«Saçları necə qorumalı?» yazısında demişdik ki, insanı şəxsi problemləri
ictimai problemlərdən çox maraqlandırır. Hətta məşhur alman yazıçısı Remarkdan
bir misal da gətirmişdik ki, insanı adi diş ağrısı I Dünya müharibəsindən daha
çox narahat edir.
Remarkın fikrini yoxlamağı oxucuların öhdəsinə
buraxırıq, kim inanmırsa, yaxınları, dostları arasında bir sorğu aparsın. Biz
isə «şəxsi problemlər» istiqamətində araşdırmalarımızı davam etdiririk. Hesab
edirik ki, saçların erkən tökülməsi qədər hər bir insanı maraqlandıran ikinci
problem artıq çəkidən necə xilas olmaqdır. Bu istiqamətdə mövcud qaydaları
şəxsi təcrübəmizin ələyindən keçirib oxucuların ixtiyarına veririk.
1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir
zamana ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi
hədəflərə tez çatmaq üçün tələsmək lazım deyil. Məsələn, çox tez arıqlamağa
çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə
şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə
çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz.
Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə,
tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat
səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.
2. Mətbəxinizdəki şkafları “təmizləyin” - kolbasa,
tort, cips kimi qidaları və «rəngli» suları evdən və özünüzdən birdəfəlik
uzaqlaşdırın. Yaxşı yadımdadır, sovet dövründə «Krokodil» jurnalı xoşbəxt
moskvalını bir əlində iri «Kiyev» tortu, o biri əlində isə şokoladlı konfetlər,
«kopçennı» kolbasa, fanta, kola şüşələri ilə dolu bağlama olan gonbul kişi kimi
təsvir etmişdi. Yoldan keçənlər onu əhatə etmişdi. Adamlar soruşurdu “Hardan
almısan”, gonbulun isə ağzından bu sözlər tökülürdü: «Tələsməyin, orda daha
yoxdur». Karikaturanın altında isə yazılmışdı: «Yaxşı ki, yoxdur. Yoxsa, biz də
sənin gününə düşərdik».
3. Yaddan çıxarmayın: yemək işləmək qədər ciddi
məsələdir. Odur ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən
planlaşdırın. Acdığınız zaman qarşınıza çıxan, ya da ağılınıza gələn hər şeyi
yeməyin. Ekoloji cəhətdən təmiz və kalorili yeməklərə üstünlük verin, amma az
yeyin. Siz yemək stolundan qalxanda yüngül ağırlıq yox, yüngül aclıq hiss
etməlisiniz. Bu, qızıl qaydaların biridir, bəlkə də birincisidir. Hər gün şorba
içməyə adət edin, bunu həyat tərzinə çevirin. Soğan, keşniş və şüyüd qatılan
şorba həm yaxşı bir qidadır, həm həzm prosesini yaxşılaşdırmağa, həm də bədəndən
artıq maddələri çıxarmağa kömək edir.
4. Arıqlamağın, artıq çəkidən azad olmağın qızıl
qadalarından biri də spirtli içkilərdən uzaq olmaqdır. Deyə bilərsiniz ki,
təmiz içkinin sağlam adama ziyanı yoxdur. Tamamilə razıyam, hətta əlavə edə
bilərəm ki, az-az içəndə xeyri də var, çünki qanı duruldur, tromb, infarkt
təhlükəsini azaldır. Amma kim zəmanət verə bilər ki, sizin içdiyiniz araq bütün
ekoloji normalara və müasir texnologiyalara uyğun olaraq taxıldan, çaxır isə
üzüm şirəsindən hazırlanıb? Yaxşı tutaq ki, siz yalnız təmiz araq içirsiniz,
çaxır isə qardaşınızın, ya da qayınatanızın bağındandır. Amma siz spirtli içki
içəndə, normadan iki, üç dəfə çox yeyirsiniz və əlavə çəkini artırmağa xidmət
edirsiniz. Mən hələ mütəmadi olaraq içilən spirtli içkinin qara ciyərə və
böyrəklərə dəhşətli yükündən danışmıram…
5. Mərhum Səməndər Rzayevin sözü olmasın, xalqımızın
axşamlar qoz, fındıq yemək kimi (o, toy demişdi) gözəl adəti var. Bu,
vitaminlərlə və bitki yağları ilə zəngin ərzaq kimi həm mədə-bağırsaq sisteminə,
ümumiyyətlə orqanizmə xeyirdir, həm də, kalorili olduğundan iştahanı küsdürür
və sizi axşam çox yemək problemindən azad edir. ABŞ alimlərinin müasir
tədqiqatları də sübut edir ki, qoz, fındıq ləpəsi, hətta günəbaxan tumu insanı
bəd xassəli şişlərdən qoruyur. Hər halda, bu çərəzlərlə qidalanan insanlar
xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az tutulurlar. Bundan daha yaxşı nə ola bilər ki?!
Dayanmayın, yoxlayın!
6. Atalardan qalma gözəl bir misalımız var: səhər
özünüz yeyin, günorta dostunuza, axşam isə düşməninizə verin. Qızıl kimi sözlərdir, lap “Quranın
ortası”ndan deyilib. Yaddan çıxarmayın: səhər evdən ac çıxmayın - bu,
sağlamlığın qızıl qaydasıdır. Ən azı bizim azəri qaydasında şirinçayla,
pendirlə az da olsa yeyin. Günorta yeməyini doyunca yeyin, diyetoloqların
yazdığı xolesterindən-zaddan çəkinməyin. Dünyada ən çox yaşayanlardan biri
bizim lerikli Şirəli baba imiş, o da deyilənə görə, günorta yağlı qoyun ətindən
kababı sevirmiş, axşam isə yatmaqdan əvvəl qatıq içirmiş. Amma yaddan çıxarmayın
ki, Şirəli baba bütün günü at belində olub, təmiz hava, fiziki iş də onun
dərmanı olub. Biz isə bütün günü kompüter, ya da sükan arxasında oluruq. Odur
ki, hər gün imkan olduqca, çox piyada gəzməyə çalışın, bunu həyat tərzinə
çevirin.
7. Mən bir müddət Rusiyada oxumuşam və yaşamışam. Orada gözəl bir qaydanın şahidi olmuşam.
Həftənin bir gününü, deyəsən üçüncü günü «balıq günü» elan edirdilər. Həmin gün
bütün yeməkxanalarda, hətta restoranlarda balıq yeməkləri verilirdi. Təbii ki,
bu məcburi deyildi, sadəcə olaraq, təklif idi və hər kəs öz seçimini edirdi.
Həmin gün ruslar bir qayda olaraq, günorta və axşam yeməklərində balıq
qızartmasından və şorbasından, hətta konservlərindən istifadə edir, «balıq
günü»nün bütün qaydalarına əməl edirdilər. Biz qafqazlılar isə, həmişəki kimi,
mövcud qaydaları pozmağa çalışırdıq. Mən yalnız sonralar başa düşdüm ki,
həftədə bir dəfə «balıq günü» təşkil etmək sağlam qidalanmağın ən gözəl
yollarından biridir. Odu ki, bu qaydanı böyük məmnuniyyətlə oxuculara da təklif
edirəm.
8. Aqillərimiz deyir ki, sağlam qidalanmağın, artıq
çəkidən azad olmağın qızıl qaydalarından biri də hər gün təzə meyvə-tərəvəz,
göyərti yeməkdir. Allaha
şükürlər olsun ki, dünyanın cənnət guşələrindən biri olan Azərbaycanda hər cür
meyvə-tərəvəz yetişir. Yaxşı yadımdadır, Moskvada oxuyanda bu meyvələrdən
bişirilən mürəbbələrdən tələbə yoldaşlarıma pay da aparırdım. Bir dəfə onlardan
birinin anası dedi ki, sizin mürəbbə yaxşıdır, sağ olun, amma bundan ötrü
meyvəni bişirməyə, vitaminləri məhv etməyə dəyərmi? Meyvəni, giləmeyvəni
təzə-təzə yemək, saxlamaq üçün isə şəkərə qoymaq məqsədəuyğun deyilmi?! Sonra
köksünü ötürdü, dedi siz cənublular xoşbəxt adamlarsız, vətəninizdə nar,
mandarin yetişir, qışda da təzə pomidor, xiyar, hətta göyərti yeyirsiniz,
doyunca vitamin qəbul edə bilirsiniz. Biz şimallılar isə konservlərlə
kifayətlənməli oluruq. Bu söhbətin üstündən on illər keçib, amma indi də
xatırlayıram.
Sonda yenidən yoqların qaydalarını xatırlatmaq
istərdim. Keçən yazıda da
dediyim kimi, bu qaydalar min illərin sınağından keçib, atalar sözü qədər
etibarlıdır. Yoqlar həzm prosesini normallaşdırmaq üçün həftədə bir dəfə quru
aclıq edirlər, bunu hətta həyat tərzinə çevirirlər. Yəni həftədə bir dəfə eyni
gündə su da içmədən bütün günü ac qalırsınız. Axşam isə (saat səkkizə qədər)
yüngül şorba yeyib yata bilərsiniz. Bu təbii ki, çətin qaydadır, ilk nəzərdən
asan görünsə də, hər adam hər gün əməl edə bilmir, illərlə yerinə yetirə
bilmir. Artıq çəkidən xilas olmaq üçün isə yoqlar mono dieta təklif edirlər.
Yəni siz gündə üç dəfə eyni şey yeməlisiniz. Təbii ki, ət xörəkləri, kalorili
yeməklər olmaz. Məsələn, gündə üç dəfə pendir, ya süzmə ilə çörək yemək,
günorta və axşam isə meyvə-tərəvəz əlavə etmək olar. Təbii ki, çətindir, amma
dözmək lazımdır və mümkündür. Təcrübə göstərir ki, bu qayda ilə siz
sağlamlığınıza heç bir ziyan vurmadan, bir ayda on kiloya qədər artıq çəkidən
azad ola bilərsiniz.
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий