(Hüseynov qardaşlarına ithaf olunur)
GECƏ NÖVBƏSİ
...«Ayağa qalx! Fərəqət!» Auditoriyaya qoşulub öz postunu yaddan çıxaran növbətçi bir az geciksə də, öz əsgəri vəzifəsinin icrasına başlayır. Fərhadla birlikdə içəri girən Cəbrayıl «Azad!» deyib əsgərlərə müraciət edir:
- Bu gün batalyona 30 nəfər təzə əsgər gəlib, bunlardan 10 nəfəri bizim rotaya düşüb. Biz təzə əsgərləri, bir qayda olaraq postlara növbəyə göndərmirik. Bir müddət köməkçi işlər görür, şəraitə alışırlar. Lakin bu, müəyyən vaxt tələb edir. Vaxt isə yoxdur. Buna görə də batalyon komandiri təzə əsgərlərdən könüllüləri növbəyə cəlb etmək barədə göstəriş verib. Bu gecə saat 12-dən bizim rotanın növbəsi başlayır. Təzə əsgərlərdən gecə növbəsinə getmək istəyən varsa irəli çıxsın.
Bir anlıq kazarmaya sükut çökür. Təzə əsgərlər təklifi ürəklərində götür-qoy edirlər. Bütün rota isə diqqət kəsilib, onların sınaqdan necə çıxacağını gözləyir. Elxan irəli çıxır, Aqşin də ondan geri qalmır.
Üçoxlu, üstü brezentli «ZİL» inadla gecənin qaranlığına soxulur. Ağır dağ yolunda ağır maşın gah enişə düşüb fısıldayır, gah düzə çıxıb uğuldayır, gah da yoxuşa qalxıb nərildəyir. Aqşingil 2-ci posta, gecə növbəsinə gedirlər. Brezent örtüyün bütün pəncərələri aşağı salınıb, amma toz hər yerdən dolur, dişlərin altında xırçıldayır. Buna baxmayaraq əsgərlər siqaret sümürürlər - postda siqaret çəkmək olmaz.
Köhnə əsgərlərdən biri Elxana müraciət edir:
- Yaxşı, bu kameranın axırı nə oldu,hava çatdı, çatmadı?
- Rəhmətliyin oğlu, görmürsən maşın bizi nehrə kimi çalxayır. İmkan ver, başımızın qatığı çalxansın, yağı yağ üstə çıxsın, ayranı ayranlıq olsun. Sonra baxarıq hava çatdı,ya çatmadı.
Sonra yenə hərə öz dünyasına qapılır.
Saat 10-da kənddən çıxıblar. İndi isə saatın fosforlu əqrəbləri 11-lə 12 arasındakı yolu yarı eləmək niyyətindədir. Maşın da yolu çoxdan yarı eləyib, artıq mənzilə çatmaq üzrədir. Köhnə döyüşçülər bunu maşının eniş və yoxuşlara düşüb çıxmasından hiss edirlər. Görünür, gözü bağlı yolu tanımaq elə buna deyirlər.
Nəhayət maşın uzun sürən yoxuşdan sonra düzə çıxdığından sevinirmiş kimi silkələnir, nəfəsini dərib dayanır. Kim isə brezent örtüyün qapısını qaldırır, əsgərlər bir-bir yerə düşməyə başlayırlar. Aqşin də düşüb Elxanla bir tərəfdə dayanır, ətrafa göz gəzdirir. Ulduzlu bir gecədir. Maşın dağın döşündə açılmış uzunsov meydançada dayanıb. Burda bir az soyuqdur. Amma əsgərlər soyuğu hiss eləmirlər, maşının tozlu, boğanaq havasından sonra təmiz dağ havasından ləzzət alırlar. «Düzlən» komandası eşidilir. Sola dönüb yuxarı doğru addımlayırlar. Meydançanın qurtaracağında iki yol ayrılır. Biri sağa dönüb dağın başına doğru qalxır, o biri isə... Aqşin yalnız indi meydançanın ikimərtəbəli olduğunu görür. Aşağı meydançada diqqətini tank cəlb edir.
Sağa dönüb yuxarı qalxırlar. Yolun üstündə, sol tərəfdə «ZİL» görünür, üstündə nə isə qaralır. Brezentlə örtülü olsa da, Aqşin bunun “Katyuşa nənənin nəvəsi” olduğunu başa düşür. Bir də sağa dönüb yol boyu 5 metrdən bir dayanırlar. Yoldan 5-6 metr yuxarıda qayalar görünür, bura dağın başıdır. Fərhad başqa bir zabitlə sıra boyu addımlayır. Sıra hissə-hissə hərəkətə gəlir. Zabitlər Elxanla Aqşinə yaxınlaşırlar. «Növbəni təhvil ver» komandası eşidilir. Yuxarıdakı qayaların ikisi hərəkətə gəlir, sürətlə sürüşüb aşağı yola düşürlər və qaranlıqda gözləri işıldayan əsgərlərə çevrilir. Aqşingil onların yerinə qalxır.
1-ci və 3-cü postlardan fərqli olaraq 2-ci post sal qayalıqdan keçir,bura Qara qaya deyirlər. Burda səngər qazmaq mümkün deyil, nə əllə, nə də texnika ilə. Partlatmaq lazımdır. Dinamiti isə də sözdə verirlər, işdə isə əsgərlər elə qayaların üstündə uzanmalı olurlar. Nə az, nə çox..., 6 saat. Payızın yağışı, palçığı... Qışın qarı, soyuğu... Bura müharibədir.
Aqşin daşların üstündə yerini rahlayıb aşağı boylanır. Burda, dağın mərkəzi hissəsində, onların Elxanla durduğu yerdə aşağı uçurumdur. Sağ və sol tərəflərdən dağ yamaclara keçir, düşmən tərəfə uzanır. Orda da sakitlikdir, işıq-zad görünmür. Maraqlı və təhlükəli bir şey yoxdur. Aqşin üzünü göylərə çevirir. İlahi... Burda, dağlarda ulduzlar nə qədər yaxındır, Əlini uzatsan qatar... Adam ayağa qalxmaq, ulduzları yığıb ciblərinə doldurmaq istəyir. Heyf ki, postda ayağa durmaq olmaz... Ağlına bir fikir gəlir, sevinir... Yaxşı ki, insanlar bir-birlərini qırmaqla kifayətlənirlər, ayı, günəşi, ulduzları öldürmək fikrinə düşmürlər. Yoxsa, göyün üzü boş qalardı... Arabir düşmən tərəfdən göyə fişənglər atılır, ətraf işıqlanır. Aqşin avtomatı bərk-bərk sinəsinə sıxıb, Vətən torpağına qısılır. Bu, qeyri-ixtiyari, instiki olaraq baş verir.
Saata baxır, fosforlu əqrəblər sanki yerində sayır, qətiyyən irəli getmir. Ən pisi odur ki, fikirlərini cəmləşdirmək, gün ərzində gördüklərini götür-qoy etmək də mümkün deyil. Gözəgörünməz təhlükə hissi fikirlərini «minib çapır», onları bir dəqiqə dinc qoymur. Qaranlığa baxmaqdan gözləri yorulur, dönüb Elxana tərəf baxır. Qara daşların arasından Elxan güclə seçilir, ona baxıb gülümsəyir. Aqşin bunu görməsə də, hiss edir. Daş sinəsini ağrıdır, sol əlini sinəsinin altına verir, az da olsa ağrını götürmək istəyir. Bir azdan ayaqlarının keyidiyini hiss edib, sağ çiyni üstə çevrilir, ayaqlarını yığır. Yaxşı ki, anası bunları görmür...
Yox, deyəsən saatın əqrəbləri irəli gedir və onlar irəli getdikcə hava soyuyur. Aqşin bunu getdikcə daha aydın hiss edir. Hətta yuxusu da qaçır. Birdən kimsə onu adı ilə çağırır. Aqşin bir andaca yay kimi yığılıb arxası üstə çevrilir, avtomatı sinəsinə bərk-bərk sıxır. Fərhaddır. «Dur gedək, bir az vaqonda otur, qızış», - deyir. Aqşin Elxana tərəf baxır. «Eybi yoxdur, sən gələrsən, o gedər. Siz hələ təzəsiz, vərdişli deyilsiz». Sürüşüb yola düşürlər. Gəldikləri yolla geri qayıdıb aşağı meydançaya çatırlar. «Üstü kərpicli» tankın yanından keçib sola doğru gedirlər. Sağ tərəfi və arxası qayaya söykənmiş vaqon elə yerləşdirilib ki, yəqin gündüz də görünmür. Vaqonun içərisində işıq yanır, siqaret tüstüsü tavana dırmanır. Küncdə elektrik peçi qoyulub. Otaqda Fərhaddan başqa daha iki nəfər var. Onlar vaqonun yarısını tutan dəmir çarpayıların üstündə oturublar. Aqşin salam verir, təəccüblənir ki, adamlardan əvvəl elektrik peçini görüb. Fərhad bunu başa düşür, əli ilə peçin yanında, divarın dibində qoyulmuş kətili göstərir. Aqşin oturur və yalnız indi hiss edir ki, bütün bədəni soyuqdan, yorğunluqdan gizildəyir. Qarşısında hardansa peyda olmuş parçı götürür və isti çayı ağzı yana-yana içir. Bir azdan canına xoş bir hərarət yayılır. Mürgüləyir, başı divara dəyəndə səksənib ayılır. Tez saata baxır, rahat olur- cəmi 10 dəqiqədir ki, burdadır. Fərhad nə isə danışır, o birilər qulaq asırlar. Aqşin də kətili yaxına çəkir.
- Doğrudur, dünyada müharibələr çox olub. Daş dövründən bəri insanın tarixi elə müharibələr tarixidir. Təsəvvür edin ki, bizim əsrdə elə bir gün olmayıb, dünyada hardasa müharibə getməsin. Xırda məhəlli toqquşmaları, regional çaxnaşmaları demirəm, iki böyük cahan müharibəsi olub. Ancaq bütün müharibələrdə müəyyən qayda-qanun olub: hərbi əsirləri güllələmirdilər, mülki əhalini əsir götürmürdülər. II Dünya müharibəsində almanlar əsirləri pis yaxşı düşərgələrdə saxlayırdılar, işlədirdilər. Amma heç kimin burnu, qulağı kəsilmirdi, yalnız meyitləri xüsusi peçlərdə yandırırdılar. Üstündən 50 il keçib, hələ də bütün dünya bundan danışır. Almanlar Moskvaya kimi gəlmişdilər, mülki əhali isə öz evlərində yaşayırdı. Doğrudur, cavanları, iş qabiliyyəti olanları Almaniyaya işləməyə göndərirdilər. Amma bu adamların içində milyoner olub qalanlar da var. Almanları isə biz faşist adlandırırıq. Belə isə, erməniyə faşist deməyə adamın dili gəlmir.
Çiyninə fərqlənmə nişanı olmayan gödəkçə atmış əsgər onun sözünə qüvvət verir:
- Vallah da... Bu yaxınlarda biz azərbaycanlı əsgəri erməni uşağı ilə dəyişmişdik. Bu dağın ətəyindən əlində avtomatla tutduğumuz uşağı deyirəm, 14-15 yaşı ancaq olardı. Biz ona əl vurmağa qoymadıq ki, uşaqdır, yazıqdır. Onu hələ televiziyadan da gəlib çəkmişdilər, bütün Azərbaycan baxmışdı. Azərbaycanlı əsgərinsə, - adını çəkmək istəmirəm, - sinəsi, kürəyi qəzet kimi idi, lehim alətini qızdırıb yazmışdılar. Alnına xaç çəkmişdilər. Düzdür, burnu, qulağı yerində idi, amma ayrı yerini kəsmişdilər... Əsgər dəyişildiyi 2 gün idi, venelarını kəsdi. Onun ayrı yolu yox idi...
O biri əsgər etiraz edir ki, yox, ayrı yolu var idi...
Hamı susur, ortaya ağır bir sükut çökür. Aqşin jurnalist intunsiyası ilə hiss edir ki, hamı həmin axırıncı güllə haqqında fikirləşir. Əsir düşməmək üçün “gimnastyorka”nın döş cibinə qoyulan axırıncı güllə... Fərhad sükutdan daha ağır mövzu ilə sükutu pozur:
- Xocalı hadisəsi bütün dünyanın gözü qarşısında baş verib. Mən bu barədə danışmaq istəmirəm. Hərbçi, ya mülki adam olmasından asılı olmayaraq, hamını - uşaqdan qocaya kimi qırıblar. Dirilər bir yana qalsın, ölülərin də başına min cür oyun açıblar. Hər dəfə Çingiz Mustafayevin kadrlarına baxanda yüz dəfə ölüb dirilirsən. Mən elə bilirdim ki, bundan sonra bütün Azərbaycan ayağa qalxacaq, cəbhəyə axışacaq... Özünüz bu gün şahid oldunuz, hətta torpaqda uyuyan ölülərimizin sümüklərini də rahat qoymurlar. Deyirlər ki, dünyada hər şeyin hüdudu var, bir məkanla, zamandan başqa. Amma deyəsən, erməni vəhşiliyinin də hüdudu yoxdur.
Fərhad bir anlığa susur. Bir siqaret yandırıb damağına qoyur, sözünə davam edir:
- Qarabağ müharibəsini yalnız Əfqanıstan müharibəsi ilə müqayisə etmək olar. Mən Əfqanıstan müharibəsinə gedəndə cavan idim - 18 yaşım vardı, çox şeyi başa düşmürdüm. Amma bütöv kəndlərin ağır təyyarə bombaları, raketlərlə «şumlanıb» yox edilməsi məni dəhşətə gətirirdi. Heç kimə və heç nəyə aman verilmirdi. Evlər, adamlar, hətta heyvanlar tank tırtılları altında əzilib məhv edilirdi. Hərbi əsirlər əsir kimi, mülki adamlar «duşman» kimi güllələnirdi. Bu, müharibə deyildi, bu, əfqan xalqına, müsəlmanlara qarşı soyqırımı idi.
Heç yadımdan çıxmır, Cəlalabadda bizim polkun əsgərləri təyyarə bombalarının yerlə-yeksan etdiyi kəndi tutmuşdular. Kənddə salamat qalan yeganə bina köhnə məscid imiş. Kəndin sağ qalan adamları qaçıb məscidə doluşubmuş. Əsgərlər məscidə girirlər. Kişiləri məscidin sütunlarına bağlayıb qadınları onların gözü qabağında zorlayırlar. Üstünə rəhmətlik Həsən gəlib çıxır. Həsən bizim kəndçi idi - bu “Qrad” atəşindən qəbri dağılan həmin oğlandır. Biz onunla Cəlalabadda eyni vaxtda qulluq etmişik. Rəhmətlik balaca, arıq oğlan idi, amma qorxu nədir bilmirdi, gözündən od çıxırdı. Həsən hamısını güllədən keçirir, nə namus oğrularına, nə də namusu oğurlananlara aman verir. Axırıncı gülləni də özünə vurur. Güllə səsinə gələn əsgərlər məscidə girəndə təkcə sütunlara bağlı kişilər salamat qalıbmış. Onları da əsgərlər güllələyir - şahid olmasın deyə. Bu hadisənin üstü ört-basdır olunsa da, uzun müddət yaddan çıxmadı. Bu, bizim müsəlman əsgərlərinə bir dərs oldu. Mən özüm bu hadisədən sonra bir əfqana güllə atmadım.
Fərhad susur, ortaya bayaqkı kimi ağır sükut çökür. Sükutu yenə o özü pozur, Aqşinə müraciətlə deyir:
- Bura müharibədir. Sənin kimilər buna öyrəşə bilmirlər: ağır fiziki şəraitə öyrəşsələr də, ağır mənəvi mühitə öyrəşə bilmirlər. Sənin bildiyin, inandığın hər nə varsa, burida dağılır. Buranın öz qanunları var. Burda bir qutu «Astra» bəzən Nizaminin «Xəmsə»sindən qat-qat qiymətli olur...
Birdən stolun üstündə qoyulmuş ratsiya səslənir. Fərhad ratsiyanı götürür: «Qartal eşidir, Qartal eşidir. Sakitlikdir. Hər şey öz qaydasındadır». Sonra üzünü gödəkcəsində fərqlənmə nişanı olmayan əsgərə çevirir:
- Xaliq, sən Aqşini ötür, təzələrdən o birini, o qulağı sınıq oğlan var ha, onu gətir, bir az qızışsın. Adı Elxandır.
Şərq tərəfdən üfüqlər bozarır. Hava hələ işıqlanmasa da, səhərin açılması hiss olunur. Soyuq adamın iliklərinə işləyir. Aqşin özünə təsəlli verir ki, bir azdan günəş doğacaq, ona istilik, bu dağlara gözəllik gətirəcək. Onu Fərhadın danışdığı hadisə məşğul edir. Xəndəyin divarından sallanan tabut gözünün qabağından getmir. Düzü, Həsənin hərəkəti onu heyrətləndirmir - onun yerinə olsaydı, Aqşin də belə edərdi. Onu başqa şey düşündürür: «Niyə Həsən axırıncı gülləni özünə vurub? Bəlkə etdiyi hərəkətin cəzasından qorxub, qorxub ki, daha ağır cəzaya məruz qalsın. Yox, qorxaq özünü öldürməzdi, axırıncı güllələri şahidlərə - sütunlara bağlanmış əfqanlara vurardı. Görəsən həmin anda Həsən nə fikirləşib? Bəlkə, gördüyü zorakılıq, vəhşilik onun özünü də vəhşiləşdirib, özünə qarşı amansız edib? Yox, vəhşilik də, zorakılıq da şüalari keyfiyyətlərdir, adətən, öz mənbələrindən ətrafa yayılırlar və onların geri, öz mənbələrinə qayıtması, nə isə ağlabatan deyil. Bəs onda Həsəni öz şirin canına qıymağa nə vadar edib? Bəlkə, Həsən şahidi olduğu faciənin yalnız şahidi yox, bilavasitə olmasa da, iştirakçısı olduğunu başa düşüb, bu iştirakçılardan daha birinə qəsb edib...»
Aqşin heç cür bu suallara cavab tapa bilmir. Axı, Həsən onunla yaşıd idi. 20 yaşda həyat təzə çıxmış ay kimi görünür, sən onun kölgəli tərəflərini görmürsən, elə yaşamaq, yaşamaq istəyirsən. Hətta hər gün ölümlə üzləşsən də elə bilirsən ki, bu başqaları üçündür, sən isə daim yaşayacaqsan, bu dünyanı tutub duracaqsan. Səni nə təsadüfi ölüm qorxudur, nə də zəruri əcəl narahat edir. Aqşinə bu hisslər tanışdır və o, çox şeyi dərk etsə də, bu hisslərin təsirindən çıxa bilmir. Çünki təbiətin qanunları daha güclüdür. Həsən isə çıxa bilməmişdi... Aqşin indi onun böyüklüyünü başa düşür...
Ona elə gəlir ki, dişlərinin şaqqıltısı düşmən mövqelərində eşidilir. Dişlərini bərk-bərk sıxır, bir nəticə hasil olmur. Soyuq onun bütün vücuduna dolur, başındakı fikirlərini dağıdır, pərən-pərən salır. Onu bir azdan doğacaq günəşin istisi isitmir, gözəlliyi maraqlandırmır. Onun xəyalının hüdudları getdikcə daralır, daralır və bütün arzu, istəyi bir şeylə məhdudlanır. Bu, üstünə rəngi bozarmış döşək və dama-dama ədyal salınmış taxta çarpayıdır. Bəli, qaranlıq, boğanaq kazarmalar, onların tütün və tər iyi verən yatacaqları burda ən şirin və əlçatmaz arzuya çevrilir. Bura müharibədir...
Şərqdən üfüqlər ağardıqca qərbdən duman gəlir. Şərqin günəşini qərbin dumanı batırmaq istəyir. İşıqla duman dağın başında toqquşub boz rəngli bir pərdə yaradır. Getdikcə bu pərdə ağarır və ağardıqca qatılaşır, qatılaşdıqca bütün dünyanı doldurur. Bu dağların dumanı o dağların dumanından deyil: o dağların dumanı həyat, bu dağların dumanı ölüm gətirir. Aqşin hətta saatın əqrəblərini görmək üçün əlini gözünə yaxınlaşdırır. Artıq saat 6-dır. Amma onları əvəz edən yoxdur.
Birdən qəribə bir vahimə hissi onun bütün varlığını sarsıdır. Ona elə gəlir ki, aşağıdan, soldan, sağdan düşmən əsgərləri sürünə-sürünə yaxınlaşır. Onlar hər tərəfdən Aqşini mühasirəyə alır. Budur, o, artıq onların hənirtisini eşidir, nəfəslərini hiss edir. Qorxudan bağırmaq, durub hara gəldi qaçmaq istəyini güclə boğur, avtomatı əlində bərk-bərk sıxır, yumaq kimi yığılır. Bu anda o soyuğu hiss etmir. Dərindən burnu ilə nəfəs alıb havanı ciyərlərində uzun müddət - ürəyinin və iradəsinin imkan verdiyi qədər saxlayır. Sonra havanı fasilələrlə, qırıq-qırıq ağzından buraxır. Bir az özünə gəlir. Yoqlar bu üsulla daxili müvazinətlərini bərpa edirlər.
Deyəsən, aşağıdan maşın səsi gəlir. Aqşinə elə gəlir ki, bu səslə Fərhadın səsi arasında yüz illər keçir. O, avtomatı sağ əlində sıxır, sol əli ilə özünə dayaq verə-verə aşağı sürüşür. Yola düşən kimi soyuqdan qaxaca dönmüş bədənini bir az isitmək, üyüşmüş ayaqlarında qan dövranını bərpa etmək üçün oturub-durmağa başlayır. Dumanın içindən Elxanın atmacası eşidilir: «Bir-iki dəfə də daşın-torpağın üstündə bu qədər uzansaq, daha evlənmək-zad lazım gəlməyəcək». Saat doqquzdur.
Əsgərləri səhər növbəsinə gətirən maşın qatı dumana düşüb, hardasa yolun ortasında dayanmalı olub. Əsgərlər qalan yolu piyada qalxıblar. Odur ki, maşının səsi ilə Fərhadın səsi arasında «yüz illər» keçib. İndi də həmin yolu piyada düşmək lazım gəlir. Əsgərlər ağır-ağır gedirlər. Toz yolda az qala dizə çıxır. Fərhadın səsi eşidilir: «Bircə dəfə yağış yağsa, maşın bu yolu çıxmayacaq. «Tırtıllar»dan istifadə etməli olacağıq». Kim isə tək səbir gətirir. Elxan onun qarasına deyinir.
YUXU
Nəhayət... Dama-dama ədyal nazik olsa da, babat qızdırırdı. Aqşin azca qızışmaq, donmuş bədənini isitmək üçün başını da ədyalın altına soxmuşdu. Sanki «sehrli qoxular» aləminə düşmüşdü. Kirzanın tünd qoxusu tərin sərt iyinə qarışmışdı. Yaxşı ki, daha ağır tütün iyi vardı, hamısını neytrallaşdırırdı. Ağır şərait adamın hissiyatını kütləşdirir, onu biganələşdirir. Əvvəllər hər cür qoxuya həssas olan Aqşin indi «qoxular aləmi»nə biganə idi. Elxan isə yerinə girən kimi yatmışdı. O, körpə uşaq kimi tez və sakit yatırdı, indi də mışıltısı güclə eşidilirdi. Aqşin də deyəsən, mürgüləyirdi. Bu, elə bir an idi ki, gecənin yorğunluğu, səhərin soyuğu tədricən canından çıxırdı, bütün bədəninə xoş bir hərarət yayılırdı, o, yavaş-yavaş hissiyatını, çəkisini itirir, hara isə yumşaq, qaranlıq bir sonsuzluğa yuvarlanırdı...
…Deyəsən, evdədir, anası ilə bir yerdədir. Soyuq bir qış gecəsidir. Hətta atasının ezamiyyət vaxtı hansısa rayondan aldığı və fəxrlə «radiator» adlandırdığı elektrik peçi də kömək etmir. İdman formasının altından yun köynək geysə də, üşüdüyünü hiss edir. Telefizor da göstərmir. Nədənsə, bacısı Nərgiz də gözə dəymir, ya yatır, ya da adəti üzrə telefonla danışır. Hə, yadına düşür, Qara Yanvarda Telestudiyanı da partlatmışdılar, Azərbaycanı dünyadan ayırmışdılar. Aqşin fikirlidir, anası da dinmir. Divanda oturub, gözlərini dəhlizə, bayır qapısına zilləyib. Əynində çox sevdiyi, son vaxtlar qışda evdə geydiyi saman rəngli köhnə yun jaket var. Qalın qıvrım saçlarını səliqə ilə darayıb, arxadan bağlayıb. Aqşin də gözləyir, gözü dəhlizdədir… İndi qapıya bayırdan açar salınacaq, dəmir qapı səs-küylə açılacaq. Atası yenə şirin təbəssümlə içəri girəcək, gözlərindən güləcək. Qara drap paltosunu asılqana asacaq, qara drap kepkasını üstünə atacaq. Sol əli ilə ağlı-qaralı dalğalı saçlarına daraq çəkəcək, adəti üzrə orijinal bir söz deyəcək: «Ay uşaqlarımın anası, ay nəvələrimin atası, hələ yatmamısız?»
Ana, oğul səssiz-səmirsiz gözləyirlər, ata isə gəlmək bilmir ki, bilmir. Aqşin yuxuda olsa da bilir ki, onların qapısına heç vaxt bayırdan açar salınmayacaq, dəmir qapı səs-küylə açılmayacaq, atasının isti nəfəsi ilə çölün soyuğu evə dolmayacaq. Anası həmişə deyir ki, Allahın bağdadığı qapını bəndə aça bilməz…
**** *** ***
Bu zaman qapı zərblə açıldı, Aqşinin bircə dəfə gördüyü, hamının Nemes adlandırdığı komandir çölün soyuğu, dumanı ilə birlikdə içəri soxuldu. «Vstat!» əmri kazarmanı titrətdi. Hamı yaydan çıxmış ox kimi yerindən atılsa da, Aqşin tərpənmədi. Üçtəpədə öyrənmişdi ki, gecə növbəsindən gələnlər səhər durmağa borclu deyillər. Ancaq Üçtəpənin qanunları Üçtəpədə qalmışdı. Ayağına dəyən ağır təpik zərbəsi bunu bir daha sübut etdi. Rusca deyilən «Əmr sənə aid deyilmi, küçük» hədəsi, deyəsən, zərbəni müşayət edirdi, bəlkə də tərsinə idi, yadına gəlmirdi. Bir anlıq yorğunluğu canından çıxdı və elə alt paltarında, əməlli isitməyə macal tapmadığı yatağından kənara sıçradı. «Asta ol, kürən», - deyə elə rusca cavab verdi və rəqibi ilə üzbəüz dayandı. Nemes «molodoy»dan belə bir cəsarət gözləmirdi. Bunu heç kim gözləmirdi, bütün kazarmaya sükut çökmüşdü, kiminin şalvarı, kiminin çəkməsi əlində qalmışdı. Hamı Nemesi yaxşı tanıyırdı, heç kim Aqşini tanımırdı. Vəziyyət gərgin idi. Və döyüşlərdə bərkimiş təmkini Nemesi tərk etdi..., o, sağ ayağını yavaşca irəli atdı və ayağı yerə dəyən anda gürz kimi yumruğunu fırlatdı. Bu zərbə Aqşinin başını yerindən qopara bilərdi. Əgər dəysəydi... Nemesin ayağı yerə dəyən anda Aqşin yüngül bir hərəkətlə geri sıçradı. Komandirin ikinci həmləsi də boşa çıxdı. Bu, kifayət idi... Nemes özünü ələ aldı, döyüşlərdə bərkimiş xarakteri ona vəziyyəti qiymətləndirməyə imkan verdi. Rəqibi ondan boyca bir az kiçik və arıq olsa da, ilan kimi cəld idi, deyəsən, yaxşı da hazırlığı vardı. Bir də narahat hərbi forma və ağır çəkmələr onun hərəkətlərini ağırlaşdırmırdı. Ən əsası isə o idi ki, kazarmanın ortasında, əsgərlərin gözü qabağında necə qurtaracağı məlum olmayan “kumite” komandirə sərf eləmirdi, heç sərf eləmirdi. Bunu başqa bir vaxta da saxlamaq olardı...
Komandirin yaşıl gözləri əsgərə sancıldı. Əsgər davam gətirdi. Onun gözlərində qorxudan, ürküdən əsər də yox idi. Uzun, sıx kirpiklərin mühasirəyə aldığı qara gözlər qırpılmadan cəsarətlə baxırdı. Bu gözlərdə elə bir qətiyyət vardı ki, adamı diksinməyə vadar edirdi. Bu gözlər dünyanın hər üzünü görmüş adamın gözləri idi. Əsgər də uşağa oxşamırdı, boy-buxunlu oğlandı. Dala daranmış qara saçları qısa vurulmuşdu. Hündür alnı, düz burnu vardı, nazik dodaqları bir-birinə sıxılmışdı. Bu oğlan Nemesin xoşuna gəlirdi - dikbaş olsa da, qorxaq deyildi. Bəlkə də bir az onun gəncliyini xatırladırdı. Bir anlıq da olsa sentimentallığı özünə qəbahət sayan komandir qarşısında hazır vəziyyətdə durmuş Aqşinə «Otstavit!» deyə bağırdı, sonra gülə-gülə soruşdu ki, kimin yanında məşğul olmusan. Onsuz da yorğun olan Aqşin münaqişənin belə tez və sülhlə qurtarmağına sevindi, fikirləşmədən Süleymanın adını çəkdi. Nemes «Dinamo?» deyə soruşdu. Aqşin başı ilə təsdiq etdi, gecə səhərə kimi növbədə olduqlarını, dumana düşdüklərini və indicə gəldiklərini xəbər verdi. Komandir «elə bundan başlamaq lazım idi» dedi, ona çarpayını göstərib çıxdı. Onların söhbətini çarpayının üstündə oturub gözlərini ovuşduran Elxandan başqa kimsə başa düşməsə də, əsgərlər batalyona təzə gəlmiş bu arıq, qıvraq oğlanın Nemesdən qorxmadığını gördülər. Bunu da hər adam başa düşə bilməzdi...
Aqşin yerinə uzananda Elxanın təksəbirin qarasına deyindiyini eşitdi. Nə qədər qəribə olsa da, uzanan kimi yuxuya getdi... Amma yatmaq bu gün ona qismət deyildi…
Bağıran, deyəsən, Elxandır. Bağırır demək düzgün deyil, Elxan dolmuş göylər kimi guruldayır. Rusca və azərbaycanca bildiyi bütün söyüşləri təkrara yol vermədən yağdırır. Onun bu sahədə də böyük qabiliyyətini nəzərə alsaq, necə bir «yağış»ın alındığını təsəvvür etmək çətin deyil. Onun xasiyyətindəki bu «metamarfoza»dan Aqşinin xəbəri var, Elxanı ancaq təmiz su ilə müqayisə etmək olar. Adi vəziyyətdə o, su kimi mülayimdir. Lakin yeri gələndə, buz kimi soyuq olur. Qızıb qaynamağa başlayanda isə buxara dönüb dünyanı dağıtmağa hazırdır. Aqşin onun söyüşlərarası fasilələrdə verməyə imkan tapdığı məlumatdan indiki «metamarfoza»nın səbəbini aydınlaşdıra bilir. Kimsə Elxanın çəkmələrini dəyişib. Bu, onun ağrılı yeridir. O, hələ Üçtəpədə olanda neçə konyak verib xüsusi «SNQ» çəkmələri almışdı. Altı yumşaq plastikdən olan bu çəkmələr yumşaq qara tumacdan tikilmişdi, dizə kimi bağla bağlanırdı. Bu, hər bir əsgərin arzusu idi. Aqşin Elxanı başa düşürdü, amma çəkmələri dəyişən adama da qibtə etmirdi...
Elxanın bir prinsipi vardı, deyirdi sözü at yerə, yiyəsi gəlib tapacaq. İndi də belə oldu, söyüş yiyəsi özü gəlib çıxdı. Dünənki zırpı, yastıburun oğlandı, Elxanın çəkmələri də ayağındaydı. Bu, Elxanı yenidən coşdurdu. Oğru ayı kimi qollarını basa-basa, qolaylana-qolaylana doğrunun üstünə cumdu. Bütün bu dinamika Elxanın vecinə də deyildi, o, ürəyini boşaltmaqda davam edirdi. Birinci anda o, bu ayının zərbələri altında tamam itib-batdı. Ancaq birinci anda... İkinci anda isə bu zırpı oğlanın ayaqları yerdən üzüldü və o, bütün ağırlığı ilə kazarmanın taxta döşəməsinə sərildi. Otağın şüşələri cingildədi, Aqşinə elə gəldi ki, zəlzələdir. Yöndəmsiz hərif özünə gəlməmiş Elxan onun üstündə oturmuşdu və öz çəkmələrini onun ayağından çıxarmaqla məşğul idi. Aqşin isə ürəyində saniyələri sayırdı. Doqquz sayında Elxan artıq çəkmələri çıxarıb qırağa qoymuşdu və hamı ilə birlikdə zərərçəkənə «ilk tibbi yardım» göstərməklə məşğul idi. Bu yardım zərərçəkənin yerdən qalxmasına kömək etmək və onu yaxındakı çarpayılardan birinə uzandırmaqdan ibarət idi.
(Ardı var…)
Комментариев нет:
Отправить комментарий