Narkotiklər
Narkotiklər qədim, hətta çox qədim tarixə malikdir, min illər uyuşdurucu,
ağrıkəsici dərmanlar kimi işlənmişdir. İnsana təsir qüvvəsinə görə, ağır və
yüngül növlərə bölünür. İstifadəçilər əvvəl yüngül narkotiklərdən istifadə
edir, yavaş-yavaş ağır narkotiklərə keçir və aludəçiyə çevrilirlər. Birincilər
narkotiklərdən yeri gələndə istifadə edənlər, ikincilər isə gündəlik vərdiş
edənlərdir. Məhz ikincilər narkoman adlanır və onlar haqqında deyilir ki,
keçmiş norkaman olmur. Qeyd etmək lazımdır ki, narkotiklərdən mütəmadi istifadə
gec-tez ağ ciyərin vərəmi, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa,
narkotiklərin cinsi aktivliyi aşağı salması və sonsuzluq yaratması da sübut
olunmuşdur.
Xalq arasında həşiş, anaşa kimi tanınan, ədəbi dildə isə marixuana adlanan
narkotik yüngül hesab edilir. Bəzi qərb ölkələrində bu narkotikin istifadəsinə
(tütünə qatılıb çəkilməsinə) rəsmi icazə də verilir. Marixuana çətənə
bitkisinin yarpaqlarından və qətranından hazırlanır. Tünd qonur, qəhvəyi rəngli
plastik maddədir, ürək döyüntülərinin, nəfəs almanın sayını artırır, göz
damarlarını şişdirir. Buna görə də, aludəçilərin - həşiş çəkənlərin gözləri
şişmiş və qızarmış olur. Bütün narkotiklər kimi, marixuana da insanlara
müxtəlif cür təsir edir, eyni dozadan biri hönkürüb ağlayır, o biri gülməkdən
qəşş edir, üçüncüsü qorxusundan qaçıb gizlənir, dördüncüsü isə vəhşiləşir,
ətrafdakılara hücum edir.
Marixuananın tərkibində çoxlu zəhərli və zərərli maddələr var, onun qətranı
xüsusilə toksiki (zəhərli) hesab olunur. Mütəxəssislərin fikrincə, marixuana
tütündən 8 dəfə artıq toksikidir. Marixuana ağır narkotik sayılmasa da, ağır
narkotiklərə körpü sayılır, yəni heroin, kokain istifadəçisi, bir qayda olaraq,
həşişdən başlayır.
Heroin opiatlar qrupuna daxil olan ağır narkotikdir. Opium xaş-xaşından hazırlanır.
Hazır halda ağ, boz, qəhvəyi, sarı və çəhrayı rənglərdə tozdur. Görünüşdə və
təmasda yuyucu tozu xatırladır. Elə buna görə də narkodilerlər heroini yuyucu
tozla, bəzən qənd tozu, hətta unla qarışdırırlar. Heroin müvəqqəti eyforiya
(dünyanı vecinə almamaq) effekti yaradır, qorxu və həyəcan yox olur. Ürək
döyüntülərinin, nəfəsalmaların sayı azalır, beyində tormozlanma yaranır. İnsan
taqətsizləşir, seksual aktivlik zəifləyir. Ürək bulanması, nəfəsin ağırlaşması
başlayır. Heroin mayeylə qarışdırılıb («bişirmə» deyirlər) şprislə birbaşa
venaya vurulduğundan, aludəçilərdə qolun və qıçın büküklərində, iynənin
yerlərində irinləmə müşahidə olunur.
Venaya vurulan bütün narkotiklər kimi heroin də qanın zəhərlənməsinə,
istifadəçinin hepatit, serroz, sepsis (hətta sifilis) kimi xəstəliklərlə
yoluxmasına şərait yaradır. Heroin nəfəs sisteminə ağır təsir edir, vərəmi
qaçılmaz edir. Ümumiyyətlə, mütəmadi heroin qəbul edənlərin - aludəçilərin ömrü
10 ilə qədər davam edir. İlk dozanı qəbul etmə, istifadəçidən aludəçiyə
çevrilmə prosesi 6 aydan bir ilə kimi çəkir. Qalan 8-10 ili isə narkoman artıq
bitki kimi - iynədən iynəyə «yaşayır».
Kokain koka (Erythroxlon koka) bitkisinin yarpaqlarından hazırlanan yarım
sintetik ağır narkotik maddədir. Hazır halda ağ, boz, sarı, çəhrayı çalarlı
tozdur. Kokain də eyforiya (dünyanı vecinə almamaq) hissini artırır, əvvəlcə
adamın əhval-ruhiyyəsi də yaxşılaşır. Problemlər isə sonra başlayır.
Aludəçilərdə ilk növbədə aritmiya (ürəyin «fasilə» ilə vurması) başlayır, bəzən
ürək qəflətən dayanır. Ürək möhkəm olduqda isə «kokain psixozu» (psixikanın
pozulması) yaranır. «Kokain psixoz»u təhlükə hissi, qorxu, qarabasmalarla -
dəhşətli görüntülər və əcaib səslərlə xarakterikdir. Bütün bunlar dəhşətli,
qeyri-adi qaşınma ilə müşayət olunur, insana elə gəlir ki, dərisinin altında
dəstə ilə qarışqa gəzir. Bu dəhşətli hallar təbii ki, narkoman növbəti kokain
dozasını qəbul etdikdə müvəqqəti keçir. Xəstə müalicə olunmadıqda, kokain
asılılığının daha ağır - epilepsiya dövrü başlayır. Vaxtı gələndə, xəstə doza
qəbul etməyəndə, qıcolmalarla müşayət olunan epilepsiyalar başlayır.
Qeyd etmək lazımdır ki, kakoin öz narkogenliyinə - insanı asılı vəziyyətə
gətirməsinə, görə heroindən güclü narkotikdir. Xəstələr 5-7 il bitki kimi,
iynədən iynəyə yaşayır. Bəzən bu «bitki ömrü» də beyinə qan sızması, yaxud da
ürəyin qəflətən dayanması nəticəsində qırılır.
LSD sintetik tərkibli ağır narkotikdir, çox təsirli və toksiki (zəhərli)
hallyusinogen (hallyusinasiya, qarabasma yaradan) hesab olunur. LSD əsasən
bəzəkli marka, rəngli lakmus kağızı şəklində buraxılır. Narkotik əvvəl güclü
eyforiya hissi yaradır, sonra bu, eyni dərəcədə güclü qorxu hissi ilə əvəz
olunur. Narkomana elə gəlir ki, ətrafdakılar birdən-birə aqressivləşir və hamı
ona hücum edir. Sonra yenidən eyforiya yaranır, xəstənin vəziyyəti yaxşılaşır,
o, hamı ilə danışıb gülməyə çalışır. Emosional vəziyyətlərin bu cür dəyişməsi -
yüksəliş və depressiyalar bir neçə dəfə təkrar oluna bilər. Bu hallar qorxulu
qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə müşayət olunur.
Qeyd etmək lazımdır ki, LSD-nin təsirini proqnozlaşdırmaq qətiyyən mümkün
deyil. Eyni dozadan bir adamın əhval-ruhiyyəsi yaxşılaşa, o biri ən ağır
depressiyaya məruz qala bilər. Bu zaman narkoman çox təhlükəli olur,
ətrafdakılara və özünə hər cür xəsarət yetirə bilər. LSD aludəçiləri narkotikin
qəbulunu dayandırmaq istəsələr də, qarabasmalar uzun müddət davam edir. Buna
görə də, bu narkotikdən müalicə olunmaq daha çətindir. Anadangəlmə qüsurlu
uşaqların doğulması və psixi pozuntuların yayılması sahəsində də LSD
aludəçiləri birinci yerdədirlər. Yeri gəlmişkən, LSD aludəçiləri heroin və
kakoin xəstələrindən daha çox, amma ruhi xəstəxanalarda yaşayırlar.
Alkoqol
Alkoqollu içkilərin də tarixi qədimdir, az qala
insanın tarixi qədərdir. Ümumi adı şərabdır. Şərab da bir növ narkotikdir,
ağırı və yüngülü, istifadəçiləri və aludəçiləri olur. İstifadəçilər yavaş-yavaş
aludəçiyə çevrilir. Aludəçilərə xalq arasında «alkoqolik» də deyilir. Alkoqolu
tərgitmək narkotiki tərgitmək qədər çətindir, amma keçmiş alkoqoliklər olur.
Qeyd etmək lazımdır ki, alkoqoldan mütəmadi istifadə gec-tez ürək çatışmazlığı,
miokardın infarktı, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa,
alkoqolun cinsi aktivliyi aşağı salmaq və sonsuzluq yaratmaq təhlükəsi də
mövcuddur.
Bir qayda olaraq, insan (söhbət normal insanlardan gedir) həyatda öz yerini
tapmayanda, ya da tale ona zərbə vuranda alkoqola üz tutur. İnsanlar şərabla
tanışlığa ayıq başla, ondan istifadə edəcəklərinə, dərdlərinə əlac edəcəklərinə
daxili bir inamla gedirlər. Onlarda şəraba qarşı andangəlmə həvəs olmur, əslən
alkoqolik olmurlar. Bu, onlarda irsən keçən yox, necə deyərlər, sonradan
qazanılan xəstəlikdir. Əvvəllər şərabdan dərman kimi iyrənirlər, hətta ona
nifrət edirlər. Yeni başlayanda hamısı deyir ki, araqdan dərman dadı qəlir. İlk
vaxtlar bu dərmanı içmək istəmirlər, az qala özlərini zorlayıb içirlər. Hər
dəfə içəndə xəstələnirlər, elə bil ki, zəhərlənirlər. Əvvəllər xəstəlik
günlərlə çəkir, özünü pis hiss edirsən, hər gün içə bilmirsən. Sonra
yavaş-yavaş öyrəşirsən, getdikcə daha çox içirsən və gündəlik normaya keçirsən.
İlk dövrrlərdə alkoqol insanın başına vursa da, bədəninə təsir etmir, şərab adi
bir şeyə çevrilir. Yəni nə qədər içsən də özünü idarə edə bilirsən, harda
içsən, özün durub evə gedirsən. Öz-özünə öyünürsən ki, içkiyə öyrəşmirsən,
istəyəndə içirsən, istəməyəndə içmirsən. Amma bu, tələdir, şərabın səninüçün,
yüzlərlə sənin kimi qurbanlar üçün qurduğu tələdir - o, səni uçuruma doğru
itələyir. Amma sən hələ geri qayıda bilərsən, özündə iradə tapsan, bu bəladan
qurtara bilərsən. Alkoqola öyrəşmək üçün illər, aludəçisi olmaq üçün isə on
illər lazım gəlir. Həyat isə qısadır. İllər keçir, on illər keçir, şərabın
təsirindən ürək-damar xəstəliklərinə tutulmasan, ya başqa bir sağalmaz xəstəlik
tapmasan, alkoqoldan asılı vəziyyətə düşürsən. Bir də görürsən başın, bədənin,
bütün orqanizmin şərab tələb edir. İçməyəndə yeyə bilmirsən, işləyə bilmirsən,
qanın qaralır, başın fırlanır, bütün bədənin od tutub yanır, hətta əlin-ayağın
əsməyə başlayır. Artıq geriyə yol yoxdur… Artıq şərabı tələbat kimi, dərman
kimi içməyə başlayırsan (artıq uçurumun qarşısındasan!), yenə aldanırsan, güman
edirsən ki, alkoqol sənə kömək edir. Amma o, səni uçurumdan aşağı itələyir…
Aşağıda isə hamıya məlum olan, el arasında «alkaş», «alkaqolik» (şərabdan üzvi
surətdə asılı olan, bu bəladan qurtarmaq iqtidarında olmayan adama deyilir)
adlanan həmin məxluqlardır ki, başlarındakı və bəxtlərindəki boşluğu şərabla
doldurmaq istəyirlər. Onlar evdən yalnız iki fikirlə çıxırlar: harada içmək və kiminlə
yatmaq. İkincini hər deyəndə tapmasalar da, birincini həmən tapırlar, çünki nə
olsa, harda olsa içirlər. Yaşa dolduqca, «kiminlə yatmaq» problemi tamamilə
aradan çıxır. Şərab sözün əsl mənasında, onları həyata səsləyən yeganə stimula
çevrilir. Ayıq vaxtı da sərxoş kimi səndələyirlər, ayaqlarını gen qoyub, matros
kimi yellənə-yellənə gəzirlər. İçəndən sonra isə onları evin dalında,
pilləkannın altında, hətta gölməçənin içində axtarmaq lazımdır. Bunlar
karikaturaçı rəssamlara geniş material verən həmin ikiayaqlı məxluqlardır.
Nikotin
Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam nikotinin təsirindən vaxtsız dünyasını dəyişir. Nikotin isə tütünün tərkibində olan yüzlərlə ziyanlı maddədən yalnız biridir, olsun ki, birincisidir. Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək-damar və və onkoloji xəstəliklərin digər formalarının yaranmasına gətirib çıxarır. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mə’dəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəicəsində əmələ gəlir. Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında qalır.
İnsanlar siqareti çəkməyə başlayan kimi, onun mənfi tə’sirlərinə məruz qalır, siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin kokain və alkoqol qədər güclü tə’sirə malikdir və eyni sürətlə asılılıq yaradır. Siqaret çəkənlərin çoxu onun ziyanlı tə’sirindən xəbərdardır. Lakin siqareti tərgitmək asan deyil, birdəfəlik atmaq isə çətin məsələdir. Mütəxəssislər hesab edir ki, gündə 3-4 qutu siqaret çəkən adamın bu ziyanlı vərdişi dərhal tərgitməyi mümkün deyil. Odur ki, gündəlik normannı azaltmaq və bir qutu səviyyəsinə çatdırmaq lazımdır. Yalnız bundan sonra siqareti tam atmaqdan danışmaq olar. Amma bəziləri bunu edə bilmir və gündə bir neçə siqaret çəkməkdə davam edir. Digərləri tərkibində nikotinin az olduğu, ya da nanəli (mentollu) siqaret çəkir. Amma nanəli siqaretin zərəri adi siqaretdən daha çoxdur. Çünki sərinləşdirici tə’sirə malik olduğu üçün adamlar mentolu ağızlarında və ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən daha təhlükəlidir. Ekspertlərin ümumi fikrinə görə siz siqareti tam atmaqla ömrünüzü uzada bilərsiniz. Bu zaman özünüzü daha yaxşı hiss edəcək, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir.
Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edilir. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik ampulanı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan maddələri çeynəyə də bilərlər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bə’zən stres keçridiklərini deyir. Bə’zi adamlarda bu, baş və mədə ağrıları ilə müşayət olunur. Amma hər şey sizin psixoloji hazırlıqdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, cəsarətli olun və bu gün siqaret atın, sabaha qoymayın. Nikotinin bir daha həyatınıza hakim olmayacağınıza özünüzü inandırın. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki-üç dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Doğrudur, bir-iki həftə çətin olacaq, amma bir aydan sonra asanlaşacaq və siz siqareti tamamilə atmış olacaqsınız.
Sair ziyanlı vərdişlər
Təəssüf ki, ziyanlı vərdişlər yuxarıda sadalanlarla qurtarmır. İnsanda asılılıq yaradan ziyanlı vərdişlərin sırasına seksual asılılıq, internet asılılığı, bazarlıq asılılığı, adrinalin asılılığı və s. daxildir. Növbəti qeydlərimizdə ziyanlı vərdişlərin bu növlərindən danışmağa və onlardan can qurtarmağın yollarını araşdırmağa çalışacağıq.
Ardı olacaq…
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий