среда, 16 сентября 2020 г.

“QARABAĞ MÜHARİBƏSİ”(Əvvəli aşağıda)

(Hüseynov qardaşlarına ithaf olunur)

GECƏ NÖVBƏSİ

...«Ayağa qalx! Fərəqət!» Auditoriyaya qoşulub öz postunu yaddan çıxaran növbətçi bir az geciksə də, öz əsgəri vəzifəsinin icrasına başlayır. Fərhadla birlikdə içəri girən Cəbrayıl «Azad!» deyib əsgərlərə müraciət edir: 

- Bu gün batalyona 30 nəfər təzə əsgər gəlib, bunlardan 10 nəfəri bizim rotaya düşüb. Biz təzə əsgərləri, bir qayda olaraq postlara növbəyə göndərmirik. Bir müddət köməkçi işlər görür, şəraitə alışırlar. Lakin bu, müəyyən vaxt tələb edir. Vaxt isə yoxdur. Buna görə də batalyon komandiri təzə əsgərlərdən  könüllüləri növbəyə cəlb etmək barədə göstəriş verib. Bu gecə saat 12-dən bizim rotanın növbəsi başlayır. Təzə əsgərlərdən gecə növbəsinə getmək istəyən varsa irəli çıxsın. 

Bir anlıq kazarmaya sükut çökür. Təzə əsgərlər təklifi ürəklərində götür-qoy edirlər. Bütün rota isə diqqət kəsilib, onların sınaqdan necə çıxacağını gözləyir. Elxan irəli çıxır, Aqşin də ondan geri qalmır. 

Üçoxlu, üstü brezentli «ZİL» inadla gecənin qaranlığına soxulur. Ağır dağ yolunda ağır maşın gah enişə düşüb fısıldayır, gah düzə çıxıb uğuldayır, gah da yoxuşa qalxıb nərildəyir. Aqşingil 2-ci posta, gecə növbəsinə gedirlər. Brezent örtüyün bütün pəncərələri aşağı salınıb, amma toz hər yerdən dolur, dişlərin altında xırçıldayır. Buna baxmayaraq əsgərlər siqaret sümürürlər - postda siqaret çəkmək olmaz. 

Köhnə əsgərlərdən biri Elxana müraciət edir: 

- Yaxşı, bu kameranın axırı nə oldu,hava çatdı, çatmadı? 

- Rəhmətliyin oğlu, görmürsən maşın bizi nehrə kimi çalxayır. İmkan ver, başımızın qatığı çalxansın, yağı yağ üstə çıxsın, ayranı ayranlıq olsun. Sonra baxarıq hava çatdı,ya çatmadı. 

Sonra yenə hərə öz dünyasına qapılır. 

Saat 10-da kənddən çıxıblar. İndi isə saatın fosforlu əqrəbləri 11-lə 12 arasındakı yolu yarı eləmək niyyətindədir. Maşın da yolu çoxdan yarı eləyib, artıq mənzilə çatmaq üzrədir. Köhnə döyüşçülər bunu maşının eniş və yoxuşlara düşüb çıxmasından hiss edirlər. Görünür, gözü bağlı yolu tanımaq elə buna deyirlər. 

Nəhayət maşın uzun sürən yoxuşdan sonra düzə çıxdığından sevinirmiş kimi silkələnir, nəfəsini dərib dayanır. Kim isə brezent örtüyün qapısını qaldırır, əsgərlər bir-bir yerə düşməyə başlayırlar. Aqşin də düşüb Elxanla bir tərəfdə dayanır, ətrafa göz gəzdirir. Ulduzlu bir gecədir. Maşın dağın döşündə açılmış uzunsov meydançada dayanıb. Burda bir az soyuqdur. Amma əsgərlər soyuğu hiss eləmirlər, maşının tozlu, boğanaq havasından sonra təmiz dağ havasından ləzzət alırlar. «Düzlən» komandası eşidilir. Sola dönüb yuxarı doğru addımlayırlar. Meydançanın qurtaracağında iki yol ayrılır. Biri sağa dönüb dağın başına doğru qalxır, o biri isə... Aqşin yalnız indi meydançanın ikimərtəbəli olduğunu görür. Aşağı meydançada diqqətini tank cəlb edir. 

Sağa dönüb yuxarı qalxırlar. Yolun üstündə, sol tərəfdə «ZİL» görünür, üstündə nə isə qaralır. Brezentlə örtülü olsa da, Aqşin bunun “Katyuşa nənənin nəvəsi” olduğunu başa düşür. Bir də sağa dönüb yol boyu 5 metrdən bir dayanırlar. Yoldan 5-6 metr yuxarıda qayalar görünür, bura dağın başıdır. Fərhad başqa bir zabitlə sıra boyu addımlayır.  Sıra hissə-hissə hərəkətə gəlir. Zabitlər Elxanla Aqşinə yaxınlaşırlar. «Növbəni təhvil ver» komandası eşidilir. Yuxarıdakı qayaların ikisi hərəkətə gəlir, sürətlə sürüşüb aşağı yola düşürlər və qaranlıqda gözləri işıldayan əsgərlərə çevrilir. Aqşingil onların yerinə qalxır. 

1-ci və 3-cü postlardan fərqli olaraq 2-ci post sal qayalıqdan keçir,bura Qara qaya deyirlər. Burda səngər qazmaq mümkün deyil, nə əllə, nə də texnika ilə. Partlatmaq lazımdır. Dinamiti isə də sözdə verirlər, işdə isə əsgərlər elə qayaların üstündə uzanmalı olurlar. Nə az, nə çox..., 6 saat. Payızın yağışı, palçığı... Qışın qarı, soyuğu... Bura müharibədir. 

Aqşin daşların üstündə yerini rahlayıb aşağı boylanır. Burda, dağın mərkəzi hissəsində, onların Elxanla durduğu yerdə aşağı uçurumdur. Sağ və sol tərəflərdən dağ yamaclara keçir, düşmən tərəfə uzanır. Orda da sakitlikdir, işıq-zad görünmür. Maraqlı və təhlükəli bir şey yoxdur. Aqşin üzünü göylərə çevirir. İlahi... Burda, dağlarda ulduzlar nə qədər yaxındır, Əlini uzatsan qatar... Adam ayağa qalxmaq, ulduzları yığıb ciblərinə doldurmaq istəyir. Heyf ki, postda ayağa durmaq olmaz... Ağlına bir fikir gəlir, sevinir... Yaxşı ki, insanlar bir-birlərini qırmaqla kifayətlənirlər, ayı, günəşi, ulduzları öldürmək fikrinə düşmürlər. Yoxsa, göyün üzü boş qalardı... Arabir düşmən tərəfdən göyə fişənglər atılır, ətraf işıqlanır. Aqşin avtomatı bərk-bərk sinəsinə sıxıb, Vətən torpağına qısılır. Bu, qeyri-ixtiyari, instiki olaraq baş verir. 

Saata baxır, fosforlu əqrəblər sanki yerində sayır, qətiyyən irəli getmir. Ən pisi odur ki, fikirlərini cəmləşdirmək, gün ərzində gördüklərini götür-qoy etmək də mümkün deyil. Gözəgörünməz təhlükə hissi fikirlərini «minib çapır», onları bir dəqiqə dinc qoymur. Qaranlığa baxmaqdan gözləri yorulur, dönüb Elxana tərəf baxır. Qara daşların arasından Elxan güclə seçilir, ona baxıb gülümsəyir. Aqşin bunu görməsə də, hiss edir. Daş sinəsini ağrıdır, sol əlini sinəsinin altına verir, az da olsa ağrını götürmək istəyir. Bir azdan ayaqlarının keyidiyini hiss edib, sağ çiyni üstə çevrilir, ayaqlarını yığır. Yaxşı ki, anası bunları görmür... 

Yox, deyəsən saatın əqrəbləri irəli gedir və onlar irəli getdikcə hava soyuyur. Aqşin bunu getdikcə daha aydın hiss edir. Hətta yuxusu da qaçır. Birdən kimsə onu adı ilə çağırır. Aqşin bir andaca yay kimi yığılıb arxası üstə çevrilir, avtomatı sinəsinə bərk-bərk sıxır. Fərhaddır. «Dur gedək, bir az vaqonda otur, qızış», - deyir. Aqşin Elxana tərəf baxır. «Eybi yoxdur, sən gələrsən, o gedər. Siz hələ təzəsiz, vərdişli deyilsiz». Sürüşüb yola düşürlər. Gəldikləri yolla geri qayıdıb aşağı meydançaya çatırlar. «Üstü kərpicli» tankın yanından keçib sola doğru gedirlər. Sağ tərəfi və arxası qayaya söykənmiş vaqon elə yerləşdirilib ki, yəqin gündüz də görünmür.  Vaqonun içərisində işıq yanır, siqaret tüstüsü tavana dırmanır. Küncdə elektrik peçi qoyulub. Otaqda Fərhaddan başqa daha iki nəfər var. Onlar vaqonun yarısını tutan dəmir çarpayıların üstündə oturublar. Aqşin salam verir, təəccüblənir ki, adamlardan əvvəl elektrik peçini görüb. Fərhad bunu başa düşür, əli ilə peçin yanında, divarın dibində qoyulmuş kətili göstərir. Aqşin oturur və yalnız indi hiss edir ki, bütün bədəni soyuqdan, yorğunluqdan gizildəyir. Qarşısında hardansa peyda olmuş parçı götürür və isti çayı ağzı yana-yana içir. Bir azdan canına xoş bir hərarət yayılır. Mürgüləyir, başı divara dəyəndə səksənib ayılır. Tez saata baxır, rahat olur- cəmi 10 dəqiqədir ki, burdadır. Fərhad nə isə danışır, o birilər qulaq asırlar. Aqşin də kətili yaxına çəkir. 

- Doğrudur, dünyada müharibələr çox olub. Daş dövründən bəri insanın tarixi elə müharibələr tarixidir. Təsəvvür edin ki, bizim əsrdə elə bir gün olmayıb, dünyada hardasa müharibə getməsin. Xırda məhəlli toqquşmaları, regional çaxnaşmaları demirəm, iki böyük cahan müharibəsi olub. Ancaq bütün müharibələrdə müəyyən qayda-qanun olub: hərbi əsirləri güllələmirdilər, mülki əhalini əsir götürmürdülər. II Dünya müharibəsində almanlar əsirləri pis yaxşı düşərgələrdə saxlayırdılar, işlədirdilər. Amma heç kimin burnu, qulağı kəsilmirdi, yalnız meyitləri xüsusi peçlərdə yandırırdılar. Üstündən 50 il keçib, hələ də bütün dünya bundan danışır. Almanlar Moskvaya kimi gəlmişdilər, mülki əhali isə öz evlərində yaşayırdı. Doğrudur, cavanları, iş qabiliyyəti olanları Almaniyaya işləməyə göndərirdilər. Amma bu adamların içində milyoner olub qalanlar da var. Almanları isə biz faşist adlandırırıq. Belə isə, erməniyə faşist deməyə adamın dili gəlmir. 

Çiyninə fərqlənmə nişanı olmayan gödəkçə atmış əsgər onun sözünə qüvvət verir: 

- Vallah da... Bu yaxınlarda biz azərbaycanlı əsgəri erməni uşağı ilə dəyişmişdik. Bu dağın ətəyindən əlində avtomatla tutduğumuz uşağı deyirəm, 14-15 yaşı ancaq olardı. Biz ona əl vurmağa qoymadıq ki, uşaqdır, yazıqdır. Onu hələ televiziyadan da gəlib çəkmişdilər, bütün Azərbaycan baxmışdı. Azərbaycanlı əsgərinsə, - adını çəkmək istəmirəm, - sinəsi, kürəyi qəzet kimi idi, lehim alətini qızdırıb yazmışdılar. Alnına xaç çəkmişdilər. Düzdür, burnu, qulağı yerində idi, amma ayrı yerini kəsmişdilər... Əsgər dəyişildiyi 2 gün idi, venelarını kəsdi. Onun ayrı yolu yox idi... 

O biri əsgər etiraz edir ki, yox, ayrı yolu var idi...

Hamı susur, ortaya ağır bir sükut çökür. Aqşin jurnalist intunsiyası ilə hiss edir ki, hamı həmin axırıncı güllə haqqında fikirləşir. Əsir düşməmək üçün “gimnastyorka”nın döş cibinə qoyulan axırıncı güllə... Fərhad sükutdan daha ağır mövzu ilə sükutu pozur: 

- Xocalı hadisəsi bütün dünyanın gözü qarşısında baş verib. Mən bu barədə danışmaq istəmirəm. Hərbçi, ya mülki adam olmasından asılı olmayaraq, hamını - uşaqdan qocaya kimi qırıblar. Dirilər bir yana qalsın, ölülərin də başına min cür oyun açıblar. Hər dəfə Çingiz Mustafayevin kadrlarına baxanda yüz dəfə ölüb dirilirsən. Mən elə bilirdim ki, bundan sonra bütün Azərbaycan ayağa qalxacaq, cəbhəyə axışacaq... Özünüz bu gün şahid oldunuz, hətta torpaqda uyuyan ölülərimizin sümüklərini də rahat qoymurlar. Deyirlər ki, dünyada hər şeyin hüdudu var, bir məkanla, zamandan başqa. Amma deyəsən, erməni vəhşiliyinin də hüdudu yoxdur. 

Fərhad bir anlığa susur. Bir siqaret yandırıb damağına qoyur, sözünə davam edir: 

- Qarabağ müharibəsini yalnız Əfqanıstan müharibəsi ilə müqayisə etmək olar. Mən Əfqanıstan müharibəsinə gedəndə cavan idim - 18 yaşım vardı, çox şeyi başa düşmürdüm. Amma bütöv kəndlərin ağır təyyarə bombaları, raketlərlə «şumlanıb» yox edilməsi məni dəhşətə gətirirdi. Heç kimə və heç nəyə aman verilmirdi. Evlər, adamlar, hətta heyvanlar tank tırtılları altında əzilib məhv edilirdi. Hərbi əsirlər əsir kimi, mülki adamlar «duşman» kimi güllələnirdi. Bu, müharibə deyildi, bu, əfqan xalqına, müsəlmanlara qarşı soyqırımı idi. 

Heç yadımdan çıxmır, Cəlalabadda bizim polkun əsgərləri təyyarə bombalarının yerlə-yeksan etdiyi kəndi tutmuşdular. Kənddə salamat qalan yeganə bina köhnə məscid imiş. Kəndin sağ qalan adamları qaçıb məscidə doluşubmuş. Əsgərlər məscidə girirlər. Kişiləri məscidin sütunlarına bağlayıb qadınları onların gözü qabağında zorlayırlar. Üstünə rəhmətlik Həsən gəlib çıxır. Həsən bizim kəndçi idi - bu “Qrad” atəşindən qəbri dağılan həmin oğlandır. Biz onunla Cəlalabadda eyni vaxtda qulluq etmişik. Rəhmətlik balaca, arıq oğlan idi, amma qorxu nədir bilmirdi, gözündən od çıxırdı. Həsən hamısını güllədən keçirir, nə namus oğrularına, nə də namusu oğurlananlara aman verir. Axırıncı gülləni də özünə vurur. Güllə səsinə gələn əsgərlər məscidə girəndə təkcə sütunlara bağlı kişilər salamat qalıbmış. Onları da əsgərlər güllələyir - şahid olmasın deyə. Bu hadisənin üstü ört-basdır olunsa da, uzun müddət yaddan çıxmadı. Bu, bizim müsəlman əsgərlərinə bir dərs oldu. Mən özüm bu hadisədən sonra bir əfqana güllə atmadım. 

Fərhad susur, ortaya bayaqkı kimi ağır sükut çökür. Sükutu yenə o özü pozur, Aqşinə müraciətlə deyir: 

- Bura müharibədir. Sənin kimilər buna öyrəşə bilmirlər: ağır fiziki şəraitə öyrəşsələr də, ağır mənəvi mühitə öyrəşə bilmirlər. Sənin bildiyin, inandığın hər nə varsa, burida dağılır. Buranın öz qanunları var. Burda bir qutu «Astra» bəzən Nizaminin «Xəmsə»sindən qat-qat qiymətli olur... 

Birdən stolun üstündə qoyulmuş ratsiya səslənir. Fərhad ratsiyanı götürür: «Qartal eşidir, Qartal eşidir. Sakitlikdir. Hər şey öz qaydasındadır». Sonra üzünü gödəkcəsində fərqlənmə nişanı olmayan  əsgərə çevirir: 

- Xaliq, sən Aqşini ötür, təzələrdən o birini, o qulağı sınıq oğlan var ha, onu gətir, bir az qızışsın. Adı Elxandır. 

Şərq tərəfdən üfüqlər bozarır. Hava hələ işıqlanmasa da, səhərin açılması hiss olunur. Soyuq adamın iliklərinə işləyir. Aqşin özünə təsəlli verir ki, bir azdan günəş doğacaq, ona istilik, bu dağlara gözəllik gətirəcək. Onu Fərhadın danışdığı hadisə məşğul edir. Xəndəyin divarından sallanan tabut gözünün qabağından getmir. Düzü, Həsənin hərəkəti onu heyrətləndirmir - onun yerinə olsaydı, Aqşin də belə edərdi. Onu başqa şey düşündürür: «Niyə Həsən axırıncı gülləni özünə vurub? Bəlkə etdiyi hərəkətin cəzasından qorxub, qorxub ki, daha ağır cəzaya məruz qalsın. Yox, qorxaq özünü öldürməzdi, axırıncı güllələri şahidlərə - sütunlara bağlanmış əfqanlara vurardı. Görəsən həmin anda Həsən nə fikirləşib? Bəlkə, gördüyü zorakılıq, vəhşilik onun özünü də vəhşiləşdirib, özünə qarşı amansız edib? Yox, vəhşilik də, zorakılıq da şüalari keyfiyyətlərdir, adətən, öz mənbələrindən ətrafa yayılırlar və onların geri, öz mənbələrinə qayıtması, nə isə ağlabatan deyil. Bəs onda Həsəni öz şirin canına qıymağa nə vadar edib? Bəlkə, Həsən şahidi olduğu faciənin yalnız şahidi yox, bilavasitə olmasa da, iştirakçısı olduğunu başa düşüb, bu iştirakçılardan daha birinə qəsb edib...» 

Aqşin heç cür bu suallara cavab tapa bilmir. Axı, Həsən onunla yaşıd idi. 20 yaşda həyat təzə çıxmış ay kimi görünür, sən onun kölgəli tərəflərini görmürsən, elə yaşamaq, yaşamaq istəyirsən. Hətta hər gün ölümlə üzləşsən də elə bilirsən ki, bu başqaları üçündür, sən isə daim yaşayacaqsan, bu dünyanı tutub duracaqsan. Səni nə təsadüfi ölüm qorxudur, nə də zəruri əcəl narahat edir. Aqşinə bu hisslər  tanışdır və o, çox şeyi dərk etsə də, bu hisslərin təsirindən çıxa bilmir. Çünki təbiətin qanunları daha güclüdür. Həsən isə çıxa bilməmişdi... Aqşin indi onun böyüklüyünü başa düşür... 

Ona elə gəlir ki, dişlərinin şaqqıltısı düşmən mövqelərində eşidilir. Dişlərini bərk-bərk sıxır, bir nəticə hasil olmur. Soyuq onun bütün vücuduna dolur, başındakı fikirlərini dağıdır, pərən-pərən salır. Onu bir azdan doğacaq günəşin istisi isitmir, gözəlliyi maraqlandırmır. Onun xəyalının hüdudları getdikcə daralır, daralır və bütün arzu, istəyi bir şeylə məhdudlanır. Bu, üstünə rəngi bozarmış döşək və dama-dama ədyal salınmış taxta çarpayıdır. Bəli, qaranlıq, boğanaq kazarmalar, onların tütün və tər iyi verən yatacaqları burda ən şirin və əlçatmaz arzuya çevrilir. Bura müharibədir... 

Şərqdən üfüqlər ağardıqca qərbdən duman gəlir. Şərqin günəşini qərbin dumanı batırmaq istəyir. İşıqla duman dağın başında toqquşub boz rəngli bir pərdə yaradır. Getdikcə bu pərdə ağarır və ağardıqca qatılaşır, qatılaşdıqca bütün dünyanı doldurur. Bu dağların dumanı o dağların dumanından deyil: o dağların dumanı həyat, bu dağların dumanı ölüm gətirir. Aqşin hətta saatın əqrəblərini görmək üçün əlini gözünə yaxınlaşdırır. Artıq saat 6-dır. Amma onları əvəz edən yoxdur. 

Birdən qəribə bir vahimə hissi onun bütün varlığını sarsıdır. Ona elə gəlir ki, aşağıdan, soldan, sağdan düşmən əsgərləri sürünə-sürünə yaxınlaşır. Onlar hər tərəfdən Aqşini mühasirəyə alır. Budur, o, artıq onların hənirtisini eşidir, nəfəslərini hiss edir. Qorxudan bağırmaq, durub hara gəldi qaçmaq istəyini güclə boğur, avtomatı əlində bərk-bərk sıxır, yumaq kimi yığılır. Bu anda o soyuğu hiss etmir. Dərindən burnu ilə nəfəs alıb havanı ciyərlərində uzun müddət - ürəyinin və iradəsinin imkan verdiyi qədər saxlayır. Sonra havanı fasilələrlə, qırıq-qırıq ağzından buraxır. Bir az özünə gəlir. Yoqlar bu üsulla daxili müvazinətlərini bərpa edirlər. 

Deyəsən, aşağıdan maşın səsi gəlir. Aqşinə elə gəlir ki, bu səslə Fərhadın səsi arasında yüz illər keçir. O, avtomatı sağ əlində sıxır, sol əli ilə özünə dayaq verə-verə aşağı sürüşür. Yola düşən kimi soyuqdan qaxaca dönmüş bədənini bir az isitmək, üyüşmüş ayaqlarında qan dövranını bərpa etmək üçün oturub-durmağa başlayır. Dumanın içindən Elxanın atmacası eşidilir: «Bir-iki dəfə də daşın-torpağın üstündə bu qədər uzansaq, daha evlənmək-zad lazım gəlməyəcək». Saat doqquzdur. 

Əsgərləri səhər növbəsinə gətirən maşın qatı dumana düşüb, hardasa yolun ortasında dayanmalı olub. Əsgərlər qalan yolu piyada qalxıblar. Odur ki, maşının səsi ilə Fərhadın səsi arasında «yüz illər» keçib.  İndi də həmin yolu piyada düşmək lazım gəlir. Əsgərlər ağır-ağır gedirlər. Toz yolda az qala dizə çıxır. Fərhadın səsi eşidilir: «Bircə dəfə yağış yağsa, maşın bu yolu çıxmayacaq. «Tırtıllar»dan istifadə etməli olacağıq». Kim isə tək səbir gətirir. Elxan onun qarasına deyinir. 

YUXU 

Nəhayət... Dama-dama ədyal nazik olsa da, babat qızdırırdı. Aqşin azca qızışmaq, donmuş bədənini isitmək üçün başını da ədyalın altına soxmuşdu. Sanki «sehrli qoxular» aləminə düşmüşdü. Kirzanın tünd qoxusu tərin sərt iyinə qarışmışdı. Yaxşı ki, daha ağır tütün iyi vardı, hamısını neytrallaşdırırdı. Ağır şərait adamın hissiyatını kütləşdirir, onu biganələşdirir. Əvvəllər hər cür qoxuya həssas olan Aqşin indi «qoxular aləmi»nə biganə idi. Elxan isə yerinə girən kimi yatmışdı. O, körpə  uşaq kimi tez və sakit yatırdı, indi də mışıltısı güclə eşidilirdi. Aqşin də deyəsən, mürgüləyirdi. Bu, elə bir an idi ki, gecənin yorğunluğu, səhərin soyuğu tədricən canından çıxırdı, bütün bədəninə xoş bir hərarət yayılırdı, o, yavaş-yavaş hissiyatını, çəkisini itirir, hara isə yumşaq, qaranlıq bir sonsuzluğa yuvarlanırdı... 

…Deyəsən, evdədir, anası ilə bir yerdədir. Soyuq bir qış gecəsidir. Hətta atasının ezamiyyət vaxtı hansısa rayondan aldığı və fəxrlə «radiator» adlandırdığı elektrik peçi də kömək etmir. İdman formasının altından yun köynək geysə də, üşüdüyünü hiss edir. Telefizor da göstərmir. Nədənsə, bacısı Nərgiz də gözə dəymir, ya yatır, ya da adəti üzrə telefonla danışır. Hə, yadına düşür, Qara Yanvarda Telestudiyanı da partlatmışdılar, Azərbaycanı dünyadan ayırmışdılar. Aqşin fikirlidir, anası da dinmir. Divanda oturub, gözlərini dəhlizə, bayır qapısına zilləyib. Əynində çox sevdiyi, son vaxtlar qışda evdə geydiyi saman rəngli köhnə yun jaket var. Qalın qıvrım saçlarını səliqə ilə darayıb, arxadan bağlayıb. Aqşin də gözləyir, gözü dəhlizdədir… İndi qapıya bayırdan açar salınacaq, dəmir qapı səs-küylə açılacaq. Atası yenə şirin təbəssümlə içəri girəcək, gözlərindən güləcək. Qara drap paltosunu asılqana asacaq, qara drap kepkasını üstünə atacaq. Sol əli ilə ağlı-qaralı dalğalı saçlarına daraq çəkəcək, adəti üzrə orijinal bir söz deyəcək: «Ay uşaqlarımın anası, ay nəvələrimin atası, hələ yatmamısız?»

Ana, oğul səssiz-səmirsiz gözləyirlər, ata isə gəlmək bilmir ki, bilmir. Aqşin yuxuda olsa da bilir ki, onların qapısına heç vaxt bayırdan açar salınmayacaq, dəmir qapı səs-küylə açılmayacaq, atasının isti nəfəsi ilə çölün soyuğu evə dolmayacaq. Anası həmişə deyir ki, Allahın bağdadığı qapını bəndə aça bilməz… 

****     ***    ***

Bu zaman qapı zərblə açıldı, Aqşinin bircə dəfə gördüyü, hamının Nemes adlandırdığı komandir çölün soyuğu, dumanı ilə birlikdə içəri soxuldu. «Vstat!» əmri kazarmanı titrətdi. Hamı yaydan çıxmış ox kimi yerindən atılsa da, Aqşin tərpənmədi. Üçtəpədə öyrənmişdi ki, gecə növbəsindən gələnlər səhər durmağa borclu deyillər. Ancaq  Üçtəpənin qanunları Üçtəpədə qalmışdı. Ayağına dəyən ağır təpik zərbəsi bunu bir daha sübut etdi. Rusca deyilən «Əmr sənə aid deyilmi, küçük» hədəsi, deyəsən, zərbəni müşayət edirdi, bəlkə də tərsinə idi, yadına gəlmirdi. Bir anlıq yorğunluğu canından çıxdı və elə alt paltarında, əməlli isitməyə macal tapmadığı yatağından kənara sıçradı. «Asta ol, kürən», - deyə elə rusca cavab verdi və rəqibi ilə üzbəüz dayandı. Nemes «molodoy»dan belə bir cəsarət gözləmirdi. Bunu heç kim gözləmirdi, bütün kazarmaya sükut çökmüşdü, kiminin şalvarı, kiminin çəkməsi əlində qalmışdı. Hamı Nemesi yaxşı tanıyırdı, heç kim Aqşini tanımırdı. Vəziyyət gərgin idi. Və döyüşlərdə bərkimiş təmkini Nemesi tərk etdi..., o, sağ ayağını yavaşca irəli atdı və ayağı yerə dəyən anda gürz kimi yumruğunu fırlatdı. Bu zərbə Aqşinin başını yerindən qopara bilərdi. Əgər dəysəydi... Nemesin ayağı yerə dəyən anda Aqşin yüngül bir hərəkətlə geri sıçradı. Komandirin ikinci həmləsi də boşa çıxdı. Bu, kifayət idi... Nemes özünü ələ aldı, döyüşlərdə bərkimiş xarakteri ona vəziyyəti qiymətləndirməyə imkan verdi. Rəqibi ondan boyca bir az kiçik və arıq olsa da, ilan kimi cəld idi, deyəsən, yaxşı da hazırlığı vardı. Bir də narahat hərbi forma və ağır çəkmələr onun hərəkətlərini ağırlaşdırmırdı. Ən əsası isə o idi ki, kazarmanın ortasında, əsgərlərin gözü qabağında necə qurtaracağı məlum olmayan “kumite” komandirə sərf eləmirdi, heç sərf eləmirdi. Bunu başqa bir vaxta da saxlamaq olardı... 

Komandirin yaşıl gözləri əsgərə sancıldı. Əsgər davam gətirdi. Onun gözlərində qorxudan, ürküdən əsər də yox idi. Uzun, sıx kirpiklərin mühasirəyə aldığı qara gözlər qırpılmadan cəsarətlə baxırdı. Bu gözlərdə elə bir qətiyyət vardı ki, adamı diksinməyə vadar edirdi. Bu gözlər dünyanın hər üzünü görmüş adamın gözləri idi. Əsgər də uşağa oxşamırdı, boy-buxunlu oğlandı. Dala daranmış qara saçları qısa vurulmuşdu. Hündür alnı, düz burnu vardı, nazik dodaqları bir-birinə sıxılmışdı. Bu oğlan Nemesin xoşuna gəlirdi - dikbaş olsa da, qorxaq deyildi. Bəlkə də bir az onun gəncliyini xatırladırdı. Bir anlıq da olsa sentimentallığı özünə qəbahət sayan komandir qarşısında hazır vəziyyətdə durmuş Aqşinə «Otstavit!» deyə bağırdı, sonra gülə-gülə soruşdu ki, kimin yanında məşğul olmusan. Onsuz da yorğun olan Aqşin münaqişənin belə tez və sülhlə qurtarmağına sevindi, fikirləşmədən Süleymanın adını çəkdi. Nemes «Dinamo?» deyə soruşdu. Aqşin başı ilə təsdiq etdi, gecə səhərə kimi növbədə olduqlarını, dumana düşdüklərini və indicə gəldiklərini xəbər verdi. Komandir «elə bundan başlamaq lazım idi» dedi, ona çarpayını göstərib çıxdı. Onların söhbətini çarpayının üstündə oturub gözlərini ovuşduran Elxandan başqa kimsə başa düşməsə də, əsgərlər batalyona təzə gəlmiş bu arıq, qıvraq oğlanın Nemesdən qorxmadığını gördülər. Bunu da hər adam başa düşə bilməzdi... 

Aqşin yerinə uzananda Elxanın təksəbirin qarasına deyindiyini eşitdi. Nə qədər qəribə olsa da, uzanan kimi yuxuya getdi... Amma yatmaq bu gün ona qismət deyildi…

Bağıran, deyəsən, Elxandır. Bağırır demək düzgün deyil, Elxan dolmuş göylər kimi guruldayır. Rusca və azərbaycanca bildiyi bütün söyüşləri təkrara yol vermədən yağdırır. Onun bu sahədə də böyük qabiliyyətini nəzərə alsaq, necə bir «yağış»ın alındığını təsəvvür etmək çətin deyil. Onun xasiyyətindəki bu «metamarfoza»dan Aqşinin xəbəri var, Elxanı ancaq təmiz su ilə müqayisə etmək olar. Adi vəziyyətdə o, su kimi mülayimdir. Lakin yeri gələndə, buz kimi soyuq olur. Qızıb qaynamağa başlayanda isə buxara dönüb dünyanı dağıtmağa hazırdır. Aqşin onun söyüşlərarası fasilələrdə verməyə imkan tapdığı məlumatdan indiki «metamarfoza»nın səbəbini aydınlaşdıra bilir. Kimsə Elxanın çəkmələrini dəyişib. Bu, onun ağrılı yeridir. O, hələ Üçtəpədə olanda neçə konyak verib xüsusi «SNQ» çəkmələri almışdı. Altı yumşaq plastikdən olan bu çəkmələr yumşaq qara tumacdan tikilmişdi, dizə kimi bağla bağlanırdı. Bu, hər bir əsgərin arzusu idi. Aqşin Elxanı başa düşürdü, amma çəkmələri dəyişən adama da qibtə etmirdi... 

Elxanın bir prinsipi vardı, deyirdi sözü at yerə, yiyəsi gəlib tapacaq. İndi də belə oldu, söyüş yiyəsi özü gəlib çıxdı. Dünənki zırpı, yastıburun oğlandı, Elxanın  çəkmələri də ayağındaydı. Bu, Elxanı yenidən coşdurdu. Oğru ayı kimi qollarını basa-basa, qolaylana-qolaylana doğrunun üstünə cumdu. Bütün bu dinamika Elxanın vecinə də deyildi, o, ürəyini boşaltmaqda davam edirdi. Birinci anda o, bu ayının zərbələri altında tamam itib-batdı. Ancaq birinci anda... İkinci anda isə bu zırpı oğlanın ayaqları yerdən üzüldü və o, bütün ağırlığı ilə kazarmanın taxta döşəməsinə sərildi. Otağın şüşələri cingildədi, Aqşinə elə gəldi ki, zəlzələdir. Yöndəmsiz hərif özünə gəlməmiş Elxan onun üstündə oturmuşdu və öz çəkmələrini onun ayağından çıxarmaqla məşğul idi. Aqşin isə ürəyində saniyələri sayırdı. Doqquz sayında Elxan artıq çəkmələri çıxarıb qırağa qoymuşdu və hamı ilə birlikdə zərərçəkənə «ilk tibbi yardım» göstərməklə məşğul idi. Bu yardım zərərçəkənin yerdən qalxmasına kömək etmək və onu yaxındakı çarpayılardan birinə uzandırmaqdan ibarət idi. 

(Ardı var…)


понедельник, 7 сентября 2020 г.

QARABAĞ MÜHARİBƏSİ (roman)



(Hüseynov qardaşlarına ithaf olunur)

 Proloq əvəzi  

«N» batalyonunun qərar tutduğu Quşçular kəndi dağın döşündə yerləşirdi. Elə bil, hansısa əfsanəvi nəhəng kəndin evlərini ovcuna doldurmuş, dağın kəlləsindən aşağı buraxmışdı. Xırda, yöndəmsiz evlər orda-burda, yuxarılarda ilişib qalmış, iri, iki mərtəbəli binalar isə aşağı, vadiyə qədər sürüşmüş, dağın hər iki tərəfindəki dərələrdən axıb kəndin ayağında birləşən iki kiçik çayın sahillərinə qədər gəlib çatmışdı. 

Kənd sanki arxasını dağa söykəmişdi, hər iki tərəfdən də onu dərələr qoruyurdu. İnsanlar isə onu atıb getmişdilər. İki ay olardı ki, kənddə yalnız hərbçilər yaşayırdı. Kənd camaatı dağın başından baxanda yaşıllığın içində itmiş kimi görünən bu böyük, abad kəndi də, soldakı çayın sahilində, qonşu dağın yamacında yerləşən ata-baba qəbiristanlığını da tərgiyib, deyilənə görə heç Gəncədə də qərar tutmadan Bakıya, Şəkiyə kimi getmişdilər. Kənd burada, adamlar orada yetim qalmışdı. Doğrudur, kənd cavanlarından batalyonda 30-40 nəfər vuruşurdu... 

1. QORXULU NAĞIL 

Təzə əsgərləri müşayiət edən zabit onları batalyon komandirinə təhvil verib təcili Ağdama qayıtdı. Aqşin xeyli müddət «Ural»ın arxasınca baxdı. Sentyabrın əvvəlləri olsa da, yağışlar hələ başlamamışdı, toz yatmamışdı. Maşın reaktiv təyyarə kimi özündən sonra qalın iz qoyurdu. Toz buludu uzanıb dağıldıqca, maşın da kiçilib gözdən itirdi. Budur o, növbəti dərəyə döndü və görünməz oldu. Aqşin dönüb onunla gələn uşaqlara baxdı, çoxu özünü itirmişdi. Sanki bu gedən maşın deyildi, onların uşaqlığı idi, gedirdi... Dalınca həsrətlə baxırdılar. 30 nəfər idilər. Bakıda, Üçtəpədə keçirilən 3 aylıq təlim toplanışından sonra gəlmişdilər. 

Batalyon komandirinin göy gurultusunu andıran səsi onları ayıltdı, elə bil ürəklərini oxuyurdu: «Siz artıq əsgərsiz, uşaqlıq qurtardı, sizi gətirən maşınla birlikdə getdi. Bura müharibədir, siz bura Vətəni qorumağa gəlmisiz. Bunun üçün iki şey lazımdır: əmrə tabe olmaq və salamat qalmaq. Birincini biz sizə öyrədəcəyik, canınızı qorumağı isə özünüz öyrənməlisiz. Bu, əsgərin bir nömrəli borcudur. Vətənə ölü yox, diri əsgərlər lazımdır». Sonra üzünü yanındakı zabitə çevirdi: «Cəbrayıl, onlara pastel ver, hər rotaya on nəfər olmaqla yerləşdir. Sonra isə qəbirstanlığa apararsan». Komandirin son sözləri təzə əsgərləri diksindirdi. Aqşin hələ o vaxt Nemes ləqəbli bu komandiri tanımırdı. Ona niyə Nemes deyirlər, sonralar da bilmədi. Komandir boy-buxunundan da nemeslərə oxşayırdı: hündür, kürən oğlandı, kvadrat çənəsi,ocaq kimi yanan yaşıl gözləri vardı. Bir əlində bizim «zavod çörəyi»ni gizlədib iki əlini də qabağa uzatsaydı ki, tapın hansındadır, tapmaq olmazdı.  Əsl nemes kimi səliqə-səhmanı, qayda-qanunu da sevirdi.  Bütün batalyon ondan tük salırdı. Deyirdilər, Qazaxdan Laçına kimi bütün cəbhələrdə ad qoyub. 

Sonra onları kazarmaya gətirdilər. Kazarmalar kəndin yuxarı hissəsində olan köhnə məktəbin binalarında yerləşirdi. Sinifləri boşaldıb, çarpayıları yerləşdirmişdilər, partalardan da yanacaq kimi istifadə edirdilər. Çarpayı dedikdə bunlar içərisinə həyətin qırağına çəkilən adı dəmir setka çəkilmiş uzunsov taxta çərçivələr idi, yerə vurulmuş dirəklərə mıxlanmışdı. Bəzi otaqlarda çarpayılar ikimərtəbəli idi. Əgər bu çarpayıların üstünə salınmış köhnə döşəklər olmasaydı, yəqin ki, otaqlardan təzə taxta və yonqar qoxusu gələrdi. İndi isə siqaret və tər iyi gəlirdi. Çarpayıların üstündə döşəkağı-zad görünmürdü, ümumiyyətlə, burada ağ rəng yalnız əsgərlərin boyunluğunda gözə dəyirdi. Bəzilərində bu da qaralmışdı. 

Nəhayət, onlara yatacaq verdilər və boş çarpayılarda yerləşdirdilər. Yatacaq boz balıncdan, boz döşəkdən və dama-dama ədyaldan ibarət idi. Aqşin balıncın və döşəyin ilkin rəngini heç cür dəqiqləşdirə bilmədi. Bunlar ya qara rəngdə olub bozarmışdılar, ya da ağ idilər, qaralmışdılar. «Bütün maddələr yananda karbon qazına və suya çevrildiyi kimi, bütün rənglər də qalanda boz rəngə çevrilir», - Aqşin özünə bu cür təsəlli verib ətrafına göz gəzdirdi. Batalyondakı əsgərlər «molodoylar»ın gəlməyini açıq sevinclə qarşılamışdılar, üzlərinə maraqla, formalarına və çəkmələrinə isə müştəri gözü ilə baxırdılar. Aqşin təəccübləndi ki, Bakıda gördüyü saqqallı əsgərlər burda gözə dəymir. 

Komandir deyəsən, zarafat etməmişdi. Kazarma ilə canlı təmasdan sonra onları bel və xərəklə silahlandırdılar (silahı əvvəlcədən vermişdilər), iki cərgə düzüb maşın yolu ilə kəndin ayağına doğru apardılar. Sonra isə çayqovuşandan sola döndərib qonşu dağın yamacına gətirdilər. Burada təzə əsgərlər köhnə qəbirlərlə üz-üzə gəldilər... 

QARA YANVAR 

Aqşinin 20 yaşı vardı, tələbə idi. Cəbhəyə könüllü gəlmişdi, təhsilini yarımçıq qoymuşdu. Sonra oxuyaram demişdi, sonra jurnalist olaram, atam kimi... Birinci Vətəndir, əvvəl Vətəni qorumaq lazımdır, atam kimi... 

Atasını axırıncı dəfə Qanlı Yanvar gecəsi görmüşdü. Gecə saat 12-yə az qalırdı. Atası evə çörək yeməyə gəlmişdi. O da hamı ilə birlikdə yaxınlıqdakı (indiki) 20 Yanvar metro-stansiyasının üstündəki piketdə növbə çəkirdi. Gündüzlər Aqşin də onun yanında olurdu, piketdə gedən söhbətlərə diqqət edirdi. Onda 10-cu sinifdə idi, Vətən torpağına, doğma şəhərə canlı sipər olmaq istəyən bu insan kütləsi onu özünə cəlb edirdi. Sevirdi Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Şimali Azərbaycan haqqında söhbətləri, üzdə gülüb, dalda namərd çıxan mənfur qonşularımız haqqında əsl həqiqətləri... Gecələr atası onu evə göndərirdi, deyirdi get, iki kişidən biri evdə olmalıdır. 

Həmin gün atası evə gələndən az sonra Biləcəri tərəfdən fişənglər atılmağa başladı. Atası yeməyini yarımçıq qoyub getməyə hazırlaşdı. Aqşin də isti gödəkçəsini geyib ondan geri qalmaq istəmədi. Aqşinin anası qapını kəsdi: «Hara gedirsən, Məmməd. Bizi kimin ümidinə qoyub gedirsən...» Elə bil, ürəyinə nəsə dammışdı... 

Bu zaman yuxudan yarımçıq oyanıb gələn Nərgiz də qollarını arxadan atasının boynuna doladı. «Siz narahat olmayın» - atası onları sakitləşdirdi. «Yəqin uşaqlar atəşfəşanlıq edirlər. Bir də, xalq küçələrdədir, Fatma. Mən də orada olmalıyam. Axı, sən yaxşı bilirsən: mən yanmasam, sən yanmasan, biz yanmasaq...» Sonra üzünü Aqşinə çevirdi: «Oğlum, sən evdə qal, anandan, bacından muğayat ol. Mən bir də səhər yeməyinə gələrəm». Nərgizin qollarını boynundan açdı, üzündən öpdü. Getdi... 

Səhərə kimi gözlədilər. Gəlmədi. Səhərə kimi tank gurultusu, güllə səsləri də kəsilmədi. Gecə Aqşin neçə dəfə getmək istədi, anası  ağladı, buraxmadı. 

Səhər tezdən evdən çıxdı. Hələ işıqlanmamışdı. Şəhərin üstündən sanki qara pərdə asılmışdı. Bir azdan hava işıqlanacaq, bu qara pərdə isə uzun müddət qalacaqdı. Aqşin onda hələ bunları bilmirdi. Əvvəl indiki 20 Yanvar metrosunun üstünə, atasının dostları ilə durduğu yerə gəldi. Demək olar ki, adam yox idi, olanlar da hara isə tələsirdilər. Narahat olmadı - tezdən hamı dağılır, tək-seyrək adam qalırdı. Amma ətrafda əzilib dağılmış yük maşınları, avtobuslar gözə dəyirdi. Bir də yuxarıdan, deyəsən Biləcəri tərəfdən tankların gurultusu gəlirdi. Aqşin aralıdan keçən iki nəfərə yaxınlaşdı. Ona əhəmiyyət vermədilər, hara isə tələsirdilər. Amma qulağına «Qırmızı İmperiya», «Qorbaçov», «cəllad» sözləri dəydi. Onların dalınca getdi. Tələsik deyilən qırıq-qırıq fikirlər qulağına çatdı: «Gecə tankları əliyalın adamların üstünə sürüblər..., piketi dağıdıblar.., camaatı qırıblar..., meyitləri dənizə töküblər...» 

Yaxşı indi o, nə etsin, kimin yanına getsin,atasını harda axtarsın. Yolun o tərəfindən keçən bir nəfərin arxasınca yüyürür. Bu bir nəfər ayaq saxlayır. Ağsaqqal adamdır. Deyir piketləri dağıdıblar, camaatı qırıblar, meyitləri heç yerdə yoxdur, əzizlərini axtaran çoxdur. O da oğlunu axtarır. Üç gündür ki, gedəndir, bir xəbər yoxdur. Soruşur Salyan kazarmalarının yanında olmamısan? Deyirlər, orada ölən lap çoxdur. 

Aqşin Tiflis prospektinə çıxdı, Salyan kazarmalarına doğru qaçmağa başladı. Yollarda adam yox idi, arabir yanından ötən tanklar guruldayırdı. Aqşin bu zaman bilmirdi ki, ölüm nə qədər yaxındır, hər tankın içindən boylanır. Amma Aqşin onu görmədiyi kimi, ölüm də Aqşini görmürdü. O, Salyan kazarmalarının prospektə çıxış qapısına çatanda hava yavaş-yavaş işıqlanırdı. Burada da adam az idi. Deyirdilər ki, yaralıları və meyitləri təcili yardım maşınlarında səhərə kimi daşıyıblar. Deyirdilər ki, tanklar təcili yardım maşınlarına, qırmızı xaçlara da atəş açıblar, həkimlərin içində də ölənlər var. Ancaq Aqşinin atası həkim deyildi, onu həkimlər maraqlandırmırdı - o vaxtlar o, çox şeyi başa düşmürdü. Burada da dayanmayıb Salyan kazarmalarını o biri qapısına doğru qaçmağa başladı. Avtovağzalın ətrafında gözünə konserv qutusu kimi əzilmiş minik avtomobilləri dəydi. Nömrələrinə baxdı, hamısı xüsusi maşınlar idi. 

«Olimp»in qabağında tək-tük adamlar gözə dəyirdi. Aqşin buradan sağa dönüb «Xəzər» kino-teatrına doğru qalxmaq istəyirdi. «Olimp»dən azca yuxarı, xəstəxananın yanında gördüyü mənzərə heç vaxt yadından çıxmaz. Bura xeyli adam yığışmışdı. Aqşin yaxına gəldi. İki nəfər bir-birini qucaqlayıb ölmüşdü. Hər ikisi kişi xeylağı idi.  Heç birinin saçına dən düşməmişdi. Cavan imişlər. Adamlar onların necə öldüyündən danışırdılar, meyitlərin vəziyyəti də elə bunu göstərirdi.  Görünür, onların birinə güllə dəyib, yıxılıb. O biri ona kömək etmək istəyib.  Dizi üstə çöküb, bir əlini onun başının altından, o birini dizlərinin altından salıb, qaldırmaq istəyib. Bu anda onu da vurublar. Köməksiz halda kömək etmək istədiyi adamın üstünə yıxılıb.  Qardaş qanı axıb bir-birinə qarışıb... 

... Yəqin indi onları da əzizləri axtarır... Bir anlıq ağlına gələn bu fikirdən Aqşin dəhşətə gəlir, qışqırmaq, qaçmaq, anasının qucağına sığınmaq istəyir. Ancaq utanır, bir də ətrafında adamlar var idi, bu, onu sakitləşdirdi. O, əyilib ölülərin üzünə diqqətlə baxdı. Sonra paltarlarına baxdı. Yox, bunların heç biri onun atası deyildi. Ürəyindən ani bir sevinc keçdi - qığılcım kimi... 

Nəhayət «Xəzər» kinoteatrının qarşısına gəlir. Burda adam daha çox idi. Meyitləri ortaya yığmışdılar. Üzləri açıq idi. Aqşin bir-bir diqqətlə baxır. Meyitlər bir-birinə oxşayır: dartılmış üzlər, bərəlmiş gözlər, ağaran dişlər... Yox, deyəsən atası burada da yox idi. Aqşin bayaqkı sevinc hissini bir də keçirir. Ani olaraq, bu hissdən utanır, xəcalət çəkir... 

Birdən diksinir. Bayaqdan bəri gördükləri onu dəhşətə gətirirdi, indi tükləri biz-biz olur. Bu oğlanın üstündən, deyəsən, tank keçib. Bədəni tamamilə asfalta qarışıb. Aqşinə elə gəlir ki, tırtılların yeri görünür. Gözləri tamamilə hədəqəsindən çıxıb, ağzı əcaib surətdə əyilib. Həyatının son anlarında çəkdiyi müdhiş əzablar üzündəki dəhşətdə həkk olunub. Bir əlini göylərə doğru uzadıb, bəlkə, Allahdan kömək istəyirmiş. Diqqətlə baxanda görünür ki, hələ üzünü qırxmırmış. «Mənimlə yaşıd olub». Aqşin elə səkinin üstündəcə oturur, heç kimdən utanmadan hönkürə-hönkürə ağlayır. Kim isə onu sakitləşdirmək istəyir, o biri deyir ki, dəymə, qoy ağlasın, indi bütün millət ağlayır. 

Aqşin ağladıqca ağlayır, ovuna bilmirdi. Ürək yanğısını yuya bilmirdi göz yaşları. Öz dərdini çəkə bilmədiyi bir yaşda millətin dərdini çəkmək yazılmışdı taleyinə. Bəlkə gördüklərinin yanğısı idi göz yaşları, gözlərindən çıxırdı. Çıxdıqca ürəyi boşalırdı, qəlbi yumşalırdı... Ona görə də qət etdi ki, bir də ağlamasın. Atası da deyərdi ki, ağladıqca kişi qeyrətsiz olur... 

Sonrakı bir həftəni əmisi oğlu ilə birlikdə ölüxanalarda keçirdi. Əmisi oğlu məhkəmə eksperti - həkim idi. Əvvəl Aqşini özü ilə aparmaq istəmirdi, sonra inadını görüb razılaşmışdı. Bu dar, uzunsov, soyuq otaqlarda bir həftəlik axtarış bir nəticə vermədi. Xəstəxanalarda da Aqşinin atasını gördüm deyən yox idi. İş yoldaşları isə deyirdilər ki, həmin gecə evə çörək yeməyə gedəndən sonra görməyiblər. 

Aqşin tez-tez Şəhidlər xiyabanına gedirdi. Naməlum şəhidlərin qəbri qarşısında dururdu... «Bəlkə, bunların biri mənim atamdır...» Sonra gətirdiyi qırmızı qərənfilləri qəbirlərin üstünə qoyurdu. Deyəsən, o, tək deyildi, çünki naməlum şəhidlərin qəbri üstündə tez-tez tər çiçəklər olurdu. 

QƏBİRSTANLIQ

Kənd qəbirstanlığı Aqşində acı təəssüf hissi doğurdu. O, iki ildir ki, atasının qəbrini axtarır, burda isə qəbirlər insan harayındadır... 

Ermənilərin iki gündən bəri davam edən artilleriya atəşi, deyilənə görə, bu gün səhər səngimişdi. Qəbiristanlıq böyük dağıntıya məruz qalmışdı. Onları da bura köhnə ölüləri təzədən basdırmağa gətirmişdilər. Hər halda, Aqşin belə düşünürdü. Top mərmiləri və «Qrad» raketləri qəbiristanlığı əməlli-başlı «şumlamışdı». Hər tərəfdə yerindən çıxmış, sınıb dağılmış başdaşları görünürdü, ətrafda insan sümükləri ağarırdı. Arada qara torpağın üstündə daha da vahiməli görünən, dişlərini ağardan kəllələr də gözə dəyirdi. Təzə əsgərlər insan sümüklərini köhnə qəbirlərə yığır, təzədən basdırırdılar. Sümüklər müxtəlif qəbirlərə dağılır, yeni qardaş qəbirstanlığı yaranırdı. Batalyonda vuruşan kənd uşaqlarının çoxu burada idi... 

Aqşin qəbirstanlığı nəzərdən keçirir - iki hissədən ibarətdir: dağın sol yamacındakı köhnə qəbirstanlıq və ondan azca  sağda yerləşən təzə qəbirstanlıq. Köhnə qəbirstanlıq açıqlıqda yerləşdiyindən dağıntıya daha çox məruz qalıb. Əsgərlərin də hamısı burda yığışmışdı. Sağdakı kiçik qəbirstanlıq sanki yetim qalmışdı. Aqşin cığıra düşüb, sağa doğru addımlayır. Buradakı qəbirlərin hamısı təzədir, heç birinin üstü götürülməyib. Aqşin qəbirüstü yazılara diqqət edir - doğum illəri müxtəlif olsa da, ölüm illəri yaxındır: 90, 91, 92... Deyəsən, 89 da var... Aqşin birdən hər şeyi başa düşür: bura şəhidlər qəbirstanlığıdır. Odur ki, qəbirlərin üstünə qırmızı kalağaylar sarılıb. Çoxunda bu kalağaylar da qaralıb. Qara bəxtləri kimi. Aqşin şəhidlər qəbirstanlığında 21 qəbir sayır. Qəbirlərdən birinin üstündə tər çiçəklər var, baş tərəfdəki şüşə bankanın içinə qoyulub. Ayaq tərəfdə səliqə ilə düzülmüş solğun çiçəklər görünür. Kimsə bu qəbrə xüsusi qayğı göstərir, hər gün çiçəklərini dəyişir. Yadına Şəhidlər Xiyabanı, naməlum şəhidlərin qəbirləri düşür... Nəsə ürəyi sıxılır, şəhidlər qəbirstanlığından çıxır, əsgərlərin yanına qayıdır. Fikir verir ki, köhnə döyüşçülər işləyəndə də avtomatı çıxarmırlar, sadəcə olaraq, çiyinlərindən kürəklərinə doğru aşırırlar. Bura ön cəbhədir, silahı yerə qoymaq olmaz. Düşmən gözləmədiyin anda, gözləmədiyin tərəfdən peyda ola bilər. Sən həmişə hazır olmalısan.  «Pioner kimi».  Aqşin acı-acı gülümsəyir, avtomatın qayışını başından keçirib silahı kürəyinə doğru aşırır. 

Yuxarı tərəfdən ağır iy gəlir. Orda mərmi təzə qəbirlərdən birini dağıdıb. Təzə əsgərlərin çoxu ora gedə bilmir. Onları müşayiət edən zabit də heç bir göstəriş vermir. Çoxunun güclə ayaq üstə dayandığı, ağır sarsıntıya məruz qaldığı bu şəraitdə əsgərin əmrə yox, köməyə ehtiyacı var. Aqşin yuxarı qalxır, təzə qəbrə yaxınlaşır. Mərmi qəbrə aşağı tərəfdən dəyib, onun altını üstünə çevirib. Meyit qara torpağın üstündə ağarır, kəfəni hələ çürüməyib. Deyəsən, qadındır, qaralı-ağlı uzun saçları torpağın, kəfənin üstünə dağılıb. Aqşin diqqətlə baxır: meyitin aşağı hissəsi yoxdur. «Yəqin mərmi qoparıb. Yaxşı ki, üzü üstə düşüb, yoxsa baxmaq da olmazdı». 

Onlarla gələn zabit də burdadır. O, bir anlığa baxışlarını qəbirdən ayırır, Aqşinin yanında duran qara, hündür oğlana baxır, «Fərhad», - deyir. Hündür, qara bığlı zabit dəstədən ayrılır, Aqşin də ona qoşulur. Xeyli aşağıda, uçulub dağılmış qəbir daşları arasında qadının meyitinin o biri hissəsini tapırlar. Deyəsən, zərblə yerə dəydiyindən dağılıb. Fərhad əlindəki beli yerə qoyur, çantasından bir cüt köhnə brezent əlcək çıxarır. Birini Aqşinə verir. Onlar çürüyüb qaralmış ət, sümük parçalarını sanki göydən peyda olmuş xərəyə yığırlar. Sonra bu «qiymətli» yükü təzədən dağıdacaqlarından qorxurlarmış kimi ehtiyatla, yavaş-yavaş yuxarı qalxırlar. Sağ olsun Fərhad - özü arxadan tutur, onu irəli salır. Ancaq fərqi yoxdur, hətta ölünün vahiməsindən də ağır olan iy onu sarsıdır, ürəyi bulanır, başı fırlanır. Ona elə gəlir ki, bütün hiss üzvləri yalnız bir şeyə, iy bilməyə xidmət edir. Bu 5-10 metr yolu qalxıb qəbrə çatınca, elə bil yüz il keçir. Burda onları yeni bir səhnə gözləyir: Bir əsgərin ürəyi keçib, elə qəbrin üstündəcə yıxılıb. Kimi onun nəbzini tutur, kimi su verməyə çalışır. Rəngi ölünün torpağın üstündə ağaran kəfənindən seçilmir. Aqşin onu tanımır - yox, bu əsgər təzələrdən deyil. Fərhad «anasıdır», - deyir. Aqşin xərəyi yerə qoyub dizi üstə çökür, rəngi çürük kəfəndən seçilməyən bu əsgərə - dərdi onun dərdindən böyük olan insana baxır, baxır... 

Bayaqkı zabit ürəyi getmiş bu oğlanı xərəyə qoyub qəbiristanlıqdan çıxartmağı əmr edir. Əmri yerinə yetirmək üçün azı on nəfər cumur - bunlar təzə əsgərlərdir. Xərəyin üstündə az qala dava salırlar. 

Fərhad iki nəfər əsgərə meyitin üstünü torpaqlamağı tapşırıb Aqşinin yanında çömbəlir. O, Aqşinə nə isə tanış, doğma gəlir, amma xatırlaya bilmir. Fərhad siqaret çıxarır, ona da təklif edir. Çəkən olmadığını biləndə, yaxşı eləyirsən deyir. Fərhad da bu kənddəndir, idman müəllimidir. Əfqanıstanda qulluq eləyib, 90-cı ildən vuruşur. Kəndin müdafiə dəstəsini böyük qardaşı, tarix müəllimi Füzuli ilə bir yerdə yaradıblar. Nemes sonradan gəlib, «kadrovı ofiser» kimi. İndi Füzuli rayonun icra hakimiyyəti başçısıdır, Fərhad isə vzvod komandiridir. 

Aqşin ona atasından, jurnalist Məmməddən danışır. Necə, o jurnalist Məmmədin oğludur? Əlbəttə, tanıyır. Fərhad onu tanıyır - Qara Yanvardan sonra bütün qəzetlər ondan yazırdı. Sonra isə üzünü Aqşinə çevirir: «Elə də bir xəbər çıxmadı?» Aqşin başını bulayır. Fərhad əlini onun kürəyinə vurur: «Qəm yemə, yerində sənin kimi oğlu var. Əgər bu gün məni vursalar, əvəz eləyənim yoxdur. İki qızım var». Siqaretin kötüyünü yerə atır, çəkməsinin dabanı ilə basıb söndürür. Aqşin xatırlayır: bu qarasaçlı, qarabığlı zabit «Mimino» filminin məhşur qəhrəmanını xatırladır. Elə bil vertalyotdan indicə düşüb gəlib.

Qəbiristanlığın aşağı tərəfində toplaşmış əsgərlər nəyisə qaldırmaq istəyirlər. Fərhad ora cumur. Aqşin də ondan geri qalmır. Buradakı səhnə formasına görə yuxarıdakından yüngül olsa da, məzmununa görə daha ağırdır. «Qrad» raketinin düşdüyü yerdə böyük bir xəndək yaranıb, bir neçə qəbir dağılıb. Xəndəyin divarından yarıasılmış vəziyyətdə qalmış tabut görünür. Tabut uzun müddət torpaq altında qalıb qaralsa da, metaldan olduğu bilinir. Xəndəyə sallanmış tərəfi azca partlayıb açılıb, içində nə isə qaralır. Bura toplaşan əsgərlər tabutu dartıb xəndəyə salmaq istəyirlər ki, üstünü torpaqlasınlar. Fərhad onları saxlayır, ətrafa dağılmış sür-sümüyü xəndəyə yığıb üstünü torpaqlamağı tapşırır. Tabuta toxunmayın deyir, xəndək torpaqla dolsa, tabutun da üstü örtüləcək. Onun səsi titrəyir, çətinliklə danışır, əli ilə tabutun torpağın altında qalan baş tərəfini göstərir. Aqşin onun göstərdiyi səmtə baxır. Acı təsadüfün nəticəsində tabutun başdaşı salamat qalıb. Qara daşa həkk olunmuş çatmaqaş oğlan qalın bığlarının altından Aqşinə gülümsəyir. O, birdən nəyi isə xatırlayır. Bir də dönüb metal tabuta baxır. Nə vaxtsa çoxdan «Komsomolskaya Pravda»da oxuduğu, ağ tabutları Daşkəndə daşıyan qara təyyarələr haqqında yazı yadına düşür. Fərhad «biz onunla birlikdə Əfqanıstanda qulluq etmişik» deyib uzaqlaşır. Aqşin isə beli götürüb əsgərlərə qoşulur. 

Qəbirləri bacardıqları kimi səhmana salıb qəbiristanlıqdan çıxırlar. Qəbiristanlığın dəmir setkadan olan hasarı qarşısına yığışırlar. Hamının ürəyindən elə bil ki, daş asılıb. Əsgər paltarında olan bir qoca dua verir. Saçı-saqqalı qardan ağdır, üz-gözündən nur yağır. Aqşin onu bayaqdan görmədiyinə təəccüb edir. Fərhad izahat verir, tanış ol deyir: «N» batalyonunun ən «köhnə» döyüşçüsu Arif baba. 70 yaşı var. Ancaq yaşına görə yox, həm də təcrübəsinə görə köhnə döyüşçüdür, kəndin müdafiə dəstəsini yaradanlardan biridir. Bir oğlu vardı - Mehdi. Rusiyada yaşayırdı. Müharibə başlayan kimi qayıtdı gəldi, bizimlə çiyin-çiyinə kəndin müdafiəsində durdu. İgid oğlan idi, ölümün gözünə dik baxa bilirdi. Qoruya bilmədik, şəhid oldu...» Aqşinin tər çiçəklər qoyulmuş şəhid qəbrini xatırlayır... Fərhadla yanaşı addımlayır. Bu qara oğlan nəsə ürəyinə yatır.  Sıraya düzülmək əmri də eşidilmir. Elə pərakəndə sürətdə gedirlər.  

«Qəbiristanlıq mərmi tutan yerdədir», - Fərhad izahat verir:  «Fikir ver, bu iki dağın arasından üçüncü dağ görünür. Ermənilərin mövqeləri bu dağdadır. Aralıq, necə deyərlər, bitərəf zonadır. Yox, ermənilərin mövqeləri dağın döşündə görünən kənddə deyil. Bu kənd açıq hədəfdədir, orada mövqe saxlamaq olmaz. Əlbəttə, ayrı-ayrı atəş nöqtələri var. Əsas qüvvələri isə, bax buradan baxanda, o dağın sağ tərəfində, güneydə üstü şiferli tikililər görünür ha, o kənddədir. Görünən də o kəndin fermalarıdır. Bizim kənd dağın dalında mərmi tutmayan yerdədir, odur ki, ermənilər çox vaxt heyflərini qəbiristanlıqdan çıxırlar. Bizim kazarmalar kəndin yuxarı hissəsində, köhnə məktəbdə yerləşir, buranı ümumiyətlə mərmi tutmur. Yalnız minamyotla vurmaq olar, o da gərək peşəkar ola. Kazarmaları əvvəl kəndin ayağındakı təzə məktəbdə yerləşdirmək istəyirdilər ki, bina təzədir, hər cür şəraiti var deyirdilər. Mən razılaşmadım ,dedim təhlükəli yerdədir. Sağ olsun Nemes, məni müdafiə etdi. İndi görürsən», - əli ilə yaxınlıqdakı üçmərtəbəli binanı göstərir. Binanın az qala yarısı uçub dağılıb. İrəlidə gedən zabit Fərhadı çağırır. Fərhad «Cəbrayıl bizim rota komandiridir, canlara dəyən oğlandır, onunla kəşfiyyata getmək olar», - deyib irəli keçir. 

ELXAN 

Aqşin öz düşüncələri ilə tək qalır. Əvvəl kənd camaatını kəndi yetim qoyduqlarına görə qınayırdı, indi Arif babanı görür... Əvvəl təzə, hələ bərkə-boşa düşməmiş əsgərləri dağıdılmış qəbiristanlığa, köhnə ölüləri təzədən basdırmağa göndərdiyi üçün Nemesi qınayırdı. İndi isə onu da başa düşməyə başlayır. Nemes, deyəsən, təzə əsgərlərin ruhunu baş verəcək daha ağır hadisələrlə zədələməmək üçün əvvəlcədən onların əsəblərinə yüngülcə gimnastika vermək istəyib. Əgər belə isə, gör onları qarşıda nələr gözləyirdi... Ani olaraq başına gəlmiş bu fikir Aqşinin bütün vücudunu titrədir, sanki hər iki əli ilə elektrik məftilindən yapışır. Bir anlığa bu fikirlərlə tək qalmağa qorxur, gözləri ilə Elxanı axtarır. 

Elxan özü demiş, bakılı balasıdır, hazırcavab, məzəli oğlandır. Onun lüğətində «bacarmıram», «mümkün deyil» sözləri yoxdur, bunları «lazımdır» kəlməsi əvəz edir. Gəzmədiyi yer, bilmədiyi şey də yoxdur. Hətta türmədə də olub. Bilmək olmur ki, cəmi 25 ildə bunlara necə macal tapıb. Dediyi kimi, ömrünün 10 ildən çoxunu gülə və güləşə sərf edib, keçmiş SSRİ-nin bütün idman zallarını və gül bazarlarını gəzib.  Dəfələrlə sınmaqdan formasını dəyişmiş xırdaca qulaqları lap Bakı düşbərəsinə oxşayır. Aqşin onunla Üçtəpədə tanış olub, dostlaşıb. Vaxt olan kimi kimonolarını götürüb sakit bir guşəyə çəkilir, məşq edirdilər. Elxanın şəriətdən də xəbəri var, Qurani Kərimdən tez-tez misallar gətirir. Peyğəmbər əleyhsalamın bir hikmətini təkrar etməyi sevir: «Adam ömrü boyu namaz qılıb oruc tutsa, fitrə-sədəqə versə, yenə onun qazandığı savab bircə saat namusunu, vətənini qorumaq üçün vuruşan adamın qazandığı savabdan çox ola bilməz». Elxan zarafatla deyir ki, məndən oruc tutan, namaz qılan olmaz, odur ki, cəbhəyə savab qazanmağa gəlmişəm. 

Elxan irəlidə, 5-6 əsgərin əhatəsində gedir. Aqşin onlara yaxınlaşır. Əsgərlərdən ikisini tanımır. Ayı kimi zırpı, yastıburun oğlan əllərini ölçə-ölçə danışır:

 - Bu birinci dəfə deyil ki, qəbiristanlığı dağıdırlar. Bir ay bundan qabaq da olmuşdu, düzdür onda yüngülcə dağıtmışdılar. İndi isə altını üstünə çeviriblər. Əclaflar. Hələ bu harasıdır - qışda, deyəsən Xocalı hadisəsindən əvvəl idi, hücum edib qəbiristanlığa qədər girmişdilər. Vurub geri atdıq. Əclaflar qəbirləri murdarlamışdılar, başdaşlarını sındırmışdılar. 

Bu əhvalat hamıya sillə kimi təsir edir, uzun müddət heç kim danışmır. Sonra Aqşinin tanımadığı ikinci əsgər - uzundraz, şəlpəqulaq oğlan sözə qarışır:

 - Biz də borclu qalmadıq. Xocalı hadisəsindən sonra dağın dalındakı kəndə hücum etdik. Əvvəl adı Çinarlı idi, indi Stepanik qoyublar. Evləri yandırdıq, 5-10 nəfəri də əsir götürdük. İçərilərində bir-iki «axçi» də var idi. (Hırıldayır) Mənsə özümü qəbristanlığa verdim. Bir-bir xaçların üstünə çıxıb paylarını verdim. Amma hamısına çatmadı, çoxu «pay»sız qaldı. 

Yenə hırıldayır. Aqşin daha dözə bilmir, söhbətə müdaxilə edir, Şəlpəqulağa müraciətlə deyir: 

- Mən üzr istəyirəm, sənin sözlərin mənim yadıma bir lətifə saldı, gərək danışım. 

Əsgər dağ yerində şəhər müraciətindən çaşır. Aqşin sözünə davam edir: 

- Bir gün Molla arvadı ilə səfərə çıxır. Yolları meşədən keçir. Meşədə bunların qabağını lotular kəsir. Əvvəl bir dairə çəkib Mollaya tapşırırlar ki, bu dairədən çıxmasın. Sonra isə mollanın arvadına yaxınlaşırlar. 

Şəlpəqulaq yenə hırıldayır: 

- Yəqin işini görürlər... 

- Düz tapmısan, gerisinə qulaq as. Sən deyən söhbətdən sonra lotular çıxıb gedirlər. Mollanın arvadı ağlayır, saçını yolur ki, gör başımıza nə oyun açdılar. Molla isə ona təsəlli verir, deyir qəm yemə arvad, mən onların atasını yandırmışam. Mənə demişdilər ayağını dairədən kənara qoyma. Mənsə onların başı sənə qarışıq olan vaxtı üç-dörd dəfə ayağımı dairədən kənara çıxarmışam. 

Hamı gülür, bir anlıq gərilmiş əsəblər boşalır, tutulmuş üzlər açılır. Qəbiristanlıqdan uzaqlaşdıqca, deyəsən onun xofu da yavaş-yavaş aradan qalxır. Aqşin davam edir: 

 - İndi sənin hərəkətin lap Mollanın hərəkətinə oxşayır.

 Şəlpəqulaq nəhayət daşın hara atıldığını başa düşür. 

  - Hədərən-pətərən danışırsan, «komsomol». Deyəsən, başın bədəninə ağırlıq edir. 

  İkinci «daş» birincidən ağır olur: 

  - Mənim başımın bədənimə ağırlıq etməsi bir az mübahisəli məsələdir. Bax, sənin qulaqların doğrudan da başına ağırlıq edir. 

Hamı yenidən susur, əsəblər yenidən gərilir. Şəlpəqulaq əlini kəmərindən sallanan belə atır, Aqşinə doğru bir-iki addım atır. Aqşin də əlini belinə atır, amma yerindən tərpənmir. Sadəcə olaraq, sağ ayağını bir addım dala atır. Vəziyyət gərginləşir. 

Bu zaman Elxan söhbətə qarışır: 

- Doğrudan, neynirsən bu boyda qulaqları? Mən sənin yerinə olsaydım, kəsdirib «layka» kurtka tikdirərdim. 

Bir anlıq qəbiristanlıq da, qanqaraçılıq da yaddan çıxır, hamının üzündə təbəssüm görünür. Şəlpəqulağın da dodağı qaçır: 

- Sən öz qulaqlarının dərdini çək... 

Elxan əlini əzilib düşbərəyə dönmüş qulağına çəkir: 

- Mənimkinin ənciri çıxıb. Bundan kurtka çıxmaz. Hələ şəhərdə olanda istədim çəkmənin altına vurdurum, usta dedi qalındır, yaramaz. 

İndi artıq Şəlpəqulaq da gülür. Aqşin başını qaldırıb minnətdarlıqla dostuna baxır. Bu qıvrımsaç, bığ yerində «xətt» qoyan oğlan harda peyda olursa, hamı gülür, danışır, küsülülər barışır, bütün məsələlər həll olunur. Bəlkə bu da bir vergidir? Axı, həmin sözü Aqşin desəydi, dava-dalaşdan qaçmaq olmayacaqdı. Elxan isə boğazını arıtlayıb nəsihətə keçir: 

- Uşaqlar, biz müsəlmanıq, Məhəmməd hümmətiyik. Müsəlman gərək düşmənçiliyi də kişi kimi eləsin. Ölülərlə haqq-hesab çəkmək, qəbiristanlığı dağıtmaq, nə bilim qəbirləri murdarlamaq bizlik deyil, bu, bizə yaraşmaz,erməniyə yaraşar. Qurani Kərimdə də yazılıb ki, özünə rəva görmədiyni özgəsinə də rəva görmə... 

Aqşin yenidən düşüncələrə qapılır, indicə gördüklərinin, eşitdiklərinin təsirindən çıxa bilmir. Necə olur ki, XXI əsrin astanasında insan birdən-birə vəhşiləşir, bu iki min il ərzində elmin və dinin verdiyi hər şey bir anda yoxa çıxır. Necə olur ki, haqqında dastanlar yazılan, aya-ulduza yol açan insan mağaradan çıxan vəhşi kimi əlinə silah alır, özü kimiləri məhv etməyə çalışır. Min illərdən bəri qurduqlarını dağıdır, hətta qəbiristanlığa, üstünə toxunulmazlıq xofu çəkilmiş bu ruhlar diyarına da aman vermir. Onu nə tökülən qanlar,  dağılan tifaqlar, nə də günahsız körpələrin göz yaşları saxlaya bilir. Deməli, bizi aldatmışlar - məktəbdə, universitetdə, hər yerdə aldatmışlar. Bizə deyirdilər ki, insan dünyaya qurub yaratmağa gəlir, biz isə dağıdılmış qəbiristanlığı öz gözlərimizlə görürük. Bizə öyrədirdilər ki, insan insana qardaşdır, biz isə bura öldürməyə və ölməyə gəlmişik. Bizi öyrədənlər hələ də məruzə oxuyur və kitablar yazırlar. Biz isə burada ölümlə üz-üzə durmuşuq. 

Aqşinin atası deyərdi ki, dünya da fəza kimi üçölçülüdür. Ölçüləri də hikmət, ədalət və səbirdir. Atasının itməsi ilə Aqşinin ədalətli dünyası da itdi, batdı, dağıldı. O hələ Bakıda, Yanvar hadisələrində dünyanın daha sərt üzünü gördü. Gördü ki, ölçüləri  biganəlik, acgözlük, qəddarlıq olan dünya da var. Deməli, dünya da pis adamlar kimi ikiüzlüdür. Atası bunu bilməyə bilməzdi, əgər bilirdisə, niyə demirdi. Bəlkə istəyirmiş ki, o, öz gözü ilə görsün, özü başa düşsün. Aqşin bununla razılaşa bilmir. Onun fikrincə, Nemes daha haqlıdır: əsgəri döyüşdən qabaq qəbiristanlığa göndərmək lazımdır... 

Birdən kimsə ona badalaq vurur. Aqşin elə bil ki, yuxudan ayılır, az qalır ki, yıxılsın. Elxandır. «Səhərdən səninləyəm, yatmısan nədir. Bax, gör xoşuna gəlir». 

Kəndin ayağındakı təzə məktəbin yanından keçirlər. Məktəb mərmi zərbələrindən uçulsa da, idman meydançası salamat qalıb. Əməlli-başlı idman qurğuları da var. Aqşin «bilirəm, mən hələ gələndə görmüşəm», - deyir, «Vaxt olan kimi gələrik». 

 DAĞLAR

Axşam yeməyinə gedirlər. Yeməkxana üstü metal örtüklü böyük binada yerləşir. Bura əvvəllər klub olub. Tamaşa zalını boşaldıb həyətdə toyxana düzəldilən qaydada yeməkana düzəldiblər. Nisbətən hündür dirəklərə yan-yana mıxlanmış iki uzun taxta stolu əvəz edir, zal boyu uzanır. Hər iki tərəfdə olan oturacaqlar bir taxtadan ibarətdir, daha alçaq dirəklərin üstündə durur. İçəridə üç sıra var, hər yanda səliqə-səhman hökm sürüür, stolların üstünə polietilen örtük çəkilib. Zalın uzunluğu 30 metrə qədərdir, burada bütün batalyon birdəfəyə otupub  çörək yeyə bilər. Amma batalyon heç vaxt bir yerə yığışmır - bura müharibəlir. Əsgərlərin bir hissəsi postlarda, bir hissəsi işdə olur. İndi də sıraları biri tamam boşdur. Yeməkxanadan Üstəpədə olduğu kimi  yanmış marqarin qoxusu gəlmir. Mal əti konservinn xoş ətri burnu qıcıqlayır, adamı iştaha gətirir. Axşam yeməyinə iri alüminium boşqablarda borş verilir. İçində «duşonka» da var. Burda yemək Üçtəpədəkindən qat-qat dadlıdır. Elxan deyir ki, bu, havadandır. 

Axşam yeməyindən qayıtdıqdan sonra Elxan uşaqları başına yığır, güləşin növləri haqqında söhbətə başlayır. Bu sahədə o, canlı ensiklopediyadır. Güləşin bütün növlərini yaxşı bilir - zarafat deyil, idman ustasıdır. Onun əzilib düşbərəyə dönmüş qulaqları və maraqlı söhbətləri əsgərləri cəlb edir. Elxan danışmaq xoşlayandır, necə deyərlər, çörək vermə, imkan ver, qoy danışsın.Ona ancaq auditoriya lazımdır. Bu cəhətdən də burada bolluqdur, bütün batalyon Elxanın sərəncamındadır. Aqşin uşaqlardan ayrılıb taxta hasarın böyründəki kötüyün üstündə, tut ağacının altında oturur. Gün artıq dağın dalında gizlənib, axşam yavaş-yavaş düşür. Hava soyuyur. 

Aqşin atasının yadigarı olan «Orient» saatına baxır: 8-ə az qalıb. Təmiz dağ havasını ləzzətlə ciyərlərinə çəkir. Aqşingilin kəndi də Qax rayonunda, dağlar qoynunda yerləşir. Ancaq o dağlar bu dağlardan fərqlidir - o dağlar meşəli dağlardır. Orda hara baxsan meşədir, təkcə Quş qayasının başından başqa. Quş qayasının yay-qış qarlı olan başı keçəldir, lap bu dağlar kimi. Aqşin bir dəfə atası ilə Quş qayasının lap başına kimi qalxıb. Heç vaxt yadından çıxmaz... Quş qayasının ətəklərindən yavaş-yavaş duman qalxır. Sən dağın kəlləsində durmusan, bütün dünya sənin ayaqların altındadır. Əlini uzatsan, buludlara çatar. Hətta qartal, məğrur dağ qartalı səndən aşağıda süzür. Sən zirvədəsən, sən xoşbəxtsən. Amma təəssüf içindəsən: Şimalda daha hündür dağlar görünür. Sən hələ ora getməmisən, onları fəth etməmisən. Bəlkə də heç zaman fəth etməyəcəksən... 

Sakitliyi daha aşağılardan, dumanlı, meşəli dərələrdən axan çayın şırıltısı azca pozur. Bəzən bu şırıltı da eşidilməz olur, sən dağın başında tək-tənha qalırsan. Səni nə isə narahat edir, elə bil ki, xoflanırsan. Birdən gün çıxandan, dağın yamacından tütək səsi gəlir. Sən rahatlanırsan, bir ciyər dolusu nəfəs alıb üzünü o yana çevirirsən. Dağın döşündə bir topa qar kimi görünən qoyun sürüsü diqqətini cəlb edir. Deyəsən itlər də səni hiss ediblər, üzlərini bu tərəfə çevirib hürürlər. Ulduza hürən kimi - nə səsləri, nə xofları gəlib sənə çatır. Sənin nəzərlərin onların da üzərindən keçir və axtardığını tapmayınca dayanmır. Nəhayət... Qara daşın üstündə güclə seçilən qaraca çoban dünyanı yaddan çıxarıb, sürünü itlərə tapşırıb, özü isə tütəyi ilə sehrli bir aləmə çəkilib. Səni də bir anlıq çəkir aparır... tütək səsi ilə Vətən sevgisindən ibarət bu aləmə... 

Doğrudur, Aqşin o dağlarda doğulmayıb, o dağlarda yaşamayıb, arabir yayda atası ilə gəzməyə gedib. Ancaq o dağlar Aqşinin dağlarıdır, onu o dağlara nə isə gözəgörünməz tellər bağlayır. Bu tellər babalarının ruhundan atasına, atasından da Aqşinə keçir. Aqşindən də oğluna (o, gülümsəyir) keçəcək. Bu tellər heç zaman qırılmayacaq... 

Bəs bu dağlar?! Aqşin başını qaldırıb alaqaranlıqda nə isə sirli və daha da əzəmətli görünən bu dağlara baxır və... o Böyük Həqiqəti daha dərindən dərk edir:  O dağ, bu dağ fərqi yoxdur, - Vətəndir. Fərq yalnız ondadır ki, o dağlarda Vətən oğlu tütək çalır, qoyun-quzular ayın-şayın otlayır. Bu dağlarda isə düşmən at oynadır, ölülərin ruhuna, dirilərin namusuna toxunmaq istəyir. Ancaq düşmən yaddan çıxarır ki, Vətənin Aqşin və minlərlə onun kimi oğulları var və onlar Vətən torpağına canlı sipər olmağa hazırdırlar. Ancaq düşmən bilmir ki, nə qədər Vətənin bir oğlu salamatdır, nə qədər Vətənin bir dağı azaddır, həmin oğul həmin dağa çıxacaq, mübarizə davam edəcək. 

Sonra Aqşin qalxıb kazarmaya keçir. Çarpayının üstündə oturub bloknotunu çıxarır. Bəzən onun içi sözlə dolur və bu sözlər özləri kağıza axmaq istəyir. Atası deyirdi ki, «bu, bizim genimizdədir. Baban rəhmətlik də söz qoşarmış. Onun atası, mənim babam əməlli-başlı şair imiş, əski əlifba ilə yazılmış neçə əlyazması qalıb, indi də kənddəki evin çardağında, köhnə sandıqdadır. Bir dəfə gərək gətirim verim, oxusunlar». Qismət olmadı... 

Axşam düşdükcə əsgərlər kazarmaya, işığa yığışırlar. «Qəribədir, insan işığa daha çox can atır, pərvanənin isə adı çıxır». Aqşin bu cümlə ilə bu günkü qeydlərini tamamlayıb bloknotunu cibinə qoyur. Gözlərilə Elxanı axtarır. Elxanr yenə bir dəstə əsgərin əhatəsindədir. Deyəsən, artıq «boyevik»dən «triller»ə keçib, əsgərlərə «türmə xatirələri» mövzusunda mühazirə oxuyur. Bunu başqa cür adlandırmaq olmaz. Elxan ayaq üstə dayanıb, kürəyini divara söykəyib. Onun auditoriyasını təşkil edən 10-15 əsgər çarpayıların üstündə oturub, ayaq üstə duranlar da var. Elxan əl-qolunu ölçə-ölçə elə maraqlı danışır ki, Aqin də auditoriyaya qoşulur. Halbuki mövzu ona tanışdır. Hələ Üçtəpədə olanda Elxan «türmə xatirələri»ni ona danışıb. Aqşin hətta bu mövzuda «Zindan» adlı bir yazı da yazıb. İndi də bloknotundadır... 

ZİNDAN 

Qanun keşikçisi ağır dəmri qapını açır. Paxıl adamın qəlbi kimi pas atmış qapı çətinliklə açılır. Mən də tərəddüd edirəm. Bu, qanun keşikçisini qane etmir, o, vəziyyətə aktiv müdaxilə edir. Yıxılmamaq üçün qapıdan tuturam. Zəif olmasam da, zərbənin ağırlığından güclə özümə gəlirəm. Qıl körpüdən keçirəmmiş kimi kövrək addımlarla içəri keçirəm. «Cəhənnəm» qapısı arxamca gurultu ilə bağlanır. 

3x4x3 ölçülü beton kameranın içindəyəm. Şükür edirəm ki, bu dünya üç ölçülüdür. Döşəmə uzununa yarıya qədər, eninə o baş buş yerdən bir metr aralı taxtdan ibarətdir. Qapını saymasaq, «qapalı» sistemdir. Qapının gurultusu kamerada bərabər paylanır və bu sistemdəki ətaləti pozur. Taxtın üstündə uzanmış adamlar hərəkətə gəlir. Məni məndən əvvəl görüblər. Altı nəfərdirlər. Salamımı alırlar, zemlyak (üzdə «zemlyak», dalda «çernoj...»), keç otur, deyirlər, «girdin qaba, oldun yeməli». Söz fəlsəfəsinin qanası halda deyiləm. Ayaqqabılarımın bağını çıxardıqlarından kövrək addımlarla irəli gedirəm, bir əlimlə də şalvarımın belindən tuturam ki, düşməsin. Burada kəmər taxmağa da icazə verilmir. 

Həmtalelərim sıxlaşıb mənə yer verirlər. Dəri gödəkçəmi quru taxtanın üstünə atıb üstündə uzanıram. Ən əvvəl taleyin zərbəsindən pozulmuş fikirlərimi səhmanlamaq istəyirəm. Bəxtimdən taleyimə uzanan simin harada qırıldığını bilmək istəyirəm. Anadan azərbaycanlı doğulandamı? Ya güləşi atıb Tümenə gül satmağa gələndəmi? Yerli azərbaycanlılarla yerli ermənilər arasında münaqişə düşəndəmi? Mən də bu münaqişəyə qoşulandamı?  Millət sözü danışan erməninin ağzını dartıb cırandamı? Qanun keşikçiləri  məni «cinayət başında» tutandamı? Sonra gətirib bura salandamı? Səhmana salmaq istədiyim səhmansız fikirlərin içində itib batıram. Əlimi qara qrafitə salmağım, sonra ağ kağıza basmağım, ağ kağızda qalan qara barmaq izlərim gözlərimin önündən getmir... 

Gözlərim yumulu olsa da, yuxuda deyiləm. Ayıq olsam da, ayıq düşünə bilmirəm. Yuxu ilə ayıqlıq arasında «bitərəf zona»da uzun müddət uzanıb qalıram. Açılanda cırıldayan, bağlananda guruldayan dəmir qapının səsi, deyəsən, məni real həyata bağlayan yeganə vasitə olur. Hər dəfə qapı guruldayanda yerimin daraldığını hiss edirəm. 

Yox, məncə, ancaq qapının səsi yox. Sol tərəfimdə uzanan saqqallı kişi (bilmirəm, onun saqqalı əvvəlcədən diqqətimi cəlb etmişdi, ya sonradan görmüşdüm, xatırlamıram) sanki bunu sübut etmək üçün tez-tez «ürəkdən» öskürür. Həm də elə ürəkdən öskürür ki, bu zaman dəmir qapının səsi «musiqi» təsiri bağışlayır. Qonşum, deyəsən, mən tərəfə çevrilir. Çünki, bu dəfə ürəkdən gələn səsləri boğazdan gələn damcılar müşayiət edir. Səksənib gözlərimi açıram. Saqqallı arıq kişi ağzını alnıma dirəyib xorna çəkir. Geri çəkilirəm, əlimi alnıma çəkirəm. Damcılar realdır, hələ deyəsən, içərilərində «qırmızı»ları da var. Dəhşətə gəlirəm, sağ çiynimin üstünə çevrilirəm. Sağ qonşumun yaxın keçmişdə qırxılmış, indi tüklənməkdə olan başı az qala ağzıma girir. Keçəl fonda keçəl yaraları aydın görünür. Uzanmağın daha mümkün olmayacağını anlayıram. Durub otururam. Tərin «dabanımdan» töküldüyünü” (uzanan yerdə bu, sadəcə olaraq, mümkün deyil) indi hiss edirəm. Kamerada təcrübə kamerasında olduğu kimi istidir. Və buranın təcrübə kamerasından fərqli, öz özəllikləri var. Tütün tüstüsündən baş çatlayır, tüstü tavandan sallanır, «dumanlı dağlar» illyuziyası yaradır. Mənə elə gəlir ki, tüstünü pambıq kimi gödəkçəmin içinə doldurub üstündə yata bilərəm. Amma, əvvəl isti köynəyimi çıxarıram (dəri gödəkçə ilə yun köynək az qala Tümenin simvoludur), tüstü dolu havadan bir «qullab» vurub kameranı müşahidə etməyə başlayıram. Ən əvvəl diqqətimi cəlb edən həmtalelərimin iki dəfə artması olur. (Dəmir qapı nahaq yerə açılıb örtülmürmüş!) Taxtın üstündə az qala, bir-birinin «içinə» girib on iki nəfər uzanmışdı. Aralarında tamam soyunub, bir alt tumanında yatanlar da vardı. İki nəfər də ayaq tərəfdə oturub mürgü vururdu. Bunlara, sadəcə olaraq, uzanmağa yer yox idi. 

Görəsən, saat neçədir? Adətim üzrə saatıma baxıram. Biləyimdə saatın yeri ağarır. Burda saat taxmağa da qoymurlar. Vaxtın qiyməti olmayan yerdə saatın da əhəmiyyəti yoxdur - düşünürəm. Fikir verirəm ki, taxtın üstündə uzananlar da hamısı yatmayıb. Mənim sağdan ikinci qonşum, kosa, çəpgöz oğlan (ilahi, adamın nə qədər eybi olar, ona hətta yaş vermək mümkün deyil) divarın dibində oturub. Əllərini də kəmərdən (əgər, kəmər olsaydı - deyirəm) aşağı salıb, qoturunu qaşıyır. Əlləri çox aktiv işləyir, xartıltısı «saqqal»ın xorultusundan bərk gəlir. Eyni zamanda ağzı da aktiv işləyir - dil boğaza qoymur. Mən on beşinci adamı ancaq indi görürəm. Dediyim kimi, döşəmənin uzununa yarısını taxt tutur, o biri yarısı boşdur. Bu boşluq beton divarla sərhədləşir. Bu sərhədin sağ tərəfində «əsərimizin qəhrəmanı» - dəmir qapı durur. Sol tərəfdə isə açıq ayaq yolu yerləşir. Mən bu ayaqyolunu da, on beşinci adamı da indi görürəm. Orta yaşlı sarışın adamdır, sakitcə ayaqyolunda oturub, öz işindədir. Çəpgöz ona «moizə» oxuyur. Ayaq tərəfdə mürgü vuranlar da qulaq kəsiliblər. «Auditoriya» məni də örüşə çəkir. Rusca pis danışsam da, yaxşı başa düşürəm. «Qız çox gözəl qız idi. 15-16 yaşı ancaq olardı. Mən də saldat adam idim. Mənə nə lazım idi?.. (Burda çəpgöz elə «duzlu» ifadələr işlədir ki, bu barədə nəinki danışmaq, hətta düşünmək də şərəf gətirmir). Tansda tanış olmuşdum. Bişirmişdim. Dedim gedək sizə. Dedi gedək. Getdik bunlara. Anası da evdə idi. Anası qızından gözəl idi. Sonra bildim ki, vəzifəli imiş. Mənə nə var, saldat adamam. Mənə stol açdılar. Stolun üstünə «Sibirski» araq da, qara ikra da qoydular...» On beşinci» ayaq yolundan etiraz edir ki,  sən məndən az cavan olarsan, biz qulluq eləyəndə hələ «Sibirski» araq yox idi. Çəpgöz məmnuniyyətlə razılaşır, deyir ki, «bəs stolun üstünə qoyulan «Sibirski» deyildi, «Stoliçnı» araq idi. Mənə nə fərqi var idi, mən saldat adam idim. Qərəz, yedik, içdik. İndi anası məni bir tərəfə dartır, qızı o biri tərəfə...» 

İndi də taxtda uzananlardan biri, on doqquz-iyirmi yaşlarında artistə  oxşayan oğlan söhbətə qarışır ki, sən çəpgözsən, bəlkə qız elə bir imiş, sən iki görmüsən. Çəpgöz bu dəfə prinsipiallıq nümayiş elətdirir, deyir iki nəfər idilər, vəssalam. Sonra isə qayıdır ki, burda kamerada bir nəfər «çyornı» var, mən ki, onu iki görmürəm. 

Daşın kimin bostanına atıldığını ayıq olanlar hamısı görür. Mən də öz payımı götürürəm, yavaş-yavaş çəpgözə doğru çevrilirəm. Çəpgöz gərginliyi barometrdən yaxşı hiss edir, «o zemlyak, tı vidno borets, Maxaç-kala, Solneçnıy Daqestan» deyir. Artist müdaxilə edir: «Demə, sən yalnız  gopçu deyilsən, həm də rasistsən. İlişəndə bax gör, kimə ilişirsən...» Çəpgöz and-aman edir, hər iki ittihamı rədd edir. 

Mənsə «şeytana lənət» deyirəm, auditoriyadan ayrılıram, öz müşahidələrimi davam elətdirirəm. Taxtın sağ küncündə, Çəpgözün ayaq tərəfində, yerdə böyük çən qoyulub. Bu Bakıda, kənddə anam paltar qaynadan həmin çənin eynidir. Hətta bu eynilikdən doluxsunuram, gözlərim yaşarır. Çəpgöz isə danışdıqca boğazını yaşlamaq üçün elə çənin yanında, taxtın üstündə duran alüminium kruşkanı doldurub başına çəkir. Artist yenə də onu «prikol»a tutur: «Ağ eləmə də, bir yataqda ana ilə qızı bir kişi ilə, lap qoy sənin kimi oğlan olsun...» Çəpgöz üzünün tükü kimi seyrək, sarı dişlərini göstərir, xəstə təxəyyülünün zay məhsullarını kameraya sırımaqda davam edir. Bu zaman «on beşinci» işini qurtarır, bayaqdan Çəpgözün su içdiyi kruşkanı su ilə doldurur, əllərini yaxalayır. Mən də boğazımın quruduğunu hiss edirəm, ayaqyolunun havası ilə «zənginləşmiş» tütün tüstüsünü daha susuz udmaq mümkün deyil. Kruşka isə bir dənədir. İndi də ondan, artıq ayılmış olan və auditoriyaya qoşulan saqqallı-çuxotkalı qonşum su içir... 

Bu zaman dəmir qapının bayaqdan görmədiyim pəncərəsi metalı metala sürtəndə çıxan tükürpədici səslə açılır. Bu pəncərəyə  burda «kormuşka» deyirlər. «Kormuşk»anın dalından qanun keşikçisi bağırır ki, hamı durub yerində otursun. Yatanları yoldaşları itələyib ayıldırlar. Hətta mənim keçəl qonşum da ayılır. Qanun keşikçisi kameranın jurnalını «hazır-qayıb» edir. Yadıma məktəbdə jurnal yoxlayan ciddi müəllimlər düşür (Burda - olmayıb nə edəcəksən, orda - olmasan nə edəcəklər?!) «Kormuşka» bağlanmamış Çəpgöz tullanıb qapıya yaxınlaşır,  açıq qoymağı xahiş edir, nəfəs almaq olmur, - deyir. Mənim təəccübümə rəğmən qanun keşikçisi «kormuşka»nı açıq qoyur. Çəpgöz izahat verir ki, bir məktəbdə oxumuşuq. Qapının ağzında onu mən əvəz edirəm. Bu kiçik pəncərədən gələn «təmiz» havanı acgözlüklə ciyərimə çəkirəm. Məni qınamasınlar - bu hava mənə bizim duzlu dəniz havasından «şirin» gəlir. Su yanğısı isə mənə aman vermir. Deyilənə görə, çənin suyunu gündə iki dəfə - səhər saat səkkizdə və axşam saat səkkizdə dəyişirlər. Çəpgözün tanışı deyir ki, indi saat altıdır. Deməli, daha iki saat gözləmək lazımdır. 

Hazır-qayıbdan sonra heç kim yatmaq istəmir. Ancaq bayaq yatmağa yer olmadığından taxtın ayağında mürgü vuran iki nəfər boşalmış yerlərə «ölü kimi» düşürlər. Qalanları siqaretə güc vururlar. Siqaretin «əhəmiyyəti»ni mən də başa düşməyə başlayıram.Əgər kamerada siqaret çəkilməsəydi, yəqin tər, tər və kir iyindən baş çatlayardı.Yenə tütün tüstüsünə şükür... 

Kamerada hamı danışır. Ağız deyəni qulaq eşitmir. Qarğa bazarını xatırladır. Danışan çox olsa da, mövzu birdir. Hamı günahsız olduğunu, bura «axmaq» bir təsadüfün nəticəsində düşdüyünü bəyan edir. Hamıdan çox canfəşanlıq edən qurşaqdan yuxarı, üzündən başqa bütün bədəni qəzet kimi yazılı olan bir tipdir. «On beşinci» daha mənasız söhbətlərə dözə bilmir, bütün kameraya müraciət edir: «Sizin hamınızın bir günahı var ,o da ilişməyinzdir. Vəssalam». Ağıllı söz (olsun ki, «avtoritet» dediyinə görə) hamıya təsir edir. Hətta çəpgöz, qısa müddətə olsa da, «ağzına su alır». 

Mənsə qapının yanında oturmuşam, «kormuşka»dan gələn havanın köməyi ilə içimdki yanğını «söndürmək» niyyətindəyəm. Mən indi azad olmaq istəmirəm, mən indi evə getmək istəmirəm. Mən ancaq su istəyirəm. Qeyri-ixtiyari olaraq su çəninə yaxınlaşıram.  Su yalnız çənin dibində qalıb, kruşkanı doldurmaq üçün çənin bir tərəfini gərək qaldırasan. Nəfsimi boğub «müdafiə mövqeyinə» - dəmir qapının yanına çəkilirəm. 

Bu zaman «kormuşka» tükürpədici səslə açılır, adına uyğun fəaliyyətə başlayır. Axşam yeməyinə məşhur «balanda» verirlər. Bu bulanıq rəngli  əcaib horra alüminium boşqablarda verilir. Üzündə bişmiş soğan qırıqları ağarır, dibində nə isə dənəvər çöküntü görünür. Məni isə «heyrətlərə» qərq edən əvvəlki naharların qabın qıraqlarında qurumuş izləridir. Burda qablar yuyulmur... Canımı dişimə tutub bir qaşıq dadmaq istəyirəm... Bacarmıram... Su yanğısına aclıq ağrısı da qarışır. Həmtalelərim isə hərəsi bir qaşıq götürüb «balandaya» hücum edirlər. Bir horultu düşür ki, elə bil çöldən gələn naxır arxdan su içir. Keçəl qonşum  isə əlinə heç qaşıq da götürmür, elə inək kimi əyilib «balanda»nı birbaşa boşqabdan içir. 

Məndən başqa daha bir nəfər «oyundankənar» vəziyyətdədir. Bu, bayaq yer olmadığından mürgü vuranlardan biridir. İndi yemək olsa da, yemir. Mürgü də vurmur - narahatdır. Arabir dişi ağrıyan adamlar kimi üz-gözünü turşudur, amma dişini yox, qarnını tutur. «On beşinci» onu sözsüz başa düşür, əli ilə işarə edir ki, nə gözləyirsən? Ona eyni işarə ilə yemək yeyənləri göstərirlər. «On beşinci» yenə səsini ucaltmalı olur: «Özünüzdən «fokus» çıxarmayın. Tutaq ki, kmmerada 15 yox, 55 nəfər var. Onların da 25-i «panos»dur. Deməli, ya bu 25 nəfər qarınağrısından ölməlidir,ya da o biri 30 nəfər acından. Bura kameradır, buranın «volya»dan fərqli öz özəllikləri var. Dur işini gör”». 

Nəhayət... saat səkkiz olur. Özümdə olan dözümə özüm heyrət edirəm. Çənin bir tərəfindən yapışıb (qulpu yoxdur) açılan qapıya cumuram. Tərəf müqabilim Keçəldir. Mətbəxdə çəni onun öhdəsinə buraxıram, ağzımı su kranına dirəyirəm. Əlimdən alınmış havanı, suyu, xəzrini, gilavarı bu krandan içmək istəyirəm. İçdikcə içirəm... Doymuram... 

Gecəni rahat yatıram. Yuxu-zad görmürəm. Səhər 8-də durub çənin bir tərəfindən yapışıram. Acqarına ağzımı krana dirəyib içirəm, içirəm. Bircə şey düşünürəm: axşam 8-ə qədər dözə biləcəyəmmi. Aclıq məni qorxutmur... 

Növbə dəyişən kimi Çəpgözə «peredaça» gətirirlər. Bu, iki «buxanka» qara çörək və bir «palka» sarımsaqlı kolbasadır. Burda bir gözəl qayda var: kameraya girən ərzaq da, siqaret də ümumidir. Bu qaydaya uyğun olaraq on beş nəfərlik «sürü» Çəpgözün «peredaça»sına hücum edir. Hələ mənə də bir iri tikə kolbasa və elə bu tikəyə uyğun çörək parçası düşür. Aclıq nə pis şeymiş, ilahi... 

Yeməkdən sonra, dərin fikirlərə qərq oluram... Bu günyanın etibarı yoxuymuş. Bu dünyada Çəpgözün «blatı» mənimkindən çoxuymuş... «On beşinci» sanki fikirlərimi oxuyur, deyir «Zemlyak», yəqin düşünürsən ki, niyə sənə «peredaça» gətirmirlər. Qanuna görə birinci üç gün buna icazə verilmir. Bu, adamı sındırmaq üçündür. Gərək dözəsən. 

Dözürəm, çarəm nədir... 

Bu gün dəmir qapı dünənkinə nisbətən tez-tez açılıb örtülür, kamera sürətlə dolur. Axşam, hardasa qırxa yaxın oluruq. Artıq nəinki uzanmağa, oturmağa belə yer yoxdur. «Kormuşka» da bağlıdır, bu gün Çəpgözün tanışı növbədə deyil. Deyirlər ki, bu günkü növbə ən sərtidir. Hətta dəhlizdən kameraya baxmaq üçün qapıda qoyulan, burda «volçok» adlanan gözlük də bağlıdır. Siqareti növbə ilə çəkirlər, nəfəs almaq getdikcə çətinləşir. Təzə gələnlərdən biri deyir ki, bayırda şaxtadır, qar yağır, elə təmiz hava var... 

Kamerada isə hava çatışmır. Kimsə kibrit yandırmaq istəyir, kibrit yanmır, sönür.  Burada hər şey sönür… Bura zindandır… 

Qalib ARİF

(Ardı var)


воскресенье, 6 сентября 2020 г.

XOŞBƏXTLİK NƏ DEMƏKDİR???



Yəqin ki, yaşından, başından və yaşayışından asılı olmayaraq, hamını bu sual düşündürür. Və bunlar artıqca, bu sualın cavabı da zənginləşir. Məsələn orta məktəbdə oxuyan yeniyetmə universitetə girməyi, universitetdə oxuyan gənc isə istədiyi qızdan sevgi görməyi xoşbəxtlik sayır. Universiteti bitirən gənc yaxşı maaşlı bir işə girməyi, şəxsi maşın sürməyi, artıq ailə quran, ya da bu prosesə hazırlaşan gənc isə oğul atası və fərdi mənzil sahibi olmağı xoşbəxtliyin zirvəsi sayır. Mənim kimi yaşlı adamlar isə can sağlığını və övladların firavanlığını xoşbəxtlik sayır və nəvə toyu görmək arzusu ilə yaşayır. 

Bəlkə, xoşbəxtliyin mənası onun adında yazılıb?! Axı məşhur fikir və dövlət adamı Uinston Çörçill də deyir ki, siz insanlara cansağlığı, sağlamlıq arzulamayın, var-dövlət, şöhrət də arzulamayın. Siz insanlara yalnız və yalnız bəxt, qismət arzulayın. "TİTANİK"də üzənlərin sağlamlığı yetərincə, var-dövləti və şöhrəti də yox deyincə vardı. Ancaq bədbəxt idilər, xoşbəxt olmaq üçün onların qisməti, bəxti çatmırdı...

Deməli, xoşbəxt adamlar həyatda əli gətirən, yəni bəxti taleyinə bələdçilik edənlərdir?! Axı, onlar qumar oynasalar, bir gecədə 3 dəfə 3 tuz çıxararlar, bir ildə iki dəfə lotoreyada cekpot udarlar, yolda gedən yerdə 100 dollar taparlar. Kasıb qızı alarlar, atası “Həsən ağanın qohumu” çıxar. Amma bu adamlar həmin adamlardır ki, ildə bir dəfə evləri yanar, ildə iki dəfə yol qəzasına düşərlər, küçədə təsadüfən atılan güllə bunlara dəyər. 50 yaşına çatmamış 50 xəstəlik taparlar, “lotoreyada udduqlaı” və bəxtddən qazandıqları da həkimə, dərmana gedər. Bir sözlə, hər sahədə bəxtləri gətirər. Onlara xoşbəxt demək olarmı?

Bəs, sizin kimi, mənim kimi adi adamlar?! Kart oynayarıq, gecədə bir dəfə mast gəlməz, ömrümüz boyu lotoreya alarıq, bir dəfə udmarıq. 5 il Universitet oxuyarıq, diplomu kara gəlməz, ömür boyu pul yığıb işlənmiş maşın alarıq, motoru yaxşı işləməz. Biz əli gətirməyən adamlarıq. Amma Allaha şükür, yolda maşın bizi vurmur, evimiz yanmır, güllə atılan yerdə, hətta küçədə biz olmuruq. Doğrudur, heç zaman yerdən pul tapmırıq, amma heç itirmirik də. Bəxtmiz yüksək mənsəbdən, zəngin gəlirdən yan keçdiyi kimi, pis xəstəlikdən də həmişə uzaq olur. Allah verən ruzini özümüz yeyə bilirik, son qəpiyimizi həkimə, dərmana xərcləmirik. Belə çıxır ki, əsl xoşbəxtlər elə bizik?!

Düşünürəm ki, xoşbəxtliyin xətti hardasa ortadan keçir. Bəxtinə həyatda əli gətirən və əli gətirməyənlərin yaxşı cəhətləri düşənlər xoşbəxtdirlər. Xoşbəxt adam, heç olmasa ömründə bir dəfə lotoreyada udur, amma bir dəfə də pis xəstəliyə tutulmur. Olsun ki, varı-dövləti, şanı-şöhrəti istədiyi qədər olmur, amma onu istəyən, dəstəkləyən ailəsi olur. Səhər işə, axşam evə tələsir. Allahın verdiyi ruzini ağız ləzzəti ilə yeyir, nəvələrin toyunu ömür ləzzəti ilə gözləyir. Bir sözlə, bəxtinə şükr edir, nəfsi ilə mübarizədə, bir qayda olaraq, qalib gəlir. 

Bəxtinə həyatda əli gətirən və əli gətirməyənlərin pis cəhətləri düşənlər isə bədbəxtdirlər. Allah bizdən uzaq eləsin... 

Qalib ARİF


вторник, 1 сентября 2020 г.

ƏLİ HƏSƏNOV MƏTBUATI NECƏ MƏHV ETDİ



Məlum olduğu kimi, Respublika Baş Prokurorluğu PA-nın keçmiş şöbə müdiri Əli Həsənova qarşı cinayət işi qaldırıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. KİVDF Əli Həsənovun təşəbbüsü ilə yaradılıb və onun kurasiyasında olub. KİVDF-in vəzifəli şəxsləri isə, qurumun sədri Vüqar Səfərli və qurumun Müşahidə Şurasının sədri Həsən Həsənovdur. 

Deməli, KİVDF-də külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə cinayətlərində də bu sonuncu iki nəfər və Əli Həsənov ittiham olunmalıdır. Qəzetlərə layihə üzrə pulları da onlar “ayırıb”, jurnalist binalarının tikintisinə də onlar "baxıb", jurnalistlərə mənzilləri də onlar “paylayıb”. Mətbuata sızan məlumatlara görə, söhbət hardasa 10 milyona yaxın büdcə vəsaitinin talanmasından gedir. Yeri gəlmişkın, Əli Həsənovla Vüqar Səfərli işdən qovulsalar da, Həsən Həsənov hələ də "Xalq Qəzeti"ndə iş başındadır və Əli Həsənovun palaz-palaz yazılarını buraxır...

Nə qədər qəribə olsa da, Əli Həsənov kurasiya etdiyi bütün sahələri (mətbuat, ictimai-siyasi təşkilatlar və diaspora), faktiki olaraq, özəlləşdirib və rəhbərlikdə öz adamlarını yerləşdirib. Uzağa getməyək, elə Televiziya – radio şurasını götürək. Məhdud ştatı olan bu qurumun sədri Əli Həsənovun dostu, birinci müavini həyat yoldaşı, aparat rəhbəri isə yaxın qohumu idi. “Xəzər” televiziyasını isə zorla türkiyəli sahibkardan almış və universiteti yenicə bitirmiş oğluna bağışlamışdı. Deyilən görə, Əli Həsənov iki jurnalist binasında 20-dən çox qohumunu pulsuz mənzillə təmin edib. Onların əksəriyyəti jurnalistikadan uzaq adamlardır. 1-ci jurnalistlər binasının 1000 kv.metrlik 1-ci mərtəbəsini isə Əli Həsənov 1000 manata özəlləşdirmiş və burda həyat yoldaşı üçün “Kaspi” təhsil mərkəzi açmışdı. İki jurnalist binasının 400 ailəsi isə bir aptekə, bir çörək mağazasına, həta bir pul çıxaran aparata həsrət qalmışdı, dərman, çörək dalınca 300-400 metr piyada getməli olurdu. Yeri gəlmişkən, Əli Həsənov Azərbaycan Nəşriyyatının ərazisinin yarısını da zəbt edib, burda Beynəlxalq Mətbuat Mərkəzi tikdirib və müxtəlif media qurumlarına icarəyə verib...

Amma Əli Həsənovun işləkləri, cinayət əməlləri yalnız büdcə vəsaitlərini talamaqla, vəzifə səlahiyyətlərini aşmaqla bitmir. Qeyd etmək lazımdır ki, peşəkarların mətbuatdan uzaqlaşdırılması, mətbuatın sıxışdırılması, trollaşdırılması və marginallaşdırılması, bir sözlə, 4-cü hakimiyyət rolundan uzaqlaşdırılması da Əli Həsənovun dövrünə təsadüf edir. Təsəvvür edin ki, Qurban Məmmədov, Ata Abdullayev, Eynulla Fətullayev və s. kimi adamlar Əli Həsənovun mətbuat trollarıdır. Həsənov rəsmi qəzetlərin başına həvəskar senzorları, televiziyalara isə öz qohumlarını, tamamilə təsadüfi adamları gətirib. Bu adamların rəhbərlik etdiyi media qurumları da, göründüyü kimi, ölkədə həyata keçirilən islahatları dəstəkləmək iqtidarında deyil. Nəticə də göz önündədir, rəsmi qəzetləri faktiki olaraq, ictimai rəyə təsir etmir. Çünki qəzetlər heç bir araşdırma vermir, yeni layihələrlə, təkliflərlə çıxış etmir, tənqidi yazılar vermir, ucuz tərifçilik edir. Axı, qəzetin senzor redaktorunu “Nəyi vermək lazımdır?” yox, “Nəyi vermək olmaz?” sualı maraqlandırır. Bu da xaricdə yaşayan, Azərbaycan dövlətinin və hakimiyyətinin ünvanına söyüş, böhtan və təhqir yağdıran məlum mətbuat trollarına (Qurban Məmmədov da onlardan biridir) meydan açır. "Müqəddəs yer" boş qalmır, deyirlər...

Yeri gəlmişkən, mən "Xalq qəzeti"ndə10 il işləmişəm və qəzetin Əli Həsənovun təyin etdiyi senzor redaktoru Həsən Həsənovu iş (oxu: cinayət)  başında müşahidə etmişəm. Bu adamın Bakının mərkəzində 3 villası, çoxmərtəbəli binalarda neşə-neçə 3 və 4 otaqlı mənzilləri, biznes obyektləri var (mənim bu barədə geniş, ünvanlı bir yazım var, hələ gözləyirəm...) amma yenə gözü doymur. Rəsmi qəzetin redaktoru deputatdan çox - 3500 manat "zəhmət haqqı"  alır. Qəzetin əməkdaşları isə minimum əmək haqqından az -  350 manat maaş (qonorarla birlikdə) alır, ildə bir dəfə adi kostyum ala, yayda Qubaya, Qaxa 1 həftəlik istirahətə gedə bilmir. Redaksiyanın hərəsi 50-60 min manat civarında olan 3-4 xidməti lyuks avtomobili var, hamısı da baş redaktora və onun ailəsinə xidmət edir. Elə bil “Təzə Bazar”dır, adi müxbir götürmək üçün 4-5 min rüşvət istəyir, odur ki, bir nəfər qələmli müxbir qəzetə gəlmir. Hər yazıya 100-200 manat, hər xəbərə 50-100 manat rüşvət tələb edir. Bölgə müxbirlərinin aylıq hesabı isə bir ayrı “qaravəli”dir. Deyəndə də, deyir ki, əcəb edirəm, gedin kimə istəyirsiz şikayət edin. Hazırda rayonlarda icra başçılarını korrupsiyaya görə həbs edirlər, amma Bakının “göbəyində” korrupsiya babası olan baş redaktora gözünüm üstündə qaşın var deyən yoxdur. Bu rəzalət 20 ildən çoxdur ki, davam edir...

Və son olaraq. Hazırda Əli Həsənov Türkiyədə müalicə olunur. Ona tezliklə sağalmağı və Azərbaycana qayıdıb qanun qarşısında durmağı arzu edirik. Amma Əli Həsənovun rəhbərliyi ilə büdcə vəsaitlərini talamaqla və vəzifə səlahiyyətlərini aşmaqla bilavasitə məşğul olan KİVDF-in vəzifəli şəxsləri - Vüqar Səfərli və Həsən Həsənov Bakıda, qanun qarşısındadırlar... Amma nə qədər ki, qəti imkan tədbiri seçilməyib, Türkiyəyə müalicəyə gedə bilərlər...

Qalib ARİF