Məşhur yunan filosofu Epikur deyirdi ki, ölümdən qorxmaq qətiyyən lazım deyil. Çünki biz onunla heç zaman görüşmürük – biz olanda ölüm olmur, ölüm olanda biz… Amma o, haqlıdırmı?! Axı, biz həyatımız boyu ölümlə, demək olar ki, hər gün rastlaşırıq. Yaxın adamlarımızı – atamızı, anamızı, qohumlarımızı, dostlarımızı itirməyimiz ölümlə görüş deyil, bəs nədir?
Yaşından, başından və fəlsəfi anlayışından asılı olmayaraq, insanlar hamısı ölüm haqqında fikirləşir. Sadəcə olaraq, bunlar artdıqca, fikirlər də artır, bir qayda olaraq, daha müdrik, daha dərin olur. Dahi filosofların, böyük zəka sahiblərinin ölüm haqqında fikirləri təbii ki, daha maraqlıdır. Ölümü fəlsəfənin əsas ilhamvericisi hesab edən Sokrat onu nəvazişlə «qayğıkeş ölüm» adlandırmışdı. Onun fikrinə görə, ölüm qorxusu olmasaydı, fəlsəfə də olmazdı, yəni insan həyatın əvvəli və sonu barədə düşünməzdi. Sokratın fikrini inkişaf etdirsək, belə nəticəyə gələrik ki, Allaha inam, cənnət və cəhənnəm kimi anlayışlar da olmazdı. Axı, bu anlayışların da «ilhamvericisi», birmənalı olaraq demək olar ki, ölüm qorxusudur.
Qəribə və maraqlıdır ki, ölüm qorxusu qətiyyən şüurdan asılı deyil, tamamilə instikidir, ölümün nə olduğunu bilməyən heyvanlar, hətta həşəratlar ölümdən qorxur, var gücü ilə ondan qaçmağa çalışır. Bu hiss sanki bütün canlıların proqramında olur (yeri gəlmişkən, həyatın əmələ gəlməsi məsələsində materalist fikrin tərəfdarları, Çarlz Darvinin ideyaları bu fenomeni izah etmək qüdrətində deyil) və onlar doğulanda onu özlərilə həyata gətirirlər. Bir az obyektiv olub hər şeyi öz adı ilə çağırsaq, ölüm qorxusu adlandırdığımız bu hiss bütün canlılara – bizim hamımıza xas olan və şairlərin sevə-sevə tərənnüm etdiyi həyat eşqinin «astar üzü»ndən başqa bir şey deyil.
Yuxarıda deyildiyi kimi, şüur - bu ali keyfiyyət nəinki həyat eşqinin mənbəyi deyil (şüursuz heyvanlar ölümdən bizdən az qorxmurlar), hətta əksinə, ölüm qorxusuna qalib gəlməyə kömək edir. Sanki insanın beynində bütün həyatı boyu şüurla ölüm qorxusu arasında mübarizə gedir, şüur qalib gələndə insan gözünü qırpmadan öz idealları uğrunda ölümə gedə bilir və hamının gözündə qəhrəmana çevrilir. Ölüm qorxusu qalib gələndə isə, mənəvi və ruhi cəhətdən natamam insanlar (daha ağır ifadə işlətmək istəmirəm – Q.A) yaranır. Bu mübarizədə şüurun səviyyəsi insanın fiziki və mənəvi vəziyyətindən, intellektindən, ailə tərbiyəsindən, hətta xəstə və ya sağlam olmasından asılı olaraq dəyişir və insanla bir doğulduğu kimi, bir yerdə də ölüb gedir. Amma insan şüurla bir yerdə ölmür, bəzən şüurun ölməsi (məsələn, şezofreniya, ruhi depressiyalar zamanı) həyat eşqinin, paralel olaraq, ölüm qorxusunun güclənməsi ilə müşahidə olunur. Buradan aşağıdakı nəticələrə gəlmək olar:
- Ölüm qorxusu həyat eşqinin astar tərəfidir və insanın və ümumiyyətlə, bütün canlıların həyatının əsas mahiyyətini təşkil edir.
-Şüur əsas olsa da, insanın həyat eşqi - ölüm qorxusundan sonrakı mahiyyətidir.
-Şüur ölüm qorxusu ilə daim mübarizədədir və bizim kimliyimiz bu mübarizənin nəticəsidir.
Ölüm qorxusu təbii ki, mübarizəsiz təslim olmur, bir qayda olaraq, insanın bütün varlığına hakim kəsilir və insan «ölümdən sonrakı həyat» axtarışında cənnət – cəhənnəm nağılları uydurmalı olur. Nə qədər qəribə olsa da, insanı ondan əvvəlki həyatı ondan sonrakı həyatından qat-qat az maraqlandırır. Axı, elementar məntiqə görə, bizim üçün bizdən əvvəlki həyatımız bizdən sonrakı həyatımızdan az maraqlı olmamalıdır. Hazırda hətta elmi səviyyələrdə (!?) «ölümdən sonrakı həyat», «ruhlar»ın ölməzliyi haqqında ktablar yazılır, tədqiqatlar aparılır, amma soruşan yoxdur ki, insanın ondan sonra ölməz olan ruhu ondan qabaq harada idi?! Axı, “məndən qabaqkı mənsiz həyat” anlayışı “məndən sonrakı mənsiz həyat” anlayışından az dəhşətli deyil, bizə qalan da bu iki sonsuzluq arasında bir göz qırpımı qədər qısa görünən həyatdır. Bu nöqteyi nəzərdən, induslar və buddistlər haqlıdırlar, onlar öz dini nəzəriyyələrində insanın «ölümdən sonrakı həyatı»na uyğun olaraq, doğuluşdan əvvəlki – birinci həyatının olduğunu təsəvvür edirlər. Amma sonrakı həyata oxşar olaraq əvvəlki həyatı da sonsuzluğa qədər uzatmaq olarmı, yəni birinci həyatdan əvvəlki həyatlar varmı – bu suala cavab verə bilmirlər. Əslində bu suallar bizim üçün eyni dərəcədə əhəmiyyətlidir və axırıncı suala cavab tapan, faktiki olaraq, birinci suala da cavab vermiş olardı.
Deməli, Epikur «Ölümdən qorxmaq qətiyyən lazım deyil, çünki biz onunla heç zaman görüşmürük…» deyərkən kifayət qədər haqlı idi. Ölüm də həyat kimi fəlsəfi məsələdir və ona elə bu cür fəlsəfi yanaşmaq lazımdır. Bizdən əvvəlki həyat bizi nə qədər maraqlandırırsa, bizdən sonrakı həyat da o qədər maraqlandırmalıdır. Bu nöqteyi-nəzərdən, ölümdən qorxmağa, onu şər hesab etməyə elə bir əsas yoxdur – biz nə vaxtsa olmamışıq və nə vaxtsa olmayacağıq. Vəssalam… Hətta «həmişə Imama yox, arabir Yezidə ağlasaq», məlum olur ki, ölümün yalnız şər yox, xeyir tərəfləri də var. Təsəvvür edin ki, ürək on illərlə döyünür, orqanizm dincəlmədən işləyir, sözün əsil mənasında, Sizif əziyyəti çəkir. Deməli, ürəyin birdən dayanması orqanizmə (yeri gəlmişkən, ürəyin energetikası da ölüm qorxusu kimi materialist nöqteyi-nəzərindən izahı olmayan bir möcüzədir), sözün əsl mənasında namuslu əməklə qazanılmış, bir rahatlıq, istirahət gətirir. Yəqin bu səbəbdəndir ki, ölümdən sonra əksər insanların üzündə bir təbəssüm, rahatlıq hissi olur.
Doqrudur, insan gecələr yatır, dincəlir. Bu zaman ürəyin ritmi, beyinin işi, nəfəslərin sayı azalır, istiliyin ayrılması yavaşıyır. Hətta bəziləri yuxunu ölümün kiçik maketi hesab edir, yuxuları isə cismi müvəqqəti tərk edən ruhların görüntüləri kimi qələmə verirlər. Qeyd etmək lazımdır ki, onlar müəyyən qədər haqlıdırlar. Axı, insan nə qədər çalışsa da, ayıqlıqdan yuxuya keçdiyi anı tuta bilmədiyi kimi, yəqin ki, həyatdan ölümə keçdiyi anı da tuta bilmir (Burda bir paradoks var: ürəyin dayanması ilə beyin hüceyrələrinin kütləvi qırılması arasında müəyyən saniyələr keçir, deməli insan ölümün nəfəsini hiss etməlidir!) Bu nöqteyi nəzərdən, ölmək yuxuya getmək kimi bir şeydir və deməli, təsəvvür olunduğu qədər də dəhşətli deyildir. Sadəcə olaraq, insan bu yuxudan bir daha ayılmır və sonsuzluğa qədər yatır. Sonsuzluğu isə (istər zaman, istərsə də məkan anlayışında) insan dərk etmək, deməli həm də qəbul etmək iqtidarında deyil. Insan şüurunun ölüm qorxusuna həmişə qalib gələ bilməməsinin əsas səbəblərindən biri də budur – sonsuz yuxunun dərk olunmamasıdır. ÖLÜM DƏRK OLUNMAYAN BIR ZƏRURƏTDIR, əgər dərk olunsaydı, insanlar ölümdən bu qədər qorxmazdı…
Beləliklə, bütün canlıların bu qədər qorxduğuna, hətta ölüm qorxusu (oxu: həyat eşqi) ilə doğulduğuna baxmayaraq, ölüm birmənalı olaraq şər – «arzuolunmaz qonaq» deyil və təsəvvür edildiyi qədər də qorxulu deyil. Amma qəribə və maraqlıdır ki, canlı bu qədər asan və həvəslə gəldiyi, əzab və əziyyətlərlə dolu dünyanı bu qədər könülsüz və əzabla tərk edir. Axı, həyatdan fərqli olaraq, ölüm ağrılı deyil və əziyyət vermir. Bu nöqteyi-nəzərdən onu xeyir və «arzuolunan qonaq» da hesab etmək olar. Burada ölümün ikili mahiyyəti – onun eyni zamanda həm şər, həm də xeyir daşıyıcısı olması meydana çıxır. Ölüm bütün əzabların, ağrıların sonudur. Amma eyni zamanda, arzuların, həyatın da sonudur. Ölüm bir rahatlıq, bir azadlıqdır, amma bu rahatlıq böyük əziyyətlər, həyat uğrunda məşəqqətli mübarizələr hesabına başa gəlir. Odur ki, hindular ölüm allahını iki sifətli təsvir edirdilər. Biri zalım, qorxulu və qəddar, o biri isə, gülər üzlü, mehriban və qayğıkeş.
Bir məsələ də var, əgər bütün canlıların anası sayılan təbiət öz övladlarını əliaçıqlıqla ölümün ağzına göndərirsə, deməli, onların bu və ya başqa formada öz anasının qucağına qayıdacağına əmindir. Təbiət canlıların alisi sayılan insanla da eyni cür rəftar edir, onun ölümünə biganədir, çünki adi ölümlə həyatın kəsilmədiyini, sadəcə olaraq, başqa formada davam etdiyini bilir. Təbiətin bir hissəsi olaraq, insan da ölümü mütləq son kimi qəbul etməməlidir, çünki bununla həyat bitmir. Yuxarıda deyildiyi kimi, ölüm və həyat fəlsəfi məsələlərdir və onlara elə bu cür fəlsəfi yanaşmaq, yəni yalnız zamandan yox, həm də məkandan baxmaq lazımdır. Ətrafınıza diqqətlə baxın, obyektiv olmağa çalışın. Dağlar, meşələr uzanıb, çaylar axıb gedir, quşlar cəh-cəh vurur, qoyun-quzular dağda-düzdə ayın-şayın otlayır. Göydə qartallar quş quşlayır, yerdə canavarlar ov ovlayır. Bütün bunlar min illər, əsrlərdir ki, davam edir. Hətta ilk nəzərdən adama elə gəlir ki, heç nə dəyişmir. Amma yerdə, göydə, ümumən bütün təbiətdə nəsillərin biri gəlir, biri gedir. Atanın yerinə oğul, oğulun yerinə nəvə gəlir, nəsillər bir-birini əvəz edir, həyat davam edir. Hətta göydə ulduzlar, yerdə dağlar, dəryalar da qocalır, ölür, amma yerinə yeniləri gəlir. Şair demiş, bu dünya bir yandan boşalır, bir yandan dolur, düşünən bir beyin bir parça torpaq olur. Amma həyat davam edir…
Bir sözlə, ölümdən daim qorxmaq, bütün həyatını səksəkəli yaşamaq inteklekti və iradəsi zəif olanlara xas olan bir xüsusiyyətdir. Güclü insanlar həyata və ölümə fəlsəfi baxırlar, həyat eşqinin ölüm qorxusunun astar üzü olduğunu anlayırlar. Mərhum Turqut Ozal demiş, Allahın verdiyi həyatı Allahdan başqa heç kim ala bilməz. Odur ki, ölüm qorxusu ilə yox, həyat eşqi ilə yaşamaq, Vətənin, valideyinlərin xidmətində durmaq, övladların şəxsində özündən sonra yaxşı iz qoymaq lazımdır. Həyatın mənası da budur…
Qalib ARIF
Комментариев нет:
Отправить комментарий