(Yuxu)
Yəqin yaşdandır, gördüyüm yuxular
yadımda qalmır, qalsa da, qara-ağ rənglərdən və dumanlı epizodlardan ibarət
olur. Amma bu yuxu rəngli kino kimi canlı və maraqlı idi, mən arzularımı yuxuda
yaşayırdım…
Mən ixtisasca jurnalistəm, “Facebook”a
da yazılarımı paylaşmaq üçün gəlmişəm. Təbiətcə
obyektiv adamam, əsassız tənqiddən və mənasız tərifdən uzağam. Siyasi
yazılarımda (əslində, mənim bədii yazılarım da siyasi olur) Marksın bir kəlamını
əsas tuturam: “Tənqid edə bilmədiyin şəxsi tərif etmək ən böyük simasızlıqdır”.
Mən bəzilərindən fərqli olaraq, simamı qorumağa calışıram…
Amma mən özümdən yox, arzularımın
yuxusundan danışmaq niyyətindəyəm. Deməli, yuxuda bizim Nizamiyə oxşayan,
klassik cizgiləri olan xəyali bir obraz gördüm. Hardasa altmışı haqlamışdı,
başı açıqdı. Dala daranmış saçlarında ağ qaradan çox olardı. Mən özümü
itirmişdim, söhbətə başlaya bilmirdim. Dedim Siz Nizami Gəncəvisiz?!
Müsahibim gülümsədi, elə bil gün çıxdı. Dedi mən Allah-təalayam, sənin istədiyin,
xəyal etdiyin obrazda gəlmişəm. Dedim Siz mənimlə danışırsız, məgər mən peyğəmbərəm?!
Dedi bütün insanlar potensial peyğəmbərlərdir, ona görə mən onları öz obrazımda
və görkəmimdə yaratmışam…
Və mən ağlıma ağıllı gələn sualları
verməyə çalışıram…
-Tövrat, Bibliya, Quran Allah sözüdürmü?
-Bəli, mən öz sözümü demişəm, peyğəmbər göndərmişəm, amma insanlar başa düşdükləri,
arzu etdikləri kimi yazıblar. Mən də xətirlərinə dəyməmişəm, redaktə etməmişəm…
-124 min peygəmbər olarmı?
-124 min insanların arzu etdikləridir, hər halda söhbət yüzlərlə əsrdən gedir... Mən hətta bəzi filosofları peygəmbər yaratmaq istəmişəm, istedadı, işığı yox deyincə vermişəm. Amma sonra müəyyən səbəblərdən fikrimi dəyişmişəm...
-Peyğəmbərlərin içində din yaradanlar, tarixə iz salanlar var...
-Hər peyğımbərin öz missiyası var. Amma mən hətta peyğəmbərlərə də azad seçim vermişəm. Onlar mənim verdiyim missiyanı özləri seçdikləri yolla həyata keçiriblər.
-Sizin neçə yaşınız olar?
-Mən zamanın fövqündə yaşayıram, zamanı mən yaratmışam...
-Siz mənim arzularıma cavab verdiniz, mənimlə
görüşə gəldiniz?!
-Mən öz övladlarımı çox sevirəm, əgər onlar
haqqın yanındadırlarsa, mən də onların yanındayam.
- Axı, Sizin övladlarınız çoxdur,
hamıyla görüşmək mümkün olurmu?
-Olur. İnsanlar Allaha dua edəndə, mənimlə
danışır. Mən də vicdan obrazında fikirlərimi çatdırıram. Vicdan Allahla insan
arasında birbaşa əlaqədir…
-Siz insana hər şeyi, dünyanın bütün
sirlərini açırsınızmı?
-Yox, hələlik insanlıq üçün bağlı hesab
etdiyim məqamlar var – zamanın və məkanın sonsuzluğu, insanın ruhu, ölümün mahiyyəti
və s…
-Siz öz varlığınızı necə sübut edə bilərsiz?
-Sən Allaha dua edəndə, onun varlığını
sübut etməyə çalışırsanmı?! Mən bu suala Musaya verdiyim cavabı verərdim: Allh həmişə
olub, var və olacaq…
-Allaha inanmayanlar da var…
-Bəli, amma Allaha inamla yaşamaq da,
ölmək də asandır…
-İnam nə olan şeydir?
-İnam insanı sair canlılardan fərqləndirən
əsas cəhətdir. İnam dərk olunan zərurətdir, dərk olunan inam müdrikliyə gətirdiyi
kimi, dərk olunmayan inam da köləliyə gətirir…
-Bəs, azadlıq?
-Azadlıq mənim insanlara verdiyim ən
böyük nemətdir. Amma azadlıq da dərk olunan zərurətdir, dərk olunan azadlıq
müstəqilliyə gətirdiyi kimi, dərk olunmayan azadlıq da vəhşiliyə gətirir…
-İnsan azadlığı Allah iradəsi daxilində
fəlayyət göstərir?
-Mən belə deməzdim, deyərdim ki, Allah
iradəsi və insan azadlığı parallel fəaliyyət göstərir…
-Həyatın mənası nədir?
-Nəsil vermək, Xeyirə xidmət etmək, Şərlə
mübarizə etmək. Həyat bir imtahandır, insanın Allah qarşısında verdiyi
imtahandır.
-Allaha inanmayıb Xeyirə xidmət etmək
olarmı?
-Əlbəttə olar. Bu, təxminən özülsüz, təməlsiz
ev tikmək kimidir. Birinci zəlzələyə kimidir…
-Cənnət və cəhənnəm varmı?
-Əlbəttə, var, Allah qarşısında imtahan
verə bilənlər cənnətə, bilməyənlər cəhənnəmə düşür. Amma bunları insanlar istədiyi,
arzu etdiyi kimi təsəvvür edir. Bu, təxminən korların dünya haqqında təsəvvürləri
kimidir. Korlar dünyanı gördükləri kimi yox, istədikləri kimi təsəvvür edirlər…
-Şeytan varmı?
-Əlbəttə var, amma insanlar onun mahiyyətini
şişirdir, bütün günahlarını onun belinə yükləyir, təxminən “kötək pajı” kimi təqdim
edirlər…
-“Kötək pajı” nə olan şeydir?
-XVIII əsrə qədər İngiltərədə kral
saraylarında “kötək pajı” vəzifəsi vardı. “Kötək pajı” zadəgan uşaqları arasından
seçilirdi və şahzadəyə xidmət edirdi. Məsələ ondadır ki, bütün uşaqlar kimi
şahzadələr də nalayiq işlər görürdülər. Amma onların bədəni toxunulmaz
olduğundan, qazandıqları bütün kötəklər “kötək pajı”na vurulurdu…
Nəhayət məni ən çox narahat edən sualı
verirəm:
-Alın yazısı, yazılı tale varmı?
-Əlbəttə yoxdur. Axı, mən dedim ki, insanı
ös obrazımda və görünüşümdə xəlq etmişəm və ona azad seçim imkanı vermişəm. Yazılı
tale isə, düşünürəm ki, çox maraqsız olardı, axı, robotlar da, faktiki olaraq, yazılı
proqramı olan insanlardır. Mənim yaratdığımla insanın yaratdığı arasında fərq
olmalıdır, ya yox?! Sonra, yuxarıda dedim ki, insan həyatı Allah qarşısında bir
imtahandır. Bu imtahanı verənlər cənnətə, verə bilməyənlər cəhənnəmə düşür.
İnsanların taleyini mən yazsaydım, onlardan imtahan götürməyə mənəvi haqqım
olardımı?! Axı, mənim adlarımdan biri də Haqqdır…
Bu məqamda telefon zəng çalır, dayanmadan çalır və mən
yuxudan ayılıram. O qədər sualım qalır ki... Hətta koronovirus haqqında sualımı
verməyə imkan tapmıram...
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий