понедельник, 11 мая 2020 г.

QARTALI QARTAL EDƏN VƏTƏNDİR

(Qartalları uçub boş qalmış kəndimə həsr edirəm)
Ağbaş iri qanadlarını açıb əngin səmalarda süzürdü. O, demək olar ki, qanad çalmırdı və aşağıdan baxan hər kəs bu nəhəng qartalın ova çıxdığını, asta-asta süzüb ov güddüyünü zənn edərdi. Amma belə deyildi... 

Ağbaş onu məşğul edən ağır fikirlərdən ayrılıb arabir aşağı, doğma yurduna baxır. Onun iti gözləri yerdə hər şeyi, hər otu, çınqılı seçir. Təəssüflə fikirləşir ki, bir vaxtlar az qala hər qayadan qalxan dağ kəklikləri, daşların, otların arasında vurnuxan çöl siçanları indi yoxa çıxıb, yazın nəfəsilə bozaran dovşanlar da gözə dəymir. “Bəlkə, Göygöz haqlıdır?! – Yox, yox!”
Günəş yavaş-yavaş qərbə doğru əyilməyə başlayır, öz gündəlik marşrutunu sona çatdırmağa tələsir. Ağbaş da tələsir, kəskin hərəkətlə Quş-qayaya tərəf dönür, iri, güclü qanadları onu sürətlə mənzil başına aparır. Quş-qaya getdikcə yaxınlaşır, bir azdan onun qarla örtülü talanı xatırladan başı görünür. Burada artıq onu gözləyirdilər. Yeddi-səkkiz qoca qartal həmişəki kimi öz yerini tutmuşdu. Onların bozarmış lələkləri əvvəlki rəngini və parlaqlığını itirmişdi. Zəifləyib gücdən düşmüş əzələləri artıq iri qanadlarını yığıb saxlaya bilmir, qoca qartalların qanadları sallanıb yerə dəyirdi. 

Qocalarla üzbəüz yüzə yaxın cavan qartal mövqe tutmuşdu. Onlar başlarını dik tutub qanadlarını səliqə ilə böyürlərinə sıxmışdılar. Bir az aralıda 30-40 qartaldan ibarət başqa bir qrup durmuşdu. Ağbaş yuxarıdan bu qruplaşmanı təəssüflə seyr edib köksünü ötürdü. Yarğanın üstündə bir-iki dövrə vurub onların yanına qondu, səliqə ilə qanadlarını yığıb ağsaqqalların sağ tərəfində ailə başçısının yerini tutdu. Ağsaqqallar məclisin başlandığını xəbər verdilər.

Qocalarla üzbəüz dəstədən qara lələkləri gün işığında bərq vuran yaraşıqlı bir qartal irəli çıxdı. Başında dağ qartallarına xas olan ağ lələklər görünürdü, onu həmcinslərindən fərqləndirən əsas cəhət gözlərinin pişik gözü kimi göy olması idi. Göygöz bir az dayanıb səs-küyün kəsilməsini gözlədi, sonra sözə başladı:
- Qardaşlar! Bu gün bura yığılmağımızın səbəbi hamıya aydındır. Dağlara bəla gəlib, burda yaşayan hər cür quş, heyvanat yoxa çıxıb. Vəziyyətimiz getdikcə ağırlaşır, bizi aclıq təhlükəsi gözləyir. İndi yazdır, biz yuva qurmalı, bala çıxarmalıyıq. Deyin görək, balalarınıza nə yedirdəcəksiniz, özünüz yeməyə bir şey tapmırsınız?! Yaxşı, tutaq ki, birtəhər, min əziyyətlə balalarınızı uçurdunuz, axı, sizi yeni müsibət və məşəqqətlər gözləyir. Qışın soyuğu, yayın istisi, acanda yem dərdi, susayanda su dərdi – bir sözlə, həyat uğrunda sonu görünməyən mübarizə... Bu dağlar nə qədər müqəddəs olsa da, biz boynumuza almalıyıq ki, vəziyyətimiz burda ağırdır, çox ağırdır. Biz çarə tapmalı, bir tədbir tökməliyik. 
Burda Göygöz bir anlıq sözünə ara verdi, üzünü tərəfdarlarına çevirdi. Həm nəfəsini dərmək, həm də onların fikrini bilmək istəyirdi. Razılıq dolu baxışları, hayqırtıları görüb daha da ürəkləndi, başını dik tutub qətiyyətlə bəyan etdi:
- Bizim fikrimiz qətidir: Biz bu sərt dağları buraxıb mülayim meşələrə köçməliyik. Quş-qayanın günbatan tərəfində, burdan iki günlük yolda böyük dağlar qurtarır, böyük düzənlər başlayır. Bu düzənlər başdan-başa hündür ağaclı sıx meşələrlə örtülüdür. Orada biz yem problemini tamamilə həll edərik, təhlükəsizliyimizi də birdəfəlik təmin edərik. Bu meşələr qoruq elan olunub və insanlar tərəfindən qorunur. Biz özümüzdən daha güclü, daha ağıllı insana pənah aparmalıyıq…

Göygözün çıxışı məclis üzvlərinə möhkəm təsir etmişdi. Onun dəstəsi öz liderlərinin səsinə səs verir, sözlərini hay-küylə təsdiq edirdilər. Ağbaşın tərəfdarları isə gözlərini ona dikmişdilər, onun sözünü eşitmək istəyirdilər. Ağbaş irəli çıxdı.
- Mən çox danışmayacağam, ancaq Göygözün cavabını verməliyəm. Qartalın qartallığı ondadır ki, azaddır, heç kimə baş əymir. Əgər biz insana pənah aparsaq, ona baş əysək, onda bizim toyuqdan fərqimiz nə olar?! Axı, toyuqlar da bir vaxt azad quş olmuş, insana pənah apardıqdan sonra aciz toyuğa çevrilmişlər. Göygöz Quş-qayanın sərt təbiətini düzənliklərin mülayim iqliminə dəyişmək istəyir. Bizim dağların sərt iqlimində bitən hər hansı çiçəyi aparıb düzənlikdə əkmək olar. Ancaq şübhəsiz ki, bu çiçək məhv olar. Çünki dağ çiçəyidir, kökləri dağlara, vətənə bağlıdır. Göygözün fikri bu kökləri qırmaq, qartalı dağlardan ayırmaqdır. Bu isə xəyanətdir, Quş-qayanın qartallarına qarşı xəyanətdir. Mən sözümü tamamlayıram, ailəmizi dağlara, vətənə bağlayan kökləri qırmamağa çağırıram.

Ağbaşın sözlərini onun tərəfdarları böyük hərarətlə qarşıladılar. Göygözün tərəfdarları isə öz narazılıq səslərini ucaltdılar. Dəstələr qarşı-qarşıya dayandı. Bir az da keçsə, ara qarışacaq, Quş-qayanın qartalları bir-birinə qənim kəsiləcəkdi. Bu zaman batmaqda olan günəşin son şüaları altında bozarmış lələkləri tutqun rəngdə görünən qoca qartalların ən qocası irəli çıxdı. Ağsaqqal ortaya çıxan kimi səs-küy kəsildi, hər dəstə öz yerinə çəkildi. 
- Quş-qayanın yaşını heç kim deyə bilməz. Onun yaşını hesablamaq üçün nə dağların daşları, nə də düzənliyin otları kifayət etməz. Dünyanın tarixi iki böyük Xaliqin, Böyük yaradanla - qoca qartal başını qan rəngli üfüqlərdə boğulmaqda olan Günəşə çevirdi - dağıdıb məhv edən Zamanın mübarizə tarixi olmuşdur. Yaradan bir ucdan yaratmış, Zaman bir ucdan dağıdıb məhv etmişdir. Quş-qayada qartalların sayı bəzən artıb yüzlərlə, bəzən də azalıb onlarla olmuşdur. Aclıq və bolluq, sərt qış və bərəkətli yay daim bir-birini əvəz etmişdir. Quş-qayanın qartalları isə heç zaman məhv olmamış, Böyük yaradanın iradəsilə Zamanın hökmünə qarşı durmuşlar. Bu dağlarda hər bir dərə bir qartal məzarı, hər bir qaya bir qartal yuvasıdır. Biz məzarlarımızı yalqız, yuvalarımızı sahibsiz qoya bilmərik. Qoca qartalların qərarı belədir. 

Ağsaqqalın çıxışından sonra ortaya sükut çökdü. Göygöz bu sükutdan istifadə edib irəli çıxdı. 
- Qocaların mənim təklifimi qəribçiliyə salacağını əvvəlcədən bilirdim. Onlar yuva qurmayacvq, bala çıxartmayacaqlar, ona görə də aclıq onları maraqlandırmır. Onlar tezliklə həyatdan köçəcəklərini bilirlər, ona görə də hər dərəsi bir qartal qəbri olan bu sərt qayalardan əl çəkmək istəmirlər. Ağbaş da qocaların tərəfindədir, onların sözünü deyir. Amma biz azad qartallarıq, gələcəyə aparan yolu özümüz seçə bilərik və artıq seçmişik. Biz sabah sübh açılmamış, göylər göllər rənginə boyanmamış günbatana doğru yola düşəcəyik. Məni istəyənlər, yaşamaq istəyənlər mənimlə gedir.
Cavan qartalların çoxu Göygözün tərəfində idi. Bunlar hələ bərkə-boşa düşməmiş, iliklərinə vətən sevgisi hopmamış, fikirləri gözləri kimi iti olmayan dəliqanlılar idi. Onlar yüngül həyat, macəra dalınca gedirdilər. Bilmirdilər ki, həyatda yüngül şey olmur, nə qədər yüngül alsan, bir o qədər ağır qaytarmalı olursan. Onlar ailənin gələcəyi idi, amma Ağbaş onları zorla saxlamaq istəmirdi. Çünki bilirdi ki, bir şey çıxmayacaq, könülsüz sevginin şikəst balası olar deyirlər.  

Səhər günəş aləmi nura qərq edib Quş-qayanı salamlayanda, onun səmaları artıq boş idi. Quş-qayanın cavan qartalları uçub getmişdi. Ağsaqqallar və Ağbaşın 30 - 40 tərəfdarı Quş-qayaya sadiq qalmış, Göygözün xəyanətinə aldanmamışdı. Quş-qaya qartallarının tarixində ən ağır, ən çətin illər başlayırdı. Həyat uğrunda mübarizə artıq kökü kəsilməmək uğrunda çarpışmaya çevrilirdi...
İllər keçdi... Quş-qaya qartalları daha bir imtahandan salamat çıxdılar. Təbiətin ən böyük qanunu - daha güclünün, daha ağıllının sağ qalması, yaşaması qanunu onları çəkib bu girdağdan çıxartdı. Quş-qayanın səmasında qartallar görünməyə başladı - məzarlar yalqız, yuvalar sahibsiz qalmadı...
İllər keçirdi... Ağbaş qocalırdı, amma onun ürəyindəki yara, həsrət yarası sağalmırdı ki, sağalmırdı. Ağbaş neçə illər bundan əvvəl Quş-qayanı tərk etmiş ailəsinin həsrətini çəkirdi. Neçə dəfə getmək, ya elçi göndərmək istəmişdi, amma qartal qüruru imkan verməmişdi...

Ağbaş sübh tezdən, gün hələ çıxmamış, sönməkdə olan ayın işığı altında günbatana doğru istsqamət götürdü. Onun yolu uzaq, məqsədi aydın idi. O, bir vaxt Quş-qayadan uçub getmiş, yoxa çıxmış ailəsinin dalınca uzaq düzən-meşəliklərə uçurdu. Bu, bir-bir dünyanı tərk etmiş qoca qartalların - ağsaqqalların vəsiyyəti idi, bu, onun qəlbinin səsi idi. Yoxsa, o, bu dünyadan gedə bilməzdi. Hazırlaşmaq isə lazım idi, Zaman öz işini görürdü.
Ağbaş mənzil başına ertəsi gün, hələ gün batmamış gəlib çatdı. Uzaq yol gəlsə də, dincini almadan axtarışa başladı, ucsuz-bucaqsız düzən-meşələri ələk-vələk etdi. O, gah səmanın ənginliklərinə qalxır, gözdən itirdi, gah da qanadları ağacların başına dəyincə aşağı düşürdü, axtardıqca yorulur, yorulduqca axtarırdı. 

Hər bir canlı öz həmcinsini axtaranda, onu görməsə də, eşitməsə də, nə isə güclü bir hissiyyatın təsiri ilə onun varlığını duyur, hiss edir. Bu hissiyyat birbaşa təbiətin özündən gəlir, onun hesabına həyat davam edir, nəsillər bir-birini əvəz edir. İndi həmin hissiyyat Ağbaşa deyirdi ki, bu səmalarda, bu meşələrdə qartal yaşamır. Bu hissə inanmamaq olmazdı, o, tarixlərin sınağından çıxmışdı, o, heç zaman aldatmırdı. 

Ağbaşın ürəyi sıxıldı, o, bir dağ kəkliyi kimi göyə, səmanın ənginliklərinə milləndi. Qalxdıqca qalxdı, yorulmuş qanadlarında bir ağrı hiss edəndə dayandı, qanadlarını geniş açdı, hələ itiliyini itirməmiş gözlərini aşağı, meşələrə zilləyib süzməyə başladı. Birdən onun diqqətini meşələrin qurtaracağında, yuxarıdan nazik xətt kimi görünən yolun qırağında bir tikili cəlb etdi. Onun iti gözləri tikintinin yanında adamların dayandığını gördü. Bu adamlar dairə halında durub nəyəsə baxırdılar. Bu, dağ qartalı idi, Quş-qaya ailəsindən olan erkək qartal idi. Ağbaş bunu öz instikinin gücü ilə hiss etdi, diqqətlə baxmaq üçün yavaş-yavaş enməyə başladı. Deyəsən, yerdəki qartal da onu gördü, çırpındı…  Burada  qaranlıq dağlardakından tez düşürdü, Ağbaş artıq heç nə edə bilməzdi.

Ağbaş sübh açılmamış, günəş hələ qaranlığı qovmamış, insanları oyatmamış meşənin qurtaracağına, yolun qırağında olan tikilinin yanına qondu. Dünəndən onu görmüş, indi də həsrətlə göydən yerə enməsini seyr edən Göygöz bir anlıq elə bil ki, dondu. Onun geniş açılmış göy gözləri yaşla, həsrətlə, ağrı ilə dolu idi. Göz yaşları  dimdiyinə doğru axır, ordan yavaş-yavaş torpağa damcılayırdı. Qartal ağlayırdı... Bu, görünməmiş şeydi. Ağbaş nə isə demək istədi, ancaq boğazından boğuq bir hıçqırıq çıxdı. Ağbaş da ağlayırdı... Əgər, iki qartal birdən ağlayırdısa, deməli, qartalın ağlaması görünməmiş şey deyildi...

İki rəqib üz-üzə dayanmışdı. İllər keçsə də, hər iki qartal qocalsa da, heç birinin gözləri işıqdan, qanadları gücdən düşməmişdi. Hər ikisi başını dik tutur, məğrur bir əda ilə qanadlarını böyrünə sıxırdı. Amma biri ruhdan düşmüşdü, bunu onun gözlərindən oxumaq olurdu. Bu gözlər artıq qığılcım saçmırdı, ümidsizliyin doğurduğu acı göz yaşları bu qığılcımları söndürmüşdü. O, qartal olsa da, las toyuqdan fərqli deyildi, çünki azad deyildi, çünki qul idi. Ağbaş öz azad, məğrur başını dik tutmuşdu, göz yaşları acı olsa da, onun qəlbini sakitləşdirmişdi. İndi o, qulaq asmağa hazır idi. Göygöz də onu çox gözlətmədi...

- Söz vaxtına çəkər deyərlər, yəqin yadındadır, biz də onda elə bu vaxtlar yola çıxmışdıq. Onda da yaz idi... Əvvəllər elə bilirdik ki, buralar əsl cənnətdir. Ailə həm məndən, həm də güzəranından razı idi. Heç kim gəldiyinə peşman deyildi - meşələr geniş, yem bol idi. Quş-qayadan fərqli olaraq, biz burda yuvalarımızı ağaclarda qurmuşduq. Buna görə də, ağaca dırmaşan heyvanlar - yenotlar, meşə pişikləri bizə qənim kəsilmişdi. Əlbəttə, onlar bizimlə üz-üzə gəlməyə cəsarət etmirdilər. Ancaq yuvalardan yumurtaları, ətcə balaları oğurlayıb yeyirdilər. Beləliklə, yuvalarımızın yarıdan çoxu  bu cür qarət edildi.
Bu azmış kimi, qartallar dağlarda görmədiyimiz meşə qızdırmasına tutulub ölməyə başladılar. Payızın axırında artıq köçün yarısı qırılmışdı. Tezliklə qış gəldi, hər tərəfi qar tutdu. Sevindik ki, qızdırmadan qurtulduq, sən saydığını say... 
Həmin ili yaza çıxan qartalların sayı Quş-qayada qalanlardan çox deyildi. Onlar dağlara, Quş-qayaya qayıtmaq istəyirdilər, amma mən bir az tərsliyimdən, bir az da tərəbbürümdən razılıq vermirdim. Yəqin sizdən bir elçi gəlsəydi... Nə isə...
İkinci ili qırılan qırıldı, sağ qalanları da qoruq işçiləri tutub qəfəslərə saldılar. O vaxt bu yeməkxana - Göygöz tikilini göstərdi - təzə tikilirdi. Onun sahibi məni maraqlı bir şey kimi, bura gələnlərə göstərmək məqsədilə qoruq işçilərindən satın aldı, gətirib burda zəncirlədi. Eh, sən toyuq deyirdin, Ağbaş, mən indi toyuqdan pisəm. Toyuğun heç olmasa, ayağı bağlı deyil, ora-bura qaçır.
 
Səma tünd mavi rəng almağa, üfüqlər qızarmağa başladı. Getmək vaxtı idi. Vidalaşarkən Göygöz göz yaşları içində dedi:
- Get, Ağbaş, get bütün bunları Quş-qaya qartallarına söylə. Qoy hamı bilsin ki, qartalı qartal edən dağlardır, Vətəndir. Kökü vətən torpağına bağlı olmayan hər kəs ölümə və əsarətə məhkumdur...   

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий