Deyirlər, çox qədim zamanlarda İranda bir padşah varmış, çox qəddar adammış. Vergiləri ildən-ilə artırar, əhalinin güzəranı ilə maraqlanmazmış, ölkənin xəzinəsini talayarmış, bir sözlə, camaata qan uddurarmış. Ayda da bir dəfə qırmızı geyinib, üz-gözünü
örtər, taxta çıxıb etiraz edənlərin başını vurdurarmış...
Bu padşahın bir adəti də varmış, bunu birinci
vəzirindən başqa kimsə bilməzmiş. Deməli ayda bir dəfə, camaata divan tutduqdan,
baş vurdurduqdan sonra vəzirini də yanına alar, axşam şəhəri gəzərmiş. Məqsəd
camaatın onun haqqında nə danışdıgını öyrənmək, düşmənlərin yerini bilmək imiş
ki, sonra başlarını vurdursun. Doğrudur, bu işi görən, ona bütün ölkədən
xəbərlər gətirən çuğullar sürüsü vardı. Amma atalar demiş, eşitdiklərinə
inanmaq yaxşıdır, gözlərinlə görmək daha yaxşıdır. Padşah onu tanımasınlar deyə
paltarını da dəyişərmiş, qara dərviş paltarı geyərmiş. Təbii ki, padşahın
saraydan çıxmağı dövlət sirri imiş, hamıdan gizlədilirmiş...
Deməli, günlərin bir gecəsi padşah yenə vəziri ilə
dərvişi-libas olur və şəhəri gəzməyə çıxır. Görür ki, hər yerdə qaranlıqdır,
işıqlar yanmır, səs-səmir gəlmir. Bu, padşahın xoşuna gəlir, deyir:
"Görürsən, vəzir, şəhərdə, ölkədə sabitliklikdir, əmin-amanlıqdır, camaat
ağır iş günündən sonra sakitcə yatır". Vəzir də sakitcə razılaşır ki,
"bəli, Alihəzrət..." Yavaş-yavaş şəhərin kənarına doğru gedirlər,
görürlər bir evdən işıq gəlir, çal-çağır səsi göylərə yüksəlir. Padşah tərs-tərs
vəzirə baxır, vəzir səsini çıxarmır. Yaxınlaşıb qapını döyürlər, ev
sahibiqapını açır. Qara paltarlı dərvişləri görüb içəri dəvət edir,
"Allaha da qurban olum, onun qonağına da" deyir.
Dərvişləri evin böyük otağında, yuxarı başda
oturdurlar, qabaqlarına yemək, içmək qoyurlar. Söhbət əsnasında dərvişlərin
biri soruşur ki, "nə məsələdir, toy edirsiz, ya bayram keçirirsiz?!"
Ev yiyəsi cavab verir ki, "toy etmirik, amma bizim evdə hər ay
bayramdır..." Dərvişlərin ikincisi söhbətə qarışır: "Maşallah, bəs
imkan hardandır?!" Sonra tez əlavə edir ki, "biz dərviş adamıq,
halal-haram məsələsi var..." Ev sahibi deyir: "Narahat olmayın, mən
halal adamam, çörəyim də halaldır. Allahdan gizlin deyil, sizdən nə gizlin.
Mənim 3 oğlum var, il boyu dağda odun doğrayıb kömür basırıq. Kömür də yay-qış,
bazarda yaxşı pula gedir. Ayın axırı da qohum-qardaşı, dost-tanışı başımıza
yığıb bayram edirik..." Dərvişlərin ikincisi deyir, "axı, bu
məmləkətdə ağac kəsmək, odun satmaq padşahın nəzarətində olan
məsələdir..." Ev sahibi deyir: "Bilirəm, mən ağac kəsməyin tərəfdarı
deyiləm. Əslində, yaş ağacdan yaxşı kömür də olmur. Meşədə o qədər quru ağac
var ki, sadəcə olaraq, axtarıb tapmaq lazımdır..."
Yolda padşah vəzirə acıqlanır: "Kömür basmaq
və satmaq kimi xeyirli, gəlirli bir işi qara camaata tapşırnaq olmaz. Sabahdan
bir fərman hazırla, kömür basmaq və satmaq padşahın nəzarətinə keçsin." Vəzir də sakitcə razılaşır: "bəli, Alihəzrət..."
Üstündən bir-iki ay keçir. Günlərin bir gecəsi padşah
yenidən vəziri ilə dərvişi-libas olur və şəhəri gəzməyə çıxır. Görür ki, hər
yerdə qaranlıqdır, işıqlar yanmır, səs-səmir gəlmir. Bu, padşahın xoşuna gəlir,
deyir "görürsən, vəzir, şəhərdə, ölkədə sabitliklikdir..."
Yavaş-yavaş şəhərin kənarına doğru gedirlər, görürlər həmin evdən işıq gəlir,
çal-çağır səsi göylərə yüksəlir. Padşah tərs-tərs vəzirə baxır, vəzir səsini
çıxarmır. Yaxınlaşıb qapını döyürlər, ev sahibiqapını açır. Qara paltarlı
dərvişləri görüb tanıyır, içəri dəvət edir.
Dərvişləri evin böyük otağında, yuxarı başda
oturdurlar, qabaqlarına yemək, içmək qoyurlar. Söhbət əsnasında dərvişlərin
biri soruşur ki, "necəsiz, nə işlə məşğulsuz?!" Ev sahibi cavab verir
ki, "Kömürçülüyün daşını atmışıq, su satırıq. Bizim padşahın kəramətindən
nəinki ölkədə, hətta mərkəzdə içməli su qıtdır. Mən də oğlanlarımla dağdan,
bulaqlardan tuluqlarla su daşıyıram, satıram. Su da, yay-qış, bazarda yaxşı
pula gedir. Ayın axırı da qohum-qardaşı, dost-tanışı başımıza yığıb bayram
edirik..."
Yolda padşah vəzirə acıqlanır: "İçməli su kimi
xeyirli, gəlirli bir işi qara camaata tapşırnaq olmaz. Sabahdan bir fərman
hazırla, su yığmaq və satmaq padşahın nəzarətinə keçsin." Vəzir də sakitcə
razılaşır: "bəli, Alihəzrət..."
Qərəz, nə başınızı ağrıdım, bu hadisə bir neçə dəfə
təkrar olunur, amma pis padşah yaxşı kişinin öhdəsindən gələ bilmir. Yaxşı kişi
yeyib içməyindən, kef çəkməyindən qalmır. Axırda padşah qəzəblənir, xüsusi bir
fərman verir, yaxşı kişini türmənin rəisi təyin edir. Yəni, özündən olsa, onu
quru maaşa oturtmaq istəyir... Amma sən saydığını say...
Üstündən bir ay keçir. Günlərin bir gecəsi padşah
yenidən vəziri ilə dərvişi-libas olur və şəhəri gəzməyə çıxır. Görür ki, hər
yerdə qaranlıqdır, işıqlar yanmır, səs-səmir gəlmir. Bu, padşahın xoşuna
gəlir... Yavaş-yavaş şəhərin kənarına doğru gedirlər, görürlər yenə həmin evdən
işıq gəlir, çal-çağır səsi göyə yüksəlir. Padşah tərs-tərs vəzirə baxır, vəzir
səsini çıxarmır. Yaxınlaşıb qapını döyürlər, ev sahibi qapını açır. Qara
paltarlı dərvişləri görüb tanıyır, içəri dəvət edir.
Dərvişləri evin böyük otağında, yuxarı başda oturdurlar,
qabaqlarına yemək, içmək qoyurlar. Söhbət əsnasında dərvişlərin biri soruşur
ki, "necəsiz, nə işlə məşğulsuz?!" Ev sahibi cavab verir ki,
"Bizim padşah, deyəsən, pis yuxu görüb, məni türmənin rəisi təyin edib.
Mən də bir ay çölə-bayıra çıxa bilmədim. Ayın axırı yetişdi, bilmədim nə edim.
Baxdım ki, mənə verilən qılıncın dəstəsi tuncdan, tiyəsi xalis Dəməşq
poladındandır. Dəməşq poladı da bizim məmləkətdə, heç kim gətirə bilmir deyə
(padşahın nəzarətindədir), qızıl qiymətinədir, puluna bir ay kef çəkmək olar.
Nə isə, çıxardım qılıncın tiyəsini satdım, ayın axırı da qohum-qardaşı,
dost-tanışı başıma yığdım..."
Ertəsi gün padşah qırmızı geyinib taxta çıxır, camaat
meydana yığılır. Padşah türmənin rəisini çağırtdırır, deyir "get türmədən
mənim filan düşmənimi gətir." Türmənin rəisi dərhal əmri icra edir, cəllad
gəlir. Padşah cəllada deyir "sən, gözlə" və türmənin rəisinə əmr edir
ki,"dustağın başını vur". Türmənin rəisi dərhal diz çökür, əllərini
göyə qaldırır: "Ya Allah, əgər bu dustağın günahı varsa, mənim qılıncım
onun boğazını üzsün, əgər günahsızdırsa, qılıncım taxtaya dönsün." Və
padşaha danışmağa imkan vermədən dərhal qılıncını sıyırır. Bütün meydan
qılıncın taxtaya döndüyünü müşahidə edir, "Allahu Əkbər" deyir.
Beləliklə, yaxşı kişi nəinki canını qurtarır, hətta pis padşahın düşmənlərindən
birini də azadlığa buraxdırır.
Padşah üzünü açır, türmənin rəisini yanına çağırır,
ona bir kisə qızıl bağışlayır. Deyir cammat bu kişidən ibrət götürməlidir,
padşahın köməyi olmadan yaşamağı öyrənməlidir...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий