среда, 20 мая 2020 г.

ALLAH VARMI?!


(Pritça)


XIX əsrin sonu, XX əsrin əvvəllərində Marksizm ideyalarının bütün dünyaya yayılması ateizmi də dəbə mindirmişdi. İnsanlar sanki allahsızlıqları ilə fəxr edirdilər, yeri gəldi, gəlmədi hər kəsə "Allah varmı?" sualı verirdilər. Allahın varlığına inananları, inamlı insanları "Allah varsa, hanı, ünvanı hardadır, harda yaşayır, niyə gözə gürünmür?" məntiqi ilə "məhv edirdilər."

Belə bir zamanda Avropanın adlı universitetlərinin birində özündən razı bir professor auditoriyaya daxil olur və adəti üzrə tələbələrdən soruşur:
-Əzizlərim, siz necə bilirsiz, Allah varmı?
Tələbələrdən biri dərhal ayağa durur və cavab verir:
-Bəli, var, cənab professor. Yeri, Göyü yaradan, şəri lənətləyən, xeyri dəstəkləyən də odur...
-Yaxşı, Allah varsa, bu qədər şər hardandır? Onu da sizin Allahınız yaradıb? Deməli, sizin Allahınız ya yoxdur, ya da şər Allahıdır?!
Tələbə bu suallara cavab verə bilmir, professor ləzzətlə gülümsəyir... Auditoriyaya bir anlıq sükut çökür...

Bu zaman arxa sıradan gur saçları alnına tökülmüş, orta boylu bir tələbə əl qaldırır, ayağa qalxır, professora sual ünvanlayır:
-Cənab professor, dünyada şər varmı?
-Əlbəttə var və bütün dünya şərdən, şərin xeyri üstələməsindən əziyyət çəkir.
Deməli, ya sizin Allahınız yoxdur, ya da...
-Mən sizinlə razılaşa bilmirəm, cənab, hesab edirəm ki, dünyada şər yoxdur. Şər sözündən sadəcə olaraq, Allahın, yəni xeyrin olmamasını göstərmək üçün istifadə olunur...
-Mən sizin məntiqinizi başa düşə bilmirəm...
-Mən sualı ayrı cür qoya bilərəm. Məsələn, dünyada soyuq varmı?
-Əlbəttə, var. Mənfi temperatur soyuğun göstəricisidir...
-Mən sizinlə yenə razı deyiləm, cənab professor. Dünyada soyuq yoxdur, soyuq ifadəsindən, sadəcə olaraq, istinin yoxluğunu göstərmək üçün istifadə olunur. Bütün bu termometrlər, Selsi, Frangeyt şkalaları soyuğu yox, istini ölçmək məqsədi ilə yaradılmışdır. Mənfi temperatur da soyuğun olduğunu yox, istinin yoxluğunu göstərir...

Professor yenidən etiraz edir:
-Mən sizin məntiqinizi başa düşə bilmirəm...
Tələbə yenidən səbrlə izah edir:
-Mən sualı ayrı cür qoya bilərəm. Məsələn, dünyada qaranlıq varmı?
-Əlbəttə, var. Hamı bilir ki, gündüzlər işıq, gecələr qaranlıq olur...
-Mən sizinlə yenə razı deyiləm, cənab professor. Dünyada qaranlıq yoxdur, qaranlıq ifadəsindən sadəcə olaraq, işığın yoxluğunu göstərmək üçün istifadə olunur. Ona görə də, dünyada qaranlığı ölçən bir cihaz, bir aparat yoxdur. Bütün cihazlar işığı ölçür, tətbiq olunan bütün vahidlər də işığın dərəcəsini göstərmək üçündür...

-Professor nəhayət razılaşır:
-Tutaq ki, dünyada soyuq, qaranlıq yoxdur, amma siz bununla nə demək istəyirsiz?
-Mən demək istəyirəm ki, Allah var və onun ünvanı insanların qəlbidir. Dünyada şər isə yoxdur, şər ifadəsindən sadəcə olaraq, xeyirin, yəni Allahın yoxluğunu göstərmək üçün istifadə olunur. Bir insanın, məsələn sizin qəlbinizdə Allahın yoxluğu şər deməkdir, amma bu, Allahın ümumiyyətlə yoxluğuna dəlalət etmir. İnsanların əksəriyyətinin qəlbi xeyirlə, deməli, Allaha inamla doludur...
Deyilənə görə, həmin tələbənin adı Albert Eynşteyn olur...

Son olaraq... Dostlar, əgər razı deyilsinizsə, mən Eynşteynin adını pozub öz adımı yaza bilərəm. Amma bizim insanları sözün dadı yox, müəllifin adı maraqlandırır. Odur ki, Eynşteyn qalsa yaxşıdır...

Qalib ARİF


Комментариев нет:

Отправить комментарий