среда, 17 июня 2020 г.

AZƏRBAYCANDA QAFQAZIN MAŞIN BAZARINI YARATMAQ OLMAZMI?!


İmkanlar və problemlər...


Azərbaycanda siyasi hakimiyyət islahatlar yolu tutub. Bu gün bunu görməmək və hiss etməmək mümkün deyil. Hələlik bu islahatlar kadrların dəyişilməsi, köhnələrin getməsi, yenilərin gəlməsi ilə müşayət olunur. Təbii ki, gələnlər peşəkar və vətən sevər olsalar, müsbət təcrübəni, yeni texnologiyaları Azərbaycana gətirsələr, bacarıqla tətbiq etsələr, biz tezliklə yeniliklərin, müsbət dəyişiklərin şahidi olacağıq. 

Bütün bu yeniliklərdən ümidlənərək, yeni dəyişikliklər ərəfəsində məni narahat edən bəzi məsələləri oxucularla bölüşmək, öz təkliflərimi vermək istəyirəm. Avam vaxtlarımda mən bu cür məsələləri mütəmadi olaraq mətbuata çıxarırdım, düşünürdüm ki, kimsə oxuyar, bəlkə tədbir görər. Amma gec də olsa başa düşdüm ki, bizdə heç kim heç kimin kitabını oxumur, oxuyanı da yazının dadı yox, yazanın adı maraqlandırır. Yəni ki, mən milli maraq kəsb edən böyük bir problem qaldırsam da, heç kim ona əhəmiyyət verməyəcək. Amma sıradan olan bir deputat yeraltı keçiddə qarğıdalı satıb millətə ziyan vuran uşağı qovmağı tələb edərsə, “millətin qeyrətin çəkən şəxslər” dərhal ora yüyürəcək, uşağı “Linç” edəcək...

Məsələ ondadır ki, mən gənc yaşlarımdan yaxşı maşın azarkeşiyəm. Yox, mən maşın allmağın və satmağın azarkeşi deyiləm - buna nə həvəsim var, nə də imkanım. Mən maşın bazarlarını internetdə izləyirəm, Almaniyanın, Amerikanın, Yaponiyanın, Rusiyanın, Gürcüstanın, hətta Ermənistanın maşın bazarlarına girirəm, baxıram. Hansı maşın harda neçəyədir, hansı maşın dəbdədir, daha çox alınan hansıdır, ən ucuz, ən baha maşın bazarı hardadır və s. maraqlanıram.  Məsələn, hazırda postsovet məkanında ən çox satılan  krossover BMW X5, sedan isə Toyota Gamry-dir. Məlum olduğu kimi, son vaxtlara qədər Qafqazın, az qala bütün postsovet məkanının ən ucuz maşın bazarları Gürcüstanda (Batumidə Avtobazar və Rustavidə Avtopapa) yerləşirdi. Bunun səbəblər çox idi: Avropadan Gürcüstana dəniz yolunun olması, Gürcüstanda monopoliyanın aradan qaldırılması, gömrük rüsumlarının formal olması və s... 

Qeyd etmək lazımdır ki, maşın bazarının yaxın olması Azərbaycanda da bir çoxlarının işinə yarayırdı. Məlum maşın dilerləri hətta 100 faizə işləyirdilər. Məsələn, 10 ilin X5-ni Rustavidə 10 min dollara alır, Bakıda 20 minə satırdılar. Qiymətlərin Bakıda bu qədər baha olmsı sərt monopoliyanın, yüksək gömrük rüsumlarının olmasından və dolların ucuz olmasından irəli gəlirdi. Amma 2014-cü ildə Azərbaycanda dolların iki dəfə bahalaşması ilə bu bazar da bağlandı. Eyni zamanda, Gürcüstan avtomobil bazarları da öz cazibəsini itirməyə başladı. Məsələ ondadır ki, gürcü avtomobil dilerləri bütün dünyada ad çıxarmış dələduzlardır. Bunlardan nəinki maşın, hətta təkər də almaq olmaz. Onlar Almaniyada çıxdaş olunaraq ikiyə bölünən, Amerikada aylarla su altında qalan avtomobilləri su qiymətinə Gürcüstana gətirir, kosmetik təmir edir və od qiymətinə azəri qardaşlarına satırlar...

Və nəhayət keçək mətləbə, məni narahat edən məsələyə. Gürcüstan bazarlarının öz əhəmiyyətini itirməyi fonunda Ermənistanın avtomobil bazarları bütün postsovet məkanında populyarlaşmaqdadır. Artıq Rusiyanın maşın dilerləri avtomobilləri Gürcüstandan yox, Ermənistandan gətirməyə üstünlük verirlər. Qeyd etmək lazımdır ki, Moskva - Yerevan təyyarə biletinin qiyməti, hətta Moskva - Tiflisdən də ucuzdur, otellər və motellər də çox sərfəlidir. Erməni avtomobil dilerləri də gürcülərdən fərqli olaraq, daha düzgün adamlardır (yeri gəlmişkən, məhz bu səbəbdən bizim Rusiyadakı uşaqlar gürcülərlə işləmirlər, ermənilərə üstünlük verirlər). Təsəvvür edin, Moskvadan Yerevana gələn rus diller cəmi 200 dollar (yol pulu, yer pulu, gömrük pulu və s.) xərcləyərək Yerevandan avtomobili Rusiyaya gətirir, burda da 200 dollar xərc çəkərək, gömrükdən keçirir. Bizdə iisə yalnız gömrükdən keçirmək üçün maşının qiymətinin yarısı qədər rəsmi və qeyri-rəsmi rüsum ödəməlisən. 

Beləliklə, biz bilərəkdən, ya bilməyərəkdən, Ermənistanın Rusiyanın yeni maşın bazarına çevrilməsinə imkan yaradırıq. Bu isə ildə 10 milyonlarla, gələcəkdə 100 milyonlarla valyuta deməkdir. Mən "Koronovirus karantinləri"ndən sonra İran və Orta Asiya avtomobil dilerlərinin Yerevanın maşın bazarına üz tutaçağçını da istisna etmirəm. Axı, ticarət su kimi bir şeydir, harda çökək (oxu: ucuz qiymət) varsa, ora axır. Məni narahat edən də budur: həmin avtomobil bazarını Azərbaycanda yaratmaq olmazdımı?! Axı, Ermənistandan fərqli olaraq, Azərbaycandan  Rusiyaya birbaşa çıxış var.  Azərbaycandan Qazaxıstana və Orta Asiyaya da çıxış var, biz o boyda xərc çəkmişik, Ələt Beynəlxalq dəniz limanını tikmişik!  

Bəli, hazırda Azərbaycanda Qafqazın maşın bazarının yaradılması üçün bütün infrastruktur imkanları var. Amma bizim təyyarə, otel qiymətlərilə, bizim kömrük rüsumları ilə Azərbaycana kim gələr, kim burdan avtomobil almaq, aparmaq istəyər?! Düşünürəm ki, Azərbaycanda gözlənilən islahatlar dalğası bu sahələri də əhatə etməlidir. Azərbaycanda ilk növbədə təyyarə biletləri, otel, motel qiymətləri aşağı salınmalı, gömrük rüsumları azaldılmalıdır. Əks halda, 100 milyonlarla valyuta bizim razılığımızla düşmənin cibinə axacaq...

Qalib ARİF

Комментариев нет:

Отправить комментарий