суббота, 16 мая 2020 г.

MƏN ARAĞIN DAŞINI NECƏ ATDIM



(Pritça)


Bazar günü idi, saat səkkizi keçmişdi. Amma mən yerimdən qalxa bilmirdim. Ürəyim bulanırdı, başım fırlanırdı. Yıxılmamaq üçün hardansa tutmaq istəyirdim, uzanan yerdə bunun, sadəcə olaraq, mümkün olmadığını da bilirdim. Dalbadal iki fincan şəkərsiz kofe içmişdim, amma özümə gəlməmişdim. Yenidən gəlib yerimə uzanmışdım. Dəqiqələri sayırdım...

Dünən dostlarla kafedə oturmuşduq, yenə həmişəki kimi “düt” deyincə vurmuşduq. Maşını kafenin həyətində qoymuşduq, taksi tutmuşduq. Sonrası yadıma gəlmirdi. Evə liftlə qalxmışdım, ya 6-cı mərtəbəyə piyada çıxmışdım?! Qoca binamızın lifti də qocalmışdı, ayın yarısını işləmirdi, istirahət edirdi. Zarafat deyildi, binanın da, liftin də yaşı yarım əsri keçmişdi. Mən də yaşda onları haqlamışdım, bu binada doğulmuşdum, bu həyətdə, bu liftdə boya-başa çatmışdım. Amma mən istirahət etmirdim, az qala hər şənbə-bazar arağın küpünə girirdim. Bütün həftəni işdə zorla özümə gəlirdim...


Birdən... Başıma gələn original bir ideya ilə yerimdən atıldım. Mən arağın daşını atmalıydım. Artıq bizim onunla tanışlığımız dostluğa çevrilmişdi, 30 ili keçirdi. Ya mən onun axırına çıxmalıydım, ya da o, mənim axırıma çıxacaqdı. Artıq ürək sürətlə döyünürdü, böyrək, qara ciyər gecələr qapını döyürdü. Hər ehtimala qarşı bir fincan da kofe içdim, sonra qonaq otağına keçdim. Servantın aşağı gözünü açdım, bu şeytan yuvasını mən “bar” adlandırırdım. Saydım, on dənə yarım litrlik araq vardı. Müxtəlif adları daşıyırdı, hətta Rusiya çarı, Finlandiya maralı, Fransa qazları da vardı. Araqları vedrəyə doldurdum, birtəhər tualetə doğru addımladım...


Amma yolda fikrimi dəyişdim, butulkaları bir-bir unitaza təkmək istəmədim. Bu, həm vaxt aparacaqdı, həm də ləzzəti olmayacaqdı. Yenidən qonaq otağına qayıtdım. Mətbəxdən yekə şirli qazan gətirdim. Araqları açıb bir-bir qazana boşaltmaq, sonra tualetə atmaq istəyirdim... Amma başıma daha bir original ideya gəldi. Mən onsuz da arağın daşını atırdım, amma stolun üstünə düzülmüş bu original içkilərin dadına baxmalıydım... Axırıncı dəgə...


Servantdan rumka götürdüm, “Fransız qazı”nın ağzını açdım, əlim əsə-əsə rumkaya 50 qram süzdüm. Sonra butulkanı qazana tökdüm, rumkanı əlimə götürdüm. Şairin sözləri yadıma düşdü: “Kişi odu arağ çıxa cibindən, Baş ayıq oldu, kəs tulla dibindən...” Rumkanı şairin sağlıgına qaldırdım, birinci pis getdi. Rusiya çarını, Finlandiya maralını və başqalarını da bu minvalla atdım getdi. İnsafən ikinci babat, üçüncü yaxşı, sonra lap yaxşı getdi. Ürəkbulanma-zad yox oldu, qazan da doldu. Rusların bir misalı var, ayrılıqdan qabaq oturmaq lazımdır. Mən də araqla ayrılmaqdan əvvəl oturdum...


Başıma gələn original bir fikirlə ayağa durdum – dosta xəyanət etmək kişilikdən deyildi. Mən də bu kişi ilə 30 ildir ki, dostluq edirdim. Cəld mətbəxə qacdım, dolça, qıf gətirdim. Arağı qazandan dolça ilə götürdüm, qıfla butulkalara tökdüm. Möcüzə baş vermişdi, əllərim əsmirdi. Şəkilli, etiketli butulkaların hamısı doldu, amma biri boş qaldı. Mənim arağımı hansısa əclaf içmişdi...


Qalib ARİF

Комментариев нет:

Отправить комментарий