"Yolu seçmək hələ işin yarısıdır, əsas axıradək getməkdir".
Yol üstündə yazı
Bizim Şərqdə yazılmamış bir qayda olub, ata evi, var-dövləti kiçik qardaşa qalır. Doğrudur, kiçik qardaş bütün bunlara sahib olunca, ata böyük oğullarının toyunu edir, bacardığı kimi yerləşdirir. Yani, faktiki olaraq, hər şey ədalətlə həll olunur, hər qardaş ata malından öz payını alır. Qərbdə isə tamam başqa qaydalar mövcud olub, ata evi, var dövləti böyük qardaşa qalıb. Ata həyata əlvida deyən kimi, kiçik qardaşlar da ata evinə əlvida deyiblər. Ata zadəgan olubsa, evdən bir at, silah-sursat, böyük qardaşın verdiyi 5-10 qızılla birdəfəlik çıxıblar. Əgər, ata adi kəndli olubsa, elə əynindəki paltarla, belindəki xurcunla çıxmalı olublar. Təbii ki, ailələri varsa, özləri ilə aparıblar.
Deməli söhbət etdiyimiz hadisə keçmiş zamanlarda, Avropada baş verib. Varlı-hallı bir zadəgan yaş yetirib dünyadan köçəsi olur. Kişinin qəsri, bütün var-dövləti Aleksandr adlı 25 yaşlı böyük oğluna qalır. Aleksandr artıq evil olur və atası ölən kimi 3 subay qardaşını yaxşıca mükafatlandırıb yola salır. Mixael, Pyotr və Qabriel adlı qardaşlar hərəsi bir ata minib ata evini birdəfəlik tərk edirlər. Şəhərin kənarında 4 yol ayrıcında dayanırlar. 22 yaşlı Mixael deyir:
-Qardaşlar, biz şimala tərəf gedə bilmərik, şimal soyuqdur. Şərq uca dağlardır, biz bu dağlarda dəfələrlə ovda olmuşuq. Qərb tərəf isə, ucu-bucağı görünməyən dəryadır, biz də dənizçi deyilik. Bir qalır cənub tərəf, nə edək?
20 yaşlı Mixael dinmir, əvəzində 18 yaşlı Qabriel cavab verir:
-Qardaş, atamız ölüb, Aleksandr da evdə qalıb. Bizim böyüyümüz indi sənsən, necə desən, elə də edək, istəyirsən, cənuba gedək…
Pritça dili yüyrək olur deyirlər, qardaşlar bir həftə yol gedirlər. Nəhayət, azuqələri qurtaranda, uca dağların ayağında 2 yol ayrıcına çatırlar. Atdan düşürlər, yol kənarındakı kiçik çayda yuyunurlar. Bir qismət çörək yeyib gələcəklərini, hara gedəcəklərini götür-qoy edirlər. Mixael deyir:
-Qardaşlar, burdan 2 yol ayrılır, biri yuxarı dağlara gedir, biri də aşağı dərələrə düşür. Biz bu yolları tanımırıq, hara apardığını bilmirik. Gəlin belə edək, mən Qabriellə burda gözləyim, Pyotr sağdakı yolla dağlara doğru qalxsın. Baxsın, əgər, təhlükə yoxdursa, qayıtsın, üçümüz də saga gedək…
Pyotr razılaşmır:
-Mən niyə gedirəm?! Gəlin püçk ataq, kim uduzsa, getsin, udanlar gözləsin.
Nə isə, püşk atırlar, Mixael uduzur. Atına minib dağlara doğru gedir. Yuxarı qalxdıqca hava soyuyur, dəhşətli heyvan nəriltiləri aləmi başına götürür. Amma Mixael cəsarətli adam olur, geri çəkilmir. Axşam qaralır, ildırımlar çaxır, güclü leysan başlayır. Yol kənarından, meşədən, koldan vəhşi heyvanların nəriltisi eşidilir, gözləri işıldayır. At iki ayağını dirəyir, getmək istəmir. Mixael çar-naçar geri qayıtmalı olur, axşama qardaşlarına çatır. Əhvalatı danışır, deyir:
-Bir tikə çörək yeyək, gecəni burda, çay kənarında daxmada yataq. Sabah Pyotr sol yolla dərələrə düşər, mən Qabriellə burda gözləyərəm.
Pyotr yenə razılaşmır:
-Mən niyə gedirəm?! Gəlin püçk ataq, kim uduzsa, getsin, udanlar gözləsin.
Püşkatmanı sabaha saxlayıb süfrə açırlar, yeməyə hazırlaşırlar. Bu zaman hardansa ağpaltarlı, ağsaqqallı nurani bir qoca peyda olur. Süfrəyə dəvət edirlər, onlarla oturur. Bir qismət çörək kəsirlər. Yeməkdən sonra Mixael soruşur:
-Ağsaqqal, siz yerli adama oxşayırsız, biz burda nabələdik. Biz 3 qardaşıq, 2 yol ayrıcında qalmışıq, bilmirik nə edək, yolun hansını seçək…
-Mən bu yollara bələd adamam, amma seçim sizindir, həyatda hərə öz yolunu özü seçir. Onu deyə bilərəm ki, bu yollar ikisi də mənzil başına aparır, siz yarı yoldan qayıda bilərsiz, amma mənzil başına çatsaz, bir də geri qayıda bilməyəcəksiz. Odur ki, fikirləşin, özünüzə sərfəli seçim edin.
Gecəni çay kənarındakı daxmada yatırlar. Səhər durub görürlər ki, qoca yoxdur. Bir tikə çörək yeyib püşk atırlar. Bu dəfə uduzan kiçik qardaş olur. Qabriel ağ atına minir, dərələrə doğru gedir. Aşağı düşdükcə hava qızır, qatılaşır, hər tərəfdə əcaib-qəraib məxluqlar dolaşır, dəhşətli heyvan nəriltiləri eşidilir. Bir müddətdən sonra daş-qayalar da od püskürür, istidən getmək, nəfəs almaq çətinləşir. At ayağını yerə dirəyir, getmək istəmir. Qabriel təbiətcə qorxaq deyildi, amma hələ uşaqdı, müstəqil qərar verə bilmirdi. Odur ki, geri qayıdır, qardaşları ilə məsləhət edir. Mixael bu dəfə püşk atmaq istəmir, qərar verir:
-Qabriel, sən sağdakı yolla dağlara get, ora soyuq olsa da, isti deyil. Yolda qorxma, dayanma, mənzil başına çatacaqsan. Lazım olsa, oxun-kamanın, qılıncın, qalxanın var. Mən soldakı yolla axıra kimi gedəcəyəm, dərələrə düşəcəyəm. Pyotr qoy burda qalsın, bu, onun öz seçimidir. Nə vaxt qərar versə, hansı yolu istəsə, seçə bilər.
Mixael qara atına minir, dərələrə doğru gedir. Aşağı düşdükcə hava qızır, qatılaşır, hər tərəfdə əcaib-qəraib məxluqlar dolaşır, dəhşətli heyvan nəriltiləri eşidilir. Bir müddətdən sonra daş-qayalar da od püskürür, at ayağını yerə dirəyir, getmək istəmir. Amma atlı da geri çəkilmir, dərə aşağı gedir. Axşam olur, qaranlıq qatılaşır, istidən nəfəs almaq olmur. Atlı səhərə kimi gedir, gecə bir neçə dəfə əcaib heyvanların hücumunu dəf edir. Səhər açılır, hava da açılır, nəfəs almaq asanlaşır. Günorta üstü Mixael gəlib böyük, xaraba bir kəndə çatır. Görür kəndin girəcəyində bir lövhə vurulub, lövhədə iri hərflərlə “CƏHƏNNƏM” yazılıb. Kənd camaatı qara atlı, silahlı-sursatlı cəngavəri xilaskar kimi qarşılayır. Yolçu diqqət edir ki, kənddə adamlar hamısı kədərli-qüssəlidir, üzlərindən dərd-ələm tökülür. Demə, kəndin əhalisi bütün günü işləyir, hər ay da qaçaq-quldur gəlib talayır, camaat ac qalır. Mixael kəndin ağsaqqalları, ağıllı adamları ilə məsləhət edir, cəsarətli cavanları başına yıgıb böyük bir dəstə düzəldir. Gündüz kəndin adamını-varını quldurlardan, gecə kəndin mal-qarasını yırtıcılardan qoruyur. Mixael böyük qardaşının verdiyi qızılları xərcləyir, kənddə dəyirman, dülgərxana, dəmirçixana tikdirir. Atı olmayana at, kotanı olmayana kotan alıb verir. İllər keçir, kənd əməlli başlı çiçəklənir, insanların üzündə təbəssüm görünür, camaat yaxşı yaşamağa başlayır.
Günlərin bir günü Mixael dülgərə, dəmirçiyə verdiyi sifarişi arabaya yükləyir, bir külüng də götürüb kəndin girəcəyinə gəlir. Burda “CƏHƏNNƏM” lövhəsini çıxarıb atır, yerinə “CƏNNƏT” lövhəsi basdırır. Yaxınlıqdakı kiçik çayın kənarında oturur, sərin sudan bir-iki qurtum alır, ləzzətə “CƏNNƏT” lövhəsinə, Cənnət kəndinə baxır. Bu zaman yenidən həmin ağ paltarlı, ağ saqqallı nurani qoca peyda olur. Salamlaşıb hal-əhvallaşırlar, qoca bardaş qurub onun yanında oturur:
-Mixael, sən Allahın xoşuna gələn bir iş görmüsən, Yer üzündə bir cəhənnəmi bir cənnətə çevirmisən. Odur ki, Allah sənin üzərinə şərəfli bir missiya qoyub, sən ömrün boyu Yer üzünü gəzməli, bütün cəhənnəmləri cənnətə çevirməlisn.
-Mən bacararammı?!
-Bacararsan, Allahın əli həmişə sənin üstündə olacaq.
Mixael razılaşır, qoca getməyə hazırlaşır:
-İndi sən burdan durub atına minirsən, bu iki yoldan birini seçirsən, axıra kimi gedirsən…
-Bəs, mənim qardaşlarım?!
-Hansından başlayım?!
-Qabrieldən başlayın, o, bizim kiçiyimizdir…
-Deməli, Qabriel qorxmadan, çəkinmədən, sağ yolu axıra kimi getdi, vəhşilərin hücumlarını dəf etdi, sağ-salamat mənzil başına çatdı. Allah onun gəncliyinə, ürəyinin təmizliyinə baxdı, mükafatlandırdı. Qabriel bir vaxtlar Adəmin Həvva ilə göndərildiyi, Yer üzündəki həmin cənnət-məkana, Gülüstana düşdü. İndi illərdir orda yaşayır, amma darıxır, hər gün Allaha dua edir, “mənə bu dünyada hazır cənnət lazım deyil, cənnəti mən özüm yaratmalıyam” deyir. Allah da onu imtahana çəkir, yeni bir missiya verir. İndi mən sənin yanından durub ora gedəcəyəm, Gülüstanın girəcəyində ona iki yoldan birini seçmək imkanı verəcəyəm.
-Bəs, Pyotr?
-Pyotr əsl cəhənnəmdədir, illərdir ki, əvvəlki yerindədir. İki yolun ayrıcındadır, birini seçməyə, irəli getməyə cəsarəti çatmır.
-Bəs, Aleksandr?
-Aleksandr öz kefindədir, atasının pullarını xərcləyir. Siz gedəndən sonra dalbadal 4 oğlu olub, adlarını da Aleksandr, Mixael, Pyotr və Qabriel qoyub. Allahın əmri belədir, oğlum, tarix təkrar olunur…
Qalib ARİF