вторник, 11 августа 2020 г.

ŞƏRƏFZİSLİK ETALONU

 

Bilənlər bilir, bilməyənlərin də nəzərinə çatdırım ki, dünyada bütün fiziki ölçü vahidlərinin etalonları mıvcuddur. Məsələn, çəki etalonu (kiloqram) Parisdə, təzyiqin və tempraturun ideal olduğu şəraitdə saxlanılır. Eyni sözləri məsafə (metr), istilik (dərəcə Selsi), təzyiq (civə sütunu) etalonları haqqında da demək olar.

 

Fikrimcə, indiki mürəkkəb siyasi-ictimai şəraitdə Azərbaycan cəmiyyətində fiziki etalonlarla yanaşı, mənəvi etalonlara da ehtiyac var. Məsələn, qəhrəmanlıq etalonu, qorxaqlıq etalonu, yaltaqlıq etalonu,  şərəfsizlik etalonu və s. Birinciyə mən bizim Xalq qəhrəmanı Mübariz İbrahimovun namizədliyini irəli sürürəm və düşünürəm ki, dostlar yekdilliklə dəstəkləyər. Qorxaqlığa və yaltaqlığa gəlincə, bunların sayı bizim cəmiyyətdə o qədər çoxdur ki, konkret namizəd göstərməkdə çətinlik çəkirəm və bu işi dostlara həvalə edirəm. Axırıncı – şərəfsizlik etalonunu isə müzakirə etmək niyyətindəyəm.

 

Dahi Marks buyurur ki, tənqid edə bilmədiklərini tərif etmək ən böyük şərəfsizlikdir. Başqa bir filosof qeyd edir ki, Vətəninə, digəri deyir ki, öz mövqeyinə xəyanət edənlər ən böyük şərəfsizlərdir. Hesab edirəm ki, şərəfsizlik etalonu axtarışında bu kriteriyaların üçündən də istifadə edilməlidir. Amma burda mövqeni dəyişməklə, mıvqeyə xəyanət etməyi ayırmaq lazımdır. Aydındır ki, mövqeni dəyişmək normaldır və bəzən hətta qaçılmazdır. Filosof da deyir ki, bir ölülər bir də dəlilər mıvqelərini heç zaman dəyişmirlər. Mövqeyə xəyanət etmək isə ən böyük şərəfsizlikdir və faktiki olaraq, şərəfsizlik etalonunu təyin edir.

 

Məmnuniyyətlə vurğulamaq istərdim ki, bizim cəmiyyətdə şərəfli adamlar, yəni hansı çətinliyə düşməsindən və cınaq keçməsindən asılı olmayaraq, mövqeyinə xəyanət etməyən adamlar kifayət qədərdir. Burda hətta ad çəkməmək də günahdır. Uzağa getmək istəmirəm, elə öz həmkarlarımızdan, qələm adamlarından danışaq. Allah rəhmət eləsin, cəbhəçi Həsən Kərimov vardı, istər böyük vəzifədə işləyəndə, istərsə də müxalifətçilik edəndə, öz mövqeyinə - Elçibəyə sadiq qaldı. Eyni fikirləri YAP-çı, yazıçı Xeyrəddin Qoca haqqında da demək olar. Deputat, diplomat olanda da, evdə işsiz qalanda da bu adam öz mövqeyinə sadiqdir – Heydər Əliyev siyasətini dəstəkləyir.

 

Konkret şərəfsizlik etalonuna gəlincə, yenə uzağa getmək istəmirəm, öz həmkarlarımızdan seçmək istəyirəm. Şükr Allaha, qələm adamları arasında şərəfli insanlar çoxluq təşkil etdiyi kimi, şərəfsizlər də kifayət qədərdir. Hətta şərəfsizlik etalonu adı daşımağa, “Parisdə, təzyiqin və tempraturun ideal olduğu şəraitdə” saxlanmağa layiq olanlar da var. Məlum səbəblərdən ad çəkmək istəmirəm, amma realda və haqqın yanında olanların adı məlumdur. Cəmiyyətdə hamının tanıdığı və sosial şəbəkələrdə hamının söydüyü iki “zurnalist” var, hər dəfə dəyişən cəbhələrindən asılı olmayaraq, daim siyasi şantajla məşguldurlar. Birincini tele-killer, o birini isə media-killer kimi təqdim etmək olar. Bunlar hərəsi bir quruma “rəhbərlik” edir, daim tənqid edə bilmədiklərini tərif edir, mövqelərini köynək kimi hər mövsümdə dəyişir. Bir qalır Vətən, onu da lazım gəlsə, əgər babat pul verən olsa, yəqin satarlar... Bəli, peşəsinə və mövqeyinə xəyanət edənlərin Vətənə xəyanət etməsi, sadəcə olaraq, vaxt məsələsidir...

 

Hesab edirəm ki, şərəfsizlik etalonunu məhs bu iki nəfərin arasından seçmək lazımdır. Amma son söz yenə də hörmətli dostlarındır...

 

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий