суббота, 13 июня 2020 г.

LOTU BƏXTİYAR HAQQINDA XATİRƏ



Hörmətli dostlar, mən öz təbiətimə və təhsilimə görə oğru aləmindən daha çox doğru aləminə yaxın adamam. Ən azı, elmlər namizədiyəm, jurnalistəm, özümü xalqımın taleyi üçün cavabdeh hesab edirəm. Amma bununla belə, mənim Lotu Bəxtiyar adlı avtoritetlə tanışlıığım olub, hətta xatirələrim qalıb. İcazə versəz, maraq göstərsəz, danışmaq istəyirəm...


Yazılarımda da dəfələrlə qeyd etdiyim kimi, 90-cı illərdə mən bir müddət Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşamışam və işləmişəm. Həmin dövrdə Nijni Tagil şəhərində “Azəri” cəmiyyətinin vitse-prezidenti olmuşam. Deməli günlərin bir günü dedilər ki, Bəxtiyar Nijni Tagilə gəlir. Doğrusu, uçmağa qanadım olmadı, mən təbiətcə filosofam. Bəxtiyar da da bizim filosof şairdir, Nəsimidən sonra bu adı daşıyanlardan biridir. Nə isə, Bəxtiyar haqqında bildiklərimi, atamdan eşitdiklərimi (mənim mərhum atam şair olub, bir neçə şeir kitabı qalıb!) bizim cəmiyyətin prezidenti Şahinə çatdırdım. Kişi “naçitannı” olamasa da, “qramotnı” adamdı, mənim izahatımı dinlədi, uğunub getdi. Dedi kişi, Tagilə Bəxtiyar Vahabzadə yox, lotu Bəxtiyar qonaq gəlir. Siz məni qınamayın, mən 1992-ci ilə qədər bu adı eşitməmişdim. Dedim, Qardaş, bu kimdir belə, niyə gəlir?! Dedi mən dəvət etmişəm, bizim “Azəri” cəmiyyətini Nijni Tagilin aftoriteti Karo qəbul etmir. Deyirlər, onun Lotu Bəxtiyarla münasibəti yaxşıdır. İkisi də avar Maqomedin (Qafqazda ən nüfuzlu avtoritetlərdən biri – idi ?!) dostudur, necə deyərlər, dostumun dostu mənim dostumdur. 


Qərəz, Bəxtiyarın görüşünə hazırlaşmağa başladıq. Mən biznes işlərimlə əlaqədar Moskva səfərimi təxirə saldım. Amma mərhum lotu Bəxtiyarın Tagilə gəlişi bizim işlərə böyük ziyan vurdu. Vacib bir məqamı da qeyd edim ki, bizim “Azəri” cəmiyyətinin işinə dəstək verənlər, əsasən bazar adamları və polis əməkdaşları idi. Ziyalı təbəqə – müəllimlər, həkimlər bizdən uzaq qaçırdılar və millətin xeyrinə-şərinə yaramırdılar. Bunlar bir qayda olaraq, pul xərcləməyin düşməni, müftə yeməyin dostudurlar. Lotu Bəxtiyar da “malyava” göndərmişdi ki, mənim məclisimdə “it-qurd” iştirak etməməlidir. Kimin it, kimin qurd olmağı, təbii ki, mübahisəli məsələdir. Amma bu xəbər bizim cəmiyyətin polis üzvlərinə çox pis təsir etdi, bir hissəsi bizim cəmiyyəti tərk etdi. Amma Canpolad, Sanqam kimi oğlanar (indi sağdırlarsa və ayaqdadırlarsa, Allah kömək olsun!) bizim cəmiyyətə gəldi.


Bizim prezidentin şəhərdə “Lastoçka” adlı restoranı vardı, biz orda Lotu Bəxtiyarı qəbul etdik, şəninə qonaqlıq verdik. Şahinin tapşırığı ilə tədbirin aparıcılığını mən edirdim. Dostlara maraqlı olar deyə, 92-ci ilin Bəxtiyarını təsvir edim. Mən ortaboylu adamam, hardasa 170-172 olaram, Lotu Bəxtiyar boyda məndən balaca olardı. Hindistan kinolarında hakim obrazını oynayan aktyorları xatırladırdı, qarayanız, "viddi" adamdı. Təsəvvür edin ki, bütün məcllisdə (hardasa 30-40 adam iştirak edirdi) iki eynəkli adam vardı - biri mən, o biri Bəxtiyar. Həmin dövrdə mən 3-çü onilliyi yola vermişdim, o da mən yaşda olardı. Qonağımız arada bir dəfə məclisi tərk etdi, hətta məndən, məclisin sahibindən halallıq istədi. Bizim prezident sonradan mənə dedi ki, qonağımızın problemi var, iynəyə oturub. 


Məclisdə bayaq adını çəkdiyim və indi (üstündən 25 il keçsə də) hörmətlə xatırladığım Canpolad ayağa qalxdı və bizim qonağa bizim sualı ünvanladı: “Biz burda bütün millətlərdən çoxuq, amma haqlı sözümüzü deyə bilmirik. Bəlkə siz Karoya ağız açasız, millətə bir “polojenes” təyin etsin, bizim mübahisəli işlərimizi həll etsin”. Bəxtiyar ayağa qalxdı və hamı diqqətlə qulaq asdı. Bəxtiyar indi də mənim anlaya bilmədiyim qəribə bir fikir səsləndirdi: ”Bilirsənmi ki sən, Lotunun məclisində əyləşmisən?!” Canpolad təbiətinə uyğun hərəkət etmək, etiraz etmək istədi. Onun mübariz təbiəti, Azərbaycan kişisinə xas hündür qaməti indi də gözümün önündədir. Bu kişi Allahdan başqa heç kimin qabağından çəkilməzdi...


Bizim prezident ayağa durdu, o, yaşda Canpoladı vururdu və Canpolad oturdu...
Sonra dedilər ki, Bəxtiyar Tagildən gedəndə Karo ona QAZ-31 bağışlayıb...


Qalib ARİF

Комментариев нет:

Отправить комментарий