("Qarabağ hekayələri" silsiləsindən)
Onu əsgərlər 4-cü postda - kəndin ayağında, iki çayın qovşağında yerləşən postda saxlamışdılar. Kimsən, hara gedirsən, nə istəyirsən kimi suallara cavab verməmişdi, könüllü gəlmişəm, vuruşmaq istəyirəm demişdi. Əslində suala cavab verməyə heyi də yox idi. Həmin vaxt qış təzəcə girsə də soyuq idi, bütün günü sulu qar yağırdı. O, «atasının pencəyi»ndə hissədən batalyona qədər on kilometrlik yolu piyada gəlmişdi. Əsgərlər onu saxlayanda soyuq əhdini kəsmişdi, dili söz tutmurdu. Onu vzvod komandiri Fərhadın yanına aparmışdılar. O, eyni sözü təkrarlamışdı: «Könüllü gəlmişəm, vuruşmaq istəyirəm». Vəssalam.Ondan kəlbətinlə də ayrı söz qoparmaq mümkün deyildi. Fərhad onun yaşını soruşmuşdu, «18» cavabını almışdı. O, yalan deyirdi - bu,adi gözlə də görünürdü. «Keçəl» qırxılmış başı təzəcə tüklənirdi. Qara gözləri qara kirpiklərinin əhatəsindən inadla baxırdı. Boyu olsa da, özü arıq yeniyetmənin üzündə diqqəti cəlb edən də elə bu gözlər idi. Üzünə hələ ülgüc dəyməmişdi. Onun 16 yaşı ancaq olardı. Amma partizan kimi deyirdi «18»-dir, vəssalam.
Fərhad «partizan»ı batalyon komandirinin yanına apardı. "Nemes" ləqəbli komandirin zəhmli baxışları yeniyetməyə sancıldı. Oğlan hürküb başını aşağı saldı. Ümumiyətlə o, hər şeydən hürkürdü. Qorxmurdu, hürkürdü. Nemes onu «kompleks»li adlandırdı, yeməkxanaya aparıb doyunca yedirtməyi tapşırdı. Sonra onu hissəyə gedən maşina mindirib rayon mərkəzinə apardılar və dörd istiqamətdən birini sərbəst seçmək şansı verdilər. O, yenə də Quşçular (batalyonun yerləşdiyi kənd belə adlanırdı) istiqamətini seçdi. Ertəsi gün əsgərlər onu yenidən 4-cü postda tapdılar. Bu dəfə o, tamam donmuşdu. Sulu qar güclənmişdi, dayanmadan yağırdı, ətraf ağappaq idi. O, komandirin yanına getmək istədiyini bildirdi. Əsgərlər onu birbaşa Nemesin yanına apardılar. İslanmış ayaqları piyada gəzməkdən «ağzını ayırmış» çəkmələrinin içində şappıldayırdı. Postdan qərargaha kimi yolu güclə gedirdi.
Komandirin iti gözləri yenidən ona sancıldı. O, yenidən başını aşağı saldı. Nemes soruşdu: «Ay uşaq, nə istəyirsən?» Uşaq bu dəfə cəsarətlə cavab verdi: «Mən könüllü gəlmişəm,vuruşmaq istəyirəm». Nemes onun baxışlarında ürkəklik olduğu kimi, sözlərində də inadkarlıq olduğunu sezdi - belələrini sözündən döndərmək çətindir - «axı,sən hələ uşaqsan ,yaşın çatmır», -dedi. «Səni maşina qoyub geri göndərəcəyəm, qayıtsan cəzalandıracağam, «qoduxluğa» saldıracağam. Uşaq «yenə gələcəyəm, ölsəm də evə getməyəcəyəm» dedi. Nemes təəccübləndi, bu inadkarlığın səbəbini bilmək istədi. «Aatamı ermənilər öldürüb, mən böyük oğluyam, onun qisasını almalıyam» cavabını eşitdi. Fikrə getdi, bir xeyli dinmədi. Sonra Fərhadı çağırtdırdı, «bu Qavroşu apar, Aqşinə tapşır. O da atasını vaxtsız itirib, bunlar bir-birlərini yaxşı başa düşərlər» dedi. O göndən yeniyetmənin adı Qavroş qaldı.
Aqşin isə gümanında yanılmadığını yəqin etdi. Fərhad onun haqqında, atasını 20 Yanvarda itirdiyi barədə Nemesə məlumat verdikdən sonra Aqşinə qarşı münasibət də dəyişmişdi, istiləşmişdi. Əsgərlər deyirdilər ki, komandir bunun xətrini çox istəyir. Aqşin hətta fikirləşmişdi ki, yəqin Nemes də atasını vaxtsız itirib, odur ki, həmtalelərinə münasibəti də fərqlənir, onlara xüsusi qayğı göstərir. Nemes Qavroşu onun yanına göndərəndən sonra isə buna tamam əmin olmuşdu. Əmin olmuşdu ki, bu kürən, yekəpər, ilk nəzərdən kobud görünən komandirin sinəsində nəcib bir ürək döyünür.
İlk vaxtlarda Qavroşu postlara növbəyə aparmırdılar. O, «uşaq» olduğu üçün kazarmada qalırdı. Heç mətbəxə, qaraja da göndərmirdilər. Eləcə kazarmada dolabçanın yanında növbətçi qalırdı, komandirlərdən gələn olanda məlumat verirdi. Amma inadkarlığından da qalmırdı. Kətili ona corab yudurmaq istəyən köhnə əsgərlərdən birinin başında sındırmışdı. Aqşinlə dostu Elxan olmasaydı, yəqin işi «yaş» olacaqdı. Amma bundan sonra ona qarşı münasibət də dəyişmişdi, artıq onu uşaq kimi yox, əsgər kimi qəbul edirdilər. Burda Aqşinin də rolu az deyildi. Onu Aqşinin «tələbə»si hesab edirdilər, özü də yarızarafat, yarıciddi Aqşinə komandir deyirdi. Gecə də Aqşinlə yanaşı çarpayıda yatırdı. Aqşin Fərhada isinişdiyi kimi, Qavroş da Aqşinə isinişirdi. Adının Tərlan olduğunu da birinci ona demişdi, evdən qaçmağının, cəbhəyə gəlməyinin səbəbinidə ona danışmışdı. «Atamı yolda itirmişik. Kənddəki evdən paltar-palazı çıxara bilmədik, vaxt yox idi. Hərbçilər getmişdilər, erməni gəlirdi. Qiymətdə ağır, çəkidə yüngül nə var götürüb maşina mindik. Canımızı qurtardıq dedik. Sən saydığını say… Kənddən çıxanda bizim «Niva»nın dalınca ermənilər düşdü. Maşını mən sürürdüm. Atam beşatılanı və olan güllələri götürüb döngələrin birində tullandı. Mənə də dedi ki, bərk sür, ananı, bacını aradan çıxart. Onda mənim yaşım az idi, amma uşaqlıqdan maşın sürürdüm, yolu da əzbər bilirdim. Ağdama kimi sürdüm, dalımıza çatan olmadı. Atam da gəlib çıxmadı. Sonra eşitdik ki, axırıncı gülləsinə qədər dayanıb, erməniləri buravxmayıb…» O, burda doluxsunmuşdu, uşaq kimi ağlamışdı. Aqşin də kövrəlmişdi, əlini balaca əsgərin çiyninə qoymuşdu, ondan çox özünə təsəlli vermişdi: «Ağlama, Vətən yolunda şəhid olanlar ölmürlər, Səməndər quşu kimi təzədən dirilirlər…» Qavroş sonrasını həvəssiz danışırdı, danışmaq istəmirdi. Aqşin də soruşmurdu, bəlkə səbəbi var deyirdi.
Yuxuda isə danışırdı, tez-tez danışırdı. Onun səsinə bəzən Aqşin də səksənib ayılırdı. Buna görə, yuxuda danışdığına görə Qavroşu hətta cəzalandırmışdılar. Əsgərlərdən biri onu «velosiped sürməyə» vadar etmişdi. Bu, köhnə «əsgər oyunu»dur. Yuxuda olan əsgərin ədyaldan çıxan ayağının barmaqları arasına səliqə ilə qəzet parçası qoyurlar, yandırırlar. Yuxuda səksənən əsgər ayaqları ilə, sözün əsl mənasında «velosiped» sürür. Bunun üstündə Aqşin hətta həmin əsgərlə üz-göz də olmuşdu. Araya Elxan girməsəydi, iş gedib davaya çıxacaqdı. Amma Elxan aranı sakitləşdirmişdi, «kişi düz deyir, Qavroş doğrudan da, yuxuda sayıqlayır, yatmağa qoymur» demişdi. Bundan sonra Aqşin də onun sayıqlamalarına fikir verməyə başlamışdı. Qavroş şirin yatdığı yerdə birdən diksinir, «ana, mən günahkar deyiləm, ana, günahkar Bayram idi» deyirdi. Sonra yuxudan ayılır, tir-tir əsməyə başlayırdı. Dişi dişinin üstündə dayanmırdı. Bəzən də ara-sıra «ata, mən günahkar deyiləm, ata, mən sənin adını batırmadım» deyirdi. Bu hər dəfə, təxminən eyni ssenari ilə təkrar olunurdu. Aqşin hiss edirdi ki, arada nə isə var, Qavroş nəyi isə gizlədir. Amma səbrlə gözləyirdi, bilirdi vaxtı gələndə özü danışacaq…
*** *** ***
Atamın ölüm xəbərini alandan sonra bir müddət Ağdamda, uzaq qohumların evində qaldıq. Ümidimiz vardı, deyirdik bəlkə meyitini almaq, Ağdamda torpağa tapşırmaq qismət oldu. Ağdamda saqqallı, şaqqalı bir komandir vardı, bu işlə o, məşğul olurdu. Deyirdi ki, danışmışam, ermənilər meyiti verəcəklər, amma pul istəyirlər, çox istəyirlər. Atamın köhnə «Niva»sını dəyər-dəyməzinə satdıq, anamın yadigar qızıllarını pula çevirdik. Verdik. Get-gələ düşdük. Səhər gedirdik, deyirdilər axşam gəlin, axşam gedirdik, deyirdilər səhər gəlin. Səhər gəlirdik, heç kimi tapmırdıq, kor-peşman geri qayıdırdıq. Neçə ay bu minvalnan keçdi. Günlərin bir günü gördük ki, pul da qurtarıb, saqqallı komandirlərə inam da itib. Sonuncu itən isə ümid oldu - atamı doğma torpaqda torpağa tapşırmaq ümidi. Sonralar eşitdik ki, həmin saqqallı komandir də minaya düşüb. Haram pullar gözünü tutub.
Pul qurtarandan, ümid itəndən sonra Tər-tərə, anamın böyük bacısı yaşayan kəndə gəldik. Bəxtimizdən xalamın oğlanlarından biri ailəsi ilə Rusiyada yaşayırdı, evləri boş idi. Onların evində yerləşdik. Əvvəl xalam, oğlanları kömək edirdilər, anam bizi birtəhər saxlayırdı. Amma üç uşağı - məni, məndən kiçik bacımsı, körpə qardaşımı yedirmək, geyindirmək asan deyildi. Anam xalamgildən borc pul götürdü, kəndin arvadlarından biri ilə şərik alverə başladı. Tər-tərdə, Bərdədə qapı-qapı düşüb şor yığırdılar, su buraxmayan şəkər kisələrinə doldurur, sonra aparıb Gəncədə satırdılar. Anamın gecəsi-gündüzü olmasa da, məni işləməyə qoymurdu, sən oxu, bəlkə atan kimi beş kişidən biri oldun deyirdi. Mən də anamın işləməsini, qapı-qapı gəzməsini istəmirdim, gözüm götürmürdü. İnsafən pis dolanmırdıq, heç özümüz bəyənib bu şordan yemirdik. Anam deyirdi, bu «ağ şey» bizi qıracaq. Doğrudan da belə oldu. Anam Gəncədə Bayramla tanış oldu. Əvvəl o, arabir gəlir, həyət-bacaya əl gəzdirir, ot çalır, odun doğrayırdı. Sonra bizdə yaşamağa başladı. Molla kəbini də kəsdirdilər. Xalamgil istəyirdilər bizdən arxayın olsunlar, qulaqları da dinc olsun. Odur ki, bir söz demədilər, mənə də məsləhət görmədilər.
Anam yenə kəndbəkənd düşüb şor yığırdı, Bayram isə ev-eşiyə baxırdı. 5-10 kisə mal yığılan kimi qonşunun köhnə «Ciquli»sinə yükləyir, Bərdəyə, ordan da düz Bakıya gedirdilər. Bir-iki günə malı bir yerdən verib geri qayıdırdılar. Hələ bizə paltar-palaz, dəftər-kitab da alırdılar. İnsafən Bayram pis adam deyildi, 40 yaşı ancaq olardı. Boy-buxunlu, necə deyərlər «viddi» kişi idi. Hər əlində 40 litrlik bidonla suya gedirdi. Bayram əvvəllər də tez-tez içirdi, sərxoş olanda qalmaqal salırdı. Əlinə pul keçəndən sonra tamam içkiyə qurşandı. İçkiyə qurşandıqdan sonra da əli işdən soyudu. Son vaxtlar Bayram daha anamla alverə getmir, evdə oturub içir, onu gözləyirdi. Gələn kimi pulun hamısını əlindən alırdı. Əvvəl xoşluqla, sonra zorla alırdı. Bir dəfə yenə içib dava-dalaş saldı, anama əl qaldırdı. Daha dözmədim, ağacı əlimə alıb onun üstünə cumdum… Ayılanda gördüm anam-bacım ağlayır, kiçik qardaşım da üzümə su çiləyir. Bir həftə çörək yeyə bilmədim, çənəm ağrıdı. Həftənin başında Bayram özü gəldi. Mənə heç fikir vermədi, anamı döyüb zorla əlində olanı aldı, getdi…
Həmin vaxtdan da həyatımız zəhərə döndü. Xalam oğlanlarını qarışmağa qoymurdu, qoxurdu ki, Bayram küsər, birdəfəlik gedər, biabır olarıq. Anam gözümün qabağında əriyirdi. Səhərdən axşama kimi işləyir, axşamdan səhərə kimi ağlayırdı. Bacım da ona qoşulurdu. Evimizin bərəkəti qaçmışdı, dişə dəyən şey tapılmırdı. Bəyənmədiyimiz şoru yeyə bilmirdik, satmağa saxlayırdıq. Pulunu da Bayram göyə sovururdu. Anam mənə bir söz demirdi. Amma qonşular danışırdılar ki, Bayram Gəncədə cavan bir qəhbə saxlayır, evinə gedib-gəlir. Daha dözmək olmazdı, bütün bunlara - anamın əzablarına, bacımın göz yaşlarına son qoymaq lazım idi. Mən qət etmişdim, fürsət gözləyirdim.
Günlərin bir gecəsi Bayram yenə gəldi. Dəhşətli gecə idi. Yağış yağır, göy guruldayırdı, ildırım çaxırdı. Amma Bayramın səsini göylərin gurultusu da batıra bilmirdi. Anam daha ağlamırdı - bizdən utanır, Bayramdan qorxurdu. Bayram istədiyini almamış əl çəkmədi, pul azdır deyə anamın ölüsünə-dirisinə «əl çəkdi». Mən bu dəfə qarışmadım, mən bu dəfə gözləyirdim.
Atam neçə il meşəbəyi işləmişdi. İki tüfəngi vardı, biri bahalı ov tüfəngi idi - altı «16», üstü «yivli». O biri «adi» beşatılan idi. Atam Ağdam yolunda düşəndə hər iki tüfəng maşında idi. O, ikincini götürmüşdü - canavar ovuna beşatılanla gedərlər. Birinciniisə bizə saxlamışdı, dar gündə satarsız demişdi. Biz isə satmamışdıq, Ağdamda pulumuz qurtaranda da, Tər-tərdə bir tikə çörəyə möhtac olanda da satmamışdıq. Anamın yadigar qızıllarını satmışdıq, amma atamın yadigar tüfənginə dəyməmişdik. Tüfəngdən Bayramın da xəbəri yox idi, olsaydı, çoxdan satıb arağa vermişdi.
Mən həmin dəhşətli gecənin səhəri işıqlanmamış yerimdən qalxdım. Onsuz da çimir almamışdım.Atamın yadigarını çardaqdan götürmüşdüm, gecədən döşəyin altına qoymuşdum. Tüfəngi islanmasın deyə klyonkaya büküb qoltuğuma vurdum, kəsə yolla Tər-tər yoluna çıxmaq istəyirdim. Bayram istədiyini almışdı, gecəni də yağışdır deyə qalmışdı. Səhər tezdən yola düşməli, özünü alverə gedən tanış maşınlardan birinə yetirməli idi. Yağış yavaşısa da, hələ yağırdı. Kəndin kənarından axan çayın üstündəki körpüyə çatıb dayandım. Yağışdan sonra qalxan lilli su «körpünü apardım» deyirdi. İslanmamaq üçün özümü yolun qırağındakı cökənin altına verdim. Yarpaqları saralsa da, seyrəlsə də, hələ tam tökülməmişdi, yağışdan qoruyurdu. Çox gözləmək lazım gəlmədi. Hava azca bozaran kimi Bayramın hündür silueti kənd yolunda göründü. Ayı kimi yanlarını basa-basa gəlirdi, elə bil alçaq dağları bu yaratmışdı. Səbrlə onun körpüyə çatmasını gözlədim - atamla o qədər pusquda qaban gözləmişəm ki… Bu da biri… Tüfəngi üzümə qaldırdım, «yivli» lülənin tətiyini basdım. Mən ümumiyyətlə yaxşı atıram, «yivlə» isə quşu gözündən vura bilərəm. Bu dəfə də gözündən vurdum. Bayram yüngülcə səntirlədi, əlini alnına doğru apardı. Müvazinətini saxlaya bilmədi. Yıxıldı…Yumalanıb çaya düşdü. Anamın pulları axdı, getdi…
Mən bu dəfə həyətimizə qapıdan yox, çəpərdən girdim. Anam, bacım, kiçik qardaşım oyanmasın deyə. Əvvəlcə çardağa çıxdım, tüfəngi ancaq anamla ikimizin bildiyimiz yerdə gizlətdim. Sonra «ağ şeyə» son dəfə haram qatdım. Yolum uzaqdır deyə bir çörək içi doldurdum, qoltuğuma qoydum. Onların - atamın bu dünyada canlı yadigarlarının uyuduğu otağın qapısı ağzında ayaq saxladım, halallıq istədim. Anamın qisasını almışdım, atamın qisasını almağa gedirdim…
*** *** ***
Qavroşun hekayətindən sonra Aqşin xeyli düşündü. Bu, əməlli-başlı bir faciə idi - müharibənin bədbəxt etdiyi ailənin faciəsi. Gələcəkdə - sağ qalsa, imkan olsa bu barədə yazacaqdı. Adını elə-belə də qoyacaqdı: «Bədbəxt ailə.» İndi isə başqa şey düşünürdü. Sanitarın ilk döyüş günündə onlara danışdığı «ağ lifçiklər» məsələsi yadına düşmüşdü. Ermənilər pul verirlər, Pribaltikadan snayper qızlar dəvət edirlər, günəmuzd işlədirlər. Onlar da ayda neçə əsgərimizə qəsd edir. Buna görə onları qınamaq, ya günahlandırmaq çətindir - bu, onların işidir. Bizdə isə Qavroş kimi «quşu gözündən vuran» işsiz qalır, səhərdən axşama kimi kazarmada, dolabçanın yanında "yatır". Gələni qarşılayır, gedəni yola salır. Axı, niyə? Axı, öyrənmək heç vaxt gec deyil. Fərhadla görüşən kimi bu barədə söhbət açdı, «ideya»sını ona danışdı:
- Komandir, bizim bu Qavroş deyir, yaxşı atıram, lap quşu gözündən vururam. Bəlkə, onu bir yoxlayasız. «İmtahan»dan çıxsa, əyninə bir kürk geysin, əlinə bir «snayper tüfəngi» alsın, 2-ci postda, "Qara Qaya"nın başında otursun. Ordan hər iki erməni kəndi əlin içindəki kimi görünür. İndi də qışdır - ağ qarın üstündə nə qaralır, tərpənir, gözündən vursun.
- Pis fikir deyil. Göndər gəlsin, baxaq. Əgər, doğrudan da, quşu gözündən vurursa, mən Nemeslə danışım, ona «blatnoy» bir iş verək. Bəsdir kazarmada yatdı, pas atdı.
Günorta yeməyindən sonra «imtahan»a gedən Qavroş yalnız axşam yeməyinə gəlib çıxdı. Çölün qarına, soyuğuna baxmayaraq, yanaqları alışıb yanırdı, həyəcandan dili söz tutmurdu. Yəqin atasının ölüm xəbərini eşidəndən belə sevinməmişdi. Yeməkxanaya girən kimi Aqşinin üstünə yüyürdü:
- Yaxşı atdım, komandir. Beşatılanla 50 metrdən beş gülləyə 50 xal yığdım. Məni Nemes özü yanına çağırdı, «malades» dedi. Dedi ki, bu, əsgər göstəricisi deyil, idman göstəricisidir. Mənə inanmadılar ki, güllə atmağı ancaq atamdan öyrənmişəm, dedilər sən əsl snaypersən. Mənə əsl «snayper tüfəngi» də verəcəklər, 2-ci postda snayper olacam. Daha kazarmada növbətçi qalmayacam.
Həmin gündən də Qavroşun həyatının ,özü demiş, xöşbəxt günləri başladı. O, xöşbəxtliyi başqa cür təsəvvür etmirdi, buna, sadəcə olaraq, onun dünyagörüşü, fantaziyası çatmırdı. Əsgər üçün bundan gözəl nə ola bilərdi? Onun işi doğrudan da, «blatnoy» iş idi. Səhər yeməyindən sonra 2-ci posta yemək aparan əsgərlərə qoşulur, maşınla, olmayanda piyada dağın başına qalxırdı. Burda vaqonda əyninə kürk, ayağına keçə çəkmə geyir, özünü qayalardan birinin dalına verirdi. İlk günlər it, donuz, inək - erməni tərəfdə tərpənən nə varsa atırdı. Ermənilərdən çox yanıqlı idi, güllə sarıdan korluq da çəkmirdi. Sonra yavaş-yavaş öyrəşdi, püxtələşdi. Ancaq adamlara atmağa başladı. Gülləsi az hallarda boşa çıxırdı. Nemes ona xüsusi mükafat da təyin etmişdi: hər sərrast atəş üçün yüz manat alırdı. Mükafat sistemi batalyonda hələ Nemesdən əvvəl, müdafiə dəstəsinin yarandığı gündən mövcud idi. Erməni əsgərin qiyməti yüz, zabitinki beş yüz manat idi. Düşmənin meyitini gətirəndə mükafat iki, sağ təhvil verəndə üç dəfə artırdı. Erməni tankını vuran üç, maşınını sıradan çıxaran iki min qazana bilərdi. Ən böyük mükafat isə düşmən tankını ələ keçirən əsgər üçün idi - 5 min manat. Bu xöşbəxtlik batalyonda hələ heç bir əsgərə qismət olmamışdı. Çoxu bu arzu ilə yaşayırdı - 5 minə babat maşın almaq olardı.
Qavroş qazandığı pulları üst-üstə yığırdı. Burda cəbhədə pul xərcləməyə elə bir yer yox idi. Qumar oynayan deyildi, içkiyə də hələ öyrəşməmişdi. 15-20 gündə isə beş yüz manat qazanmışdı. Pulları saxlamağa Aqşinə verirdi, min manat olan kimi anama göndərəcəyəm deyirdi. Qoy işləməsin, qapı-qapı düşməsin, evdə otursun. Atamın sağlığındakı kimi. Amma Aqşindən qeyri kimsəyə ürək qızdırmırdı, özü getməsə, Aqşinlə göndərməsə, çətin kiməsə etibar edərdi, pul göndərərdi. Bunu Aqşin hiss edirdi və onu yaxşı başa düşürdü. Müharibədə insanlar heç kimə etibar etmirlər, yalnız dosta inanır, dosta bel bağlayırlar. Dostluq müharibənin əsas qanunlarından biridir. Burda yalquzaq fiziki ölümə məhkum olduğu kimi, dost-düşmən bilməyənlər də mənəvi ölümə məhkumdurlar. Qavroş bunu instiki hiss edirdi, ona ölüm yox idi.
Min manat yığmaq, anasına göndərmək isə Qavroşun taleyinə yazılmamışdı. Onun taleyinə daha böyük işlər görmək yazılmışdı - məsələn, düşmən tankını ələ keçirmək, onun heyətini məhv etmək. Batalyonda çox əsgərin arzusu olan, amma hələ heç kimə nəsib olmayan bu xöşbəxtlik Qavroşa qismət oldu. Amma necə, nəyin bahasına?
Hər şey erməni tankının 1-ci postda çayın dərəsində ilişib qalması ilə başladı. Səhər tezdən, alaqaranlıqda başlanan hycuma dəstək vermək üçün çayın sağ sahilindən bizim mövqeləri atəşə tutan T-70 sıldırım yamacdan sürüşmüş,çayın dərəsinə doğru düşmüşdü. Amma dərəyə çatmamış,arxasını sıldırıma söykəmiş nəhəng çay daşının üstündə ilişib qalmışdı. Aqşin 1-ci postda olanda həmişə bu nəhəng daşa heyrətlə baxırdı, onun bura necə düşdüyünə təəccüb edirdi. Az qala iki mərtəbəli ev hündürlükdə olan bu daşı sel suları gətirə bilməzdi, heç qayadan qopub düşənə də oxşamırdı. Bu daş sanki qəzanın əli ilə bura qoyulmuşdu, tank da onun üstündə oturmuşdu. Maşının altı daşa dirəndiyindən tırtılları boşuna fırlanırdı.Onu başqa bir tankla, ya zirehli maşınla çəkmək, çayın dərəsinə salmaq lazım idi.Bundan sonra maşın özü hərəkət edə bilər, çay dərəsinin maili yamaclarının birindən yola çıxa bilərdi. Bu məsələdə tərəflərin mövqeyi üst-üstə düşürdü. Əsas mübahisəli məsələ isə tankı kimin çıxarması idi. Razılığa gəlmək, tankı iki yerə bölmək isə, məlum olduğu kimi, mümkün deyildi. Əslində tərəflər heç bunu istəmirdilər də. Hər ikisi maşını saz vəziyyətdə ələ keçirmək niyyətində idi. Ermənilər özlərininki, bizimkilər qənimət kimi. Tankın üstündə əsl ölüm-dirim mübarizəsi gedirdi.
Qəzanın qədərindən həmin gün 1-ci postda Fərhadın vzvodu növbə çəkirdi. Nemes məsələni eşidən kimi bu işi ona həvalə etmişdi. Fərhad yerli, həm də təcrübəli idi. Nemes özü də səhər tezdən rota komandiri ilə çayın sol sahilindəki səngərlərə gəlmişdi. Bu, sanitarın yaralı əsgərlə birlikdə istehkamda dəfn olunduğu həmin səngərlər idi. Burda, «adsız çay»ın dərəsində Aqşin birinci dəfə adam öldürmüşdü. Doğrudur, ağzından,burnundan qan gələn erməni əskərinin xəyalı daha onu narahat etmirdi - o,artıq düşmən öldürməyə (!) öyrəşmişdi. Amma bu post, bu səngərlər Aqşində həmişə acı duyğular oyadırdı. İndi də özü səngərdə, gözü düşmən tankında olsa da, həmin duyğuların təsirindən çıxa bilmirdi.
Hər iki tərəf gözləmə mövqeyində idi. Ermənilər tankın sürüşdüyü sıldırım yamacın üstündəki qayalıqda mövqe tutmuşdular. Burdan bütün çay dərəsinə nəzarət etmək olmasa da, sol sahili atəş altında saxlamaq mümkün idi. Bizimkilər onlardan alçaq mövqelərdə olsalar da, sənğərlərdə idilər və çay dərəsinə tam nəzarət edə bilirdilər. Bir uğursuz həmlədən, iki nəfərin itkisindən sonra Fərhad Nemeslə məsləhətləşib gözləmə taktikasına üstünlük vermişdi. Məsələ onda idi ki, çayın dərəsinə atılıb tankı ələ keçirmək istəyən əsgərlərimiz düşmənin çarpaz atəşi altına düşürdülər. Sıldırım yamacda yerləşən düşmən pulemyotu çayın sol sahilini daim atəş altında saxlayırdı. Bizim əsgərlərin həmləsindən sonra tankın pulemyotu da işə düşmüşdü. Əsgərlər sırıqlının üstündən ağ xalat geymişdilər, qarın üstündə yalnız hərəkət edəndə görünürdülər. Amma bu, çarpaz atəşdən xilas etmirdi, bu zaman hər kvadratmetr atəş altına düşürdü və sağ qalmaq ehtimalı sıfra yaxınlaşırdı. Doğrudur, erməni tankını rahatca qumbaraatanla vurmaq olardı. Ancaq bunu Nemes qəti qadağan etmişdi. Tələyə düşən düşmən tankı üstü kərpicli T-72 idi, komandir onu zədələməmiş ələ keçirmək istəyirdi. Özü artıq qərargaha qayıtsa da, ratsiya ilə əlaqə saxlayırdı. Ermənilər diqqəti yayındırmaq üçün 3-cü postdan, o biri çayın dərəsindən güclü hücuma keçmişdilər. Rota komandiri də bu posta getmışdı. Əməliyyata Fərhad rəhbərlik edirdi.
Bu zaman səngərdə qarın altında uzanmaqdan bezmiş, olsun ki, soyuqdan keyimiş Elxan söz oynatdı: «Nə Qavroşun yeridir, atsın daldakı qayanın başından, vursun sıldırımdakı erməni pulemyotçusunun başından». Düşmən tankı bizim səngərlərdən hardasa 70-80 metr aralı idi. Elxan deyən qayadan erməni pulemyotunun yerləşdiyi sıldırıma qədər məsafə isə 100 metrdən az olmazdı. Amma bu qayadan erməni pulemyotu görünməli idi, qaya sənğərlərdən xeyli hündürdə idi. Əgər, pulemyot görünürdüsə, deməli, pulemyotçunu da görmək olacaqdı. Məsafə isə çox uzaqdı, bu məsafədən qayalıqda gizlənən pulemyotçunu ancaq Qavroş götürə bilərdi. Bir sözlə, Elxanın replikası ideya idi, onu Fərhada çatdırmaq lazım idi. Aqşin bu işi öz öhdəsinə ğötürdü. Əlində ratsiya qarşı tərəfi gözdən qoymayan Fərhad onu diqqətlə dinlədi, deyəsən başına batdı. Təcili Nemeslə əlaqə yaratdı, bircə kəlmə "uşaq lazımdır" dedi. Günorta yeməyi gətirən maşınla Qavroş da gəldi. Maşın hədəfə düşməmək üçün hardasa səngərlərdən aşağıda dayanmışdı, əsgərlər qalan yolu piyada gəlmişdilər. Odur ki, yemək də donmuşdu, buza dönmüşdü. Amma burda, qarlı, sazaqlı səngərlərdə qara çörəklə buzlu "duşonka"nın ayrı ləzzəti vardı, soyuq olsa da, əsgərin qarnını qızdırırdı.
Yeməkdən sonra əsgərlər Fərhadın göstərişi ilə aldadıcı manevr etdilər. Bir neçə iri qar topası hazırlayıb səngərlərdən aşağı, çayın dərəsinə doğru diyirlətdilər. Sıldırımın üstündəki erməni pulemyotu işə düşdü. Amma bu dəfə uzun çəkmədi, birdən başladığı kimi, birdən də susdu. Arxadan Qavroşun fit səsi gəldi. Kiçik bir qrup Fərhadın rəhbərliyi ilə hədəfə doğru həmlə etdi. Həmlə deyəndə, beş nəfər əsgər səngərdən çıxıb çayın dərəsinə doğru cumdu. Elxan da gedənlərin arasında idi. Aqşin səngərdə böyük kimi qalmışdı - Fərhad ona etibar edirdi. Həmlə qrupu yamacdan aşağı atılan kimi Aqşin qarşı tərəfi ğüclü atəşə tutmaq göstərişi verdi. Pulemyotlar şaqqıldadı, avtomatlar taqqıldadı. Ermənilərin diqqəti bir anlıq yayındı. Bu, bizim əsgərlərin dərəyə düşməsi və çay daşlarının arxasında gizlənməsi üçün kifayət idi. Artıq Qavroşun susdurduğu pulemyot işə düşmüşdü, tankın üstündəki də atırdı, amma Fərhadın qrupu təhlükəsiz yerdə idi. Çarpaz atəş onlar üçün təhlükəli deyildi. Ancaq tərpənmək də mümkün deyildi. Vəziyyət doğrudan da ağır idi. Onlar ya açıq hədəfdə olan 15-20 metrlik sahəni suyun içi ilə keçməli, ya da daşların dalı ilə aşağı hərəkət edib geri qayıtmalı idilər. Burda çox dayanmaq olmazdı. Bizim əsgərlər erməni tankını nəzarətdə saxladığı kimi, erməni tankı da çayın dərəsini nəzarət altında saxlayırdı, üstündəki pulemyot ara vermədən atırdı. Tankın lüləsi də artıq Fərhadınm qrupunun durduğu istiqamətə tuşlanmışdı, od püskürürdü. Sursat sarıdan da korluqları yox idi, sıldırımın üstündə yerləşən mövqelərdən güllə, mərmi yeşiklərini aşağı sürüşdürmək çətin deyildi. Axşamın düşməsini gözləmək lazım idi, bəlkə onda nə isə etmək olardı. Bunu aşağıda çayın dərəsində olan Fərhad da, yuxarıda səngərdə duran Aqşin də başa düşürdü. Fərhad birinci həmlə zamanı həlak olmuş iki əsgərin meyitini götürüb daşların dalı ilə aşağı doğru hərəkət etməyi əmr etdi. Bu, daha təhlükəsiz yol idi.
Amma Qavroş onları qabaqladı, axşamı gözləmədi. İkinci həmlənin də alınmadığı aydın olanda səngərlərdə göründü. Aqşin təəccüblə onu süzdü:
- Sən burda neynirsən, niyə yerində deyilsən?
Qavroş bic-bic gülümsədi:
-Mən snayper kimi Nemesin əmrini yerinə yetirirəm, onun tabeliyindəyəm, komandir.
Sonra üstdən geyindiyi ağ xalatın düymələrini açdı, onu ağır kürklə bir yerdə çıxardı. Kürkü kənarə, «snayper tüfəngi»nin yanına qoyub, xalatı formanın üstündən geyindi. Aqşin sualını təkrar etdi:
-Sən neynirsən?
-Mənə bir avtomat, iki qumbara ver komandir, Nemesin əmridir.
Ratsiya aşağıda Fərhadda idi, Aqşinin əmri dəqiqləşdirmək imkanı yox idi. Qavroş isə zarafat edənə oxşamırdı. Odur ki, Aqşin əmri yerinə yetirməli oldu. Qavroş istədiyini alıb, «məni atəşlə himayə edin» dedi. Bir neçə dəqiqədən sonra isə o, artıq çayın dərəsində, bayaq Fərhadgilin gizləndiyi daşların dalında idi. Həddən artıq yüngül və həddən artıq çevik idi, həddən artıq sürətlə hərəkət edirdi, ağ xalatda ağ qarın üstündə onu görmək mümkün deyildi.
Aqşin gec də olsa başa düşdü - Qavroş onu aldatmışdı. Nemes bu cür məsuliyyətsiz əmr verə bilməzdi, dünənki uşağı təcrübəli əsgərlərin bacarmadığı işə göndərməzdi. Bu, yüz faiz mənasız ölüm demək idi. Başqa çıxış yolu isə yox idi - «yalançı»nı əvvəl xilas etmək, sonra cəzalandırmaq lazım idi. «Xilas etmək» missiyasını da yalnız o, həyata keçirə bilərdi, artıq hər şey onun öz əlində idi.
Aşağıda, daşların dalında yerini «rahatlayan» Qavroş isə vəziyyəti yerində qiymətləndirmək imkanına malik idi. Çətin işin qulpundan yapışmışdı. Düşmən onun çayın dərəsinə düşdüyünü görmüşdü, atəşi gücləndirmişdi. Erməni tankı istiqamətində çayı keçmək, praktiki olaraq, mümkümn deyildi. Bunu başa düşmək üçün təcrübə də lazım deyildi. Çayın bu hissəsini tankın üstündəki pulemyot daimi nəzarətdə saxlayırdı. İndi isə atəş o qədər sıx idi ki, nəinki adam, heç siçan da keçə bilməzdi. Bu atəşin altında buzlu suyun içi ilə 15-20 metrdən çox qaçmaq lazım idi. Ölümə doğru… Qavroş isə ölməyə gəlməmişdi, onun məqsədi vardı. O, 30-40 metr aşağı, çayın qayaya dəyib sola burulduğu səmtə baxırdı. Bura bizim səngərlərdən yaxşı görünməsə də, erməni mövqelərinin nəzarətində idi. Qarşı tərəfdən, sıldırımın üstündən baxanda, yəqin əlin içindəki kimi görünürdü. Burda, sol sahildəki təpənin üstündə bitən cavan qayın ağacı kökündən qopub sağ sahilə doğru aşmışdı, sıldırıma söykənib qalmışdı. Bu, erməni tankının işi idi, səhər, bizim əsgərlərin birinci həmləsi zamanı ağacı mərmi ilə dibindən baltalamışdı. Bu ağacı Qavroş yuxarıdan görmüşdü, ona görə də çayın dərəsinə düşmüşdü. Amma ermənilər də bunu görmüşdülər, bizim əsgərlərin ikinci həmləsi zamanı, hər ehtimala qarşı sıldırımdan qumbaraatanla vurub ağacı ortadan bölmüşdülər. Qavroş bunu ancaq indi, dərəyə düşəndən sonra görmüşdü. Fərhadın dəstəsi də yəqin buna görə riskə getməmiş, geri qayıtmağa qərar vermişdi. Qavroş isə risk etmək istəyirdi. Odur ki, daşların dalı ilə yavaş-yavaş aşağı, ağaca doğru süründü. Güllə yagış kimi yağırdı, yaxşı ki, soyuq çay daşları vardı. Soyuq olsa da, soyuğu hiss etmirdi - buna vaxt yox idi. Düşünürdü. Ağacın üstü ilə onsuz da o biri sahilə keçmək olmayacaqdı - bura çarpaz atəş altına düşürdü.O, ağacın üstü ilə yox, altı ilə keçmək istəyirdi. Çəkisi 50 kilo olmasa da, özü möhkəm idi, turnikdə 30-40 dəfə çəkilə bilirdi. Özünə arxayın idi. Əvvəl ağacın başı sıldırıma söykənirdi və Qavroş bura çatdıqdan sonra nə edəcəyini bilmirdi. İndi isə ermənilər ağacı iki bölməklə onun işini yüngülləşdirmişdilər. Ağacın baş tərəfi aşağı doğru sürüşmüş, nisbətən maili yerə düşmüşdü. Amma kök tərəfindən ayrılmış, xeyli aralanmışdı. Bu hissəni buzlu suyun içi ilə keçmək lazım gələcəkdi. Qavroş hər şeyə hazır idi, o, qət etdisə, geri çəkilən deyildi.
Ağacın tuşuna çatanda dayandı, daşın dalında oturdu. Ehtiyatlı olmaq lazım idi, ermənilər onu görsəydilər, o taya keçməyə, tanka doğru getməyə dəyməzdi. Ağacın gövdəsi budaqsız, çılpaq olsa da, xöşbəxtlikdən çox qalın deyildi, qucağa sığacaqdı. Nə düşündüsə, çəkmələrini çıxardı, ayağında anasının toxuduğu yun corabları vardı. Avtomatı kürəyinin arxasına aşırdı, bir xeyli gözlədi. Atəş azca seyrələn kimi daşın dalından uzanıb ağacın gövdəsindən yapışdı, dartılıb bədənini ağacın gövdəsinə yapışdırdı. Tırtıl kimi yavaş-yavaş irəli süründü. Ermənilər onu görsəydilər, vuracaqdılar. Odur ki, bədənini ağacın güllə tutmayan tərəfində saxlamağa çalışırdı, buna böyük çətinliklə nail olurdu. İrəli getdikcə, aşağı düşürdü. Aşağı düşdükcə sürüşürdü, gövdəyə yapışmaq çətinləşirdi. Qar dayanmadan yağsa da, soyuğu hiss etmirdi, həyəcandan hətta tərləmişdi.
Birdən sürüşdü və bum-buz suyun içinə düşdü. Elə bil bədəninə yüzlərlə soyuq iynə batırdılar. Amma özünü itirmədi, ağacın gövdəsindən bərk-bərk yapışdı. Dərin olmasa da, çay xeyli iti axırdı. Yavaş-yavaş özünə gəldi. Ağacın gövdəsinin suya dirənən ucu ilə bərabər suya düşmüşdü. Su buz kimi olsa da, çay iti axır deyə donmamışdı. Başını sudan azca qaldırdı,ağacın baş hissəsini axtardı. Ondan bir-iki metr qabaqda, bir az aşağıda idi. Suya cumdu, ayaqlarını ağacın gövdəsinə dirəyib təkan verdi, irəli atıldı. Suyun altında ağacın o biri hissəsindən tuta bildi. Ağacı buraxsaydı, su onu aparacaqdı, ayağa dursaydı, ermənilər vuracaqdı. Ayrı yol yox idi, əvvəlki qayda ilə ağacın gövdəsini qucaqlayıb irəli süründü. Ağacın bu hissəsi qollu-budaqlı idi, irəli getmək daha çətindi. Axın ağacın gövdəsini titrədir, onu daşlara çırpırdı. Qavroş daşlara dəyib əzilməkdən çox ağacla birlikdə axıb getməkdən qorxurdu. Budaqlardan bərk-bərk yapışır, ayaqlarını yerə dirəyirdi. Sudan çıxdıqca donduğunu hiss edirdi, amma dayanmırdı, qarış-qarış olsa da irəli, irəli gedirdi. Sahilə çatanda qollarının, kürəklərinin ağrıdan ağırlaşdığını hiss etdi. Amma özündən razı qaldı, «atama layiq oğulam» düşündü. Bu, ona asan başa gəlmədi, bu lənətə gəlmiş 20-25 metrlik yolu keçincə neçə dəfə öldü, neçə dəfə dirildi. Ermənilər nə isə hiss etsələr də, bir şey kəsdirə bilmirdilər. Tırtıl kimi ağacın gövdəsinin altı ilə sürünmək onların başına batmırdı, başlarına batan ağacın gövdəsinə güllə doldurmaq idi, doldururdular.
Nəhayət Qavroş sol sahilə çatdı və dayandı. Burda ağacın qol-budağı qayalığa ilişib qalmışdı, buranı erməni mövqelərindən güllə tutmurdu. O, əllərini buraxdı və qarın içinə yıxıldı. Bir müddət ölü kimi düşüb qaldı. Əllərinin, ayaqlarının ağrısı keçincəyə qədər, bədəni soyuqdan donuncaya qədər. Sonra doğrudan da donacağından qorxub qarın üstü ilə yavaş-yavaş irəli süründü. Tankın ilişib qaldığı nəhəng çay daşının arxası ilə yuxarı qalxdı. Başını qaldırıb ehtiyatla tanka doğru baxdı. Erməni əsgəri tankın dalında çöməlmişdi, yuxarıdan düşüb sınmış yeşikdən dağılmış pulemyot güllələrini bir yerə yığırdı. Bu vaxt atəş yenidən güclənsə də, o, heç nədən ehtiyatlanmırdı - buranı ümumiyyətlə güllə tutmurdu. Qavroş ehtiyatla avtomatı kürəyindən sinəsinə doğru aşırdı, qoruyucudan çıxardı. Güclənməkdə olan atəşin gurultusu avtomatın səsini batırdı. Erməni əskəri səksənib əlini gicgahına atdı, sonra sakitcə tankın tırtıllarının yanına çökdü. Qavroş ürəyində «altı» dedi. Vaxt itirmək olmazdı, tankdakı ermənilər hər an görünə bilərdilər. Qavroş avtomatı yerə atdı, belindən qumbaralarıı açdı, dartıb fitilini çıxardı. 17 saniyə… O, ildırım sürətilə tankın üstünə qalxdı, qumbaraları yarı açıq lyukdan içəri atdı. Qarşı tərəfdən güllələr şaqqıldadı - bizimkilər atırdılar. Qavroş sinəsində, çiynində zərbə hiss etdi. Bu zərbələrin təsirindən də tankın altına, qarın içinə yuvarlandı. Son anda tankın içində partlayan qumbaraların küt gumbultusunu eşitdi. «Doqquz…»
Tank susduqdan sonra bizim əsgərlər sürətlə hücuma keçdilər. Hava qaralmamış tankı ələ keçirdilər. Ermənilər də müqavimətin əhəmiyyətsiz oldugunu hiss etdilər, geri çəkildilər. Aqşin Qavroşu tankdan bir az aşağıda, nəhəng daşın qayaya dirəndiyi yerdə tapdı. Yəqin bu da qismətdəndir - ilişib qalmışdı, aşağı çayın dərəsinə düşüb əzilməmişdi. Sinəsində, çiynində qan ləkələri vardı, nəbzini çətin tutmaq olurdu.Yaş forması donub bədəninə yapışmışdı. Aqşin sırıqlısını çıxardı, dostunu onun üstünə uzatdı. Ağ xalatı formanın üstündən geyib Qavroşu qucağına götürdü. Ağır deyildi. Çay dərəsi aşağı addımladı. Atılan güllələr onu qorxutmurdu, bizim əsgərlər də atəşlə himayə edirdilər. Bir az aşağıda çayın dərəsindən qalxan yola çatdı. Burdan maşın yoluna qalxmaq istəyirdi. Bir az dincini almaq üçün ayaq saxladı, «yük»ünü ehtiyatla yerə qoydu. Əyilib Qavroşun üzünə baxdı - avazımışdı. Sinəsində, çiynində qan ləkələri böyümüşdü. Nəbzini tutmaq olmurdu. Aqşin özünü saxlaya bilmədi, Qavroşun üzünə bir neçə damcı düşdü. İsti, duzlu damcılar. Və möcüzə baş verdi - Qavroş gözlərini açdı: «Ağlayırsan, komandir? Axı, deyirdin, Vətən uğrunda şəhid olanlar ölmürlər, Səməndər quşu kimi külün içindən çıxırlar. Mən də çıxacağam?» Aqşin dinmir, Qavroş davam edir: «Evdə atama, burda sənə layiq olmağa çalışdım, komandir. Adınızı batırmadım. Bu dünyada mən heç kimə borclu qalmadım. Anamın qisasını almışdım, atamın da qisasını aldım. Bir atama görə doqquz erməni öldürdüm, komandir. Bir nəfərə qarşı doqquz nəfər…» Sonra adəti üzrə bic-bic gülümsəyir: «Mən heç kimə borclu deyiləm, amma mənə borcu olanlar var. Tankın qiyməti, beş min… Hamısını özün öz əlinlə anama verərsən, komandir. Mənim adımdan da de ki, alverdən birdəfəlik əl çəksin, bu, atamın adına yaraşan iş deyil. Atamın yadigarlarına da yaxşı baxsın…" Aqşin yoluna davam etmək istəyir, əyilib onu yerdən qaldırır, bir neçə addım atır. Qavroş xırıldayır, «məni yerə qoy, komandir» deyir. Çətinliklə danışır, nəfəsi güclə gedib-gəlir: «Sən bilirsən, komandir, mən qorxaq deyiləm, ölümdən də qorxmuram. Amma bir arzum vardı, qorxuram gözümdə qalar. 16 yaşımı keçmişəm,amma hələ qız-qadın görməmişəm. Qorxuram ölərəm, bu dünyadan nakam gedərəm… Getmək istəmirəm, komandir…»
Sonrasını isə Aqşin dumanlı xatırlayırdı. molla babanın dua verməsini də, üçoxlu «ZİL»in Tər-tərə getməsini də. Qavroşun anası başıaçıq, ayaqyalın maşının qabağına yüyürmüşdü. Elə maşının qabağında da yıxılmışdı. Aqşin dostunun anasını evə qədər qucağında aparmışdı. Öz anası kimi…
Qalib ARİF
Комментариев нет:
Отправить комментарий