Yəqin diqqət etmisiz, bizim mətbuatda cinayətkar avtoritetlərə diqqət həddindən artıq yüksəkdir, onlar haqqında mütəmadi xəbərlər verilir, silsilə yazılar dərc edilir. Əslində qanun oğrusu olan bu adamlara hətta mətbuatda qanuni oğrular deyilir. Sanki bir dəstə müxbir bu oğruların dalınca gəzir, çalışır ki, onların dediyi bir “qiymətli” söz də diqqətdən kənarda qalmasın, mətbuat səhifələrində yer alsın, başa çıxarılsın. Əvvəllər Rövşən Lənkəranskidən yazırdılar, onun adını başlığa çıxarırdılar: “Lənkəranski Rusiyada “göyərti kralı” oldu, İtaliyada yüz milyonluq biznes qurdu”,” “Lənkəranski Ukraynadan gəldi, Dubaya getdi, Dubaydan İstanbula səfər getdi”, “Bakıda milyonerlər məhəlləsində villa aldı, Neon şadlıq sarayına sahib oldu” və sair və ilaxır. Cinayətkar avtoritet 2016-cı ildə Türkiyədə qətlə yetirildikdən sonra bizim həmkarlar onun yaxasından əl çəkdilər. Amma “müqəddəs yer boş qalmaz” deyirlər, diqqəti başqa bir qanun oğrusuna yönəltdilər: “Lotu Quli azadlığa buraxıldı”, “Lotu Quli Gürcüstana getdi”, “Quli Türkiyəyə səfər etdi, İstambulda türkiyəli avtoritetlərlə şəkil çəkdirdi”, “Rusiyada göyərti bazarlarını ələ aldı, milyonlarını artırdı”, “Dubaya getdi, oğrularla internet-müşavirə keçirdi” və s... Lotu Quli Türkiyədə (?!) qətlə yetirildikdən sonra da bizim həmkarlar onun yaxasından əl çəkmirlər. Onun ölüm xəbəri hətta bizim məmurların “pandemiyada toy” xəbərlərini də üstələyir...
Bu məsələ ilə əlaqəli rus saytlarını vərəqləyirdim, maraqlı bir statistikaya rast gəldim. Deməli bir şəhərdə bir qanun oğrusu varsa, təcridxanadadırsa, həmin şəhərdə mülkiyyət əleyhinə olan cinayətlər bir neçə dəfə, şəxsiyyət əleyhinə olan cinayətlər isə ən azı iki dəfə artır. Əgər həmin qanun oğrusu azadlıqdadırsa, cinayətlərin sayı dəfələrlə artır, artıq kriminal durumun nəzarətdən çıxmaq, əmin-amanlığın pozulmaq təhlükəsi yaranır. Ağıllı adamlar nahaq yerə demirlər ki, oğru türmədə olmalıdır. Axı, bir az cəsarətli olsaq, hər şeyi öz adı ilə çağırsaq, bu adamlar, faktiki olaraq, cəmiyyətin düşmənləridir, bir nömrəli düşmənləridir. Axı, onların qamarladığı milyonlar oğurluqdur, haramdır, cəmiyyətin - mənim, sənin - halal insanların malıdır.
Bəli, bizim mətbuat əsl qəhrəmanları yaddan çıxarır, bilərəkdən, ya bilməyərəkdən cəmiyyətin düşmənlərini populyarlaşdırır, onları cəmiyyətə az qala qəhrəman obrazında təqdim edir. Şübhəsiz ki, mətbuatda qanun oğruları, cinayətkar avtoritetlər haqqında da məlumatlar getməlidir, amma üç tipli verilməlidir: “həbs edildi”, “həbsdən azad edildi”, “həyatını itirdi”. Vəssalam. Mətbuat cinayətkar aləmin, onun liderlərinin vəkili deyil və onların reklamı ilə məşğul olmamalıdır. Mətbuat cəmiyyətin vəkilidir və cəmiyyətdən gələn sosial sifarişlərin reklamı ilə məşgul olmalıdır. Mətbuatın cəmiyyətə təsiri böyükdür, mətbuat ictimai fikrə təsir etmək, ogrunu da, doğrunu da populyar etmək gücünə malikdir. Oğruların populyar olduğu cəmiyyətdə isə, uşaqlar kosmonavt olmaq, milli qəhrəman səviyyəsinə ucalmaq yox, qanun oğrusu adı almaq arzusu ilə yaşayırlar... Qonşu Gürcüstanın nümunəsi göz önündədir... Bizdə də vəziyyət yaxşı deyildir, məhz bizim mətbuatın (daha doğrusu, bəzi həmkarlarımızın) səylərinini nəticəsidir ki, bizim gənclər Vəzir Orucov, Asif Məhərrəmov, Mübariz İbrahimov kimi qəhrəmanlardan xəbərsizdirlər, hətta bəziləri şəhid general Polad Həşimov haqqında məlumatlı deyillər, amma Rövşən Lənkəranskinin, Lotu Qulinin adını əzbər bilirlər. İndi mən deməyim, siz deyin görək, onlar ürəklərində kimə oxşamaq istəyirlər, gələcəkdə kimin yolunu tutmaq istəyəcəklər?!
Düşünürəm ki, çıxış yolu var, nə qədər gec deyil, ziyanın yarısından qayıtmaq mümkündür və lazımdır. Mətbuatla işləyən əlaqədar qurumlar işə qarışmalı, qanun oğruları mövzusuna imkan dərəcəsində “tabu” qoymalı, bu istiqamətdə, ən azı tövsiyə xarakterli fikirlərini bildirməlidirlər. Qələm əhli olaraq biz də qanun oğruları mövzusundan imtina etməli, cəmiyyətimizə, gənc nəslimizin tərbiyəsinə faydalı olan mövzulara üstünlük verməliyik. Nə qədər ki, Qarabağ müharibəsi davam edir, milli qəhrəmanlarımızin adı hər gün çəkilməli, gənclərimiz onların nümunəsində tərbiyə edilməlidir. Hər bir məktəbli bilməlidir ki, bizim qəhrəmanlar kimdir, onlar qazilik, şəhidlik zirvəsinə necə ucalıblar… Hər bir əsgər deməlidir ki, mən onlar kimi döyüşmək, Azərbaycanı onlar kimi, onlar qədər sevmək istəyirəm… Onda bizim qələbəmiz də yaxın olar, real olar, gələn illərə qalmaz, sabah olar… Qəhrəmanlar qələbədən sonar da yaddan çıxmamalıdır, şanlı xatirələri daim anılmalıdır, gənclərimiz, gələcək nəsillərimiz bilməlidir ki, xalqımızın necə qəhrəman övladları olub və biz mənfur düşmənə məhz onların sayəsində qalib gəlmişik. Vətən yanğısı, millət sevgisi bizə onlardan ərməğandır, estafet kimi gələcək nəsillərə aparmalıyıq.
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий