суббота, 23 мая 2020 г.

2 MİLYARD DOLLARLIQ ZİYAFƏT



Məlum olduğu kimi, 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn İslam İnqilabı baş vermişdir. Ayətullah Xomeyninin rəhbərliyi ilə İran İslam Respublikası yaradılmışdır. İran şahı  ABŞ-a qaçmış və 1980-ci ildə orda vəfat etmişdir. Amma 1979-cu ilin İslam inqilabı ancaq nəticə idi, səbəblər 1971-ci ilə kimi gedirdi... 

1971-ci ildə İran İmperiyasının imperator Kir tərəfindən yaradılmasının 2500 illiyi qeyd edilirdi. Şah Rza Pəhləvi bu fürsətdən istifadə etmək, İranı və onun şahənşahını (özü belə deyirdi – Q.A) dünyaya göstərmək istəyirdi. Yəni İran eramızdan əvvəl yaranan bir dövlətdir, onun şahı da imperator Kir səviyyəli bir liderdir. Bu məqsədlə bir il əvvəl dünyanın 100-dən çox ölkəsinə dəvət göndərilir. Şah əvvəl “Əsrin ziyafəti”ni Şirazda keçirmək istəyir. Amma ona məlumat verilir ki, Şirazda dünya liderlərini qəbul edəcək bir mehmanxana da yoxdur. Şah Şirazdan 30-40 kilometr aralı Şahənşah kəndi salmaq göstərişi verir. Təsəvvür edirsinizmi, bir ildə ilan mələyən çölün düzündə...

Ondan çox mülki təyyarə bir neçə gün ərzində gələcək şahənşah kəndinin 100 hektarlıq ərazisini zəhərləyir, ilandan, əqrəbdən təmizləyir. Sonra bütan əraziyə traktorlar salınır, ərazi düzənlənir. Daha sonra yüzlələ yük maşını ilə meşə torpağı gətirilir, əraziyə səpilir. Eyni zamanda, susuzluqdan əziyyət çəkən qonşu ərazilərdən su çəkilir, Şahənşah kəndi daimi içməli və suvarma suyu ilə təmin edilir. İtaliyadan, Fransadan və İspaniyadan 100 mindən çox ağac və gül tingi gətirilir və ərazidə əkilir. Avropadan, Asiyadan və Afrikadan 10 minlərlə oxuyan quş (bülbül) gətirilir. Amma bu quşların çoxu Şahənşah tədbirinin əhəmiyyətini anlamır və bir ayın içində istidən canını tapşırır...
 
Buna baxmayaraq, “Əsrin ziyafəti”nə hazırlıq işləri davam edir. Fransadan yüzə yaxın çadır-ev sifariş edilir. Bu çadırlar Parisdə təbii ipəkdən toxunur, sonra təyyarələrlə İrana gətirilərək Şahənşah kəndində qurulur. Ən kiçik çadırın sahəsi 50 kvadrat metr olur. Eyni zamanda, İtaliyadan dəvət olunmuş onlarla mütəxəssis şahənşah kəndinin işıqlandırılması və fontanlaşdırılması ilə məşğul olur. Şahənşah kəndinin mərkəzində baş fontan vurulur və 5 qitənin rəmzi olan beş küçə fontandan başlayaraq uzanır. Hər küçədə 20 çadır-ev qurulur və kondisioner sistemləri ilə təmin olunur. 2-3 yüz nəfərlik əsas tədbir çadırları isə kəndin mərkəzində yer tutur, bunları təhcizatı da super olur. Bu çadırların mebelləri və yatacağı birbaşa İtaliyadan və Fransadan gətirilir. Bütün çadırlar ipək Təbriz xalçaları ilə döşənir. Eyni zamanda, bütün Avropadan ən yaxşı və ən bahalı yüzlərlə aşbaz dəvət olunur. Bütün yeməklər və içkilər də Avropadan gətirilir. “Əsrin ziyafəti”nə dünyanın hər yerindən gələcək yüksək səviyyəli qonaqların arzu edəcəyi hər cür təam və içki tədarük edilir. Ancaq 25 min ədəd bahalı və çox bahalı içki sifariş edilir ki, bunun da əksəriyyəti onlarla il yaşı olan məşhur şərab və konyaklar olur.

Əsrin ziyafətinə dəvət edilən qonaqların əksəriyyəti tədbirə təşrif gətirir. Bu tədbir sözün əsl mənasında, Dünyanın 5 qitəsinin görüş yerinə çevrilir. Qonaqları  bu məqsədlə Almaniyadan sifariş edilmiş 230 ədəd zirehli “Mersedes” avtomobili Şirazdan Şahənşah kəndinə gətirir. ABŞ Prezidentindən başqa (onu vitse-prezident əvəz edir), dünyanın demək olar ki, bütün liderləri (İngiltərə kraliçası, İspaniya kralı, Fransa prezidenti, İtaliyanın baş naziri, Meksikanın prezidenti, Kanadanın və Avstraliyanın qubernatoru və s.) ziyafətdə iştirak edir. Amma şah  Rza Pəhləvidən və onun arvadı Fərəh xanımdan başqa bir İran vətəndaşı, hətta nazirlər tədbirə dəvət edilmir. Doğrudur, 100 mindən çox iranlı təhlükəsizlik və başqa xidmətləri həyata keçirir. Bu ziyafət bütün məkanlarda və zamanlarda ən çox dünya liderinin iştirak etdiyi, eyni zamanda ən bahalı ziyafət kimi Ginesin Rekordlar kitabına düşür. 

Tədbir İmperator Kirin abidəsi önündə İran şahının çıxışı ilə başlayır. Sonra qonaqlar onlar üçün ayrılmış çadır-evlərə gedir və istirahət edirlər. Təsəvvür edirsinizmi, İspaniya kralı axşamüstü arvadı ilə evinin qabağında oturub və qonşu İngiltərə kraliçası və onun əri ilə söhbət edir. Axşam İran şahı qonaqların şəninə ziyafət verir. Deyilənə görə, ziyafət dünyada ən bahalı paltarların və brilyantların sərgisinə çevrilir. Afrika krallarının birinin iti boynunda 50 karatlıq brilyant gəzdirir. Avropanın birinci xanımları bu itlə şəkil çəkdirir. Ziyafət gecənin yarısına qədər möhtəşəm atəşfəşanlıq tədbirləri ilə davam edir. Şahənşah ziyafətindən sonra dünyanın oxunan qəzetləri bir ay bu tədbirdən bəhs edir. Dünyanın hər yerindən tədbirə dəvət olunan onlarla TV kanalları (1970-ci ildə!) xüsüsi buraxılışlar verir, hətta sənədli filmlər çəkir. Təbii ki, Şahənşah ziyafətinin xərcləri bütün dünyada müzakirə mövzusuna çevrilir. Rəsmi məlumat olmadığından (İran tərəfi bunu dövlət sirri kimi gizlədir), xərclər şişir, 1 milyard dollarlıq həddinə kimi gedir. Bu da hazırkı kursla hardasa 2 milyard dollar təşkil edir.

Bir sözlə, Şahənhaş ziyafətini bütün dünya bəyənir, qəbul edir, amma sadə İran vətəndaşları qəbul etmir. Təbiidir, kasıb nə bilir ki,  2 milyard dollarlıq ziyafət nədir?! Şah Rza Pəhləvinin kəramətindən bir tikə çörəyə möhtac olan iranlılar bu ziyafəti ancaq bədxərclik yox, həm də xalqa xəyanət hesab edirlər. Bu zaman Fransada olan Ayətullah Xomeyni isə Şahənşah ziyafətini Şeytan ziyafəti adlandırır. İranda 7 ildən sonra inqilabla nəticələnəcək ixtişaşlar  başlayır. Rza Pəhləvi 1973-cü ildə İran xalqın müraciət edir və öz səhvlərini etiraf edir. Amma gecikmiş etiraf ona kömək etmir, xalq və Xomeyni öz sözünü deyir...

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий