Olduğu kimi
görünən və göründüyü kimi olan kişi
Bəzən mənə elə gəlir ki, Mövlanə Cəmaləddin bu sözləri məhz Telman Heydərov
haqqında demək istəyib. Sadəcə olaraq, “bəxti” gətirməyib, aradakı böyük zaman
fərqi ona bu kişi ilə şəxsən tanış olmağa imkan verməyib. Mənim isə bəxtim
gətirib, “Xalq qəzeti”ndə Telman müəllimlə çiyin-çiyinə düz 10 il işləmişəm.
Sözün əsil mənasında, olduğu kimi görünən və göründüyü kimi olan kişini bir
neçə addımlıqdan, bilavasitə iş prosesində müşahidə etmişəm. Ondan –
ustadımızdan, şeirdən tutmuş məsləhətə kimi, çox şey eşitmişəm, çox şey
öyrənmişəm, indi də karıma gəlir...
Telman Heydərov köhnə kişilərdəndir, onlar haqqında deyirlər ki, kişilər
41-45-də getdilər. Telman müəllim isə, sadəcə olaraq, axıra qalıb, 41–45-də
nəinki müharibəyə, heç məktəbə getməyə yaşı çatmayıb. Bəlkə, Allah onu qəsdən
qoruyub, bizim üçün bir nümunə saxlayıb ki, köhnə kişiləri görək?! Deyirəm, bu
suallara cavab tapmaq üçün bir az irəli gedim, köhnə kişi haqqında bir arayış
verim…
Artıq bir neçə ildi ki, Telman müəllimlə işləyirdik, İttifaq Mirzəbəyli ilə
birlikdə ustadla bir otağın havasını içirdik. Humanitar sahənin tanınmış
alimlərindən biri gündəmlə səsləşən iri siyasi bir yazı gətirmişdi. Telman
müəllim şöbə müdiri kimi yazını redaktə etmiş, qəzetdə getməsinə kömək etmişdi.
Həmin alim də, yerli normalara uyğun olaraq, bir qutu konfet, bir köynək,
üstündə qalstukla sovqat gətirmişdi, ustada hədiyyə etmək istəyirdi. Telman
müəllim əməlli-başlı əsəbiləşdi, dedi sən məni tanımırsan, bu nə hoqqadır
çıxarırsan?! Mən 40 ilə yaxındır (səhv etmirəmsə, 97-98-ci illər idi) bu
qəzetdə işləyirəm, bircə dəfə belə şey etmişəm? Həmin alim də bir az pərt kimi
idi, nə edəsini bilmirdi… Sağ olsun Mirzəbəyli, təcili bir çay dəsgahı yaratdı,
pərtliyi, incikliyi aradan qaldırdı. Telman müəllim də qonağı yola salanda sovqatını
qoltuğuna verməyi unutmadı.
İndi isə mətləb üstünə qayıdım, ustadla ilk tanışlığımızdan danışım. Bizi
mərhum Məmməd Nazimoğlu tanış etmişdi, daha doğrusu, məni “Xalq qəzeti”nə işə
dəvət etmişdi. 1996 - 97-ci illərdi. Telman Heydərov altmışı haqlamışdı, başı
tamam ağarmışdı, amma cavanlıq enerjisi, yazıb-yaratmaq eşqi aşıb-daşırdı. Mən
jurnalistikaya elmdən gəlmişdim, yazılarımın məzmunu olsa da, formasında xamlıq
hiss olunurdu. Bəzən yazının ideyasını buraxıb, fikirlərimin arxasınca
gedirdim, fəlsəfəçilik edirdim. Telman müəllim də əsil peşəkar redaktor kimi
hərəkət edirdi, yazının mahiyyətinə dəymədən, fikirlərin bir məcraya
yönəlməsinə kömək edir, formanı düzəldirdi. O, olduqca həssas adamdır, insanı
hiss etdiyi kimi, yazını, sözü də hiss edir. Yaxşı redaktordur, yazını
korlamadan - müəllifin dəsti-xəttinə və qəlbinə toxunmadan düzəldə bilir.
Obrazlı desək, yazı (söhbət YAZI-dan gedir) tut ağacı kimi bir şeydir, ondan
saz da düzəltmək olar, paz da. Bu prosesdə redaktorun peşəkarlığı üzə çıxır,
onun şeirə, ya şairə qulluq etməsi məlum olur. Telman müəllim sözsüz şeirə
qulluq edən redaktor idi, o, hətta adi yazıdan “saz” düzəldə bilirdi. Mən buna
sonralar, “Xalq qəzeti”ndə onunla birlikdə işləyəndə, yüz dəfə, min dəfə əmin
oldum.
Konfutsinin yaxşı bir sözü var (ümumiyyətlə, onun yaxşı sözü çoxdur,
deyəsən ən yaxşısı budur), deyir yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam
yandırmaq yaxşıdır. Telman müəllimin də qaranlığı söyməklə, yəni kimisə, nəyisə
pisləməklə, ümumiyyətlə, şər işlərlə arası yoxdur. Onunku xeyir işdir, yaxşılıq
etməkdir. Sağ olsun – bildiyini bizdən əsirgəmir, sözün əsil mənasında,
yolumuzda şam yandırırdı. Və yavaş-yavaş isti münasibətlərimiz yaranırdı. Onu
tanıdıqca göztoxluğuna və şükranlığına heyrət edirdim. İnanın ki, bu kişi paxıllıq
nə olduğunu bilmir, Allahın verdiyinə daim şükr edir. Ondan hələ bir nəfər
haqqında bir pis kəlmə eşitməmişəm. Yaxşı tərəfi varsa deyir, olmayanda
danışmır, “yuxarıdakı kişi”nin öhdəsinə buraxır. Dindar olmasa da, Allah
adamıdır, borc hissini biləndir, övladlıq, atalıq, vətəndaşlıq borcu onun üçün
müqəddəsdir…
Otaqda həmişə mübahisəmiz düşürdü, mən Şəhriyarı XX əsrin ən böyük
Azərbaycan şairi sayırdım, İttifaq Mirzəbəyli Sabiri. Yəqin fərqli
təbiətimizdən irəli gəlirdi, mən insanı düşündürən, fəlsəfi şeiri sevirəm,
İttifaq isə cəmiyyəti yumorla, gülüşlə müalicə edən sənətin tərəfindədir. Yeri
gəlmişkən, illərlə davam edən mübahisəmiz indi də nəticəsizdir, hər ikimiz öz
fikrimizdəyik. Telman Heydərov isə heç kimin tərəfində deyildi, arabir bığaltı
gülümsəyirdi, kefi kok olanda Rəsul Rzadan bir-iki misra deyirdi. Bununla da
bizə yol göstərirdi, “hər şairin öz yeri var” demək istəyirdi. Şeirə arabir
müraciət etsə də, məqalə ilə sözünü tez-tez deyirdi. Onun “Güllələnmiş
kitablar” yazısı indi də yaddaşımın qızıl fondundadır.
Deməli, Telman müəllim indiki 20 Yanvar dairəsindən bir az yuxarıda
doqquzmərtəbəli binada yaşayır. 20 Yanvar hadisələrində şəhərə əsas hücum da bu
istiqamətdən olmuşdu. Telman müəllim ailəsi ilə birlikdə mənzilin həyətə baxan
otağında daldalansa da, kitablar küçəyə baxan otaqda müdafiəsiz qalmışdı. 20
Yanvar dairəsindən atılan güllələr də pəncərələri dəlib kitab şkafına dəymiş,
onlarla kitabı “al-qana qərq etmişdi”. O qədər təbii və səmimi yazılmışdı ki,
oxuyanda elə bilirdim, güllələr bizim evə dəyir, bizim kitabları (adamları deyə
bilmirəm!) həyatdan məhrum edir…
Böyük-kiçiyə hörmət, təvazökarlıq və nəzakət əsil-nəcabətdən, ailə
tərbiyəsindən gələn keyfiyyətlərdi və Telman müəllimin şəxsiyyətini daha da
yüksəldirdi. Ziyalı ailəsindən çıxan kişi bu ənənələri ləyaqətlə davam
etdirirdi. Son dərəcədə zəhmətkeşdi, bir dəqiqəsini də boş keçirmirdi,
respublikada baş verən bütün yenilikləri bilir, postsovet məkanında və dünyada
baş verənləri izləyirdi, konkret işimizlə bağlı, siyasi məsələləri bizimlə
müzakirə etməyi sevirdi. Respublikanın adlı ziyalıları ilə şəxsən tanış idi,
bir qismi “Xalq qəzeti”nə Telman müəllimin xətrinə gəlirdi. Biz onun sayəsində
Fuad Qasımzadə, Budaq Budaqov, Yaqub Mahmudov kimi alimlərlə tanış olmaq imkanı
qazanmışdıq. Keçmişləri xatırlamağı, ümummilli lider Heydər Əliyev, “Kommunist”
qəzetinin redaktoru Ağababa Rzayev haqqında danışmağı bir ayrı aləmdi. Deyirdi,
Heydər Əliyev Azərbaycan KP MK-da keçirilən iclasda mənim “Kommunist” qəzetinin
kollegiya üzvlüyünə namizədliyimi təsdiq edəndə cavandım, cəmi 30 yaşım vardı.
Zarafat deyildi, Azərbaycanın, respublikanın rəhbəri adımı çəkirdi, mənə etimad
göstərirdi (maraqlıdır, cavan yaşında ona daha bir etimadın göstərilməsindən,
“Əməkdar jurnalist” adı verilməsindən heç zaman danışmır – Q.A.)…
Ağababa müəllimin cəsarətli redaktor, peşəkar jurnalist kimi yüksək
qiymətləndirirdi. Deyirdi, o, əsil rəhbərdi, yaxşını mükafatlandırmağı, pisi
cəzalandırmağı bacarırdı, olduqca ədalətli və ləyaqətli kişi idi, sözü ilə
əməli həmişə düz gəlirdi. Eyni zamanda, səmimi insan kimi iş yoldaşlarının
qayğısına da qalırdı, onların səhhəti, ailə problemləri ilə maraqlanırdı,
hamıya kömək edir, əlindən gələni əsirgəmirdi. Məsələn, mən xəstə oğlumu
Moskvaya müalicəyə aparmaq üçün baş redaktora müraciət edəndə, çəkinmədən
səhiyyə nazirinə zəng etdi, bizə xəstəxanaya göndəriş, mehmanxanada yer
düzəltdi. Bir deyil, iki deyil, unutmaq olarmı?!
Yeri gəlmişkən, Telman müəllim gördüklərini, bildiklərini (eşitdiklərini
yox!) “Geriyə boylananda” adlı avtobioqrafik kitabında cəm edib, gözəl təhkiyə
ilə oxucuların ixtiyarına verib. Bu kitab “Xalq qəzeti”nin əlli illik
salnaməsidir - Telman müəllimin özü kimi… Sağ olsun Nazim Mustafa, bu kitab
haqqında elə bir yazı yazıb ki (“Bütövlük” - Xalq qəzeti, 24.07.2012), mən indi
bədahətən bir-iki kəlmə deməyə utanıram və kitabı əldə edə bilməyən oxucuları
onun ünvanına yollayıram. Özüm isə Telman müəllimlə, İttifaq, Nazim,
Əliqismətlə işlədiyim günləri, keçirdiyim illəri – bizim “Xalq qəzeti”ni
xatırlayıram. Burnumun ucu göynəyir… O günlər elə bil ki, nağıldı, keçdi getdi,
itdi batdı, dağıldı…
Mən “Xalq qəzeti”ndə cəmi 10 il işləmişəm, o günlərin, xatirələrin əlində
əsirəm. Telman müəllim isə 50 ildən çox işləyib, görün o, nə çəkir? Bəli, bu
yazının adını başqa cür də qoymaq olardı: “Əlli il bir bir qəzetdə, bir
kollektivdə işləyən kişi”.
Telman müəllimin həyatı boyu iki stixiyası (tərcüməyə gəlmir!), iki
səcdəgahı olub, biri “Xalq qəzeti”dir, biri ailəsi. Hansının birinci olduğunu
mən bilmirəm, özündən soruşun, bəlkə bilir?! Amma ailəsini - iki oğlunu, indi
nəvələrini çox sevir, lap çox sevir. Onun övladları üçün nələr etdiyini, bu
yolda nələr çəkdiyini mən də bilirəm, sadəcə olaraq, ictimailəşdirmək
istəmirəm. Yalnız onu deyə bilərəm ki, Telman müəllim Allahın dərdini də,
qismətini də kişi kimi qəbul edib, bir dəfə də taleyindən şikayət etməyib. Amma
vaxtsız ağaran saçları öz sözünü deyib, onu ələ verib…
Sonda bir pritça danışmaq, onunla da köhnə kişi haqqında təzə söhbətimə
yekun vurmaq (axırıncı olmasın, axarıncı olsun!) niyyətindəyəm. Deməli, səhrada
yol gedən bir yolçu yaman susuzlayır, obrazlı desək, dili-dodağı yanır. Uzaqdan
yaşıl çətirli, qollu-budaqlı bir palıd ağacı görür, irəli yüyürür. Təbiətin
qaydası budur, harda yaşıl rəng varsa, kökü sudur. Nə isə, yolçu gəlib çatır,
görür palıdın altında çay kimi bir bulaq qaynayır. Diz üstə çökür, Allahın
nemətindən doyunca içir. Kefi kökəlir, ilham pərisi də gəlir. Və bizim yolçu
bulağa müraciət edir: “Gözəl bulağım, sənə nə arzulayım? Deyim ki, sənin böyük
dayağın olsun, bu palıddan böyük dayaq ola bilməz. Deyim ki, sənin suyun bol
olsun, sən onsuz da qaynayırsan. Deyim ki, sənin suyun sərin, təmiz olsun, sən
elə təmizlik timsalısan. Bir olan Allahdan arzulayıram ki, bunları sənə çox
görməsin”…
İndi, Telman müəllim, biz sizə nə arzulayq? Biz də bu yolçu kimi, bir olan
Allahdan arzulayırıq ki, olanları sizə çox görməsin, ürəyinizə görə versin. Bir
də, əgər könlünüzdən keçirsə (!), nəvələrin toyunu görməyi qismət eləsin. Biz
də sizə yoldaş olaq, sirdaş olaq. Əskilərdə “Xalq qəzeti”ndə olduğu kimi…
Qalib Arif