bildim. Xaloğlanlar mənu mühasirəyə aldılar. Bu zaman adamın bağrını yaran bir bağırtı eşidildi. Rəqiblərim qorxdular, qaçıb dağılışdılar. Kiçik əmim Rəhimdi, əlində lomla qaça-qaça gəlmişdi. Nəfəsini dərmədən soruşdu “udar səni tutdumu?!”, sonra  cavab gözləmədən əlavə etdi ki, “dünən “piyan” olmuşam, bilməmişəm, səhər eşitmişəm”... 

Mən kövrəlmişdim, göz yaşlarımı saxlaya bilmirdim...


Qalib ARİF




 


Комментариев нет:

Отправить комментарий